Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - 35

 

Təhsil işçilərinin respublika konfransı

 

Sentyabrın 3-də Bakıdakı "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb məzarı önünə tər güllər qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi düzüldü.

Sonra təhsil işçiləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər.

 Baş nazirin müavini Elçin Əfəndiyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, Milli Məclis deputatlarının, müvafiq nazirliklərin nümayəndələrinin, ali, orta ixtisas və ümumi təhsil müəssisələrinin rəhbərlərinin, rayon, şəhər təhsil şöbə müdirlərinin, təhsil ictimaiyyətinin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

Konfransı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq təhsil işçilərinin bu ənənəvi ümumrespublika tədbirində 600-dən çox iştirakçının olduğunu qeyd edib, dəvəti qəbul edib konfransa təşrif gətirmiş qonaqlara, millət vəkillərinə minnətdarlığını bildirdi.

Builki konfransın Azərbaycanın müstəqilliyinin 20 illiyi ərəfəsində keçirilməsini onun əsas özəlliklərindən biri kimi qiymətləndirən nazir bildirdi ki, 20 il dövlətin tarixində o qədər də böyük zaman olmasa da, bu illər ərzində Azərbaycan çox böyük tarixi yol keçib. Əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq siyasəti nəticəsində Azərbaycan dövlətinin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiya istiqamətində çox ciddi addımlar atılıb.

Ulu öndərin birbaşa rəhbərliyi ilə müstəqilliyin ilk illərində Azərbaycanda siyasi sabitliyin yarandığını, iqtisadi inkişafın təməlinin qoyulduğunu, ölkə həyatının bütün sahələrində geniş islahat işlərinin aparılmağa başlandığını qeyd edən Misir Mərdanov həmin islahatların son 8 ilə yaxın bir müddətdə dövlətimizin başçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Bildirdi ki, məhz aparılan düzgün daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan dünyada siyasi stabilliyinə görə ilk yerlərdən birini tutur, iqtisadi inkişaf tempinə görə lider ölkələrinin sırasına çıxıb. Həyata keçirilən elmi əsaslara söykənmiş çoxsaylı dövlət proqramları sayəsində Azərbaycan ilbəil inkişaf edir. Ölkəmizdə yoxsulluğun səviyyəsi son illərdə minimuma endirilib. 1 milyona yaxın Azərbaycan vətəndaşı yeni iş yerləri ilə təmin olunub.

Digər sahələrdə olduğu kimi, təhsildə də əsası ulu öndər tərəfindən qoyulmuş uğurlu islahatların davam etdiyini qeyd edən nazir təhsilin infrastrukturunun yaranmasında və möhkəmlənməsində, maddi-texniki bazasının formalaşmasında, bütövlükdə milli təhsil sisteminin qurulmasında son illərdə çox əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırdı. Bildirdi ki, həmin addımlar, habelə təhsildə mövcud olan problemlər və onların həlli yolları barədə bugünkü konfransda məlumat veriləcəkdir. Təhsil naziri bütün bu məsələlər haqqında məlumatların onun tərəfindən deyil, məhz bu proseslərin içində olan şəxslər tərəfindən təqdim olunacağını da xüsusi qeyd edib bunu konfransın digər bir özəlliyi kimi dəyərləndirdi və Azərbaycan təhsil işçilərinin növbəti sentyabr konfransını açıq elan etdi. 

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord konfransda təbrik sözü söylədi. Çıxışını konfrans iştirakçılarını salamlamaqdan böyük məmnunluq duyduğunu bildirməklə başlayan M.Hervord  öncə təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirdi ki, YUNİSEF Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 1993-cü ildən - yəni ölkəmizdə fəaliyyətə başladığı vaxtdan sıx əməkdaşlıq münasibətləri qurmuş və bu əməkdaşlıq bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə öz töhfəsini vermişdir.

YUNİSEF-in iştirakı ilə ölkəmizin təhsil müəssisələrində reallaşdırılan layihələrin əsas istiqamətləri haqqında danışan beynəlxalq təşkilatın təmsilçisi hazırda Azərbaycanın 50 rayonunda "Məktəb uşağın dostudur" layihəsinin tətbiq olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, həmin layihədə əsas məqsəd məktəblərdə tədrisin və idarəetmənin, əlil uşaqlara tətbiq olunan inklüziv təhsil xidmətinin, eləcə də təhlükəsizliyin və valideynlərin iştirakının keyfiyyətinin monitorinqindən ibarətdir. "Məktəb uşağın dostudur" təşəbbüsü çərçivəsində Təhsil Nazirliyi tərəfindən məktəb direktorları üçün müvafiq idarəetmə ilə bağlı, ibtidai sinif müəllimləri üçün yeni kurikulumun mənimsənilməsi istiqamətində və V-IX  siniflərdə dərs deyən müəllimlər üçün idarəetmə üzrə təlimlərin keçirilməsi məqsədi ilə müvafiq tərəfdaşlarla sıx əməkdaşlıq münasibətləri qurulub.

YUNİSEF Dünya Bankı ilə əməkdaşlıq edir ki, bu əməkdaşlıq çərçivəsində də Azərbaycanın 6 rayonunda qısamüddətli məktəbəhazırlıq məktəbəqədər təhsil xidmətləri təmin edilir. Hazırda Təhsil Nazirliyi bu təşəbbüsün digər regionlarda da miqyasını artırmağı planlaşdırır.

M.Hervord Heydər Əliyev Fondu və Təhsil Nazirliyi ilə birgə əlilliyi olan uşaqlar üçün inklüziv xidmətlərin təmin edilməsi istiqamətində də iş gördüklərini vurğulayaraq, bu layihələrin müvafiq qanunvericilik bazasının uyğunlaşdırılmasını, mövcud kurikulum sisteminin yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsini, müəllim hazırlığı sisteminin təkmilləşdirilməsini, rayon və şəhərlərdə mövcud olan infrastrukturun uyğunlaşdırılmasını özündə ehtiva edən fəaliyyətləri əhatə etdiyini bildirdi. Qeyd etdi ki, YUNİSEF Təhsil Nazirliyi ilə uşaqların məktəbəhazırlığı istiqamətində də müəyyən işlər görür ki, bu işlərə də məktəbəqədər təhsil üzrə  yeni kurikulumun tamamlanması, ucqar rayonlarda yaşayan uşaqlar üçün məktəbəqədər təhsillə bağlı alternativ modellərin təqdim edilməsi daxildir. Burada əsas məqsəd ondan ibarətdir ki, yaşadığı məkandan asılı olmayaraq heç bir uşaq məktəbəqədər təhsil xidmətindən kənarda qalmasın.

M.Hervord Təhsil Nazirliyi  ilə əməkdaşlıqlarının bir istiqamətinin də valideyn-müəllim assosiasiyalarının yaradılması ilə bağlı olduğunu bildirdi və son illərdə təsis olunan bu qurumların təhsil ocaqlarının monitorinqinin həyata keçirilməsində, valideynlər, icmalar tərəfindən ayrılan ianələrin daha şəffaf qaydada idarə olunmasına cəlb edilməsində, eləcə də keyfiyyətin monitorinqinin təşkilində, aztəminatlı ailələrdən olan və digər növ məhrumiyyətlərə məruz qalmış uşaqların keyfiyyətli təhsil xidmətləri ilə təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırdı.

Çıxışının sonunda indiyədək həyata keçirdikləri işlərin bundan sonrakı fəaliyyətləri üçün müsbət stimul olduğunu vurğulayan YUNİSEF təmsilçisi Azərbaycanda uşaq hüquqlarının daha dayanıqlı və dolğun şəkildə təmin olunması sahəsində bundan sonra da Təhsil Nazirliyi və digər qurumlarla  sıx əməkdaşlığı davam etdirəcəklərini söylədi. 

Bakıdakı 85 nömrəli uşaq bağçasının müdiri Kəmalə Abbasova konfransda çıxış edərək məktəbəqədər təhsil sahəsində görülən işləri, problemləri və perspektiv vəzifələri diqqətə çatdırdı.

Çıxışında öncə məktəbəqədər təhsilin əhəmiyyətindən danışan K.Abbasova bildirdi ki, uşaqların hələ erkən yaş dövründən əqli, fiziki və psixoloji inkişafında məktəbəqədər təhsil müəssisələrinin mühüm rol oynaması bu gün əksər dünya dövlətlərində birmənalı qəbul olunur. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz bu müəssisələrdə qoyulur. Tədqiqatlar göstərir ki, məktəbəqədər yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonralar 7 dəfə artıq gəlir gətirir. Təsadüfi deyil ki, Almaniya, Fransa, Danimarka və digər bu kimi ölkələrdə təhsil büdcəsinin 10-15 faizi məktəbəqədər təhsilə ayrılır.

Sonra natiq ölkəmizdə məktəbəqədər təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, təhsilin prioritet strateji sahə hesab olunduğu ölkəmizdə məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2007-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı" çərçivəsində  son illər davamlı surətdə məqsədyönlü tədbirlər  həyata keçirilir.

Hazırda respublikamızda 112892 nəfər uşağın cəlb olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyini deyən K.Abbasova 2009-cu ildən bəri 23 yeni tikilən müəssisənin fəaliyyətə başladığını, 3 uşaq bağçasında əsaslı bərpa işlərinin aparıldığını, uşaqların sayının 9265 nəfər artdığını bildirdi. Qeyd etdi ki, ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz idisə, hazırda 17,6 faiz təşkil edir. Bakı şəhərində bu inkişaf daha çox müşahidə olunmaqdadır. Belə ki, şəhər üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş uşaqların sayı 2009-cu ildəki 31102 nəfərdən 2011-ci ildə 34369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi ötmüşdür.

Hesabat ilində məktəbəqədər təhsil müəssisələrinin normativ-hüquqi bazasının təkmilləşdirilməsinə yönəlmiş bir sıra sənədlər hazırlanıb təsdiq olunmuşdur.

Bunlarla yanaşı, mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən "Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında" Qanun layihəsinin hazırlanması istiqamətində intensiv iş aparılır. Digər bir işçi qrupu isə məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması ilə məşğuldur.

Diqqətə çatdırıldı ki, "Təhsil haqqında" Qanunda 5 yaşlı uşaqların məktəbə hazırlığının zəruri hesab olunması cəmiyyətdə məktəbəqədər müəssisələrin ictimai statusunun yüksəldilməsinə əhəmiyyətli təsir göstərib. Valideynlərin bu müəssisələrə marağı əvvəlki illərə nisbətən xeyli artıb. Məsələn, Bakı şəhərindəki uşaq bağçalarında 2010-cu ildə 7400 uşağı əhatə edən 335 məktəbəhazırlıq qrupu var idisə, 2011-ci ildə bu qrupların sayı 370, uşaqların sayı isə 9646 nəfər olmuşdur.

Təhsil Nazirliyi məsələnin vacibliyini nəzərə alaraq, Dünya Bankı tərəfindən maliyyələşdirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nəzərdə tutulmuş "Məktəbə hazırlığın inkişaf etdirilməsi" komponenti çərçivəsində məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi proqramlarının tətbiqinə başlamışdır. Bu məqsədlə pilot rayonları kimi seçilmiş Bakı şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, Şamaxı, Göygöl, Fizuli rayonlarının uşaq bağçalarında müəllim və tərbiyəçilər üçün öyrədici kurs və treninqlər indi də davam etdirilir. 687 uşağın cəlb olunduğu qruplarda "Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün Proqram" sınaqdan çıxarılır.

5 yaşlıların məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP şirkətinin maliyyə dəstəyi ilə Şəmkir rayonunun seçilmiş uşaq bağçalarında "İcma nəzdində məktəbə hazırlıq qruplarının təşkili" layihəsinin reallaşdırıldığını vurğulayan natiq layihənin əsas məqsədinin icma tipli məktəbəqədər təhsil xidməti modelinin qurulması və 5 yaşlı uşaqların məktəbə hazırlıq səviyyəsini müəyyən etmək üçün diaqnostik qiymətləndirmə mexanizminin hazırlanmasından ibarət olduğunu söylədi.

K.Abbasova 2011-ci ildə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində yerinə yetirilən tədbirlərə toxunaraq qeyd etdi ki, bu il ərzində Laçın və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 3, Samux şəhərində 1 yeni uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Nərimanov rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı təmir olunmuşdur.

Hazırda Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhəri 11, Mingəçevir şəhəri 16, Lənkəran şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin  2011-ci ilin mayında təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, 2011-ci il üçün nəzərdə tutulmuş 53 uşaq bağçasının təmiri ilin sonunadək başa çatdırılacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına görə, 2011-ci ildə respublikanın 5 şəhər və 36 rayonunda 42 məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur.

2011-ci ildə respublikamızın 3 şəhər və 15 rayonu üzrə 96 uşaq bağçası müasir tələblərə cavab verən bərk və yumşaq inventarlarla təchiz edilmişdir.

Təhsil Nazirliyinin sifarişi ilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun 307 məktəbəqədər təhsil müəssisəsi üçün 1235 ədəd multimedia sistemli oyun tipli təlim vasitələri və 39 adda tədris vəsaitləri hazırlanmışdır.

K.Abbasova çıxışında rəhbərlik etdiyi Bakı şəhərinin 85 nömrəli uşaq bağçası barədə də məlumat verərək bildirdi ki, 1936-cı ildə inşa edilmiş  bağça 2008-ci ildə əsaslı təmir olunaraq, müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilmişdir.

Təmirdən sonra uşaq bağçasına gələn uşaqların sayının xeyli artdığını, 95 yerlik bağçada hazırda 120 uşaq olduğunu deyən natiq bunu nəzərə alıb bağçaları üçün əlavə korpusun tikilməsini məqsədəuyğun saydı.

K.Abbasova məktəbəqədər təhsil sahəsindəki mövcud problemləri də nəzərə çatdıraraq diqqəti onların həlli yollarına yönəltdi. Bildirdi ki, aparılan təhlilə görə, ölkə üzrə 75 faiz yaşayış məntəqəsində uşaq bağçasının olmaması, 300-ə yaxın uşaq bağçasının qəza vəziyyətinə düşməsi ciddi narahatlıq doğurur.

Eyni zamanda hazırda fəaliyyət göstərən 1638 məktəbəqədər təhsil müəssisəsindən 1173-də əsaslı təmirə ehtiyac duyulur. 362 müəssisədə 1768 məcburi köçkün ailəsinin məskunlaşması mövcud vəziyyəti daha da ağırlaşdırır. Əksər müəssisələrin, xüsusilə də rayonlardakı bağçaların maddi-texniki bazası olduqca zəifdir.

Təkcə 5 yaşlı uşaqları hamılıqla məktəbəhazırlıq təliminə cəlb etmək üçün əlavə 4946, o cümlədən Bakıda 538 qrup açılması lazımdır. Halbuki hazırda fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində cəmi 5692 qrup vardır. Bununla əlaqədar o, təklif etdi ki, bölgələrdə layihə gücü ilə işləməyən məktəblərin bazasından məktəbə hazırlığın təşkili üçün istifadə olunmasına şərait yaradılsın.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının yarıtmaz vəziyyətdə olduğunu deyən natiq müəyyən olunmuş normaya görə, gün ərzində 1 uşağın yemək xərci 3 manat 94 qəpik təşkil etdiyi halda, həmin göstəricinin bölgələrdə cəmi 30-70 qəpik olduğunu, hətta Bakı şəhərində bu məbləğin 1 manat 59 qəpikdən yuxarı qalxmadığını söylədi. O, diqqəti daha bir ciddi məsələyə yönəldərək uşaq bağçasının rəhbərliyinin verilən vəsaitin idarə olunmasından tamamilə kənarda qaldığını, heç bir uşaq bağçasının müdiriyyətinin xərclər smetasının tərtibində iştirak etmədiyini, onlara ayrılan vəsaitin ehtiyaca görə xərclənməsi imkanından, demək olar ki, məhrum olduqlarını vurğuladı. O dedi: "Kənd yerlərində vəziyyət daha paradoksaldır. Yəni bağçalara metodik xidməti təhsil orqanları həyata keçirir, maliyyələşmə isə kənd icra nümayəndəlikləri tərəfindən aparılır. Fikrimcə, bu məntiq heç cür anlaşılan deyildir".

K.Abbasova çıxışının sonunda Azərbaycanda məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edərək bir sıra təkliflərini səsləndirdi. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Tariyel Bədəlov konfransda ali və orta ixtisas təhsili müəssisələrinə builki tələbə qəbulunun nəticələri barədə məlumat verdi. Bildirdi ki, 1992-2011-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlili bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planının 85,24 faiz, abituriyent ərizələrinin sayının isə 2,67 dəfə artdığını göstərir. Ali təhsil müəssisələri üçün ən çox plan yerləri 2011-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə olub. 2011-ci ildə qəbul planı 97 faiz yerinə yetirilib. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar olaraq ən yüksək keçid balı I qrupda Qafqaz Universitetinin "Kompüter mühəndisliyi" (667 bal), II qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Menecment" (660 bal), III qrupda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Hüquqşünaslıq" (646 bal) və IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" (541 bal) ixtisasları üzrə olub.

Respublikanın ayrı-ayrı regionları üzrə cari ilin məzunlarının qəbul imtahanlarında iştiraketmə faizi bir-birindən ciddi fərqlənir. Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Qubadlı, Zəngilan rayonları üzrə məzunların qəbul imtahanlarında iştiraketmə 90 faizə, Xızı, Abşeron, Qax, Ordubad, Şahbuz və Babək rayonları üzrə 80 faizə yaxın olduğu halda, Sabirabad, Astara rayonları üzrə bu göstərici  30  faizə yaxındır. Bununla  belə qeyd etmək lazımdır ki, bütövlükdə götürdükdə son illər məzunların qəbul imtahanlarında iştiraketmə faizi artmışdır. Belə ki, 2000-ci illərin əvvəllərində məzunların yalnız 50 faizi qəbul imtahanlarında iştirak edirdisə, son illər bu göstərici artıq 60 faizə yaxınlaşır.

Son illər məzunların qəbul imtahanlarındakı nəticələrində də müsbət dəyişikliklər nəzərə çarpdığını deyən T.Bədəlov müqayisə üçün 2004-cü və 2011-ci illərdə keçirilən qəbul imtahanlarında iştirak edən cari il məzunlarının ballarının paylanma diaqramlarını diqqətə çatdırdı. Nümayiş olunan diaqramlardan aydın oldu ki, bu illər ərzində qəbul imtahanlarında 0-100 bal diapazonunda nəticə göstərən abituriyentlərin nisbi çəkisi 40 faizdən 28,1-ə qədər azalmış, 500-700 bal diapazonunda nəticə göstərən abituriyentlərin nisbi çəkisi isə 3,9 faizdən 8,7 faizə qədər artmışdır. Bu il 1540 abituriyent 600-dən yüksək bal toplamışdır. Onlar respublikanın 73 regionundan 65-ni təmsil edirlər.

Balların paylanması üzrə son illərin tendensiyası göstərir ki, qəbul  imtahanlarında 0-100 bal diapazonunda yerləşən abituriyentlərin nisbi çəkisi 30 faizə, 100-200, 200-300 və 500-700 bal diapazonlarında nəticə göstərən abituriyentlərin nisbi çəkiləri 20 faizə və 500-700 bal diapazonunda nəticə göstərilən nisbi çəkisi isə 10 faizə yaxınlaşır.

Son illər məktəblərdə şagirdlərin biliklərinin qiymətləndirilməsində obyektivliyin artdığını bildirən natiq müqayisə üçün 2004 və 2011-ci il abituriyentlərinin attestat qiymətlərinə görə qəbul imtahanlarında topladıqları balların paylanması diaqramını misal gətirdi. Diaqramların təhlilindən aydın oldu ki, 2011-ci ildə əlaçı məzunların 63,6 fazinin qəbul imtahan nəticəsi 500-700 bal intervalında olmuşdur. Halbuki, 2004-cü ildə bu göstərici 19,5 faizə bərabər idi.

Müxtəlif regionları təmsil edən orta statistik abituriyentlərin ballarının paylanma xəritəsinin təhlili diqqətə çatdırıldı.  Məlum oldu ki, 2011-ci ildə ən yüksək nəticə Bakı, Sumqayıt şəhərlərinə və Qax rayonuna məxsusdur. Salyan, Neftçala, İsmayıllı, Qəbələ, Göyçay, Bərdə və Qazax rayonlarının nəticələri də qənaətbəxşdir.

2011-ci il məzunlarının paylanma diaqramının təhlili göstərir ki, məzunların 19,9 faizi attestat ala bilməyib, 19,6 faiz attestat aldıqları halda qəbul kampaniyasında iştirak etməyib, məzunların 32,2 faizinin qəbul kampaniyasında iştirak etmələrinə baxmayaraq, onlar heç bir təhsil müəssisəsinə qəbul olmayıb. 1998-ci ildə məzunların yalnız 23,6 faizi təhsilini davam etdirdiyi halda bu rəqəm 2011-ci ildə 28,3 faiz olub.

Bildirildi ki, bu il respublikanın 26 dövlət və 10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul aparılıb. Qəbul planı 73,52 faiz yerinə yetirilib.

Tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul müvəffəqiyyətlə başa çatıb və qəbul planı 96,7 faiz yerinə yetirilib. 

Akademik Zərifə Əliyeva adına orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Bəktaşi konfransda ümumi təhsil sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açdı.

Çıxışına məktəbəqədər təhsildən bəhs edən həmkarının uşaqların məktəb təliminə hazırlığı məsələsinə xüsusi toxunduğunu qeyd etməklə başlayan S.Bəktaşi onun fikirləri ilə tam şərik olduğunu bildirdi. Diqqətə çatdırdı ki, orta məktəb müəllimləri məktəbə hazırlıq mərhələsini keçməyən uşaqların məktəb həyatına necə çətinliklə adaptasiya olunduqlarının, təhsil prosesində müəyyən problemlərlə üzləşdiklərinin tez-tez şahidi olurlar. Onun fikrincə, uşaqlarda psixoloji dayanıqlığın, çevik təfəkkürün, idrak fəallığının və əməkdaşlıq bacarığının yüksək qiymətləndirildiyi indiki vaxtda məktəbə hazırlıq məsələsi ciddi əhəmiyyət kəsb edir, bağça ilə məktəb arasında mənəvi bağlılıq yaradır.

Çıxışçı fikrini əsaslandırarkən diqqəti uşaqlarda formalaşdırılması zəruri olan fərdi keyfiyyətlərə yönəltməsinin heç də təsadüfi olmadığını, bu gün ölkəmizdə ümumi təhsil sahəsində dövlət siyasətinin əsasının zəruri biliklərlə yanaşı, şəxsiyyətin yetkinliyini təmin edən həyati bacarıqlara yiyələnmiş, milli mənəvi dəyərlərə malik vətəndaşın formalaşdırılması təşkil etdiyini bildirdi və qeyd etdi ki, bu, ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycanın ümumi təhsil sistemində 1999-cu ildən başlanmış islahatlardan qaynaqlanır.

Sonra natiq diqqəti on ildən artıq bir müddətdə davam edən islahatlar zamanı ümumi təhsilin məzmununa gətirilən yeniliklərə cəlb etdi. Bildirdi ki, təhsil tariximizdə ilk dəfə olaraq ümumi təhsilin məzmununun nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri prioritet tutulmaqla dövlət təhsil standartları əsasında müəyyənləşdirilməsi ən böyük yenilikdir. Təlim nəticələrini ehtiva edən standartlar təsadüfi deyil, cəmiyyətin, dövlətin və bilavasitə təhsilalanın tələbatı nəzərə alınmaqla müəyyən olunur. Bu keyfiyyət məzmunun optimallığını və real hədəflərə istiqamətləndiyini nümayiş etdirir.

Eyni zamanda məzmun standartları həm də təhsilalanlarda həyati bacarıqların, o cümlədən təhlil, tətbiq, mühakimə, müstəqil qərar qəbul etmə, ünsiyyət, əməkdaşlıq, birgə fəaliyyət, dəyərləndirmə, tədqiqatçılıq və s. zəruri bacarıqların formalaşmasına yönəlmişdir. Belə olan halda təhsil yalnız biliklənmə və öyrənmə prosesi çərçivəsində qalmır və insan həyatı üçün vacib olan dəyərə, dəyərlər sisteminə çevrilir. Bu keyfiyyət təhsilin şəxsiyyətyönümlülüyünü təyin edir.

İkinci vacib amil isə, S.Bəktaşinin fikrincə, ondan ibarətdir ki, ümumi təhsilin məzmununda biliklərə əsaslanan həyati bacarıqlara ciddi önəm verilməsi təlim-tərbiyə prosesində idrak fəallığına, düşünməyə, tədqiqatçılığa daha geniş meydan açır. Bu gün şagirdlərdə mənimsədikləri nəzəri biliklərin həcmi yox, öyrəndiklərini tətbiq və təqdim edə bilmək, araşdırma aparmaq, müstəqil qərarlar qəbul etmək və s. keyfiyyətlər önə çəkilir. Ümumi təhsil müddətində əldə etdiyi biliklər həyati bacarıqlarla vəhdət təşkil edərsə, insan təkcə orta məktəb attestatı ilə də müstəqil həyatda özünə yer tapa bilər, cəmiyyətdə artıq adama çevrilmək təhlükəsi ilə üzləşməz. Yaddaş və hafizə məktəbindən təfəkkür, düşüncə məktəbinə keçidin başlıca mahiyyəti məhz bundan ibarətdir.

S.Bəktaşi vurğuladı ki, ümumi təhsilin məzmununun dünya təcrübəsində sınaqdan çıxmış bu cür innovativ ideyalar əsasında müəyyənləşdirilməsi "müəllim-şagird" münasibətlərinə, şagird nailiyyətlərinin qiymətləndirilməsinə, dərslik yaradıcılığına, eləcə də ilkin müəllim hazırlığına verilən tələbləri də kökündən dəyişdirir. Faktlar göstərir ki, təlim prosesi qarşılıqlı inama əsaslanan əməkdaşlıq ruhunda təşkil olunduqda, valideynlər övladlarının təhsil həyatına fəal cəlb edildikdə daha uğurlu nəticələr əldə olunur.

Çıxışında yeni kurikulumların tətbiqi məsələsinə də toxunan S.Bəktaşi bildirdi ki, 2008-2009-cu tədris ilindən etibarən ölkəmizin ümumtəhsil məktəblərinin ibtidai siniflərində tədris yeni fənn proqramları (kurikulumlar) və dərslik komplektləri əsasında aparılır. Bu müddətdə 40 min nəfərə yaxın müəllim xüsusi proqramlar üzrə öyrədici təlim kurslarından keçirilmiş, bölgələrdə müəllim və valideynlər üçün maarifləndirmə mərkəzləri təşkil edilmişdir.

V-XI siniflər üçün də eyni məzmunlu sənədlərin hazırlanması istiqamətində son illər gərgin iş aparılmış, nəticədə ölkəmizin tanınmış alimlərinin rəhbərlik etdiyi işçi qruplarında çalışan yüzlərlə müəllim və mütəxəssisin böyük zəhməti hesabına ərsəyə gətirilmiş V-XI siniflərin fənn proqramları (kurikulumları) ictimai müzakirədən keçirilərək 2011-ci ilin iyununda təsdiq olunmuşdur. Natiq bunu ümumi təhsil sahəsində hesabat ilinin ən əlamətdar hadisəsi adlandırdı.

Ötən dərs ilinin bir çox digər yaddaqalan hadisələrlə də zəngin olduğunu deyən S.Bəktaşi ümumi təhsil sahəsi üçün normativ-hüquqi sənədlərin hazırlanıb təsdiq edilməsini, respublikanın 22 rayonu əhatə edən 3 bölgəsində bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə yeni fənn proqramları (kurikulumları) və yeni dərslik komplektlərinin, şagird  nailiyyətlərinin qiymətləndirilməsinə aid müasir modellərin tətbiqi yollarına həsr olunmuş zona elmi-praktik konfranslarının keçirilməsini, 10 rayonda ümumi sayı 350 nəfərdən ibarət kurikulum üzrə yerli təlimçi qruplarının hazırlanmasını, kurikulumların tətbiqi vəziyyətinə və müəllimlərin hazırlıq səviyyəsinin öyrənilməsinə yönəlmiş araşdırmaları, 2011-2012-ci tədris ilində I siniflərdə dərs deyəcək 9 min nəfərədək müəllim üçün öyrədici təlim kurslarının təşkilini, ölkə Prezidentinin sərəncamına uyğun olaraq, artıq dördüncü dəfə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsini misal göstərdi.

Diqqəti "Təhsil haqqında" Qanunda 9 illik ümumi orta təhsilin icbari hesab olunduğuna cəlb edən natiq müəyyən edilmiş qaydaya görə, tam orta təhsil səviyyəsinə şagirdlərin təlim nailiyyətləri, potensial imkanları nəzərə alınmaqla seçim əsasında qəbul ediləcəklərini və təhsilin təmayüllər üzrə təşkil olunacağını söylədi. Bildirdi ki, mütərəqqi, son nəticədə ümumi təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək həmin prosesin respublika üzrə səmərəli həyata keçirilməsinə hazırlıq məqsədilə Təhsil Nazirliyi pilot layihə müəyyən etmişdir. Bu layihə 2011-2012-ci dərs ilindən Bakı şəhərindəki 5 təhsil müəssisəsində (Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli məktəb-lisey) tətbiq olunacaqdır.

S.Bəktaşi çalışdığı akademik Zərifə Əliyeva adına məktəbin pilot müəssisəsi kimi seçilməsini pedaqoji kollektivlərinə göstərilən böyük inam və etimadın nəticəsi kimi dəyərləndirdi və qeyd etdi ki, fəaliyyətə başlamasından cəmi 4 il keçməsinə baxmayaraq, məktəb qazandığı uğurlarla ölkədə tanınmış təhsil ocağına çevrilmişdir. Bu il məktəbi bitirən 173 gəncin hamısı yüksək balla ali məktəblərə qəbul olunmuşdur. Bu, məktəb rəhbərliyinin, müəllim kollektivinin gərgin və məqsədyönlü fəaliyyətinin yekunu olmaqla bərabər, həm də şagirdlərin təhsil əməyinə diferensial yanaşmanın nəticəsidir.

Çıxışında bu gün ictimaiyyəti düşündürən, daim gündəmdə olan məsələyə - ümumi təhsilin keyfiyyəti məsələsinə də toxunan S.Bəktaşi bu sahədə əsaslı irəliləyişlər müşahidə olunduğunu bildirdi. Qeyd etdi ki, 2010-2011-ci dərs ilində qızıl və gümüş medala layiq görülmüş 53 məzunun hamısının və 49 nəfər respublika fənn olimpiadası qalibindən 47-nin yüksək bal toplayaraq ali məktəblərə qəbul olunması da irəliləyişlərə real sübutdur.

Bununla belə o, ümumi təhsilin keyfiyyətinin ictimaiyyəti hələ tam qane etmədiyini deyərək bildirdi ki, keyfiyyətlə bağlı problemlərə, əsasən, ali məktəblərə qəbulun nəticələrinə görə qiymət verilir. Onun fikrincə isə ümumi təhsilin nəticələrinə, keyfiyyətinə qiymət verilərkən məzunların ali məktəblərə qəbulu ilə yanaşı, bütövlükdə məktəbi bitirənlərin cəmiyyətdə tutduğu vətəndaşlıq mövqeyinə, müstəqil həyatda faydalı fəaliyyət göstərmələrinə də xüsusi diqqət yetirmək lazımdır.

S.Bəktaşi növbəti dərs ili üçün yerinə yetirilməsi prioritet hesab olunan məsələlər üzərində xüsusi dayanaraq bildirdi ki, ilk növbədə, yeni fənn proqramlarının tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin miqyası genişləndirilməli, xüsusilə də təhsil orqanlarının əməkdaşları, məktəb rəhbərləri üçün xüsusi öyrədici kurslar məqsədli şəkildə davam etdirilməlidir. 

Konfransda söz alan Beynəlxalq İnformatika Olimpiadasının bürünc medalçısı, Kanadanın Vaterloo Universitetinin tələbəsi Azad Salahlı bu il 22-29 iyul tarixlərində Tailandın Pattaya şəhərində 20 yaşınadək məktəblilər arasında keçirilmiş 23-cü Beynəlxalq İnformatika Olimpiadasında dünyanın ən güclü gənc proqramçıları arasında 17 yaşlı Azərbaycan məktəblisinin uğur qazanmasını diqqətəlayiq hadisə adlandırdı və bu uğurunda, ilk növbədə, orta məktəb müəllimlərinin, onu olimpiadaya hazırlayanların xüsusi əməyi olduğunu qeyd etdi. Eyni zamanda respublikamızda yüksək intellektə malik, istedadlı yeniyetmə və gənclərə diqqət və qayğı ilə yanaşılmasına, onların dünyanın inkişaf etmiş ölkələrində müxtəlif fənlər üzrə keçirilən yarışlarda iştiraklarına şərait yaratdığına görə dövlət başçısına minnətdarlığını bildirdi.

A.Salahlı son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı sahəsində böyük işlər görüldüyünü söyləyərək qeyd etdi ki, lisey və gimnaziyaların sayı ildən-ilə artır, hər bir məktəbdə, rayonda, şəhərdə, yekunda isə ölkə üzrə istedadlı uşaqlar seçilir. Məhz bu işlərin nəticəsidir ki, beynəlxalq olimpiadalarda, bilik yarışlarında Azərbaycan məktəblilərinin uğurları xeyli artmış, onlar 11 qızıl, 28 gümüş, 60-dan çox bürünc medala layiq görülmüşlər. Son dövrlər Azərbaycanda müntəzəm olaraq beynəlxalq səviyyəli olimpiadaların keçirilməsi də istedadlı şagirdlərin inkişafına əhəmiyyətli təsir göstərir. Beynəlxalq səviyyəli yarışlarda Azərbaycan məktəblilərinin iştirakı həm də ölkəmizin dünyada tanınmasına öz töhfəsini verir.

Hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, ölkəmizə bu sahə üzrə bacarıqlı kadrlar lazım olduğunu vurğulayan A.Salahlı informatikaya olan marağının gələcəkdə ona bu sahə üzrə lazımlı mütəxəssis kimi ölkəmizə fayda vermək arzusunu reallaşdırmağa təkan verdiyini, elə bunun üçün də kompüter elmləri üzrə dünyada ən yaxşı ali təhsil ocaqlarından biri olan Vaterloo Universitetinə daxil olduğunu diqqətə çatdırdı. Bildirdi ki, belə bir universiteti seçməsində ölkəmizin bugünkü iqtisadi gücü, təhsilə verilən önəm, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının olması və həmin proqramın şəffaf icrası əsas rol oynayıb. Çünki onun fikrincə, adi bir ailədən olan gəncin öz maddi imkanları hesabına belə bir universitetdə təhsil alması mümkün olmazdı. Sözügedən Dövlət Proqramının köməyi ilə yüzlərlə istedadlı gənc xaricdə təhsil almaq imkanı tapır.  

Bakı şəhərindəki 67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Məmmədova konfransda "Təhsil sistemində qiymətləndirmə və monitorinq" mövzusunda çıxış etdi. Təhsil sistemində bütün islahatların məqsədinin təhsilin keyfiyyətinin yüksəldilməsi olduğunu bildirən S.Məmmədova keyfiyyətin müəyyənləşdirilməsində əsas göstərici olan şagirdin təlim nəticələrinin obyektiv qiymətləndirilməsinin mühüm rol oynadığını söylədi.

Öncə qiymətləndirmə və monitorinq anlayışları haqqında  açıqlama verən S.Məmmədova bildirdi ki, qiymətləndirmə faktiki vəziyyətin, monitorinq isə vəziyyətin dəyişmə dinamikasının, başqa sözlə, prosesin qiymətləndirilməsidir. Yəni hər bir qiymətləndirmə son nəticədə monitorinqə xidmət edir və ona təhlil materialı verir. Tərkib hissələri monitorinq və qiymətləndirmə olan yeni qiymətləndirmə ənənəvi qiymətləndirmədən fərqli olaraq, təhsildə fənyönümlülüyə deyil, nəticəyönümlülüyə nail olmağa imkan verir. S.Məmmədova sonra diqqətə çatdırdı ki, yeni qiymətləndirmə sisteminə keçid şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə xidmət edir, şagird nailiyyətlərinin ardıcıl və davamlı izlənilməsini; şagirdə fərdi yanaşmanı təmin edir, müəllimlərin hazırlığına müsbət təsir edərək onları yaradıcılığa və daim öz üzərində işləməyə sövq edir.

Daha sonra şagird nailiyyətlərinin qiymətləndirilməsinin növləri haqqında məlumat verən çıxışçı onun məktəbdaxili, milli və beynəlxalq olmaqla 3 istiqamətdə aparıldığını, bunların yeni qiymətləndirmə sisteminə daxil olan və bir-birindən asılı olmadan fəaliyyət göstərən alt-sistemlər olduğunu söylədi və hər bir istiqamət üzərində ayrıca dayandı.

S.Məmmədova  məktəbdaxili qiymətləndirmə haqqında danışaraq onun diaqnostik, formativ və summativ olmaqla üç formada həyata keçirildiyini, qiymətləndirmənin biri digərinə xidmət edən və bir-birini tamamlayan hər üç növünün öz mahiyyətinə müvafiq şəkildə şagirdlərin bilik və bacarıqlarını standartlara uyğun olaraq ölçdüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, az müddət ərzində yeni qiymətləndirmə sahəsində zəruri işlər görülüb. Qiymətləndirmə standartları, qaydalar, qiymətləndirmə vasitələri və s. hazırlanıb. Lakin bu sahədə həllini gözləyən məsələlər də var. Belə ki, qiymətləndirmə mütəxəssislərinin hazırlanması, müəllimlərin öyrədici treninqlərdən keçirilməsi işinin təkmilləşdirilməsi, nəticəyönümlü monitorinqlərin aparılması kimi məsələlər həllini gözləyir.

Natiq   yeni   qiymətləndirmənin istiqamətlərindən ikincisi olan milli qiymətləndirmə haqqında da danışıb tədqiqat məqsədilə aparılan bu qiymətləndirmədə təkcə şagirdlərin deyil, onları əhatə edən bütün amillərin - təhsil aldığı məktəbin rəhbərliyinin, fənn müəllimlərinin və valideynlərin də sorğuya cəlb edildiyini bildirdi.

2011-ci ilin may ayında milli qiymətləndirmənin ümumtəhsil məktəblərinin 6482 nəfəri əhatə edən IX siniflərində ana dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə tədqiqatı, informatika fənni üzrə isə monitorinqin keçirildiyini söyləyən çıxışçı "Milli qiymətləndirmə-2011" əsas tədqiqatının nəticələrinin hazırda emal edildiyini və ilin sonunadək elan ediləcəyini bildirdi. Qeyd olundu ki, beynəlxalq qiymətləndirmə sahəsində də müəyyən təcrübə qazanılıb. Belə ki, PİSA-2009 beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycanın  172 məktəbini təmsil edən 5312 nəfər şagird iştirak edib.

PİSA-2009 proqramının nəticələri əsasında şagirdlərin nailiyyətlərinin beynəlxalq təhsil səviyyəsinə uyğunlaşdırılması istiqamətində tövsiyələr hazırlanıb və təhsili idarə edən orqanlara çatdırılıb.

Beynəlxalq qiymətləndirmə təcrübəsi və vasitələri ilə tanışlıq məqsədi üçün "İbtidai təhsil səviyyəsinin IV sinfində oxu, riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə vasitələrindən nümunələr" adlı kitab çap olunaraq ümumtəhsil müəssisələrinin istifadəsinə verilib.

2011-ci ilin may ayında 169 ümumtəhsil məktəbini əhatə edən 5300 IV sinif şagirdləri arasında TİMSS və PİRLS beynəlxalq qiymətləndirməsi həyata keçirilib.

Çıxışçı onu da nəzərə çatdırdı ki, artıq 3 ildir məktəbdaxili qiymətləndirmənin yekun mərhələsi olan buraxılış imtahanları Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün ölkədə mərkəzləşdirilmiş qaydada aparılır və ikinci dərs ilidir ki, şagirdlərin buraxılış imtahanlarına səmərəli hazırlanması üçün test bankı çap edilib. Sonra o, buraxılış imtahanlarının 3 illik müqayisəli təhlili üçün şagird nailiyyətlərini əks etdirən müvəffəqiyyət xəritəsini konfrans iştirakçılarına təqdim etdi və müvafiq təhlillər apardı.

Aparılan təhlillərdən, müqayisələrdən aydın oldu ki, əgər 1998-ci il məzunlarının cəmi 1,4%-i 500-700 bal toplayıbsa, 2010-cu ildə bu rəqəm 8,7%-ə yüksəlib.

1998-ci ildə məzunların 40,7%-i 0-100 bal topladıqları halda, 2010-cu il məzunları 27,7%-i belə nəticə göstərib.

2004-cü ildə, yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada deyil, məktəblər tərəfindən aparıldığı vaxtlar əlaçı məzunların 10,6%-i 0-100 bal toplayırdısa, 2010-cu ildə bu rəqəm 0,6%-ə, 2011-ci ildə isə 0,5%-ə enib. 2004-cü ildə əlaçı məzunların 19,5%-i 500-700 arası bal toplayırdısa, 2010 və 2011-ci illərdə bu rəqəmlər 63,6% və 73,4%-ə qədər yüksəlib.

Müstəqil Azərbaycanın ilk medalçı məzunlarının nailiyyətləri də ürəkaçandır. 37 qızıl, 16 gümüş medal alan məzunların 39 nəfəri 600-700, 10 nəfəri 500-600 bal toplayaraq respublikanın ali məktəblərinə qəbul olunub. 4 nəfər məzun isə Dövlət Proqramı ilə dünyanın nüfuzlu ali məktəblərinə daxil olub.

S.Məmmədova buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasının məktəb, müəllim və şagird məsuliyyətini artırmaqla yanaşı, şagirdləri ixtisas seçiminə, qəbul imtahanlarına da hazırladığını diqqətə çatdırdı və qiymətləndirmə və monitorinqin, o cümlədən buraxılış imtahanlarının məzmun və forma cəhətdən beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılmasını həllini gözləyən vacib problemlər kimi qeyd etdi. 

"Radius" nəşriyyatının direktoru, dərslik müəllifi Nayma Qəhrəmanova konfrans iştirakçılarına ölkədə aparılan dərslik siyasəti haqqında məlumat verərək bildirdi ki, bu gün ümumi təhsilin məzmununda böyük keyfiyyət dəyişikliklərinin baş verdiyi artıq hamıya məlumdur. Bu keyfiyyət dəyişiklikləri kurikulumun tələbləri əsasında yazılan yeni dərsliklərdə də öz aydın ifadəsini tapır. Artıq 4-cü ildir ki, məktəblərimizdə yeni prosedur qaydaları ilə hazırlanmış dərsliklərdən istifadə olunur.

Həmin qaydalar haqqında cəmiyyətdə müxtəlif fikirlər olduğundan N.Qəhrəmanova bu barədə bir qədər ətraflı məlumat vermək istədiyini dedi. Qeyd etdi ki, dərslik yaradıcılığının uzunmüddətli bir proses olduğu hamıya yaxşı məlumdur. Dərslik müəlliflərinin professionallığı yalnız onların müvafiq fənn üzrə bilikləri ilə müəyyən edilmir. Müəlliflər uşaq psixologiyasına, fənnin tədrisi metodikasına, geniş dünyagörüşünə malik olmalıdırlar. Digər tərəfdən də müasir dərsliklər tək müəllifin işi deyil, rəssamların, dizaynerlərin, redaktorların və korrektorların kollektiv işinin məhsuludur. Belə kollektivlər isə birdən-birə yaranmır. SSRİ dövründə dərsliklərin böyük əksəriyyətinin respublikamıza mərkəzdən hazırlanıb gətirilməsi Azərbaycanda dərslik yaradıcılığı sahəsində mütəxəssislərin yetişməsinə öz mənfi təsirini göstərmişdir. Bu mənada qısa zaman ərzində dərslik hazırlığı ilə bağlı inqilabi dəyişikliklərin baş verəcəyini gözləmək bəlkə də düzgün olmazdı. Bununla belə, atılan məqsədyönlü və davamlı addımların bu sahənin inkişafı üçün əsaslı zəmin hazırladığını deyə bilərik. Ən vacib və diqqətçəkən yenilik "Dərslik siyasəti" sənədinin qəbul edilməsi və bu sənədə uyğun olaraq Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının yaradılmasıdır. Təhsil Nazirliyi bu sənədə əsasən nəşriyyatlar arasında müsabiqə-tender keçirir.

Tender komissiyası dərslik komplektlərini iddiaçı nəşriyyatların nümayəndələrinin iştirakı ilə kodlaşdıraraq qəbul edir və müəlliflərin, nəşriyyatların adı anonim olmaqla məzmunun qiymətləndirilməsi üçün Dərslikləri Qiymətləndirmə Şurasına təhvil verir. Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri dərslik komplektlərinə dərslik statusu verilməsi haqqında qərarı bu şuranın tərkibində çalışan ekspertlərin rəylərinə əsasən verirlər. Təhsil Nazirliyi tərəfindən qiymətləndirilmənin konkret meyarlarının və hər bir meyara görə müvafiq balların müəyyən edilməsi ekspertlərin işindəki subyektivliyi minimuma endirir. Burada Qiymətləndirmə Şurasının prinsipiallığı ilə eyni dərəcədə onun üzvlərinin yeni təhsil fəlsəfəsinə bələd olması da mühüm rol oynayır. Təhsil Nazirliyi müxtəlif ölkələrin təcrübəsini öyrənmək və ekspertlərin peşəkarlığını artırmaq məqsədilə müxtəlif seminarlar, ezamiyyətlər təşkil edir.

N.Qəhrəmanova çıxışında bir fikri də xüsusi vurğulayaraq bildirdi ki, dərslikləri hazırlayan Təhsil Nazirliyi deyil, nəşriyyatlardır. Bu bütün dünyada belədir. Nazirlik bu işlərin təşkilatçısı və tənzimləyicisidir. Son illər bu işlərin təşkilinin bütün mərhələlərində nazirlik tərəfindən atılan addımlarda demokratik dəyişikliklər özünü göstərməkdədir. Nazirlik tenderdə daha çox nəşriyyatın iştirakını təmin etmək məqsədilə bütün bürokratik əngəlləri aradan qaldırmışdır. Geniş rəqabət və yaradıcılıq yarışının təşkili, həm cəmiyyətin demokratikləşməsi nöqteyi-nəzərindən, həm də keyfiyyətli dərslik seçimi imkanının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Dərsliklərimiz ən yaxın illərə qədər yalnız 2-3 nəşriyyat tərəfindən hazırlanır və nəşr olunurdusa, tətbiq olunan yeni qaydalar sahəsində bu nəşriyyatların sayı kifayət qədər artmışdır. Belə ki, 2010-2011-ci illərdə Təhsil Nazirliyinin keçirdiyi müsabiqə-tenderdə ayrı-ayrı dərsliklər üzrə qalib gəlmiş 10 nəşriyyat 127 adda dərslik hazırlamışdır. Təkcə ibtidai siniflər üzrə 8 nəşriyyat kurikuluma uyğun olmaqla 40 adda  dərslik və müəllim üçün vəsait hazırlamışdır. 2011-2012-ci tədris ili üçün isə 103 adda yeni dərslik nəşr edilmişdir.

Yeni qaydalara görə, hər 4 ildən bir dərsliklərin yeni nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdıran çıxışçı bunun dərslikləri müasirləşdirmə və təkmilləşdirmə məqsədini daşıdığını, yeni qaydanın daha çox müəllifə və nəşriyyatlara bu işə qoşulmaq imkanı verəcəyini söylədi. Sonra o, kurikulumun tətbiqi ilə əlaqədar əvvəlki illərdən fərqli olaraq dərsliklərin komplekt şəklində - dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdən ibarət olaraq hazırlandığını, dərslik və müəllim üçün metodik vəsaitin dövlət tərəfindən şagirdlərə və müəllimlərə pulsuz verildiyini, iş dəftərinin isə nəşriyyatların vəsaiti hesabına çap olunub sərbəst satışa çıxarıldığını xatırlatdı, bu sahədə olan problemlərdən danışdı. Qeyd etdi ki, bir çox aztəminatlı ailələrin uşaqları və ucqar kəndlərdə yaşayanlar müvafiq çətinliklər üzündən iş dəftərini əldə edə bilmirlər. Bu isə sinifdəki psixoloji atmosferə və təlimin nəticələrinə öz mənfi təsirini göstərir. Bunun üçün o, şagirdlərin iş dəftərləri ilə pulsuz təminatı məsələsinə baxılmasını təklif etdi.

N.Qəhrəmanova çıxışında daha sonra kurikulumun dərsliklərin məzmununa gətirdiyi yeniliklər haqqında danışdı, əlavə tədris resurslarının yaradılmasını vacib hesab etdi. "Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi" layihəsi çərçivəsində nazirliyin 500 məktəbin müəllim və şagirdlərinin seçiminə əsasən 143 adda təlim və oxu materiallarını almasını bu sahədə atılmış mühüm addım saydı. Çıxışının sonunda konfrans iştirakçılarının diqqətini dərslik müəllifi kimi bu məsələyə də cəlb edən N.Qəhrəmanova Təhsil Nazirliyinin dərsliklərin keyfiyyəti ilə bağlı hər bir telefon zənginə, qəzet məqaləsinə böyük diqqətlə yanaşdığını, təkliflərin, iradların mütəxəssislərin iştirakı ilə dəyərləndirildiyini və nəzərə alındığını bildirərək bu sahədə ictimaiyyətin hər bir üzvünün göstərdiyi qərəzsiz, professional dəstəyi təqdirəlayiq saydı. 

Quba rayonu Amsar kənd tam orta məktəbinin direktoru Habil Bayramlı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı çıxış edərək bu məsələyə kompleks yanaşılmasından, beynəlxalq təcrübədən və səmərəli tərəfdaşlıq məsələlərindən söz açdı.

Təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsinin informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biri olduğunu deyən H.Bayramlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın ölkəmizdə bu prosesə start verdiyini, bundan sonra 2008-ci ildə ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil  sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasının, vahid elektron təhsil məkanının yaradılmasının və təhsil sisteminin dünya təhsil məkanına inteqrasya etdirilməsinin əsas məqsəd kimi qarşıya qoyulduğunu bildirdi.

Qeyd etdi ki, Dövlət Proqramı İKT İnfrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi, idarəetmənin informasiyalaşdırılması, informasiyalaşdırma sahəsində normativ-hüquqi bazanın yaradılması kimi 5 əsas istiqamət üzrə həyata keçirilməkdədir.

Məktəblərin İKT avadanlığı ilə təminatı haqqında konfrans iştirakçılarına məlumat verən çıxışçı bildirdi ki, 2005-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə İKT avadanlığının verilməsinə başlanmış, bu günə qədər təhsil müəssisələri 33.708 ədəd kompüter, 2809 ədəd proyektor və noutbuk dəsti ilə təchiz edilmişdir. Bundan başqa pilot məktəblərə 136 ədəd interaktiv lövhə və 2077 ədəd şagird netbuku verilmişdir.

Həyata keçirilmiş avadanlıq təchizatı kompüter-şagird nisbətini nəzərə çarpacaq qədər yaxşılaşdırmışdır. Əgər 2005-ci ilə qədər bu nisbət 1:1000 idi isə, 2010-cu ildə 1:20-yə çatdırılmışdır.

Dövlət Proqramı çərçivəsində Azərbaycan Təhsil Şəbəkəsi qurulmuşdur. Bu yaxınlarda şəbəkə vasitəsilə istifadəyə verilmiş www.video.edu.az rortalı gələcəkdə təhsil yönümlü televiziya proqramlarının yayılması üçün müvafiq şərait yaradacaq. Hazırda ölkədəki 7000-dən artıq təhsil müəssisəsindən yalnız 1000-i Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuşdur. Bu göstəricinin illər üzrə artımına diqqət çəkən H.Bayramlı 2008-ci ildə təhsil şəbəkəsinə 201, 2009-cu ildə 501, 2010-cu ildə isə 1057 təhsil müəssisəsinin qoşulduğunu bildirdi.

Dövlət Proqramının sonuna az vaxt qalmasına baxmayaraq, hələ də çox sayda təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmadığını qeyd edərək bunun əsas səbəbini mövcud kommunikasiya infrastrukturu ilə bağlı problemlərin olması ilə əlaqələndirdi. Bildirdi ki, əsasən regionlarda istifadəsi zəruri olan simsiz texnologiyalar bahalıdır və hər il onların alınmasına ayrılan vəsait kifayət qədər deyil.

H.Bayramlı rəhbərlik etdiyi tədris ocağının İKT ilə təminatından da söz açaraq hazırda məktəbində 5 noutbuk, 5 proyektor və 21 kompüteri olduğunu, Dövlət Proqramı çərçivəsində məktəbə verilən əlavə kompüter və proyektorların bir neçə sinif otağında quraşdırıldığına, bütün bunların da müxtəlif fənlərin eyni zamanda effektiv tədrisi üçün əlverişli şərait yaratdığını dedi.

H.Bayramlı çıxışında müəllimlərin işə qəbulu məsələsinə də toxunaraq diqqətə çatdırdı ki, bu sahədə beynəlxalq təcrübəyə uyğun yeni qaydaların tətbiqinə başlanmışdır. Qeyd olundu ki, yeni qaydalara əsasən, 2011-2012-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərinə işə qəbul üzrə müsabiqə mərkəzləşdirilmiş şəkildə həyata keçirilmişdir. Ümumtəhsil məktəblərində mövcud olan 2177 vakant yerə 9850 nəfər elektron ərizə vermişdir.

Çıxışda vurğulandı ki, Dövlət Proqramı çərçivəsində İKT-nin təhsildə tətbiqi üzrə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə olunur. Bu gün Azərbaycanda aparılan təlimlər YUNESKO-nun təhsildə İKT üzrə standartlarını, XXI əsr bacarıqlarını və özəl sektor tərəfindən yaradılmış təhsil resurslarını özündə cəmləşdirir.

Hər məktəbin pedaqoji və inzibati heyəti üçün məktəb daxilində təlimlər təşkil olunur ki, müəllimlər dərs prosesindən uzaqlaşmayaraq yeni bilik və bacarıqlar əldə etsinlər. Nəticədə Azərbaycan təhsil işçiləri və ən əsası şagirdlər beynəlxalq təcrübəyə əsaslanan bacarıqlar əldə edirlər. Bu da, öz növbəsində, onların qlobal cəmiyyətə inteqrasiya imkanlarını artırır.

H.Bayramlı 2005-ci ildən başlayaraq təlimlərin respublika üzrə əhatə dairəsini göstərən slaydları konfrans iştirakçılarına nümayiş etdirdi. Verilən məlumatdan aydın oldu ki, əgər 2005-ci ildə Bakı şəhəri üzrə 500-ə qədər təhsil işçisi təlimlərdə iştirak etmişdirsə, növbəti illərdə təlimlərin coğrafiyası genişlənmiş və hər region üzrə təlim iştirakçılarının sayı artmışdır. 2010-cu ilə olan nəticəyə görə, ölkənin 40 faiz təhsil işçisi təlimlərdə iştirak etmişdir.

Təlimlərlə bağlı mövcud problemlərə də toxunan H.Bayramlı təklif etdi ki, məktəblərdə çalışan əksər müəllimlərimizin orta yaş həddi 40-dan yuxarı olduğuna görə İKT bacarıqları ilə bağlı olan təlimlər müəllimlərə davamlı qaydada keçirilməlidir.

Onun fikrincə, təlimlərdə iştirak etmiş müəllimlərə kömək məqsədi ilə təhsil şöbələrində İKT-nin tətbiqi üzrə xüsusi metodiki mərkəzlərin yaradılması məqsədəuyğun olardı.

H.Bayramlı çıxışına davam edərək bildirdi ki, Dövlət Proqramı çərçivəsində təhsil prosesinin bütün iştirakçıları üçün Milli Təhsil Portalı yaradılmışdır. edu.az ünvanında yerləşən bu portal vasitəsilə şagirdlər elektron dərslərdən istifadə etmək imkanı əldə edirlər. Müəllimlər şagirdlərin qiymətləndirilməsini həyata keçirir və elektron dərslərdən tədrisdə istifadə edir, valideynlər şagirdlərin qiymətlərini nəzarətdə saxlayır, məktəb rəhbərliyi isə elektron idarəetmə sistemindən bəhrələnir.

Təhsil Nazirliyi üçün eyni zamanda Milli Təhsil Məlumat Bazası fəaliyyət göstərir.

Əlavə olaraq, idarəetmə prosesinin tərkib hissəsi kimi "Microsoft" və "Mədəd" təşkilatlarının birgə layihəsi çərçivəsində hər məktəb, müəllim və şagird üçün sistemləşdirilmiş elektron poçt ünvanları yaradılır.

Sonra slaydlar vasitəsi ilə Təhsil Portalı, elektron qiymətləndirmə jurnalı biologiya fənni üzrə elektron dərs nümunəsi konfrans iştirakçılarına nümayiş olundu. Bildirildi ki, Portalda həmçinin Milli Təhsil Məlumat Bazası yerləşdirilir.

Baza məktəb direktorları və təhsil şöbələri üçün faydalı məlumat mənbəyidir. Belə ki, hər bir təhsil müəssisəsinin rəhbəri lazım olduqda Milli Təhsil Məlumat Bazasının imkanlarından istifadə edərək 100-ə qədər hesabat növü yarada bilər.

Elektron idarəetmə sistemlərinin rəhbərlik etdiyi məktəbdə də tədricən tətbiq olunduğunu deyən direktor bu sahədə qarşıda duran vəzifələrdən də danışdı.

Rayon mərkəzindən kənarda yerləşən, hətta ucqar kənd məktəblərinin də elektron məktəb layihəsinə cəlb edilməsini, məktəblərdə elektron idarəetmə sistemlərinin quraşdırılmasını, məktəblərin daha yüksək sürətli İnternet bağlantısı ilə təmin edilməsini, yeniləşən təlim paketləri üzrə təlim proqramlarının davamlı olaraq təqdim olunmasını, hər sinif otağında bir kompüter, proyektor və interaktiv lövhə quraşdırılmasını, hər bir şagirdin netbukla təmin olunmasını təklif etdi. Bildirdi ki, məktəblərin bu cür şəraitlə təmin olunması ölkəmizdə maddi kapitalın insan kapitalına çevrilməsi üçün münbit şərait yaradar və davamlı inkişafa səbəb olar.  

Azərbaycan Sahibkarlar Konfederasiyası Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin rəisi Adil Qurbanov konfransda "İlk peşə-ixtisas təhsili, mövcud vəziyyət, problemlər və perspektivlər" mövzusunda çıxış etdi. O bildirdi ki, inkişaf  etmiş ölkələrin təcrübəsinin göstərdiyi kimi, ölkənin təbii resurslar baxımından nə qədər varlı olmasından asılı olmayaraq, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz insan resurslarıdır. Məsələn, məhdud təbii nemətlərə malik olan Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və s. kimi ölkələr məhz qısa müddət ərzində insan resurslarının inkişafı hesabına yüksək iqtisadi göstəricilərə nail ola bilmişlər.

Avropa maliyyə institutlarının apardıqları tədqiqatlara əsasən bu gün sahibkarlıq subyektlərinin gəlirlərinin artmasına əsas səbəb kimi maliyyə, xammal, nəqliyyat deyil, məhz insan resursları səbəb olur. O resurslar ki, bu gün dünya ticarət bazarına yüksək rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanına malik olsun. Məhz belə kadrların bir qismi də peşə təhsili müəssisələrində sosial partnyorların dəstəyi nəticəsində hazırlanır.

A.Qurbanov ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələri barədə statistik məlumatları diqqətə çatdıraraq qeyd etdi ki, hazırda respublikamızda fəaliyyət göstərən 107 peşə təhsili müəssisəsində 27 mindən artıq gənc təhsil alaraq kütləvi peşələrə yiyələnir. Onların bir qismi isə həmçinin tam orta təhsil alaraq gələcəkdə təhsillərini daha yüksək pillələrdə davam etdirmək imkanı qazanır.

Son illərdə ilk peşə-ixtisas təhsili sahəsinə dövlət tərəfindən ayrılan vəsaitlərin tədricən artdığını qeyd edən çıxışçı hazırda təhsilə ayrılan büdcənin 2,5 faizinin peşə təhslinə yönəldiyini, bu vəsaitlərin isə böyük qisminin əməkhaqları və kommunal xidmətlərin ödənilməsinə sərf edildiyini bildirdi.

Peşə təhsilinin əhatə dairəsi ilə əlaqədar fikirlərini bölüşən A.Qurbanov əgər bu gün ali təhsil müəssisələrində 100 mindən çox, orta ixtisas təhsili müəssisələrində isə 40 mindən artıq tələbə təhsil alırsa, peşə təhsilli müəssisələrində cəmi 27 min şagirdin təhsil almasının onu narahat etdiyini söylədi. Müqayisə üçün göstərdi ki, əhalisi bizim qədər olan İsveç, Norveç, yaxud əhalisi bizdən az olan Finlandiya, Sinqapur və s. kimi ölkələrdə hər il təqribən 100 mindən artıq gənc peşə təhsili müəssisələrinə qəbul olunur və onların gələcəkdə işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. O, bu baxımdan ölkəmizdə peşə təhsili müəssisələrinin şəbəkəsinin genişləndirilməsini və kadr hazırlığı sifarişinin artırılmasını məqsədəmüvafiq hesab etdi.

Uzun müddət diqqətdən kənar qalmış bir sahənin inkişafı ilə əlaqədar 2007-ci ildə ölkə Prezidentinin sərəncamı ilə "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2008-ci illər)"nın təsdiq edildiyini diqqətə çatdıran natiq əmək bazarının tələbatına müvafiq olaraq qısa müddət ərzində kadr hazırlığı  üzrə yeni modelin yaradılması baxımından proqramın mühüm sənəd olduğunu vurğuladı və bildirdi ki, Dövlət Proqramının qəbul edilməsi bu sahədə normativ-hüquqi bazanın yeniləşdirilməsinə, peşə təhsili üzrə dövlət standartları və proqramının, xüsusən işəgötürənləri daha çox maraqlandıran yeni ixtisas və ixtisaslaşma klassifikatorunun, yeni kurikulumların hazırlanmasına şərait yaratmışdır.

O, 7 peşə təhsili müəssisəsinin əsaslı təmirini, onların müasir avadanlıqlarla təchiz edilməsini və regionda ən müasir tipli peşə təhsili müəssisəsi olan İsmayıllı Peşə Tədris Mərkəzinin açılmasını cari ilin mühüm hadisələri kimi dəyərləndirdi.

İşəgötürən təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməkdə olduğunu deyən A.Qurbanov Azərsun, Büllur Elektroniks, Gilan Turizm, Bakı Tikiş Evi, "Kür", İmprotex Turizm, KNAUF və s. şirkətlərlə əlaqələrin inkişaf etməsinin peşə təhsilinin ictimai statusunun yüksəlməsinə kömək göstərdiyini söylədi. Qeyd etdi ki, bu yaxınlarda 4 nömrəli Bakı peşə liseyində KNAUF, 18 nömrəli Bakı peşə liseyində isə Tacirlər və İstehlakçılar Birliyinin Tədris Mərkəzlərinin açılması, Yaponiya səfirliyinin dəstəyi nəticəsində 2 nömrəli Bakı peşə liseyində emalatxananın təmir edilməsi, bir sıra qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif peşə təhsili müəssisələrində layihələrin həyata keçirilməsi, peşə təhsili sistemində çalışan mühəndis-pedaqoji heyətin ölkə daxilində və xaricdə təlimlərə cəlb edilməsini də müsbət addımlar kimi qiymətləndirilməlidir.

A.Qurbanov bildirdi ki, uzun müddət ərzində peşə təhsili müəssisələrinin rastlaşdığı problemlərdən biri olan ana dilində tədris vəsaitləri ilə kifayət qədər təmin olunmaması son illər öz həllini tapmaqdadır. Belə ki, Təhsil Nazirliyi artıq bir neçə ildir müxtəlif ixtisaslar üzrə dərslik və dərs vəsaitlərinin hazırlanmasını həyata keçirir, təhsil müəssisələrini çap edilmiş vəsaitlərlə pulsuz olaraq təmin edir.

Qeyd olundu ki, peşə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığı prosesində məzmun dəyişikliklərinin baş verməsi, işəgötürən təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məzunların işlə təmin edilməsi səviyyəsinə də təsir etmişdir. Bununla belə məzunların işlə təminat səviyyəsinin artırılması üçün müəyyən əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulduğu da diqqətə çatdırıldı.

A.Qurbanov Avropa Komissiyası və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Britaniya Şurasının texniki, Azərbaycan Respublikası hökumətinin maliyyə dəstəyi nəticəsində regionda ən müasir tələblərə cavab verən peşə təhsili kompleksinin - İsmayıllı Peşə Tədris Mərkəzinin istifadəyə verilməsini peşə təhsili sistemində yeni bir modelin tətbiq olunmasına imkan yaratdığını vurğuladı, belə layihələrin sayının artırılmasını təklif etdi. Bu baxımdan Almaniya hökumətinin texniki dəstəyi ilə kənd təsərrüfatı sahəsi üzrə ixtisaslı kadrların hazırlanması layihəsinin işə başlamasını müsbət hadisə kimi dəyərləndirdi.

Yekunda peşə təhsili sistemi qarşısında duran bir sıra problemlər barədə də məlumat verən A.Qurbanov Dövlət Proqramının qəbul edilməsinin 10-a yaxın müəssisənin əsaslı təmir edilməsinə şərait yaratmasına baxmayaraq, bu gün əsaslı təmirə ehtiyacı olan müəssisələrin sayının 70-dən çox olduğunu, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsi üçün əlavə vəsaitlərə ehtiyac duyulduğunu bildirdi. 

Çıxışını əlavə təhsil məsələlərinə həsr edən Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə öncə müəllimin cəmiyyətdəki dəyişdirici roluna toxunaraq bildirdi ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir. 

Ölkə Prezidentinin qayğısı nəticəsində son illərdə təhsil infrastrukturu əsaslı şəkildə yeniləşdirilib, məzmun, dərsliklər, qiymətləndirmə sistemi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Bütün bunlar keyfiyyətə təsir edən amillərdir.

Lakin etiraf etmək lazımdır ki, müəllim dəyişmədən təhsil sahəsində uğurlu islahatlar aparmaq, yüksək nəticələr əldə etmək mümkün deyildir. Məhz bu səbəbdən bu gün bizi düşündürən, narahat edən bir nömrəli problem təhsil müəssisələrində çalışan 200 minədək müəllimin peşəkarlığının artırılması, onlara müvafiq bacarıqların verilməsidir. Etiraf etmək lazımdır ki, həmin müəllimlər arasında müasir kompetensiyalara malik olmayan, köhnə qaydalarla, səmərəsiz metodlarla işləyənlər də az deyildir.  

Bütün bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Bu zərurət nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən əlavə təhsilin yeni qaydaları hazırlanmış və hökumət tərəfindən təsdiq edilmişdir.

Sonra o, müasir dövrdə əlavə təhsilin qarşısında duran vəzifələrə toxunaraq təhsilin bu pilləsinin insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı  səviyyəsinin  yüksəldilməsi və təkmilləşdirilməsi, kadrların daim dəyişən və yeniləşən əmək  şəraitinə uyğunlaşdırılması, vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini həll etdiyini bildirdi. Qeyd etdi ki, ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri qəbul olunmuş sənəddə təsbit edilmişdir ki, bunlara da ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili daxildir.

Əlavə təhsilin istiqamətləri arasında ixtisasartırma təhsilinin aparıcı mövqe tutduğunu deyən R.Əliyarzadə hazırda respublikamızda modul-kredit sisteminə əsaslanan yeni ixtisasartırma modelinin  tətbiq olunduğu bildirdi və ixtisasartirma təhsilinin təşkil olunduğu 3 modulun hər biri haqqında məlumat verdi.

Qeyd etdi ki, I  modul təhsilin ümumi əsaslarını, II modul ixtisas sahələrini, III  modul təhsildə innovasiyalar və yeni tendensiyaları əhatə edir.

III modul üzərində ətraflı dayanan çıxışçı bu  modul vasitəsilə müəllimlərə peşə bilik və bacarıqları ilə yanaşı, Avropa Birliyi tərəfindən müəyyənləşdirilmiş xarici dillərdə ünsiyyət, İKT, öyrənməyi öyrətmək, innovasiyalar, təşəbbüskarlıqla bağlı əsas kompetensiyalar da  aşılanır.

Sonra o, yeni ixisasartırma modelinin üstünlüklərini və ənənəvi modeldən fərqli cəhətlərini diqqətə çatdırdı.

2009-cu ildən yeni ixisasartırma modelinin tətbiqinə başlandığını deyən R.Əliyarzadə bununla bağlı bir sıra əhəmiyyətli işlər görüldüyünü, o cümlədən yeni qaydalara uyğun olaraq I siniflərdə işləyəcək müəllimlər üçün təlimlərin proqramının hazırlandığını, 2011-2012-ci dərs ilində 1-ci sinifdə işləyəcək və son 3 ildə təlimlərdən keçməmiş ibtidai sinif müəllimlərinin yeni fənn kurikulumunun tətbiqi ilə əlaqədar 10 günlük (60 saat) təlim kurslarına cəlb edilməsi məqsədilə təşkilati işlərin həyata keçirildiyini, cari ilin iyun-sentyabr aylarında QHT-lər cəlb edilməklə keçirilən təlimlərə 9670 ibtidai sinif müəlliminin cəlb olunduğunu, təlimlərin 86 təlim mərkəzində 164 təlimçi tərəfindən aparıldığını, ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai sinif müəlliminin təlimlərdən keçdiyini diqqətə çatdırdı, bu sahədə qarşıda duran vəzifələrdən danışdı.

R.Əliyarzadə çıxışında habelə çalışdığı Bakı Avropa Liseyinin uğurlarından da söz açaraq burada "Elektron məktəb", "1 şagird - 1 kompüter" layihələrinin tətbiq olunduğunu, İKT əsaslı fəal/interaktiv  təlim texnologiyaları üzrə  proqramlar hazırlandığını, həm liseyin, həm də digər məktəblərin müəllimlərinə treninqlər keçirildiyini söylədi.  

 Bərdə rayonu, şəhər 8 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nərgiz Həsənova çıxışına ölkənin təhsil elitasının iştirak etdiyi böyük bir tədbirdə ona söz deməsinə şərait yaratdığı üçün konfransın təşkilatçılarına təşəkkürünü bildirməklə başladı.

2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan N.Həsənova qeyd etdi ki, ölkəmizin ümumi təhsil sistemində 10 ildən artıq bir müddətdə aparılan islahatlar dövrün diktə etdiyi tələblərə uyğun olaraq, təhsilin məqsədlərinə münasibətdə yaranan müasir baxışlar, yeni dünyagörüşü müəllimlərin də dəyişməsinə səbəb olmuşdur. İslahatlar sayəsində ibtidai sinif müəllimlərinin təlim-tərbiyə prosesinin qurulmasına, təlim metodlarına, şagird və valideynlərlə işbirliyinə yeni müstəvidə yanaşması artıq reallığa çevrilmişdir.

Bu gün ümumtəhsil məktəblərində kurikulumların tətbiqi ilə təlim nəticələri üzərində qurulmuş təhsil prosesinin bilavasitə əsas hədəfləri ifadə etməsini, dövlət təhsil standartlarının tətbiqi ilə təhsilin məzmununa konkretlik gətirildiyini, məzmunun lüzumsüz, zəruri olmayan məlumatlarla ağırlaşdırılmasının qarşısının alındığını, bilavasitə şəxsiyyəti formalaşdıran həyati bacarıqların təlim-tərbiyə işində üstün amil kimi nəzərə alınmasını, fənlərin tədrisinin, əsasən, bu məsələyə yönəldilməsinin vacibliyini, təlim prosesində "müəllim-şagird" münasibətinin pedaqoji əməkdaşlıq səviyyəsinə çatdırılmasını öyrəndiyini deyən N.Həsənova bu gün nail olduqlarının məhz öyrəndikləri sayəsində baş tutduğunu dilə gətirdi. Nəzərə çatdırdı ki, yeni məzmunun tətbiq edildiyi ilk illərdə biz məktəbimizdə şərti olaraq "yeni" və "ənənəvi" adlandırdığımız siniflərdəki təlim prosesini, şagirdləri, müəllimləri müşahidə və müqayisə etmişik. Həmişə də yeni məzmunla işləyən  siniflərdə şagirdlərin müstəqilliyinin və fəallığının, qarşılıqlı öyrənmə və əməkdaşlıq aurasının yaradıldığının, müəllim çevikliyinin və işə yaradıcı münasibətin üstünlük təşkil etdiyinin şahidi olmuşuq.

Konfrans iştirakçılarının diqqətini bir vacib amilə də cəlb edən natiq indiki şəraitdə təlim-tərbiyə prosesinin təşkilinə, müəllimlərin fəaliyyətinə məktəb rəhbərliyinin müntəzəm diqqət və nəzarəti olmazsa, ciddi nailiyyətlərin qazanılmasının çətin olduğunu söylədi.

N.Həsənova qeyd etdi ki, cəmi 5 il bundan əvvəl yaradılan məktəblərində səmərəli təhsil mühitinin, keyfiyyətli fəaliyyət şəraitinin mövcud olması bilavasitə məktəbin rəhbərliyinin peşəkarlığı, təhsil işinə ürəkdən bağlılığı ilə əlaqədardır. Müntəzəm aparılan monitorinqlərin nəticələrinin müzakirəsi, hər bir müəllimin fəaliyyətinin diqqətdə saxlanması müəllimlərdə tapşırılan işə böyük məsuliyyət hissi yaratmışdır. Son 2 ildə məktəblərini bitirən 101 nəfər məzundan 31-i ali məktəblərə daxil olmuşdur.

2011-2012-ci dərs ilinin sonunda ibtidai siniflərdə yeni fənn proqramlarının (kurikulumların) tətbiqinin ilkin mərhələsinin başa çatdığını deyən natiq vurğuladı ki, 4 il ərzində tətbiq edilən dövlət standartlarının nə dərəcədə məqsədyönlü olması, dövrün tələblərini hansı səviyyədə əhatə etməsi öyrənilməli və lazımi təkliflər hazırlanmalı, yerlərdə səyyar treninqlərin təşkili təcrübəsi genişləndirilməlidir.

Müəllimin fikrincə, ibtidai təlimdən sonra bir sinfin şagirdlərinin yuxarı səviyyəyə keçərkən eyni sinifdə komplektləşdirilməsi təcrübəsindən əl çəkilməsi, ibtidai sinif müəlliminin yazılı rəyinə əsasən onlar meyil və maraqlarına, potensial imkanlarına görə müxtəlif siniflərdə komplektləşdirilməlidirlər.  

Məktəbdənkənar təhsil sistemində görülmüş işlər, qazanılmış uğurlar və mövcud problemlər barədə konfrans iştirakçılarına "Təhsil" Respublika İdman Mərkəzinin Lənkəran filialının məşqçi-müəllimi Ramin Əzizov məlumat verdi. Qeyd olundu ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin yaradıcılıq potensialını və istedadlarını üzə çıxarır, dərsdənkənar vaxtlarda onların asudə vaxtlarını düzgün təşkil etmələrinə kömək edir.

Hazırda Təhsil Nazirliyi sistemində 380 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə uşaq yaradıcılığı, ekologiya, texniki yaradıcılıq, turizm, şahmat və idman bölmələrində 340 min məktəbli məşğul olur.

Nazirlik tərəfindən bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyini deyən R.Əzizov uşaq və gənclərin respublika və beynəlxalq tədbirlərdə uğurla çıxış edib, yüksək nəticələr qazanmasını həmin tədbirlərin nəticəsi olduğunu söylədi.

Natiq görülmüş işləri diqqətə çatdıraraq bildirdi ki, hər il kiçikyaşlı məktəblilərin əl işlərinə respublika baxış-müsabiqəsi və uşaq və gənclərin elmi-texniki yaradıcılıq festivalı keçirilir.

Ölkəmizdə futbol və şahmatın inkişaf etdirilməsi üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə Dövlət Proqramları qəbul olunmuşdur.

2010-cu ildə Bakı şəhərində "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi yaradılmış, 30 təhsil müəssisəsində süni örtüklü futbol meydançası inşa edilmişdir.

Hər il 13-17 yaşlı futbolçular arasında Azərbaycan birincilikləri keçirilir. İlk dəfə AFFA ilə birgə əsasını Bakı şəhərinin 201 və 239 nömrəli məktəblərinin şagirdləri təşkil edən 15 yaşlı qızlardan ibarət milli komanda yaradılmışdır. "Futbol həyatdır" layihəsi çərçivəsində Bakı şəhərində 5-7-ci siniflərin 1065 şagirdi ilə futbol dərsləri keçilir. Respublikamızda ilk dəfə olaraq 2010-cu ildə "Uşaq futbolunun inkişafına texniki dəstək-praktik məşğələlər" və "Gənc futbolçuların tədris-məşq prosesinin təşkili və tərbiyə işinin planlaşdırılması" adlı tədris vəsaitləri hazırlanmışdır.

2011-ci ildə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi üçün ikinci tədris bazası istifadəyə verilmişdir.

Daha sonra Təhsil Nazirliyinin tabeliyində 66 şahmat və 93 idman məktəbinin fəaliyyət göstərdiyini qeyd edən R.Əzizov son 3 ildə Naxçıvan, Mingəçevir, Xızı, Samux, Yevlax, Şamaxı, Cəlilabad, Gədəbəy və Ağcabədidə şahmat məktəbləri üçün yeni müasir binaların tikildiyini, Bərdə və Sumqayıtın şahmat məktəblərinin isə əsaslı təmir edilərək yenidən qurulduğunu, həmin məktəblərin bəzilərinin açılışında da möhtərəm Prezidentimiz cənab İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirak etdiklərini vurğuladı. Bildirdi ki, Quba və Xaçmaz şahmat məktəblərinin yeni binaları açılışa hazırdır, Ucar və Goranboyda şahmat məktəbləri, Ağsuda UGİM üçün yeni binalar tikilir, Masallı və Ağstafa şahmat məktəbləri isə əsaslı təmir olunur.

2011-ci ildə ilk dəfə olaraq "Şahmat dünyası" elektron tədris vəsaiti hazırlanıb şahmat məktəblərinə paylanmışdır.

R.Əzizov idmançı məktəblilər tərəfindən son illər qazanılmış uğurlara diqqəti cəlb edərək bildirdi ki, yaradılan şərait nəticəsində məktəbli şahmatçılarımız komanda hesabında Avropa, dünya birincilikləri və Avropa çempionatının qalibi olmuş və 15 medal qazanmışlar.

İdmançılarımız habelə respublika və beynəlxalq yarışlarda 1886 medal, o cümlədən Avropa, dünya birincilik və çempionatlarında 178 medal qazanmışlar.

Müxtəlif idman növləri üzrə 24 respublika birinciliyi, 8 çempionat, 4 turnir və 66 təlim-məşq toplanışı keçirilmiş, 1918 yüksək dərəcəli idmançı hazırlanmışdır. Bu idmançılardan dördünün FİDE ustası, ikisinin isə beynəlxalq dərəcəli idman ustası adına layiq görülməsi əlamətdar hal kimi qiymətləndirildi.

R.Əzizov qeyd etdi ki, bu il uşaq-gənclər idman və şahmat məktəbləri arasında VIII Respublika müsabiqəsi keçirilmişdir.

Natiq Təhsil Nazirliyi sistemində 83 uşaq yaradıcılıq, 3 estetik tərbiyə, 10 gənc turistlər və diyarşünaslıq, 5 məktəbdənkənar tərbiyə işi  mərkəzi və 1 bədii yaradıcılıq evinin fəaliyyət göstərdiyini, bu mərkəzlərin uşaqların bədii və estetik yaradıcılıqlarının inkişaf etdirilməsində mühüm rol oynadığını vurğuladı.

O, ekologiya mərkəzlərinin işindən də bəhs edərək hazırda Təhsil Nazirliyinin tabeliyində 55 ekologiya mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzlərin iştirakı ilə möhtərəm Prezidentimizin elan etdiyi "Ekologiya ili"ndə silsilə tədbirlərin, "Təbiət bizim sərvətimizdir" respublika foto və rəsm müsabiqələrinin, Dövlət Neft Şirkəti ilə birlikdə Bakı şəhəri məktəbliləri arasında "Ekoerudit" yarışının keçirildiyini bildirdi.

Ramin Əzizov çıxışının sonunda özünün bir idmançı kimi 2011-ci ildə əldə etdiyi uğurlardan da söz açdı. Bildirdi ki, bu il Fransada və Almaniyada taekvando üzrə A kateqoriyalı yarışlarda müvafiq olaraq I və III, Koreyada kişilər arasında dünya çempionatında isə III yeri tutmuş, 80 kq çəki dərəcəsində 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. 

Kanadanın Vaterloo Universitetinin III kurs tələbəsi Nərmin Sultanova çıxışında bildirdi ki, təhsil və yaşayış xərcləri ildə təqribən 40 min ABŞ dolları olan Kanada kimi bir ölkədə təhsil almaq onun kimi ailə büdcəsi məhdud olan tələbələr üçün sadəcə xəyal ola bilərdi. Lakin bu gün dövlətimizin yaratdığı imkanlar sayəsində yüzlərlə azərbaycanlı gənc üçün həmin xəyallar gerçəkliyə çevrilmişdir.

Artıq neçə illərdir ki, Təhsil Nazirliyi Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün müxtəlif təqaüd proqramlarını idarə etməkdədir. 2007-ci ilə qədər müxtəlif mübadilə proqramları sayəsində əsasən Rusiya və Türkiyənin qabaqcıl universitetlərində yüzlərlə tələbə təhsil almışdır. Bu tələbələr bu gün də dövlətimizin inkişafına öz töhfələrini verməkdədirlər. Lakin bu növ mübadilə proqramlarında Azərbaycanın ehtiyac duyduğu ixtisaslarda kadr hazırlığı siyasətini həyata keçirmək o qədər də arzuolunan səviyyədə deyildi. Elmi-tərəqqi və dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf təcrübəsi baxımından bu  proqramlar tam ehtiyacı təmin etmirdi. Məhz bu səbəb cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş qara qızılı insan kapitalına çevirmək strategiyasını həyata keçirmək məqsədilə xaricdə təhsil üzrə Dövlət Proqramının yaranması zərurətini ortaya qoydu.

N.Sultanova diqqətə çatdırdı ki, 2007-ci ildə Almaniya, ABŞ, Böyük Britaniya, İsveç, Niderland, Türkiyə və Rusiya kimi ölkələrin ən qabaqcıl ali məktəblərinə 66 nəfərin göndərilməsi ilə Dövlət Proqramının icrasına başlanıldı. Başa vurduğumuz tədris ilində bu rəqəm 800-ə yaxınlaşdı. Başladığımız yeni tədris ilində isə bu rəqəm 1000 nəfəri aşacaqdır.

Ötən illərdən fərqli olaraq bu il Dövlət Proqramının yerinə yetirilməsində məzmun və forma baxımından müəyyən mütərəqqi dəyişikliklər baş verdiyini deyən N.Sultanova 2011-2012-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün respublikanın kadrlara olan tələbatı nəzərə alınaraq mühəndislik, təbabət elmləri, fundamental elmlər, ekologiya, kənd təsərrüfatı, turizm və mühasibat uçotu ixtisaslarının prioritet elan olunduğunu, digər yeniliyin Dövlət Proqramına ərizələrin qəbulunun elektron formada aparıldığını söylədi. Qeyd etdi ki, "Dövlət orqanlarının elektron xidmətləri göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin bu ilin mayında imzaladığı məlum Fərmanı bu işin sürətlənməsinə səbəb olub.

Növbəti dərs ili üçün Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə sənəd qəbulunun artıq başa çatdığını deyən N.Sultanova sənəd qəbulu dövründə nazirliyə 750-yə yaxın elektron ərizə ilə müraciət edildiyini, 491 nəfərin isə öz ərizəsini nazirlikdə təsdiqlədiyini bildirdi.

Diqqətə çatdırıldı ki, Azərbaycanda istər orta təhsili, istərsə də ali təhsilin 1-ci səviyyəsini uğurla bitirmiş gənclərimiz dünyanın ən aparıcı universitetlərində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Vaterloo Universiteti riyaziyyat və digər texniki sahələr üzrə dünyanın ən qabaqcıl universitetlərindən biridir. Lakin Azərbaycandan Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələr bu universitetdə ən çətin fənlərdən sayılan riyaziyyat fənni üzrə ən yüksək nəticələri göstərməyə nail olmuşdur. Ötən tədris ilində universitetin 1-ci kurs tələbəsi Abid Orucovun riyaziyyatdan 100 mümkün baldan 99 nəticə göstərməsi bütün universitet rəhbərliyinin heyrətinə səbəb olmuşdur.

Azərbaycan məktəblərində istər dil biliklərinin, istərsə də digər fənlərdən öyrəndikləri biliklərin onların xaricdə təhsil almasını daha da asanlaşdırdığını söyləyən N.Sultanova bunların Azərbaycan məktəblərində qoyulan mükəmməl bünövrənin və qazandıqları yüksək biliklərin nəticəsi  olduğunu vurğuladı. Bildirdi ki, bu yüksək nəticələr Azərbaycan təhsili haqqında deyilən mənfi fikirlərə tutarlı cavabdır.

Tələbə dedi: Təbii ki, bizim birinci dərəcəli borcumuz yaxşı oxumaq və yüksək səviyyəli peşəkarlar kimi Azərbaycana qayıtmaqdır. Lakin onu da yaxşı başa düşürük ki, oxuduğumuz ali məktəblərdə, olduğumuz tələbə kollektivlərində, yaşadığımız şəhərlərdə hər birimiz Azərbaycan xalqının elçiləriyik. Bu gün ərazisinin 20 faizi işğal altında olan bir ölkənin vətəndaşı olaraq bizlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsuliyyətini çiyinlərimizdə daşıyırıq.

Çıxışçı onu da vurğuladı ki, Təhsil Nazirliyinin idarə etdiyi müxtəlif təqaüd proqramları çərçivəsində xaricdə təhsil almış 2500-dən artıq məzun, o cümlədən 150-yə yaxın xaricdə təhsil üzrə Dövlət Proqramı məzunu təhsilini uğurla başa vuraraq Vətənə qayıtmış və Azərbaycanın dövlət və özəl sektorunda uğurla fəaliyyət göstərməkdədir.

Xaricdə təhsil üzrə müxtəlif mübadilə və təqaüd proqramlarının əsas hədəflərindən biri olan Azərbaycanın sabahkı ali məktəb professorlarının hazırlanması sahəsində də uğurlu iş getdiyini diqqətə çatdıran N.Sultanova həmin təqaüd proqramları sayəsində magistratura və doktorantura səviyyələrindən məzun olmuş gənclərin hazırda pedaqoji fəaliyyətlə məşğul olaraq Azərbaycanın müxtəlif təhsil ocaqlarında çalışdıqlarını bildirdi.

O, çıxışının sonunda cənab Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, Vətənə və dövlətə layiqli vətəndaş və peşəkar mütəxəssis olmaq üçün əllərindən gələni edəcəklərini, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün cənab Prezidentin həyata keçirdiyi siyasətə öz töhfələrini verəcəklərini söylədi. 

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva konfransda "Ali təhsil müəssisələrində elmi tədqiqatlar: vəziyyət, problemlər, perspektivlər" mövzusunda çıxış etdi.

İ.Əliyeva bildirdi ki, Vahid Avropa təhsil məkanının yaradılması, inteqrasiya prosesləri, informasiya texnologiyalarının sürətli inkişafı təhsilə, zəngin biliklərə və elmə malik olan, qloballaşan dünyada rəqabətə tab gətirə bilən cəmiyyətin qurulmasını tələb edir.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşmasında, yüksəkixtisaslı kadrların hazırlanmasında əsas ağırlıq mərkəzi məhz ali təhsil sisteminin üzərinə düşür.

Bu gün ali təhsil müəssisələri təhsildə keyfiyyətə təminat verə bilən, elmin son nailiyyətlərini özündə əks etdirən elmi mərkəzlər kimi fəaliyyət göstərməli, mütəxəssis hazırlığını beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırmalıdır.

Bunun üçün Azərbaycan ali təhsil müəssisələrində elmi infrastruktur və kifayət qədər elmi potensial olduğunu deyən İ.Əliyeva bu gün Azərbaycan universitetlərində dövlət büdcəsindən maliyyələşən 4, təsərrüfat hesablı 1 elmi-tədqiqat institutunun, 4 elmi-tədqiqat mərkəzinin, 92 elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini söylədi. Qeyd etdi ki, hazırda respublikadakı elmlər doktorlarının 59,5%-i, fəlsəfə doktorlarının 62,9%-i, AMEA-nın 62 nəfər həqiqi və müxbir üzvü məhz ali təhsil sistemində çalışır.

Bu reallıqları nəzərə alaraq dövlət başçısı cənab İlham Əliyev son illərdə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, elmə, təhsilə xüsusi qayğı göstərərək həmin sahələrdə dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsinə dair bir neçə sərəncam imzalamışdır.

Bütün bunların nəticəsi kimi son illərdə dövlət büdcəsindən elmi tədqiqatların aparılmasına ayrılan vəsaitlərin dinamikasında artım müşahidə olunur. Belə ki, 2011-ci ildə elmi tədqiqatlara ayrılan vəsaitin 2007-ci ilə nisbətən 2,4 dəfə artırılması nəzərdə tutulmuşdur. 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunur. Elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır.

2010 və 2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri 22 qrant layihənin qalibləri olmuşlar.

Hazırda dünyada elmi-tədqiqat işlərinin maliyyələşməsinin bir sıra beynəlxalq fondların proqramları çərçivəsində həyata keçirildiyinə diqqət çəkən prorektor 2010-cu ildə təhsil sistemində çalışan alimlərin 37 beynəlxalq layihədə iştirak etdiyini, yalnız BDU-da Avropa Birliyinin, Amerika Departamentinin, Avropa Milli Elm Fondlarının, Səudiyyə Ərəbistanı Krallığının və digər fondların maliyyə dəstəyi ilə 5 mln. manat dəyərində 35 beynəlxalq layihənin həyata keçirildiyini vurğuladı. Bildirdi ki, bu layihələr çərçivəsində BDU-nun maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə dəyəri 2 milyon manatdan artıq olan cihazlar alınmışdır.

Lakin bununla yanaşı, o da qeyd olundu ki, Avropa Birliyinin 2007-2013-cü illəri əhatə edən və elmi-texnoloji inkişafa yönəlmiş 7-ci ÇP-nin büdcəsi 50,2 milyard avro təşkil etdiyi halda, Azərbaycan alimləri bu proqramın maliyyə dəstəyindən kifayət qədər istifadə edə bilmirlər.

Ali məktəblərdə aparılan elmi tədqiqatlar barədə məlumat verən İ.Əliyeva diqqətə çatdırdı ki, 2010-cu ildə ali təhsil müəssisələrində 587 elmi problemi əhatə edən 2436 mövzu yerinə yetirilmiş, onlardan 2097 mövzu tamamlanmışdır. Tamamlanmış işlərdən 8-i istehsalatda, 2089-u isə tədris prosesində tətbiq edilmişdir.

Ali təhsil müəssisələrinin istehsalatla əlaqələri bir qədər genişlənmişdir. Belə ki, istehsalat müəssisələrinin sifarişləri əsasında ali təhsil müəssisələri tərəfindən 2010-cu ildə yerinə yetirilmiş işlərin sayı 23, həcmi isə 687500 manat olmuşdur.

2010-cu ildə ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və metodik ədəbiyyat nəşr edilmişdir.

Tomson Reyters Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən son 3 ildə nəşr olunmuş elmi məqalələrin sayı 3 dəfə artmışdır.

İl ərzində nəşr olunmuş 260 məqalədən 136-sı Bakı Dövlət Universitetinin, 53-ü Dövlət Neft Akademiyasının, 37-si Texniki Universitetin payına düşür.

2010-cu ildə 48 ixtiraya patent, o cümlədən 1 Avrasiya patenti alınmışdır.

Ali təhsil müəssisələrində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasını ali məktəb elminin vacib sahələrindən sayan İ.Əliyeva tələbələrin elmi konfranslarda, fənn olimpiadalarında iştirak etdiyini, universitetdaxili, respublika və beynəlxalq qrant layihələrinə cəlb olunduqlarını söylədi.

Qeyd olundu ki, müvafiq qərara əsasən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət ali təhsil müəssisəsində, Təhsil Problemləri İnstitutunda və 5 özəl ali təhsil müəssisəsində doktorantura yaradılmışdır. Yeni doktoranturalara ilk qəbul 2011-ci ilin payız aylarında keçiriləcəkdir.

Bütün bunlarla yanaşı, elm sahəsində bir sıra problemlərin də mövcud olduğunu deyən natiq diqqəti onların bəzisinə cəlb etdi. Bildirdi ki, büdcədən elmə sərf olunan xərclərin ümumi daxili məhsulda payı 0,2% təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 2-3% arasındadır. Patent aktivliyi baxımından ali təhsil müəssisələrinin və bütövlükdə ölkə müəssisələrinin fəaliyyəti qənaətbəxş deyildir. Bu gün Azərbaycan elmində təhlükəli həddə gəlib çatan qocalma tendensiyası müşahidə olunur.

Elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, 2011-ci ilin əvvəlinə dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur, 61-70 yaş arası 30,9%, 70 yaşdan yuxarı 30,3% təşkil edir.

Fəlsəfə doktorları arasında da yaş göstəriciləri qənaətbəxş deyil: 30 yaşa qədər fəlsəfə doktorlarının sayı cəmi 0,7%, 61 yaşdan yuxarı fəlsəfə doktorlarının sayı isə 38,6% təşkil edir.

İ.Əliyeva çıxışında habelə elmin inkişafı, elmi və elmi pedaqoji kadr hazırlığı, kitabxana informasiya sisteminin inkişafı sahəsində həyata keçiriləcək islahatların əsas istiqamətlərini diqqətə çatdırdı.

 

Millət vəkili, Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov konfransda çıxış edərək Azərbaycanda ali təhsilin problemləri və inkişaf perspektivlərindən danışdı.

Çıxışına Avropa ölkələri təhsil nazirlərinin 2009-cu ildə qəbul etdikləri birgə bəyanatdan gətirdiyi "2020-ci ilədək ali təhsil Avropanın yaradıcı və innovativ olmasında həlledici rol oynayacaq" və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İnkişafın innovasiya mərhələsinə keçilməsi,.. təhsilin dünya standartlarına cavab verməsi, müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsiE 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasını tələb edir" fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırmaqla başlayan S.Seyidov hər iki fikirdəki 2020-ci il və 2011-2021-ci illər tarixlərinin üst-üstə düşməsini Azərbaycan Respublikası Prezidentinin Avropada, dünyada gedən islahatlara eyni istiqamətdə Azərbaycanda da islahatlar həyata keçirməsi kimi mənalandırdı və bu islahatların konkret sənədlərdə, Prezident sərəncamlarında öz əksini tapdığını dedi.

Sonra rektor ekranda nümayiş etdirdiyi bu yaxınlarda, eləcə də son bir neçə il ərzində təhsillə, o cümlədən ali təhsillə bağlı Prezident tərəfindən imzalanmış "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiqi, "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamlara diqqəti yönəldərək onları çox vacib sənəd adlandırdı, həmin sənədlərin hamısının, ilk növbədə, Avropa Şurası, Avropa Birliyi və YUNESKO tərəfindən Avropada, dünyada aparılan islahatlarla üst-üstə düşdüyünü, ikinci bir tərəfdən isə onların 2012-ci ilin yanvarından Azərbaycanın Danimarka ilə birlikdə 47 ölkənin iştirakçısı olduğu Boloniya prosesinə ilk dəfə rəhbərlik etməyə başlaması nöqteyi-nəzərdən çox əhəmiyyətli olduğunu vurğuladı.

S.Seyidov bildirdi ki, Avropa öz inkişafını konkret istiqamətlər üzrə artıq formalaşdırıb. AŞ, AB və YUNESKO təşkilatlarının ali təhsillə bağlı  əsas götürdükləri sosial və siyasi seçim imkanlarının genişlənməsi; mobillik; ömürboyu təhsil; işlə təminolunma imkanlarının genişlənməsi; tələbə yönümlü təhsil və müəllimin ali məktəbdə yeni missiyası; tədqiqatların və innovasiyaların artırılması; beynəlxalq əlaqələr və çeviklik; "Data toplumunun" idarə olunması və elektron təhsil (elektron-universitet); ali məktəblərin şəffaflıq alətlərinin inkişafı; keyfiyyətin təminatı; qarşılıqlı tanınma; maliyyə və fondların inkişafı kimi strateji istiqamətlər Azərbaycan ali təhsil sisteminin inkişafı üçün də ən vacib məsələlərdir və Dövlət Proqramında öz əksini tapıb.

Heydər Əliyev Fondunun bu istiqamətlərdə mühüm işlər gördüyünü xüsusi qeyd edən S.Seyidov Azərbaycan Respublikası Prezidentinin, təhsil siyasətinin, Milli Məclisinin qəbul etdiyi "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, ölkənin ali təhsil müəssisələrində gedən yenidənqurma işlərinin göstərilən istiqamətlərin həyata keçirilməsi üçün əsas yaratdığını söylədi. Lakin bu işləri hansısa mənada qənaətləndirici saymaq mümkün olsa da, Azərbaycanda ali təhsil sahəsində tam şəkildə islahatların aparılması üçün kifayət etmədiyini deyən rektor fikrini Avropa təhsil islahatları ilə Azərbaycandakı təhsil islahatları arasında böyük fərq olması ilə əlaqələndirdi. Bildirdi ki, Avropa artıq öz təhsil sisteminin dəyərlərini oturuşdurub, xarici əlaqələrini və s. inkişaf etdirib. Bu gün Avropada daha çevik, daha mobil, daha innovativ, daha cazibədar təhsil sisteminin inkişafı ilə bağlı islahatlar həyata keçirilir. Azərbaycanda isə məsələ bir qədər fərqlidir. Buna görə də S.Seyidov Azərbaycanda da daha çevik, mobil, cazibədar, innovativ ali təhsil sistemi yaratmaq üçün fundamental, köklü islahatların vaxtı çatdığını vurğuladı.

Fikrini sübut üçün rektor bir sıra konkret faktlar gətirdi. O, öncə konfrans iştirakçılarının diqqətini ayrı-ayrı ölkələrdə 10 min nəfər əhaliyə düşən tələbə sayının statistikasına yönəltdi. Həmin statistikanı əks etdirən diaqramdan aydın oldu ki, Azərbaycan misal gətirilən müxtəlif inkişaf səviyyəli 12 ölkə arasında bu göstəriciyə görə sonuncu yeri tutur. Məsələn, ABŞ-da hər 10 min nəfərə 445 tələbə düşdüyü halda, Azərbaycanda bu göstərici 156-dır. Məsələyə başqa yöndən də yanaşdığını, Azərbaycanı ABŞ-la deyil, ərazisinə və əhalisinin sayına görə bizə bərabər və ya yaxın olan ölkələrlə də müqayisə etdiyini deyən rektor, həmin göstəriciləri əks etdirən cədvəli nümayiş etdirdi. Aparılan müqayisə və təhlildən aydın oldu ki, 9 milyon əhalisi olan Avstriyada 268 min, 10 milyon əhalisi olan Belarusda 290 min, 6 milyon əhalisi olan Finlandiyada 200 min, 10 milyon əhalisi olan Macarıstanda 289 min, üst-üstə 7,2 milyon əhalisi olan Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) 250 min tələbə olduğu halda, 9 milyon əhalisi olan Azərbaycanda cəmi 128 min tələbə var.

Həmin cədvəl əsasında müəllimlərin sayı üzrə də müqayisə aparan natiq hazırda Azərbaycanın ali təhsil sistemində çalışan müəllimlərin sayının 22 min nəfər olduğunu, həmin göstəricinin müqayisə olunan ölkələrlə təxminən eyniyyət təşkil etdiyini dedi. Bundan çıxış edən S.Seyidov ölkədə ya tələbələrin sayının artırılmalı, ya da müəllimlərin sayının azaldılmalı olduğunu deyərək, hər iki istiqamətdə iş aparılmasını lazım bildi. Tələbələrin sayını artırmağın zəruri olduğunu deyən rektor hazırda sürətlə inkişaf edən ölkələrimizdə bunun üçün kifayət qədər imkanlar olduğunu, həmin imkanlardan istifadə etməklə dünyada mövcud olan sistemə, ölkələrə yaxınlaşmaq lazım gəldiyini vurğuladı.

Konfrans iştirakçılarının diqqətini digər bir məsələyə də yönəldən S.Seyidov bildirdi ki, universitet bu adı daşıması üçün ən elementar məsələlərə cavab verməlidir ki, həmin məsələlərdən biri də yataqxana məsələsidir. Natiq bu sahədə, yəni ümumi tələbələrin sayına nisbətdə neçə yataqxana yerinin olması ilə bağlı müqayisələr aparmaq üçün iki ölkəni -  Avstriya və Almaniyanı götürdüyünü bildirərək diqqətə çatdırdı ki, Avstriyada hər üç, Almaniyada isə hər beş tələbəyə bir yataqxana yeri düşür. ABŞ və Böyük Britaniyada isə ümumiyyətlə  bu problem yoxdur. Bu məsələnin bizim üçün çox vacib bir problem olduğunu deyən natiq, onun həlli istiqamətində ciddi düşünmək lazım gəldiyini söylədi.

S.Seyidov çıxışında ali məktəblərdə təhsil alan qaçqın və köçkün tələbələrin təhsilhaqqı məsələsinə də toxunaraq universitetlərin belə tələbələrin təhsilini yüksək səviyyədə təşkil etmələrinə baxmayaraq onların nə dövlətdən, nə də hansısa mənbədən vəsait almadıqlarını bildirdi. Lakin iclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri F.Abdullazadənin S.Seyidovun çıxışına müdaxilə edərək verdiyi məlumatdan aydın oldu ki, bununla əlaqədar müvafiq Prezident sərəncamı hazırlanır və problem yaxın günlərdə öz həllini tapacaqdır.

Çıxışının sonunda ali məktəblərdə qiymətləndirmə sistemindən də söz açan S.Seyidov bildirdi ki, Boloniya prosesinə qoşulan bütün ölkələrdə olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrində də Avropa Kredit Transfer Sistemi həyata keçirilir. Ali məktəblərdə işləyən şəxslər bilirlər ki, artıq qiymətləndirmə sistemi dəyişib, kreditlər, yeni kurikulumlar var. Tələbə-müəllim münasibətləri yenilənib. Lakin yaddan çıxarılır ki, Avropa Kredit Transfer Sistemi yalnız yeni qiymətləndirmə sistemi deyil, həm də yeni mobillik sistemidir. Yəni kredit sisteminin universitetlərdə tətbiq olunması tələbənin bir universitetdən o biri universitetə gedişi, orada oxuyandan sonra yenidən başqa - üçüncü universitetə gedişi və dördüncü universitetdə təcrübə alandan sonra öz ana universitetinə qayıdıb diplom alması ilə müşayiət olunmalıdır.

Azərbaycanda qiymətləndirmə  tətbiq edilsə də, sistemin ikinci tərəfinin indiyədək işləmədiyini qeyd edən S.Seyidov yenicə aldığı məlumata görə, artıq bu sahədə də iş getdiyini, müvafiq əsasnamə hazırlandığını diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycandakı ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri yüksək səviyyədə olsa da, öz aralarında münasibətləri zəiflədir. Çıxışçı  xatırlatdı ki, Avropada mövcud olan tələbə görə universiteti bitirənlərin 20 faizi digər ali məktəblərdə hansısa formada təcrübə keçməlidir.

Ali təhsil sisteminin islahatı istiqamətləri haqqındakı fikirlərini yekunlaşdıran S.Seyidov bu sahədə 4 dairənin mövcud olduğunu, onlardan birini Azərbaycan Respublikası Prezidentinin islahat siyasəti, ikincisini Azərbaycan təhsil sisteminin islahatla bağlı işləri, üçüncüsünü Azərbaycan ictimaiyyətinin təhsil islahatları ilə bağlı gözləntiləri, dördüncüsünü isə beynəlxalq tələblər təşkil etdiyini vurğulayan rektor hazırda bir qismi üst-üstə düşən bu dairələrin gələcəkdə tam üst-üstə düşməsi üçün ciddi çalışmaq lazım olduğunu diqqətə çatdırdı.

***

Çıxışlar başa çatdıqdan sonra təhsil naziri konfrans iştirakçılarına bir daha təşəkkürünü bildirdi, onları yeni dərs ilinin başlanması münasibəti ilə  təbrik etdi. Bununla da konfrans öz işini yekunlaşdırdı.

Yusif ƏLİYEV,
Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov