Ana səhifə

Rəsmi

Heydər Əliyev Fondu

Əmrlər, sərəncamlar

Təhsil Nazirliyində

Xəbərlər

Pedaqoji yazılar

Məktəblərimiz


Bizimlə əlaqə

 

 

Yeni dərs ili qarşısında

Nailiyyətlərimiz, qarşıda duran vəzifələr

 

(Əvvəli qəzetimizin ötən sayında)

 

Təhsilin dəyər olması özündə milli mədəni keyfiyyətləri (dili, mentaliteti, milli bayramları, adət-ənənələri) ehtiva etməsi zəruri xüsusiyyət kimi açıqlanmalı, məktəbin nailiyyətlərini ifadə edən zəruri şərt kimi onun izahı verilməlidir. Şagirdlərin əldə etdikləri irəliləyişlərdə onun mühüm göstərici kimi rolu xüsusi qeyd edilməlidir. Sistem kimi təhsilin mahiyyətinin açıqlanması zamanı onun fəlsəfi parametrlərindən, mahiyyət və məzmunundan , mərhələlərindən, formalarından söhbət açılmalıdır.

Təhsil həm də insanların milli və bəşəri dəyərlərə yiyələnməsi prosesinin ciddi mərhələsini əhatə etdiyindən xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Bir sistem kimi təhsilin  xarakterik cəhətləri ətrafında müzakirə açılmalıdır. Onun didaktik əsası kimi təbiətəmüvafiqlik, praktik istiqamətlilik, varislik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasiləsizlik prinsipləri üzrə diskussiyalar təşkil olunmalıdır.

Bölmələrdə təhsil anlayışına yeni baxış onun, hər şeyden əvvəl, bir proses kimi humanist pirinsiplərə söykənən xarakteri barədə nisbətən geniş polemika qurmağa imkan verəcəkdir. Demokratik təhsil demokratik dərs şəraitində müəllimin və şagird fəaliyyətinin xarakterindəki əməkdaşlıq elementlərini müəyyənləşdirməyə, fərqli cəhətləri konkretləşdirməyə şərait yaradacaqdır.

Bu işin gedişi prosesində ənənəvi pedaqogikada işlənməyən "Təlim strategiyaları nədir", "Təlim strategiyalarının mahiyyəti nədən ibarətdir" kimi suallar da meydana çıxa bilər. O zaman fənn kurikulumlarının təlim strategiyaları bölməsinə müraciət etmək məsləhət görülür. Orada göstərilir ki, təlim strategiyaları müəllimin təlim prosesində istifadə etdiyi forma, üsul və texnikaları əhatə edir. Ehtiyac hiss edən müəllimlər bu strategiyalardan uyğun olanını seçirlər, yaxud da səriştəsi olan müəllimlər münasib strategiya hazırlayaraq ondan istifadə edirlər. Bütün hallarda yeni kurikulumların tətbiqi ilə məşğul olan, onu həyata keçirən müəllimlər belə bir vəziyyətə hazır olmalıdırlar.

Təbii ki bütün bunlar fəal təlim şəraitinin qurulmasını təmin edir. Pedaqoji proses yeni kurikulumlarda müəyyən olunmuş yeni prinsiplərə  (pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, şagirdyönümlülük, inkişafyönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması) əsasən təşkil edilir. Bütün bunlar isə yeni təlim mühitinin formalaşması ilə nəticələnir. Bu mühit şagirdlərin fəallığı şəraitində yaranan pedaqoji mühitdir. Artıq on ilə yaxındır ki, respublikamızda fəal təlim problemi kimi layihələr şəklində həyata keçirilən bu proses müəllimlərimizə, pedaqoji ictimaiyyətə tanışdır. Fəal təlim texnologiyadır.Bu sahədə əldə olunmuş bütün təcrübələr təlimin ənənəvi məzmunu uzrə qazanılmışdır. Təhsilin ənənəvi məzmunu müəllimin yaradıcı fəaliyyətini, onun istiqamətverici rolunu, şagirdlərin daha müstəqil fəaliyyət göstərməsini, təşəbbüskarlığını və s. genişləndirmək baxımından kifayət qədər imkanlara malik deyildir. Lakin demokratik və humanist prinsiplər əsasında formalaşdırılan yeni kurikulumlar müəllimlərin və şagirdlərin proqressiv fəaliyyətinə imkan yaratmaq, ona istiqamət vermək baxımından fərqlənir. Yeni kurikulumlar əsasında hazırlanan resurslar bilavasitə fəal təlim prosesini dəstəkləmək, onu maraqlı öyrənmə prosesinə çevirmək baxımından əhəmiyyət daşıyır. Təlim prosesində iştirak edən qüvvələrin funksiyası mahiyyət etibarı ilə dəyişir.

Nəticəyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan müəllim və şagirdlərin funksiyaları dəyişir. Onların fəaliyyətləri əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Müəllim kurikulumlara uyğun inteqrasiya olunmuş proqramlarla yanaşı, yeni texnologiyalar hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasib olanını seçir. Bu texnologiyaların müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti təliminin aparıcı subyektləri kimi çıxış edir. Münasibətlər "subyekt + subyekt" formasına uyğun üfüqi istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkürünü, düşüncəsini , müəllimlər isə şagirdin öyrənməsi üçün zəruri şəraitin təşkilatçısı olur. Müəllimin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsindəki fəaliyyəti məhdudlaşır. O, daha çox sinifdə təlim fəaliyyətini əlaqələndirən, istiqamətləndirən, məsləhətçi kimi şagirdlərin müstəqil idrak fəaliyyətini, fəal yaradıcılığını təşkil edən subyektə çevrilir.

Şagirdlər isə öz növbəsində təlimin ikinci subyektlərindən biri kimi fəallaşır, məktəb təhsilinin məzmununu mənimsəmək və onu şəxsi malı etmək üçün yaradılmış imkanlardan və ya informasiya vasitələrindən, dərsliklərdən, tədris metodik komplekslərdən, tədris tapşırıqlarına uyğun proqram vasitələrindən, elektron dərsliklərdən və sair istifadə edir. Bu zaman istər müəllimin,  istərsə də şagirdin üzərinə düşən konkret vəzifələr aydın olmalı, müəyyən prinsiplər əsasında həyata keçməlidir. Dərsin təşkili və aparılmasında ən müasir pedaqoji prinsiplər, tələblər əsas tutulmalı, onlara əsasən irəliləyişlər əldə edilməlidir.

Dərs bugünkü pedaqogikanın mühüm anlayışlarından biri kimi istifadə olunmaqdadır. Hələ də onun müəllimin rəhbərliyi altında, cədvəl üzrə, müəyyən olunmuş şagird kontingenti ilə konkret vaxt çərçivəsində keçirilməsi pedaqoji tələb kimi öz qüvvəsini saxlayır. Müəllimlər tədris fəaliyyətlərində  onlara əməl etməli olurlar. Standart dərsin parametrləri kimi onları yerinə yetirirlər. İslahat Proqramında müəyyən olunmuş təhsilin demokratikləşdirilməsi istər - istəməz dərs anlayışına da yenidən baxılmasını, onun humanist və demokratik prinsiplərə tabe olan müasir  variantının müəyyən edilməsi istiqamətində  düşünülməsini, konkret təkliflər hazırlanmasını tələb edir. Bu mənada bölmə iclaslarında beynəlxalq təcrübələrə istinad etməklə demokratik əsasda qurulan müxtəlif, o cümlədən qeyri-standart dərs modellərinin müzakirə edilməsi də tövsiyə olunur.

Müasir məktəbin normal fəaliyyətində müəllim və şagirdlə yanaşı, aparıcı amil kimi valideyn də iştirak edir. Yeni təhsil quruculuğunda valideyin-müəllim əlaqələri sadəcə yığıncaqlarda passiv iştirak etmək, informasiya toplamaq yox, əsl mənada övladının təəssübkeşi olan sosial şəxslərin fəaliyyəti kimi qurulmalıdır. Onlar təhsilin bütün mərhələlərində, övladlarının irəliləyişlərində müəllimlərlə birgə iştirak etməli, onların hər hansı nailiyyətlərində özlərinin stimullaşdırıcı reaksiyası ilə maraq nümayiş etdirməlidirlər. özünün tələbkarlıq prinsipi əsasında qurulmuş marağı ilə müəllimin şəffaf qiymətləndirmə əsasında həyata keçirdiyi tədris (öyrətmə) prosesinə nüfuz etməlidir. Belə bir valideyn-məktəb əməkdaşlığının yaranmasına necə nail olmaq olar? Təbii ki, bölmə iclaslarında bu məsələnin də müzakirə olunmasına ehtiyac vardır. çünki valideyn-məktəb münasibətlərinin ümumi parametrləri respublikamızın müxtəlif bölgələrində eyni deyildir. Onu vahid standartlar səviyyəsində istiqamətləndirmək də imkandan xaricdir. Lakin ayrı-ayrı bölgələrdə bu məsələ ətrafında müzakirə aparmaqla müəyyən qərara gəlmək mümkündür.

Bütün sahələrdə olduğu kimi, təhsildə də nailiyyətlərin uğurla başa çatdırılması üçün onun düzgün planlaşdırılmasına böyük ehtiyac vardır. Yeni kurikulumların tətbiqində bu sahədə düzgün siyasətin aparılması tələb olunur. Ona görə də təhsil işçiləri və eləcə də müəllimlərin iştirak etdiyi bölmələrin bütün iclaslarında fəaliyyətin planlaşdırılması barədə müzakirələrin keçirilməsi tövsiyə edilir.

Planlaşdırma işi aparılmazdan əvvəl görüləcək işlərin ümumi aspektləri layihələşdirilir. Müxtəlif çeşiddən olan işlərin yerinə yetirilməsinin ümumi parametrləri barədə qeydlər edilir. Sonra imkan və ehtiyaclar nəzərə alınmaqla hər hansı fəaliyyətə aid konkret planlar hazırlanır. Yeni kurikulumların reallaşdırılmasına xidmət göstərən həmin planlaşdırmalar mahiyyət etibarı ilə müxtəlif mərhələlərə aid olmaqla, oradakı bütün məsələləri əhatə edir. ölkə miqyasında nəzərdə tutulmuş nəticələrin müxtəlif şəraitlərdə həyata keçirilməsi ardıcıllığını əks etdirməklə rayon, yaxud məktəb kurikulumunun vəzifəsini icra edir. Yeni planlaşdırmalar təsadüfi, intuitiv, mexaniki xarakter daşımamalıdır. Tətbiqi araşdırmalara əsaslanmaqla yaradıcı əməyin məhsulu olmalı, elmi mahiyyət kəsb edən sənəd kimi meydana çıxarılmalıdır. Xüsusən bu, ayrı-ayrı fənlər üzrə müəllimlərin daha ciddi tədqiqatlar aparmasını, konkret təhsil mərhələsi üzrə fəaliyyət göstərmək üçün irəliləyişləri təmin edən, məntiqi ardıcıllıqla qurulan planlaşdırma sxeminin meydana çıxması ilə nəticələnməlidir.

Təbii ki, bunların yerinə yetirilməsi üçün müəllimin yeni pedaqoji təfəkkürə, yeni yanaşma tərzinə malik olması çox vacibdir. Müəllimlər bu yanaşma tərzinə yiyələnmək üçün özlərinin potensial imkanlarını bilməli, onun hansı zəruri nöqtəyə çatdırılması istiqamətində aydın təsəvvürə malik olmalıdırlar. Təbii olaraq, bu o zaman baş verə bilər ki, müəllim özünə hazırkı fəaliyyət müstəvisində yeni nəzərlə,təfəkkürlə baxsın. Başqa sözlə, özünün fəaliyyət istiqamətlərini yeni məktəbin (idrak məktəbinin) tələblərinə uyğunlaşdırsın. Azərbaycan təhsilinin psixopedaqoji problemlərini öyrənən professor Əbdül Əlizadə haqlı olaraq belə qənaətə gəlir ki, "Müasir məktəbin bugünkü uğurları və işıqlı sabahı ancaq (və ancaq) yeni pedaqoji təfəkkürün nailiyyətləri ilə şərtlənir və şərtlənəcəkdir". Bu isə onu söyləməyə imkan verir ki, yeni pedaqoji təfəkkür, yeni baxış olmadan təhsilin yeni prinsiplərini, məzmun və strategiyalarını, qiymətləndirmə mexanizmlərini başa düşmək çətinləşəcək, təhsildə istifadəsi zəruri hesab edilən texnologiyalarla işləmək mümkün olmayacaqdır. Ona görə də müəllimlər ilkin olaraq kurikulumların tərkib hissəsi kimi məzmun standartlarının əhəmiyyəti və rolu, məzmun və strukturu haqqında zəruri anlayışlara malik olmalı, standartlar əsasında təlim işinin planlaşdırılmasına aid bacarıqlara yiyələnməlidirlər. Bu zaman şagirdlərdə anlama, tətbiq, analiz, sintez, dəyərləndirmə kimi idrak qabiliyyətlərinin formalaşdırılmasına, mənimsənilməsinə üstün yer ayrılması diqqət mərkəzində saxlanılmalıdır. Məktəbdəki bütün fəaliyyətlərin planlaşdırılmasında şagirdlərin idrak, hissi-emosional və psixomotor (fiziki) bacarıqlarının formalaşdırılması, bütövlükdə şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Aparılan müzakirələrdə mühüm istiqamətlərdən birini şagird nailiyyətlərinin qiymətləndirilməsi təşkil etməlidir. Müəllimlər bu məsələ ətrafında müzakirələr apararkən, ilk növbədə, yeni təhsil sisteminin yaranması ilə yanaşı, yeni qiymətləndirmə mexanizmlərinə ehtiyacın əmələ gəlməsini qeyd etməli, Milli Kurikulumda, fənn kurikulumlarında həmin problemlə bağlı müddəaların olmasından danışmalı və xüsusi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın üzərində geniş dayanmalı və səmərəli təhlillər aparmalıdırlar. Bu zaman aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməli, onlarla bağlı uyğun təkliflər hazırlamalıdırlar.

İlk növbədə, Qiymətləndirmə Konsepsiyasının hazırlanması nələri reallaşdırır, sualına münasibət bildirilməlidir. İzah edilməlidir ki, bu konsepsiya heç bir vaxt Azərbaycanda mövcud olmayan, yeni bir idarəetmə mexanizminin formalaşdığını meydana çıxarmışdır. Bu mexanizmdə mütərəqqi dünya ölkələrinin təhsil sahəsindəki qiymətləndirmə ənənələri ümumiləşdirilməklə yanaşı, Azərbaycanın mövcud təhsil durumu, onun idarəetmə və qiymətləndirmə sahəsindəki özünəməxsus cəhətləri mühüm amil kimi nəzərə alınmış və məktəb rəhbərlərinin, eləcə də müəllimlərin qiymətləndirmə sahəsində mütərəqqi yanaşmalarına istinad olunmuşdur.

Qiymətləndirmə Konsepsiyasında başlıca məqsədlərin, fəaliyyət istiqamətlərinin müəyyən olunmasına ümumi məsələlər kimi baxılmış, onun yaradılmasını zəruri edən şərtlər əsaslandırılmışdır. Demokratik və humanist xarakterə malik bir təhsil sistemi kimi Azərbaycan təhsilinin özəllikləri, inkişaf istiqamətləri, qiymətləndirmə mexanizmlərinin bu prosesdəki əhəmiyyəti və faydası, özünəməxsus cəhətləri açıqlanmışdır. Ən başlıcası,  istifadə olunacaq qiymətləndirmə növlərinin texnoloji parametrləri üzərində xüsusi dayanılmış, onlardan istifadənin prosedur cəhətləri şərh olunmuşdur.

Təhsil sahəsində qiymətləndirmənin sistemi dedikdə, ilkin olaraq onun məzmununun müəyyənləşdirilməsi yada düşür. Qiymətləndirmənin məzmunu fənn kurikulumlarında əhatə olunduğundan bu sənəddə həmin məsələ sadəcə xatırlanır və qiymətləndirmə mexanizmləri və vasitələrinin yaradılmasında məzmun standartlarının, fənn kurikulumlarının bir mənbə kimi əsas olması xüsusi qeyd edilir.

Qiymətləndirmə Konsepsiyasında şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri, qiymətləndirmə növlərinin ümumi cəhətləri, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərinin mahiyyət və məzmunu konseptual olaraq müəyyənləşdirilir.

Müzakirələr zamanı Qiymətləndirmə Konsepsiyasında qarşıya qoyulmuş məqsədlərin mahiyyəti açıqlanmalı və onun aydınlaşdırılması istiqamətində geniş təhlillər aparılmalıdır.

Məlum olduğu kimi, Konsepsiyada qiymətləndirməyə dünyanın qlobal təhsil problemi kimi yanaşılır, onun hazırlanmasını şərtləndirən səbəblər göstərilir. Belə qiymətləndirmə mahiyyət etibarilə, ilk növbədə, dünyanın siyasi, iqtisadi, sosial dəyişiklikləri ilə əlaqələndirilir. Bu dəyişikliklər cəmiyyətdə idarəetmənin daha demokratik üsullarla həyata keçirilməsi, ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması, inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi, beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması və milli özünəqayıdış hisslərinin aşılanması məqsədlərinə yönəlməklə özündə dünyəvi cəhətləri ümumiləşdirir.

Doğrudan da, dünyanın inkişaf etməkdə olan demokratik ölkələrindən biri kimi Azərbaycan təhsil sistemində daha ümumi məqsədlərə doğru yönəlmiş yeni qiymətləndirmə fəaliyyətlərinin qurulması, bu sahədə irəliləyişlərdən xəbər verir. Başqa sözlə, bu cəhətlər işlərin müsbət istiqamətdə getdiyini  göstərir.

Konsepsiyanın qlobal məqsədlərə yönəlməsi istər-istəməz onun tətbiq imkanlarını genişləndirəcək, humanist və demokratik təhsil sisteminin qurulması baxımından gələcək fəaliyyətləri təmin ediləcəkdir. Belə bir şəraitdə, ilk növbədə, cəmiyyətdə müasir baxışların, dəyərlərin (mədəniyyətlərin) formalaşmasına təkan veriləcək; ikinci, bazar münasibətləri şəraitində müəyyən olunmuş məzmunun (standartların) mənimsənilməsi təmin olunacaq; üçüncü, qiymətləndirmə prosedurlarını müəyyən edən normativ-hüquqi baza yaradılacaq; dördüncü, milli qiymətləndirmə sistemi yaradılacaq və ölkənin beynəlxalq qiymətləndirmədə iştirakı təmin ediləcəkdir.

Qiymətləndirmə Konsepsiyasının çərçivə sənədi kimi xüsusiyyətləri barədə də  bölmə iclaslarında müzakirələrin aparılması məqsədəmüvafiq hesab edilir. Bu müddəanı əsaslandırmaq üçün konsepsiyadakı "Bu sənəd çərçivə sənədi kimi, Azərbaycan Respublikasının Təhsil Qanununun, Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının tələblərinə və dövlətin təhsil siyasətinə, qiymətləndirmənin müasir dünya standartlarına uyğun hazırlanmışdır və yeni qiymətləndirmə sisteminin prinsipləri üçün baza rolunu oynayır" fikrinə istinad etmək lazımdır. Sonra belə bir nəticə ümumiləşdirilməlidir ki, konsepsiyada müəyyənləşdirilmiş müddəalar ümumi xarakter daşımaqla özündən sonra bir sıra sənədlərin hazırlanması üçün zəmin rolunu oynayır.

Onlardan birincisi "Məktəbdaxili və milli qiymətləndirmə konsepsiyası"nın hazırlanmasıdır. Gələcəkdə yaranacaq bu sənəddə şagird nailiyyətlərinin uzunmüddətli strategiyası müəyyənləşdiriləcək, məktəbdaxili və milli qiymətləndirmənin məqsədi, vəzifələri, təşkili məsələləri, vasitələri və sair öz əksini tapacaqdır. İkinci, qiymətləndirmə növlərinin tətbiqi üzrə prosedur qaydalar hazırlanacaqdır. üçüncü, şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı pedaqoji, metodik ədəbiyyat yaradılacaq, təhsil menecerləri üçün köməkçi resurslar hazırlanacaqdır. Dördüncü, kurikulum islahatı çərçivəsində müvafiq qiymətləndirmə vasitələri yaranacaqdır. Bu zaman şagirdlərin idrak, hissi və psixomotor fəaliyyətləri sahəsində nailiyyətlərinin xüsusiyyətləri nəzərə alınacaqdır. Şagird nailiyyətlərini qiymətləndirmək üçün verilmiş təlim tapşırıqlarında hər bir fənnin xüsusiyyətləri diqqət mərkəzində saxlanılacaqdır.

Bu müddəalar üzrə Qiymətləndirmə Konsepsiyası, ümumiyyətlə, şagird nailiyyətlərinin qiymətləndirilməsi problemi üzrə də geniş müzakirələr açılmalı və səmərəli təkliflər formalaşdırılmalıdır.

Konfransda Azərbaycan təhsilinin ən müasir problemlərindən biri kimi informasiya-kommunikasiya texnologiyalarından - İKT-dən istifadə problemi də geniş müzakirə edilməlidir. İlk növbədə, məsələyə dövlət qayğısının olması, onun daim diqqət mərkəzində saxlanılması, bu barədə dövlət proqramlarının qəbul edilməsi vurğulanmalıdır.

Müzakirələrdə informasiya texnologiyaları ilə təmin olunmağa başlanılmasının məhz XXI əsrin ilk illərinə düşdüyü qeyd edilməlidir. İzah olunmalıdır ki, İKT-dən istifadəyə dair ilk Dövlət Proqramı qəbul edilənədək ölkədə adambaşına düşən kompüterlərin sayı 1:1000 olmuşdur. Bu sahədə pedaqoji kadr hazırlığı 1%, İnternetdən istifadə isə 1,5% təşkil etmişdir. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində vəziyyət dəyişmiş, İKT-dən istifadə bacarıqlarının səviyyəsi yüksəlmişdir. Bu, 27 şagirdə 1 kompüterin düşdüyü, İKT üzrə müəllim kadrlarının hazırlığının 8% təşkil etdiyi bir şəraitdə baş vermişdir.

Bu işi dəstəkləmək, onu daha da inkişaf etdirmək məqsədilə respublika Prezidenti İlham Əliyev cənabları 2008-ci il 10 iyun tarixində "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" haqqında sərəncam imzalamışdır. Bu proqramda təhsilin bütün pillələrində İKT-nin səmərəli tətbiqi və istifadəsi, vahid ümummilli təhsil mühitinin formalaşdırılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsilalma imkanlarının təmin edilməsi və Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyasının reallaşdırılması başlıca məqsədlər kimi qarşıya qoyulmuşdur. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informatlaşdırılması, kadr potensialının gücləndirilməsi və normativ-hüquqi bazanın möhkəmləndirilməsi islahatın məqsədindən irəli gələn vəzifələr kimi müəyyənləşdirilmişdir.

Bölmələrdə Proqramın tələbinə uyğun olaraq İKT üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi, kompüter və rəqəmsal avadanlıq təminatına texniki nəzarət və dəstək sisteminin yaradılması, korporativ şəbəkə, şəbəkə idarəetmə və nəzarət sisteminin, İnternet xidmətləri və İnternet şəbəkəsinə çıxışın təmin edilməsi haqqında müzakirələrin keçirilməsi, elektron təhsillə bağlı fənlər üzrə elektron elmi-metodik vəsaitlər kompleksi,İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzi və vahid təhsil portalının yaradılması, elektron təhsil (e-learning) resursları bazasının təkmilləşdirilməsi və interaktiv tədris imkanlarının genişləndirilməsi tədbirlərinin həyata keçirilməsi barədə açıqlamalar verilməli, dərin təhlillər aparılmalıdır.

Bu yazıda 2009-cu il sentyabr konfransları üçün daha aktual hesab edilən bir neçə problem xarakterli məsələlərdən söhbət açıldı. Onların sayını artırmaq da olardı. Lakin bölmə iclaslarında aparılan müzakirələrin əsas məqsədi müxtəlif bölgələrdə zonalar üçün xarakterik olan problemlərin araşdırılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanmasına yönəldilməlidir.

Azərbaycanda təhsil quruculuğu davam edir. Ona görə də müzakirələrdə təkcə sadalanan problemlər deyil, müxtəlif bölgələrin spesifik xüsusiyyətlərinə aid digər məsələlər də müzakirə obyektinə çevrilməlidir. Heç şübhə etmirik ki, həmin müzakirələrdə əldə olunmuş nəticələrin, irəli sürülmüş təkliflərin ümumiləşdirilməsi üçün onlar Təhsil Problemləri İnstitutuna göndəriləcəkdir.

 

Abdulla MEHRABOV,

Təhsil Problemləri İnstitutunun direktoru, professor,

Ənvər ABBASOV,

Kurikulum Mərkəzinin direktoru,  institut

direktorunun müavini, dosent