Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

13 May 2011 - 18

 

Azərbaycanın təhsil nazirləri

Rəşid xan Zavid oğlu Qaplanov

 

Rəşid xan Zavid oğlu Qaplanov 1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olub.

Milliyyətcə Şimali Qafqazda yaşayan qumuq türklərindən olan Rəşid xan Qaplanov Vladiqafqazda realnı məktəbdə oxuyub, Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirib.

Ali təhsil aldıqdan sonra İstanbula (Türkiyə) dəvət olunub, 1913-cü ilə qədər burada pedaqoji fəaliyyət göstərib. O, bu müddətdə Osmanlı tarixini və ədəbiyyatını dərindən öyrənib.

1913-cü ildə Vladiqafqaza qayıdan Rəşid xan Qaplanov şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışıb. 

Rusiya imperiyasını sarsıdan Fevral burjua inqilabından sonra Şimali Qafqazda güclənən siyasi hadisə və proseslərdə fəallıq göstərib, Çərkəz-Dağıstan və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrində çalışıb.

1919-cu ildən Bakıda yaşayan Rəşid xan Qaplanov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda fəal iştirak edib. 4-cü Hökumət Kabinetində xalq maarifi və dini etiqad naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərlərində yeni məktəblər fəaliyyətə başlayıb, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində uğurlu addımlar atıb. Bakı Dövlət Universitetinin açılmasında yaxından iştirak edib, eyni zamanda burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs deyib.

O, 100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil almağa göndərilməsini təşkil edib. Həmin dövrdə Bakıda Azərbaycan müəllimlərinin III qurultayı keçirilib. Ümumi təhsilin məzmunu sahəsində islahatlar üzrə Hökumət Komissiyası yaradılıb, nəhayət, əlifba islahatı sahəsində Dövlət Komissiyası fəaliyyətə başlayıb.

Azərbaycanın müstəqilliyə qovuşması digər milli mənəvi dəyərlərlə yanaşı, XX əsr təhsil tarixinin, o cümlədən milli tariximizin mühüm bir sahəsi olan Bakı Dövlət Universitetinin həqiqi tarixinin yazılmasına tarixi imkan və şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "...universitetinin tarixini ədalətli, düzgün yazmaq üçün indi gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi deyil, bu, Azərbaycan xalqının tarixidir, Azərbaycan Respublikasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixidir. Ona görə də onu təhrif etmək olmaz...".

Bu mənada Bakı Dövlət Universitetinin təsis edilməsi ilə bağlı bəzi tarixi məqamlara yenidən işıq salmaq, tarixi həqiqətləri ictimaiyyətə düzgün təqdim etmək olduqca faydalıdır.

Doğrudur, Cümhuriyyətin 4-cü Hökumət Kabinetinin proqramında Tiflisdəki Zaqafqaziya universitetinin Bakıya köçürülməsi nəzərdə tutulub, nazir müavini Həmid bəy Şahtaxtinskinin rəhbərliyi ilə Tiflis hökuməti ilə intensiv danışıqlar aparılıb. Bu barədə Vasili İvanoviç Razumovski yazırdı: "1919-cu ilin əvvəlində Azərbaycan Cümhuriyyəti xalq maarifi nazirinin müavini Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi, ...yaxşı binalar, maddi təminat və s. vəd etdi...".

Universitet rəhbərliyi bu təklifi qəbul etsə də, ermənilərin qeyri-konstruktiv mövqeyi bu məsələnin həllinə imkan vermədi. Belə olan halda, Cümhuriyyət hökuməti Bakıda müstəqil universitet yaratmaq qərarına gəlir. Hökumətin tapşırığı ilə Zaqafqaziya universitetinin rektoru Vasili İvanoviç Razumovski Bakıya dəvət edildi. Həmin il aprelin sonunda Bakıya gələn Vasili İvanoviç Razumovski xalq maarifi naziri Rəşid xan Qaplanov və onun müavini Həmid bəy Şahtaxtinski ilə geniş müzakirələr apararaq Bakıda universitet təsis edilməsi işinə rəhbərliyi öz üzərinə götürdü. Hökumət 1919-cu il mayın 19-da Xalq Maarifi Nazirliyi yanında universitet Komissiyası haqqında Əsasnaməni və komissiyanın tərkibini təsdiq etdi. Komissiyanın ilk iclasında maarif naziri Rəşid xan Qaplanov universitet Komissiyası üzvləri qarşısında çıxış edərək, universitetin açılışı barədə Azərbaycan hökumətinin qəti qərarını onların nəzərinə çatdırdı. Xatırladaq ki, həmin komissiyaya geniş hüquqlar verilmişdi. Belə ki, komissiya üzvləri hökumət başçısınadək hər bir yüksək vəzifə sahibinə müraciət edə bilirdilər. Hökumət 1919-cu il iyunun 16-da universitet Komissiyasının ştatlarını təsdiq edib, işçilərin maaşlarını müəyyənləşdirdi. Komissiyaya qısa müddətdə universitetin təsis edilməsi, nizamnaməsi və universitetin 1919-1920-ci dərs ili üçün ştat və xərclər smetası haqqında Qanun layihələrinin hazırlanması tapşırıldı. Komissiya tezliklə həmin Qanun layihələrini hazırlayıb hökumətə təqdim etdi. Azərbaycan hökumətinin 1919-cu il 7 iyul tarixli qərarı ilə həmin Qanun layihələrini bəyənərək Parlamentin müzakirəsinə təqdim etdi. Təxminən iki aya yaxın müddətdə həmin Qanun layihələri Parlamentin müxtəlif komissiyalarında ətraflı müzakirə olundu.

Çox gərgin mübahisə və qızğın müzakirələrdən sonra Bakıda universitetin təsis edilməsi ilə bağlı Qanun layihələri Parlamentin 1919-cu il 21 avqust tarixli 67-ci iclasının gündəliyinə salındı. Bu tarixi iclasa sədrlik edən böyük maarifçi Sultan Məcid Qənizadə Qanun layihələrinin müzakirəsinə başlamağı təklif etdi. Katib Mehdi bəy Hacınski həmin sənədlərin məzmunu ilə Parlament üzvlərini tanış edir. Parlamentdə ilk söz alan "İttihad" fraksiyasının rəhbəri Qara bəy Qarabəyov universitetdə tədrisin rus dilində aparılacağını əsas gətirərək, Qanun layihələrinin müzakirəsinin dayandırılmasını, layihələrin yenidən komissiyalara qaytarılmasını təklif edir və məsələnin səsə qoyulmasını tələb kimi irəli sürür. Parlamentdə səsə qoyulan təklif səs çoxluğu ilə qəbul edilir və universitetin təsis olunması ilə bağlı məsələ gündəlikdən çıxarılır. Universitetin 1919-1920-ci dərs ilinin əvvəlində açılması haqqında hökumətin planları və Universitet Komissiyasının gördüyü işlər təhlükə altına düşür. Əvvəla, Bakıda universitet təsis etmək istəyənlər yaxşı dərk edirdilər ki, bu məsələ yeni dərs ilinin əvvəlinə kimi həll edilməsə, mütləq uzanacaq, bu müqəddəs işin sonrakı taleyi isə bilinməyəcəkdir. Bu narahatlığı və təhlükəni Parlamentdəki çıxışında maarif naziri Rəşid xan Qaplanov belə ifadə edirdi: "Layihəyi bərayi-tədqiq (araşdırmaq məqsədilə) fraksiyalara göndərərsək, vaxt qeyb olacaq. Əmin olun ki, darülfünun bu sənə (il) açılmayacağı kimi, gələcək sənə də açılmayacaq...".

Digər tərəfdən, ölkə daxilində siyasi vəziyyət mürəkkəbləşmiş, ingilis qoşunları avqustun əvvəlində Azərbaycanı tərk etmiş, Şimal təhlükəsi isə Vətənin başı üzərində "Damokl qılıncı" kimi asılmışdı. Məsələ çox ciddi idi: universitetin yaradılması mütləq indi həll edilməli idi. Əks halda, bu məsələ də bir ideya olaraq tarixin arxivinə düşə bilərdi. Bütün bu tarixi reallığı və universitet açılmasının milli dövlətçiliyimiz, elm, təhsil və mədəniyyətimizin tərəqqisi üçün böyük əhəmiyyətini dərindən dərk edən Parlamentin bir çox üzvləri - siyasi, dövlət və maarif xadimləri Bakıda universitetin təsis edilməsinə dair Qanun layihələrinin iclasın gündəliyindən çıxarılması haqqında qərara qəti etiraz səslərini ucaltdılar. Parlamentdə böyük nüfuzu və çoxlu tərəfdarları olan Məmməd Əmin Rəsulzadə ilk olaraq söz aldı və milli təhsil tariximiz üçün çox önəmli bir tarixi çıxış etdi. Onun ardınca maarif naziri Rəşid xan Qaplanov, Səmədağa Ağamalıoğlu, Mustafa Məmmədov və başqaları çıxış edərək, Bakıda universitet açılmasının ümummilli, ümumdövlət və ümumbəşəri əhəmiyyətini əsaslandırdıqdan, dörd saatdan artıq sürən gərgin müzakirələrdən sonra Parlament öz qərarına yenidən baxmaq və universitetin təsisinə dair Qanun layihələrinin müzakirəsinə başlamaq haq qında qərar qəbul etmək məcburiyyətində qaldı.

Sonralar Vasili İvanoviç Razumovski bu tarixi hadisələri xatırlayaraq həmin məsələnin müsbət həllində fədakarlıq, əsl vətənpərvərlik nümunəsi göstərən insanları "universitetin və maarifin həqiqi dostları" adlandırır, onların içərisində Məmməd Əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Rəşid xan Qaplanov, Həsən bəy Ağayev, Səmədağa Ağamalıoğlu və başqalarının əməyini xüsusi olaraq nəzərə çatdırırdı. Həqiqət naminə deməliyik ki, Bakıda "universitetin və maarifin həqiqi dostları" həmin elm-təhsil ocağını milli müstəqilliyin, demokratik, dünyəvi dövlətin əsas atributlarından biri sayır, bunun xalqın intellektual potensialının, elm, təhsil və mədəniyyətinin, milli özünüdərkinin inkişaf etdirilməsinə, millətimizin müstəqil və azad yaşamağa layiq olduğunu bütün dünyaya sübut etməyə xidmət edəcəyinə inanırdılar.

Maarif naziri Rəşid xan Qaplanov Parlamentdəki çıxışında bu haqda demişdi: "Biz məsələni dövlətin mənafeyi nöqteyi-nəzərindən tədqiq və mülahizə etməliyik. Biz cahana elan edirik ki, hürr yaşamağa haqlı müstəqil millətik, bunu yalnız elanımız kafi deyildir. Təzahürati-milliyyəmizi (milli varlığımızı) daha ziyadə təhdid etmək və onu atiyə (gələcəyə) hazırlamaq lazımdır. Biz millətin ruhunu bu surətlə yüksəldərsək, əmin olalım ki, istiqbalda (gələcəkdə) fənalıqların (çətinliklərin) önünü almış və millətimizi fəlakətdən qurtarmış oluruq. İştə, o ruhu yüksəldəcək bir elm ocağı lazımdır ki, o da darülfünundan başqa bir şey deyildir. Darülfünunun mövcudiyyəti ilə biz Vətənimizi daha başqa surətdə Avropaya qarşı göstərəcək və yaşamağa layiq bir millət olduğumuzu da bu surətlə isbat edəcəyik...".

Rəşid xan Qaplanov Parlamentdəki çıxışının sonunda böyük uzaqgörənliklə demişdir: "Elm məbədinə dərəcəyi-hörmətlə, camelərə, məscidlərə girərkən ayaqqabılarımızı çıxaran kimi, bu elm məbədinə də girərkən mülahizəti-şəxsiyyə (şəxsi mülahizələri), siyasiyyə və firqə nizayilərini (siyasi maraqları) unudaraq girməliyik. Əminəm ki, bu darülfünuna istiqbali-milliyəmizi (millətin xoşbəxt gələcəyini) təminedici bir məbəd, elm nəzəri ilə baxacağıq...".

Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci Hökumət Kabinetində Rəşid xan Qaplanov maliyyə naziri təyin olunub, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərib.

O, 1920-ci il fevralın əvvəlində Bakı bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini dayandırmaq barədə qərar verdi. Aprel işğalından (1920) bir həftə əvvəl Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam imzaladı.

1920-ci ilin iyununda Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərildi. Uzun sürən istintaq və işgəncələrdən sonra azadlığa çıxan Rəşid xan Qaplanov 1920-1930-cu illərdə Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs deyib, eyni zamanda vəkil kimi fəaliyyət göstərib.

Sonra Rəşid xan Qaplanov yenidən repressiyaya məruz qalıb, 1937-ci ildə dünyasını dəyişib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov