Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

Əziz Mirəhmədov - 90

Böyük alim, unudulmaz müəllim

Bookmark and Share

Müasirləri onu ədəbiyyat tarixçisi, mətnşünas-tekstoloq, jurnalist, pedaqoq, tərcüməçi, kitabşünas, bir sözlə, elmi maraq dairəsi meridianları hüdudsuz olan alim kimi tanıyırdılar. Ədəbiyyat müəllimləri isə XX əsr Azərbaycan ədəbiyyatının məşhur simaları: C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, Ə.Ağaoğlu, Ə.Hüseynzadə haqqında ən dürüst məlumatları məhz onun əsərlərindən alırlar. Ona hamı çox hörmətlə "Əziz müəllim",-deyə müraciət edərdi, indi də onu Əziz müəllim kimi xatırlayırlar. 

Görkəmli ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov ömrünün 83 ilinin 60-nı ədəbiyyatımızın tarixinin öyrənilməsinə və tədqiqinə həsr etmişdi. O, XX əsr ədəbiyyatşünaslığının köklü, böyük, metodoloji və milli əhəmiyyəti olan vəzifələrinin həllinə dair uğurlu araşdırmalar aparmış, elmi-nəzəri hazırlığı və gərgin axtarışları ilə hələ 50-ci illərdə professional tədqiqatçı səviyyəsinə yüksəlmişdir. Onun adı iyirminci yüzilliyin Ə.Nazim, H.Zeynallı, M.Arif, F.Qasımzadə, M.Cəlal, M.Cəfər, C.Cəfərov kimi korifeyləri ilə birlikdə çəkilir və ədəbiyyatımız tarixində danılmaz xidmətləri dönə-dönə qeyd olunur.

Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. Taleyini, qismətini bu şəhərlə əbədi bağlayan Əziz müəllim ilk təhsilini Bakıda M.A.Əliyev və M.F.Axundov küçələrinin kəsişdiyi yerdə olan 25 nömrəli məktəbdə almışdır. Hələ uşaqlıqdan o, böyük ümidlər verən zirək oğlan təsiri bağışlayırdı. Onun haqqında yazılan xatirələrdə deyilir ki, o, çox sakit, astadan danışan, təmkinli və yoldaşları ilə səmimi rəftar edən bir uşaq olmuşdur. Özünə qarşı tələbkarlığı ilə fərqlənən Əziz bütün fənlərə maraqla yanaşır, riyaziyyat və ədəbiyyata isə üstünlük verirdi. O, daima Azərbaycan və rus dillərində kitablar oxuyar və yoldaşlarını da bu işə təşviq edər, həm də ictimai işlərdə fəallıq göstərərək məktəb divar qəzetinin redaktoru, komsomol təşkilatının katibi kimi vəzifələri yerinə yetirərdi. Məktəb dram dərnəyinin təşkilatçısı olmaqla klassiklərin əsərlərindən parçaları tamaşaya qoyaraq özü də bir sıra rollar oynayardı.

Ədəbiyyata olan həvəsi onu Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə gətirmişdi. Buradakı ədəbi-elmi mühit az müddətdə onu ədəbiyyatımızın ən dərin qatlarına enməyə istiqamətləndirmişdi. O, hələ tələbə ikən mətbuat aləminə çıxmışdı.  Əziz müəllimin ilk məqaləsi hələ tələbə ikən "Azərbaycan müəllimi"nin sələfi olan "Müəllim qəzeti"nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. Burada Bakı şəhərindəki 25 nömrəli məktəbdə aparılan işlərdən bəhs edilirdi. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir. 1943-1948-ci illərdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasında baş müəllim vəzifəsini tutur. Öz pedaqoji ustalığı ilə az müddətdə şagirdlərin, tələbələrin rəğbətini qazanır. Xalq şairi B.Vahabzadə də onun tələbəsi olmuşdur. B.Vahabzadənin xatirəsində deyilir: "Xəyalım ilk tanışlığımıza -1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Əziz Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı". Onu yaxşı tanıyan müəllimləri H.Araslı və M.Arif tezliklə Ə.Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. Adı tariximizə qızıl hərflərlə düşmüş alimlərin çalışdıqları bu elm məbədində ilk vaxtlar laboratoriyada işə başlayan Əziz müəllim çox keçməmiş kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, direktor müavini kimi vəzifələrə irəli çəkilmişdir. Elmə böyük maraq göstərən bu istedadlı gənc 1947-ci ildə görkəmli alim-yazıçı Mir Cəlalın rəhbərliyi ilə "Məhəmməd Hadinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını qurtarıb, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasına təqdim edir. Lakin o dövrün ideologiyası baxımından iş elmi-metodoloji cəhətdən nöqsanlı əsər kimi dəyərləndirilərək, ləğv olunur. Bu ədalətsizlik və bəzi alimlərin ona qərəzli münasibəti Əziz müəllimin iradəsini sındıra bilmir. O, başqaları kimi həmin mövzunu yenidən işləmək əvəzinə tədqiqat üçün başqa bir mövzu seçir və 1955-ci ildə "Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını başa çatdırıb müdafiə edir. Deyilənə görə, Azərbaycan ədəbiyyatşünaslığında belə hallar olmamışdı. Elə bu fakt özü Əziz müəllimin yenilməzliyini təsdiq edir və onu yetkin bir alim kimi səciyyələndirir.

Bacarıqlı elm təşkilatçısı və yorulmaz tədqiqatçı kimi tanınan Əziz Mirəhmədov bir müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat şöbəsi müdirinin müavini vəzifəsində işləmiş, sonra Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi məsul vəzifələrdə çalışmışdır.

Geniş və hərtərəfli elmi dünyagörüşünə malik olan Əziz müəllim gərgin axtarışlar nəticəsində "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri" mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı.

Əziz müəllim həm də "Cəlil Məmmədquluzadə" ensiklopediyasının tərtibi işinin rəhbəri olmuş və onu nəşrə təqdim etmişdi. C.Məmmədquluzadə, Məhəmməd Hadi və Əhməd Ağaoğlu irslərinin əldə edilib toplanması da, ilk növbədə, bu böyük alimin adı ilə bağlıdır. Əziz müəllimin elmi fəaliyyəti həm də gənc tədqiqatçılar üçün örnəkdir. Təsadüfi deyildir ki, bu görkəmli ədəbiyyatşünasdan istiqamət alanların, onun yolunu ləyaqətlə davam etdirənlərin sayı gündən-günə artırdı. Onun elmi rəhbərliyi ilə 40-a qədər namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Əziz Mirəhmədov Azərbaycan klassiklərinin əsərlərinin mətnşünaslıq məsələlərinə çox böyük məsuliyyətlə yanaşırdı. Gərəkli axtarışların nəticəsi olaraq onun başçılığı ilə 1979-cu ildə "Azərbaycan mətnşünaslıq məsələləri" adlı sanballı məqalələr toplusu işıq üzü görmüşdür. Görkəmli ədəbiyyatşünas Mir Cəlal mətnşünaslıqdan danışarkən demişdir: "Əgər bir ədəbi, bədii əsərin müəllifi bəlli deyilsə, o əsərin dilinə, üslubuna görə müəllifini araşdıran, tapan, dəqiqləşdirib meydana çıxaran yeganə mütəxəssis-mətnşünas alim Əziz Mirəhmədovdur".

Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən  Əziz Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "M.F.Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini" (1980) , "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair" , "Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm" və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc Əziz iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə C.Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılmışdır.

Əziz Mirəhmədov respublikada filologiya elmləri sahəsində aparılan bütün tədbirlərin mərkəzində dururdu. Onun rəhbərliyi altında Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafını təmin edən problemlər cəsarətlə qoyulur və həll edilirdi. O, öz ətrafına yaradıcı insanları cəlb etməkdən mənəvi zövq alırdı. Elmi rəhbər kimi onun özünəməxsus iş üslubu vardı. Ondan kitab yazmağı, redaktə etməyi öyrənənlər böyük ustadı həmişə minnətdarlıqla yad edirlər.

Əziz müəllimi orta məktəb dərsliklərinin taleyi də düşündürmüşdür. Dərslik yaradıcılığı onun bələd olduğu sahələrdən biri idi. O, bu  sahəyə ardıcıl diqqət yetirmişdir. Ədəbiyyat dərsliklərinin yazılması və tərtibi kimi xeyirxah işdə onun zəhməti böyükdür. Alim-müəllimin bu barədəki məsləhəti və tövsiyələri ədəbiyyat proqramı və dərsliklərinin hazırlanmasında, müntəxəbatların tərtibində əhəmiyyətli rol oynamışdır.

Əziz müəllimin dərslik yazmaq sahəsində ilk təcrübəsi "Ədəbi qiraət" dərsliyi ilə bağlıdır. Ötən əsrin 50-ci illərində məktəblərimizdə Q.Musayevin (5-ci sinif), M.Rzaquluzadənin (6-cı sinif), H.Əfəndiyevin (7-ci sinif) "Ədəbi qiraət" dərsliklərindən istifadə olunurdu. Əziz müəllim bütün "Ədəbi qiraət" dərsliklərinin, həmçinin H.Araslının 8-ci sinif üçün, F.Qasımzadə, M.C.Cəfərovun 9-cu sinif üçün, C.Xəndanın 10-cu sinif üçün "Ədəbiyyat" dərsliklərinin redaktoru olmuşdur. Eyni zamanda o, həmin illərdə istifadə olunan 9-cu sinif üçün "Ədəbiyyat müntəxəbatı"nın (1948-1962-ci illər) müəllifidir. Professor C.Xəndan Ə.Mirəhmədovun "Ədəbiyyat müntəxəbatı"nı ən dəyərli tədris vəsaiti kimi qiymətləndirmişdir ("Kommunist" qəzeti, 1948 8 dekabr). Əziz müəllimin özünün də "Azərbaycan müəllimi" qəzeti və "Azərbaycan məktəbi" jurnalında proqram və dərsliklərə dair sanballı məqalələri dərc olunmuşdur. O, həyatının son illərində də bu məsələyə bir də qayıtmışdır. Onun filologiya elmləri doktoru Zaman Əsgərli ilə birlikdə müəllifi olduğu və 1996-cı ildən dalbadal bir neçə il nəşr edilən X sinif üçün "Ədəbiyyat" dərsliyi məktəblərimizdə rəğbətlə qarşılanmışdır. Əziz müəllimin bir neçə dəfə nəşr olunan "Ədəbiyyatşünaslıq terminləri lüğəti" kitabı tədqiqatçılarla yanaşı, orta məktəbin ədəbiyyat müəllimlərinin də stolüstü kitabıdır. Ədəbiyyatşünaslığa dair yazılan elmi işlərin müəllifləri bu kitabdan az bəhrələnməmişlər. 

Azərbaycan MEA-nın müxbir üzvi, professor Nizami Cəfərovun başçılığı ilə hazırlanan X və XI siniflər üçün ədəbiyyat dərslikləri və müntəxəbatlarının hazırlanması prosesində bütün əvvəlki dərsliklər, o cümlədən Əziz müəllimin dərslikləri də bir daha nəzərdən keçirilmiş, ədəbi-elmi-metodiki müqayisələr aparılmış və faydalı cəhətlər nəzərə alınmışdır.   

Əziz müəllim ədəbi aləmin böyük şəxsiyyətlərindən biri kimi, həm də öz ölkəsinin vətəndaşı, zəhmətsevər bir oğlu idi. Onun gənclərə münasibətdə tələbkarlığı ilə qayğıkeşliyi bir-birini tamamlayırdı. O da məlumdur ki, Əziz müəllim prinsipial elmi axtarışlarda heç nəyə güzəştə getməz, heç nəyi yaddan çıxarmaz, elmi mülahizələrdə faktologiyanı bir an belə arxa plana çəkməzdi.

Əziz müəllim çox həssas, qayğıkeş, diqqətcil, sadə və səmimi insan idi. O, rəhbəri olduğu aspirant və dissertantlarla həm ciddi, həm də incə yumorla danışar, onların kiçicik uğurunu olduğu kimi dəyərləndirərdi. Arxivlərdə işləyərkən məxəzlərdən əlinə düşən naməlum faktları kiçik bir kağıza köçürər, aidiyyəti üzrə sahibinə çatdırardı. Böyük həyat təcrübəsinə malik olan Əziz müəllim ona redaktə üçün verilən yazılara çoxlu qeydlər edər, müəllifin işinə xələl gətirməyən dəyərli düzəlişlər aparardı. Bu zaman vərəqənin kənarına yazdığı tənqidi qeydləri isə  özünəməxsus yumorla bitirərdi. Onun yetirmələri bu cəhəti dönə-dönə qeyd edirlər.

Böyük müəllimləri M.Arif, F.Qasımzadə, H.Araslı, Mir Cəlal, C.Xəndan kimi nəhənglərin yolu ilə gedən Əziz müəllim özünün gərgin axtarışları sayəsində ədəbiyyatımızın tarixi üçün çox qiymətli elmi materiallar əldə etmiş, onları təfəkkür süzgəcindən keçirərək ədəbi-elmi fikirlərimizi xeyli zənginləşdirmişdir.

Özündən sonrakı nəsil üçün böyük ədəbi-nəzəri irs, tədqiqatçılıq səriştəsi, silinməz izlər qoyan Əziz müəllim cild-cild sanballı əsərləri ilə ədəbiyyatşünaslıq elmimizdə özünə əbədi heykəl ucaltmışdır. Ədəbi-bədii təfəkkürümüzün dünəni, bu günü və sabahı ilə maraqlanan hər kəs Əziz Mirəhmədovu minnətdarlıqla xatırlayacaqdır.   

Nəcəf NƏCƏFOV,
filologiya elmləri namizədi,
əməkdar müəllim, ADPU-nun
Azərbaycan və dünya ədəbiyyatı
tarixi kafedrasının baş müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov