Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - 14

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi davam etdirəcəyəm.

ABŞ-ın Açıq Cəmiyyət İnstitutu dünyanın əksər ölkələrində proqram və layihələr həyata keçirir. Bu qeyri-hökumət təşkilatı Amerika maliyyəçisi və investoru Corc Soros tərəfindən 1979-cu ildə yaradılmışdır. Bu təşkilat hər ildə qeyri-kommersiya layihələrinə 300 milyon ABŞ dolları məbləğində vəsait sərf edir.

Açıq Cəmiyyət İnstitutu tərəfindən 1993-2003-cü illərdə Azərbaycanda təhsil sahəsində bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələr çərçivəsində həyata keçirilmiş tədbirləri diqqətə çatdırmaq istəyirəm.

"Addım-addım" texnologiyasının tətbiqi layihəsi. Açıq Cəmiyyət İnstitutu tərəfindən təqdim edilmiş yeni pedaqoji texnologiya olan "Addım-addım" layihəsi 1998-ci ildən məktəbəqədər təhsil sahəsində başlanmışdır. 1999-2000-ci tədris ilindən başlayaraq birinci siniflərdə tətbiq edilmişdir.

Layihənin ilk üç ili ərzində nəzərdə tutulan uşaq bağçaları və məktəblərdə seçilmiş otaqlarda təmir işləri aparılmış, otaqlar xüsusi mebel dəstləri, yazı və tədris ləvazimatları ilə təchiz olunmuş, valideynlər üçün xüsusi otaqlar yaradılmışdır.

Texnologiyanın məqsədi uşağı daim yeni biliklərə yiyələnməyə, müstəqil şəkildə öz biliyini artırmağa yönəltmək, onlarda tənqidi təfəkkürün, seçmə bacarığının, problemi qoymaq və həll etmək qabiliyyətinin formalaşdırılması, yaradıcılığa, fantaziya və ixtiraçılığa təşəbbüsün, insanlara, cəmiyyətə, təbiətə, ətraf mühitə qayğı və hörmət hisslərinin aşılanmasıdır. Texnologiyanın fəlsəfi əsasını uşağın özünə, tərbiyəçiyə, valideynlərinə, onu əhatə edən insanlara inam təşkil edir, düşünülmüş şəkildə yaradılan mühit özü onda tədqiqatçılığa, təşəbbüskarlığa və yaradıcılığa maraq oyadır.

Pedaqogika və psixologiyada, fəlsəfi elmdə son 20 ildə əldə olunmuş mütərəqqi ideyaları nəzəri əsas kimi götürən, hər bir uşağı yaradıcı şəxsiyyət kimi qəbul edən, ilk növbədə, onun idrak qabiliyyətlərinin, məntiqi təfəkkürünün inkişafını nəzərdə tutan, akademik, bədii, etik, estetik və praktik biliklərin aşılanmasına yönəldilən "Addım-addım" texnologiyası ənənəvi tədris və tərbiyə metodikalarına nisbətən bir sıra üstünlüklərə malikdir.

Belə ki, ailə, məktəbəqədər müəssisə və cəmiyyətin birgə iştirakı nəzərə alınmaqla tərbiyəyə kompleks yanaşma tətbiq olunur, valideynlər tərəfindən uşaqların tərbiyəsinə maraq artır, onların pedaqoji prosesdə fəal iştirakı təmin olunur.

Uşaqların yaradılmış təlim mərkəzlərindən meyil və marağa uyğun səmərəli istifadə etməsi, onlara fikir və mülahizələrini sərbəst söyləmək imkanının verilməsi texnologiyanın üstün cəhətlərindəndir. Təlim mərkəzlərində iş uşaqların qarşılıqlı əlaqə və ünsiyyətinə, müstəqil əqli nəticə çıxarma və qərar qəbul etmə qabiliyyətlərinin inkişafına yönəldilmişdir. Mərkəzlərdə təlim mühitinin təşkili və tərtibat mühüm əhəmiyyət daşıyır. Buradakı bütün materiallar: didaktik vasitələr, avadanlıqlar, plakatlar, portretlər, incəsənət əsərləri, yazılar, uşaqların rəsmləri, əl işləri bilavasitə uşağın inkişafına zəmin yaradır.

Mərkəzlərdə təlimin fərdiləşməsi tərbiyəçidən hər bir uşağın fərdi psixoloji, fizioloji, yaş xüsusiyyətlərini, meyil və maraqlarını bilməsini, bunlara uyğun müvafiq tapşırıqlar müəyyənləşdirilməsini tələb edir. Fəaliyyət mərkəzləri hər bir uşağın müvəffəqiyyət qazanmasına imkan yaradır. "Öyrənməyi öyrətmək" metodu üzrə işin təşkili məşğələlərin maraqlı keçməsinə, təlimi hər bir uşağın meyil, maraq, qabiliyyət və istedadına, inkişaf səviyyəsinə uyğun qurmağa zəmin yaradır, uşağa sərbəst seçmə imkanı verir.

Texnologiyada uşağın normal inkişaf sxeminin verilməsi, burada hər bir yaş dövrünə müvafiq olan hərəkət, kommunikativ, koqnitiv, özünəxidmət vərdişlərinin, həmçinin fiziki, sosial, nitq, idrak, motorika sahəsində inkişaf göstəricilərinin öz əksini tapması müəllim və tərbiyəçilər üçün çox faydalıdır və təlimin inkişafetdirici aspektinin gücləndirilməsində mühüm rol oynayır. Bilavasitə təlim prosesində uşaqda güclü və müstəqil xarakter tərbiyəsinin forma, metod və üsullarının göstərilməsi təlim-tərbiyə prosesinin səmərəli təşkilinə şərait yaradır.

"Addım-addım" texnologiyasından istifadə uşağın təlim və tərbiyəsində faydalı olduğu kimi, tərbiyəçilərə və müəllimlərə də bilik və bacarıqlarını təkmilləşdirmək, fəaliyyətlərini əməkdaşlıq pedaqogikası prinsipi üzrə qurmaq imkanı verir, onlarda daim öz üzərində işləmək, elmi-metodik hazırlığını yüksəltmək zərurəti yaradır. Texnologiyanın tətbiqi uşaq bağçası, məktəb - ailə əlaqəsinin mütəşəkkil təşkilinə, valideynlərin pedaqoji prosesdə iştirakına daha əlverişli şərait yaradır, "tərbiyəçi-valideyn", "müəllim-valideyn", "valideyn-valideyn", "uşaq-şagird-valideyn" münasibətlərinin səmərəli qurulmasına kömək edir, birgə fəaliyyət formalarını müəyyənləşdirir.

Mövcud məktəbəqədər tərbiyə prosesində məşğələlər ümumi şəkildə keçirildiyi, yəni bütün uşaqlar, eyni zamanda bir fəaliyyətlə məşğul olduqları halda, "Addım-addım" texnologiyası hər bir uşağın öz arzusuna, meyil, maraq və qabiliyyətinə, sosial və emosional inkişaf səviyyəsinə uyğun olaraq kiçik qruplarda müxtəlif təlim mərkəzlərində məşğul olmasını təmin edir.

"Addım-addım" texnologiyası, həmçinin müasir dövrdə mütərəqqi ideyalar kimi irəli sürülmüş təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi prinsipləri, uşaq hüquqlarının qorunması ideyaları ilə uzlaşır və təlim-tərbiyə prosesində müasir, o cümlədən interaktiv təlim metodlarının tətbiqini nəzərdə tutur.

Layihə ilkin mərhələdə Bakı şəhərinin 11, 105, 175, 257, Gəncə şəhər 15, Mingəçevir şəhər 10, 16 və Ağdaş şəhər 9 nömrəli uşaq bağçalarının 18 qrupunda eksperiment qaydasında tətbiq olunmuşdur.

1999-cu ildə Bakı şəhəri 111, 162, Sumqayıt şəhəri 30, Qusar şəhər 3 nömrəli, Təhsil Nazirliyinin lal-kar uşaqlar üçün ixtisaslaşmış uşaq bağçası, Şəki şəhər 9, Lənkəran rayonu Gərmətük kənd uşaq bağçası layihəyə qoşulmuşdur.

2000-ci ildə daha 9 məktəbəqədər təhsil müəssisəsi (Bakı şəhəri 130, "Qərənfil", Sumqayıt şəhəri 11, Şamaxı şəhər 1, 2, Quba şəhər 13, Qax rayonu 19 nömrəli, İngiloy qəsəbə, Balakən rayonu İtitala qəsəbə uşaq bağçaları) yeni texnologiya ilə işləməyə başlamışlar.

2001-si ildə layihəyə Cəlilabad şəhər 2, Masallı şəhər 2, Xaçmaz şəhər 4, Sumqayıt şəhəri 20, Balakən şəhər 2, Naxçıvan şəhəri 6, 7, 10, Astara şəhər 1, Lənkəran şəhər 15, Xızı şəhər mərkəzi uşaq bağçası qoşulmuş, əvvəlki illərdə seçilmiş Bakı şəhəri 175, 257, Mingəçevir şəhər 10, 16, Qusar şəhər 3 nömrəli, Lənkəran rayonu Gərmətük qəsəbə uşaq bağçalarında isə daha 2 qrupda yeni texnologiyanın tətbiqinə başlanmışdır.

Beləliklə, "Addım-addım" texnologiyası ümumilikdə ölkənin 17 bölgəsində 37 uşaq bağçasının 115 qrupunda tətbiq edilmişdir.

1998-2001-ci illərdə uşaq bağçalarının tərbiyəçiləri və müdirləri üçün, eləcə də rayon təhsil şöbələrinin məsləhətçiləri, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və Təhsil Nazirliyinin nümayəndələri üçün beynəlxalq məsləhətçilər cəlb edilməklə 16 treninq keçirilmiş, 500-dən artıq tərbiyəçi və məktəbəqədər təhsil üzrə digər mütəxəssislər bu treninqlərdə iştirak etmişdir.

Yeni texnologiyanın daha səmərəli tətbiqi məqsədilə layihə çərçivəsində təcrübə mübadiləsinə geniş yer ayrılmışdır. Belə ki, Bakı şəhəri 257, 105, Sumqayıt şəhəri 40, Ağdaş şəhər 9, Mingəçevir şəhəri 16, 10 nömrəli uşaq bağçalarının müdir və tərbiyəçiləri Tbilisi şəhərində (1999-cu il), Gəncə şəhər 15 nömrəli uşaq bağçasının nümayəndələri Budapeştdə (1999-cu il) təlim seminarlarında iştirak etmişlər.

Bakı şəhəri 257, Mingəçevir şəhəri 16 nömrəli uşaq bağçalarının tərbiyəçiləri, eləcə də həmin müəssisələrin nəzdindəki treninq mərkəzlərinin trenerləri Ukraynada təcrübə mübadiləsində iştirak etmişlər (oktyabr 2001-ci il).

Təhsil Nazirliyinin nümayəndə heyəti Beynəlxalq "Addım-addım" Assosiasiyasının Baş Assambleyasının işində iştirak etmək və Latviyada layihə üzrə təcrübə ilə tanışlıq məqsədilə Riqaya ezam olunmuşdur (dekabr, 2001-ci il).

Layihə çərçivəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də uşaq bağçalarının tərbiyəçiləri üçün aşağıdakı metodik və köməkçi ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi və nəşri olmuşdur:

-Uşaqlara istiqamətləndirilmiş təlimin təşkili.

-Uşaq fəallığına istiqamətləndirilmiş riyazi və ümumelmi yaradıcı materiallar.

-Təhsil və demokratiya mədəniyyəti: erkən yaş dövründə uşaqların inkişafı təcrübəsi.

-Ailələr və erkən yaş dövründə uşaqların təhsili.

-Oyun təlim üsulu kimi.

-Körpələrə istiqamətləndirilmiş təlimin təşkili.

Varislik gözlənilməklə 1999-2000-ci tədris ilində Təhsil Nazirliyinin razılığına əsasən "Addım-addım" texnologiyası ümumtəhsil məktəblərinin I siniflərində tətbiq edilməyə başlanmışdır. Bunun üçün Bakı şəhəri 10, 74, 153, 269 və Sumqayıt şəhəri 11 nömrəli məktəb pilot məktəblər kimi müəyyənləşdirilmişdir.

2000-2001-ci tədris ilində layihə Bakı şəhəri 246, 272, 83, Gəncə şəhər 22, Mingəçevir şəhəri 15, 6, Şamaxı şəhər 2, Ağdaş şəhər 2, Şəki şəhər 12, Qusar şəhər 6 nömrəli, Lənkəran rayonu Gərmətük qəsəbə məktəblərində tətbiq edilməklə onun əhatə dairəsi daha da genişləndirilmişdir. Eyni zamanda 1999-2000-ci dərs ilində layihənin tətbiq edildiyi məktəblərin hər birində əlavə iki sinif də yeni texnologiya ilə işləməyə başlamışdır.

2001-2002-ci tədris ilində layihəyə Naxçıvan şəhəri 7 və 8, Astara şəhər 5, Balakən şəhər 1, Lənkəran şəhər 4 nömrəli, Gərmətük qəsəbə məktəbi, Masallı şəhər 3, Cəlilabad şəhər 8, Zaqatala şəhər 3, Xaçmaz şəhər 7, Quba şəhər 1 nömrəli, Qırmızı qəsəbə məktəbi, Qax şəhər 5 nömrəli, Qaxingiloy qəsəbə məktəbi, Şəki şəhər fizika - riyaziyyat və humanitar təmayüllü lisey, Şamaxı şəhər 2 və 5, Xızı mərkəzi şəhər məktəbi, Bakı şəhəri 245, 189, 199, 175, 190, 191, 214 nömrəli məktəblər, 2 nömrəli internat məktəbi cəlb olunmuş, eləcə də "Addım-addım" texnologiyası əvvəlki illərdə layihəyə qoşulmuş məktəblərin hər birində daha 2 sinfi də əhatə etmişdir.

Beləliklə, layihə ölkənin 17 regionunda 47 ümumtəhsil məktəbinin 79 ibtidai sinfində tətbiq olunmuşdur.

Seçilmiş məktəblərin direktor və müəllimləri üçün layihə çərçivəsində 12 treninq keçirilmişdir. ABŞ-dan olan ekspertlərin iştirakı ilə 1999-cu ilin avqustunda Şəkidə, 2000-ci ilin avqustunda Şamaxıda, Ukraynadan olan ekspertlərin iştirakı ilə 2000-ci ilin fevralında Bakıda, 2001-ci ilin avqustunda Şamaxıda belə treninqlər təşkil edilmişdir. 1998-2003-cü illərdə 600-dən artıq ibtidai sinif müəllimi, məktəb direktoru, məsləhətçi və metodist yeni təlim üsulları üzrə müxtəlif treninqlərdə iştirak etmişlər.

Təcrübə mübadiləsi məqsədilə layihənin tətbiq edildiyi məktəblərin müəllimləri bir sıra xarici ölkələrdə olmuşlar. Belə ki, Bakı şəhəri 153 nömrəli məktəbin müəllimləri Tbilisi şəhərində (noyabr 1999-cu il), Bakı şəhəri 269 nömrəli məktəbin müəllimləri Budapeşt şəhərində (1999-cu il), Sumqayıt şəhəri 11 nömrəli məktəbin və BPKİYH İnstitutunun nümayəndələri Vaşinqtonda (aprel - may 2000-ci il), Bakı şəhəri 153, Lənkəran şəhər 4, Sumqayıt şəhəri 11 nömrəli məktəblərin nümayəndələri Kiyevdə (oktyabr 2001-ci il) təcrübə ilə tanış olmuşlar.

Layihə çərçivəsində ibtidai sinif müəllimləri üçün STUşaqlara istiqamətləndirilmiş sinif otaqlarının yaradılmasıTT, "Riyaziyyat, savad və yazı üzrə müxtəlif çətinlik səviyyəsi olan testlər" adlı metodik vəsaitlər Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir.

"Addım-addım" texnologiyasının tətbiqi layihəsinin ən mühüm istiqamətlərindən biri də ölkə üzrə treninq mərkəzləri şəbəkəsinin yaradılması olmuşdur. Layihə çərçivəsində tərbiyəçilərin və müəllimlərin davamlı təkmilləşdirilməsi məqsədilə ölkənin 9 regionunda (Mingəçevir şəhəri 16 nömrəli uşaq bağçası, Şamaxı şəhər 5 nömrəli orta məktəb, Şəki şəhər 12 nömrəli orta məktəb, Naxçıvan şəhəri 10 nömrəli uşaq bağçası, Quba şəhər 13 nömrəli uşaq bağçası, Lənkəran şəhər 4 nömrəli orta məktəb, Sumqayıt şəhəri 11 nömrəli orta məktəb, Gəncə şəhər 22 nömrəli orta məktəb, Qax şəhər 5 nömrəli orta məktəb, Bakı şəhəri 153 nömrəli orta məktəb) məktəbəqədər və ümumi təhsil müəssisələrində treninq mərkəzləri yaradılmış və fəaliyyəti təşkil edilmişdir.

Treninq mərkəzlərinin yaradılması zamanı bir sıra amillər nəzərə alınmışdır:

-layihənin ölkədə daha geniş yayılması üçün ən yaxşı uşaq bağçaları və məktəblərdə yerləşdirilməsi;

-pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinə, müəllimləri təkmilləşdirmə institutlarına yaxın olması;

-treninq mərkəzlərində layihə üzrə çalışan ən təcrübəli tərbiyəçi və müəllimlər cəlb edilməklə trenerlərin/təlimatçıların/metodistlərin hazırlanması və komandaların formalaşdırılması;

-layihəni tətbiq etmək istəyən tərbiyəçi və müəllimlər üçün mərkəzlərdə treninqlərin keçirilməsi imkanları;

-gələcəkdə yeni texnologiyanı tətbiq etmək istəyən tərbiyəçi və müəllimlər üçün layihəni müşahidə etmək, metodologiyalar əldə etmək, treninqlərdə iştirak etmək imkanı yaradılması;

-treninq mərkəzlərinin təmiri, ofis və treninq avadanlığı ilə, eləcə də iki il müddətinə treninq mərkəzinin koordinatorunun əməkhaqqı ilə təmin edilməsi.

Treninq mərkəzlərinin fəaliyyətinin daha səmərəli təşkil edilməsi məqsədilə ən qabaqcıl və yaradıcı tərbiyəçi, müəllim, metodist və direktorlar sırasından seçilmiş trenerlər üçün beynəlxalq məsləhətçilər cəlb edilməklə 2000-2002-ci illərdə 3 xüsusi treninq keçirilmişdir.

"Addım-addım" texnologiyasının məktəbəqədər və ümumi təhsil müəssisələrində tətbiqi ilə yanaşı, bu texnologiyanın müəllim hazırlığı kurikulumlarına daxil edilməsi və ali məktəb müəllimlərinin bu sahədə bacarıqlarının artırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və bir sıra orta ixtisas məktəblərinin müəllimləri üçün ABŞ mütəxəssislərinin iştirakı ilə 1999-2002-ci illərdə müvafiq treninqlər keçirilmişdir.

Layihənin inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri də resurs mərkəzləri şəbəkəsinin yaradılması olmuşdur. Ölkənin 5 regionunda resurs mərkəzləri yaradılmış və 2002-ci ildən fəaliyyətə başlamışdır (Azərbaycan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Şəki Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci). Bu resurs mərkəzləri layihəyə cəlb olunmuş uşaq bağçaları və ümumtəhsil məktəblərinin təcrübəsini öyrənmək və təcrübə mübadiləsi aparmaq funksiyasını yerinə yetirmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Müəllimlər İnstitutu, BPKİYH İnstitutunun əməkdaşları, resurs mərkəzlərinin koordinatorları 2000-2001-ci illərdə təcrübə mübadiləsi məqsədilə Bişkek, Kiyev və Riqa şəhərlərində təlim seminarlarında iştirak etmişlər.

Ali və orta ixtisas təhsili müəssisələri üçün STFərdiləşdirilmiş təhsilTT, STOyun vasitəsilə təlimTT, STAilə ilə məktəbin əməkdaşlığıTT, STMüşahidələr vasitəsilə uşaqların öyrənilməsiTT, "Uşağa istiqamətləndirilmiş təlimTT, STKiçikyaşlı uşaqların təhsili sahəsində tətbiqi tədqiqatlarTT adlı vəsaitlər Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir.

"Addım-addım" texnologiyasının tətbiqi layihəsinin 1998-2003-cü illərdə həyata keçirilməsinə Açıq Cəmiyyət İnstitutu tərəfindən ümumilikdə 2,3 milyon ABŞ dolları məbləğində vəsait sərf edilmişdir.

Akademik təqaüdçülər proqramı (ATP). Proqram 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun "Ali təhsilə dəstək proqramı" çərçivəsində Şərqi Avropa, keçmiş Sovetlər Birliyi ölkələrində həyata keçirilməyə başlanmışdır. Proqramın məqsədi ölkələrdə ali təhsil sahəsində islahatlar prosesinə dəstək, akademik şəbəkənin yerli, regional və qlobal şəkildə qurulmasına yardım göstərməkdir. Proqram:

-seçilmiş universitetlərin kafedralarında islahatların həyata keçirilməsinə yardım göstərir;

-xaricdə təhsillərini başa vurub vətənlərinə geri dönmüş gənc və ümidverici müəllimləri ali təhsil müəssisələrinə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir;

-Qərb ölkələrinin aparıcı universitetlərindən professorları ali təhsildə gedən islahatlara yardımçı olmağa cəlb edir, hər il professorları bir neçə dəfə ali məktəblərə 5-7 günlük işgüzar səfərə dəvət edir.

Proqram artıq 5-ci ildir ki, Bakı Dövlət Universitetində həyata keçirilir. Əməkdaşlığın nəticəsi kimi artıq üçüncü ildir ki, Bakı Dövlət Universitetində Sosial iş üzrə magistr və ikinci ildir ki, Sosial iş üzrə bakalavr proqramları üzrə kadr hazırlanır. Sosial iş üzrə hər iki proqramın işlənilməsində ABŞ və Avropa ölkələrinin aparıcı universitetlərində təhsil almış və proqram tərəfindən BDU-da tədrisə cəlb olunmuş müəllimlər yaxından iştirak edirlər. Həmin müəllimlər Sosial iş üzrə standartların hazırlanmasına yardımçı olmuşlar. Həmçinin 2008-2009-cu tədris ilində BDU-da Beynəlxalq İnsan Hüquqları üzrə Magistr proqramı yaradılmışdır. Bu proqramın tədris dili ingilis dilindədir və tədris planının beynəlxalq standartlara uyğun tərtib olunmasına xarici professor və yerli kadrlar böyük əmək sərf etmişlər.

ATP Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər; beynəlxalq hüquq, sosial elmlər və psixologiya fakültələri, İqtisadi kibernetika kafedrası ilə səmərəli əməkadaşlıq etmişdir. 2009-2010-cu tədris ilində Beynəlxalq hüquq kafedrası və sosial elmlər və psixologiya fakültəsi ilə iş aparılır. Bu kafedra və fakültələrdə xarici ölkələrin aparıcı universitetlərində təhsil almış və beynəlxalq standartlara uyğun tədris apara bilən müəllimlər çalışırlar. Həmin müəllimlər hər il müsabiqə yolu ilə seçilirlər.

Son 5 il ərzində xaricdə təhsil almış 26 nəfər azərbaycanlı gənc, xaricdən 6 professor ATP-nin maliyyə dəstəyilə BDU-nun müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun tədris aparmışlar. Növbəti illərdə ATP Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır.

2004-cü ilin aprelindən Açıq Cəmiyyət İnstitutu bazasında "Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi" ictimai birliyi təsis edilmişdir. Əvvəllər Açıq Cəmiyyət İnstitutunun, sonralar isə mərkəzin fəaliyyətinin təşkilində və təhsil sahəsində proqram və layihələrin həyata keçirilməsində Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Elnarə Qənizadə, Bahar Kərimova, İradə Məmmədovanın xüsusi xidmətləri qeyd edilməlidir.

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirilməkdədir.

Məktəb liderliyinin inkişafı layihəsi. Layihə 2008-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi məktəb liderliyini inkişaf etdirməklə təhsildə hesabatverməni və şəffaflığı inkişaf etdirməkdir. Layihə çərçivəsində bir sıra fəaliyyətlər - məktəb liderliyinin inkişafı mövzusunda təlimlər, mübadilə proqramı, məktəb səfərləri və sair həyata keçirilmişdir. Prosesdə həm yerli, həm də beynəlxalq ekspertlərlə əməkdaşlıq edilir. Belə ki, təlim proqramları əsasən ABŞ-ın Cənubi Konnektikut Dövlət Universitetinin Məktəb liderliyi fakültəsinin professoru Ketrin Magno tərəfindən aparılır. Eyni zamanda təlimlər zamanı uğurlu fəaliyyətləri ilə seçilən məktəb direktorları təqdimatlarla çıxış edirlər. Amerika Birləşmiş Ştatları və Avropada təhsilin idarəedilməsi və liderlik, ictimai siyasət üzrə magistr dərəcəsi almış 4 gənc azərbaycanlı mütəxəssis də təlim proqramlarına cəlb edilmişdir.

Məktəb idarəetməsi və maliyyələşməsi: təcrübə və siyasət layihəsi. Layihənin məqsədi məktəbin səmərəli maliyyələşməsi və demokratik idarəedilməsi prosesini gücləndirmək, bu məqsədlə Azərbaycanda məktəb idarəetməsi və maliyyələşməsinə dair modellərin tədqiqi, bu sahədə tövsiyələrin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi kampaniyasının təşkilidir.

Layihə çərçivəsində "Azərbaycanda məktəb maliyyələşməsinin yeni modeli" mövzusunda tədqiqat aparılmışdır. Məqsəd Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) çərçivəsində şagirdbaşına maliyyələşmə pilot layihəsinə cəlb olunmuş rayonların məktəblərində maliyyələşdirmə və idarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların icra vəziyyətinin araşdırılması, təsirlərinin (nəticələrinin) qiymətləndirilməsidir. Sorğuda Ucar, İsmayıllı rayonları və Şirvan şəhərinin 59 pilot məktəbinin direktoru, məktəb şurasının üzvü olan müəllimlər (150 nəfər), valideynlər (150 nəfər), şagirdlər (150 nəfər) iştirak etmişdir. Bundan əlavə, məktəb şurasının sədri (40 nəfər), mühasib (40 nəfər), rayon təhsil şöbəsinin müdirləri (3 nəfər), rayon maliyyə şöbəsinin müdirləri (3 nəfər), yerli icra hakimiyyətinin nümayəndələri (3 nəfər), yerli bələdiyyə orqanının üzvləri (3 nəfər), digər maraqlı tərəflərdən (5 nəfər) dərinləşdirilmiş müsahibələr götürülmüşdür. Tədqiqata dair sorğu və dərinləşdirilmiş müsahibələr "SİQMA" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatları Mərkəzi tərəfindən aparılmışdır.

Həmçinin layihənin ekspert qrupu tərəfindən mövcud maliyyə modelinin təhlili aparılmışdır. Təhlil ümumi təhsil sisteminin mövcud maliyyələşmə sisteminin ümumi prinsiplərini, mexanizmlərini, eləcə də maliyyənin idarəedilməsində müxtəlif tərəflərin iştirak imkanlarını əhatə etmişdir.

Layihə çərçivəsində pilot məktəblərdə yeni modelin tətbiqinə dair məlumatın birbaşa yerlərdən alınması məqsədilə bölgələrə səfər edilmiş, məktəb şurası sədrləri, üzvləri, məktəb direktorları, mühasiblər, eləcə də rayon təhsil şöbəsinin rəhbərliyi ilə yeni modelin tətbiqi və meydana çıxan maneələrlə bağlı müzakirələr aparılmışdır.

Pilot layihəsinə cəlb edilmiş rayon məktəblərində çalışan mühasiblər (59 nəfər) üçün şagirdbaşına maliyyələşdirmə düsturunun tətbiqinə dair Milli Büdcə Qrupu ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilmişdir. Mühasiblərin ehtiyacları nəzərə alınaraq "Məktəb büdcə bələdçisi" adlı təlimat kitabı hazırlanmışdır. Layihə çərçivəsində "Məktəb ehtiyaclarına əsaslanmış maliyyə formulası" kitabı nəşr olunmuş, layihənin tərəfdaşları arasında yayılmışdır.

İctimai maarifləndirmə komponenti layihənin əsas istiqamətlərindən biri olmuş və layihə müddətində media vasitəsilə mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması həyata keçirilmişdir. Bu məqsədlə İTV "Açıq dərs" proqramında, eləcə də radiolarda "Məktəb maliyyəsi və idarəolunması" mövzusunda xüsusi proqram təşkil olunmuşdur.

Təhsil Siyasəti Forumu (TSF) layihəsi. Layihə 2004-cü ildən həyata keçirilməyə başlanmışdır. Layihənin məqsədi maraqlı tərəflərin, xüsusilə icma, media şəbəkəsi vasitəsilə təhsil məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq, təhsilə dair qərarların qəbul edilməsinə vətəndaş cəmiyyətini cəlb etməkdir.

TSF layihəsi, əsasən, üç strateji istiqaməti əhatə etmişdir: a)monitorinq/araşdırmalar; b)araşdırmaların nəticələrinin ictimaiyyət arasında yayılması; c)əməkdaşlıq və effektiv kommunikasiya vasitələrinin inkişaf etdirilməsi.

Ötən müddət ərzində "Fərdi müəllimlik" (2005 və 2009-cu illər), "Valideynlərin məktəbə qeyri-formal ödənişləri", "Ali təhsildə korrupsiya: səbəb və nəticə", "Müəllim peşəsinin tədqiqi" mövzularında genişmiqyaslı tədqiqatlar və monitorinqlər aparılmışdır.

Layihə çərçivəsində beynəlxalq əməkdaşlıq istiqamətində ciddi təşəbbüslər həyata keçirilmiş, YUNESKO-nun Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutu ilə birgə tədqiqatın Azərbaycan dilində nəşrinə nail olunmuşdur. Həmçinin layihə çərçivəsində təhsil sahəsində ixtisaslaşmış beynəlxalq, regional və yerli QHT şəbəkələri ilə fəal əməkdaşlıq edilmiş, o cümlədən QHT-lərin antikorrupsiya fəaliyyətinə dair yerli şəbəkə, AzPAC (Avropa Şurası) layihəsi, təhsil siyasəti mərkəzləri şəbəkəsi (NEPC), YUNESKO-nun Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutu ilə birgə tədbirlər həyata keçirilmişdir.

TSF layihəsi üzrə mütəmadi şəkildə mətbuat konfransları, "dəyirmi masa"lar, seminarlar keçirilmiş, mətbuat üçün açıqlamalar hazırlanmışdır. Həmçinin "Təhsil və media" adlı jurnalist qrupu yaradılmış və onlarla əməkdaşlıq təmin edilmişdir. Bu qrupun əsas məqsədi təhsil problemlərinin mətbuatda daha geniş və yaradıcı işıqlandırılması olmuşdur. Həmçinin jurnalistlərın təhsil sahəsində ixtisaslaşması üçün təlim və seminarlar təşkil olunmuşdur. Təlimlərdə Bakı və regionlar da daxil olmaqla 20 media təmsilçisi iştirak etmişdir. Təlimlərdən sonra da jurnalistlərlə əlaqə davam etdirilmiş, həyata keçirilən tədqiqatlar, eləcə də jurnalist peşəkarlığıının artırılması məqsədilə keçirilən digər tədbirlər barəsində məlumatlar verilmişdir. Layihənin icrası müddətində 24 mətbuat konfransı keçirilmiş və bununla da təhsil prosesində iştirak etməkdə maraqlı olan auditoriya (mətbuat nümayəndələri, qərarqəbuledicilər, QHT təmsilçiləri, icma üzvləri, təhsil ictimaiyyəti, beynəlxalq təşkilatların təmsilçiləri) formalaşmışdır. Bundan əlavə, hər il İctimai Televiziyanın "Açıq dərs" verilişi 2 proqramını layihənin nəticələrinin əsasında qurmuşdur.

Qeyd etmək yerinə düşər ki, TSF çərçivəsində "Təhsil haqqında" Qanun layihəsinin ictimai müzakirələri keçirilmiş, təkliflər hazırlanmış, onların bir qismi qəbul edilən sənəddə öz əksini tapmışdır.

Eyni zamanda layihə çərçivəsində 2008-ci ilin yayında "Məktəb maliyyələşməsi: şəffaflıq və cavabdehlik", 2009-cu ildə isə "Təhsildə qiymətləndirmə strategiyasının inkişafı" mövzularında "yay məktəbi" təşkil edilmişdir. Bunlarla yanaşı, "Korrupsion məktəblər, korrupsion universitetlər nə etməli?", "Gizli bazarda təhsil: fərdi müəllimlik", "Antikorrupsiya tədrisi metodologiyası", "Valideynlərin müvəkkillik fəaliyyəti üçün təlimatlar", "Təhsil terminlərinin izahlı lüğəti", "Təhsildə şəffaflıq", "Məktəb ehtiyaclarına əsaslanmış maliyyə formulası" vəsaitləri, o cümlədən multimedia vəsaitləri çap olunmuşdur.

Müasir Tədrisə və Təhsilə Yardım Mərkəzi "Məcburi köçkün şagirdlərin təhsilinin keyfiyyətinin yaxşılaşdırılması", "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması" layihələrinin həyata keçirilməsində iştirak etmişdir. 

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - 14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov