Gənc müəllimlər Göyçəkənd kənd tam orta məktəbində arzularını gercəkləşdirirlər


Göygöl rayon mərkəzindən 22 km. məsafədə yerləşən Göyçəkənd kənd tam orta məktəbində  yeni tədris ilində 5 gənc müəllim pedaqoji fəaliyyətə başlayıb. Hər biri Müəllimlərin İşə Qəbulu imtahanında yüksək nəticə göstərərək, müxtəlif şəhərlərdən,  bu qədər yolu qət edərək, gözəl təbiəti olan Göyçəkənddə sevdikləri peşə ilə məşğul olmaq üçün gəliblər. 5 müəllim və hər biri də xanım müəllim... Onlar öz işlərini komanda işi adlandırırlar, “Biz bir komandayıq deyərək” uzaq yolları və nəqliyat problemini düşünmədən  bu qərarı qəbul ediblər.

“Şagirdlərimə dilimizin sirlərini öyrədirəm”

 

Günel Hüseyn: - Bakı Qızlar Universitetini bitirdikdən sonra, əzmlə çalışıb müəllim olmaq üçün imtahanda 50 bal toplayaraq Göyçəkənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başladım. Mən uşaqlıqdan məktəb vurğunu olmuşam. Universitetə daxil olduğum vaxt isə ixtisas seçimində müəllimliyi seçdim. Artıq 6 aydır ki, xəyallarımı həyata keçirirəm. Şagirdlərimə dilimizin sirlərini öyrədirəm, əlbəttə ki, onlar buna çox maraqlıdırlar. Danışdıqları cümlələrin, bildirdikləri fikirlərin hər gün yeni bir qrammatik xüsusiyyətini öyrənirlər. Şagirdlərimə bədii kitablar məsləhət görürəm və onlar boş vaxtlarında mütaliə ilə məşğul oub özlərini təkmilləşdirirlər. Gənc bir müəllim kimi bu, məni çox sevindirir.

“Şagirdlərimdə təbiətə, ətraf aləmə baxışını dəyişməyə çalışıram”

 

Lalə Əmiraslanova:  - 2015-ci ildə Gəncə Dövlət Universiteti fizika və texniki fənlər fakültəsinin təsviri incəsənət müəllimliyi ixtisasını bitirdikdən sonra tək qayəm müəllim olmaq idi. Əsasən də kənd məktəbində, çünki kəndlərdə, gələcəyimiz olan şagirdlərin biz gənc müəllimlərə ehtiyacı var. Bu amalımı əlimdə əsas tutaraq müəllimlərin işə qəbulu imtahanında 47 bal toplayaraq Göyçəkənd kənd tam orta məktəbinə təyin olundum. Təsviri incəsənət fənnini tədris edərkən şagirdlərimdə təbiətə, ətraf aləmə baxışını dəyişməyə çalışıram. Onların daha da pozitiv olub həyatdan, yaşadıqları mühitdən zövq almaqlarını istəyirəm. Mən dərs müddətində, yəni 45 dəqiqə ərzində onların həm təhsil verəni, həm də problemlərinin yaxın sirdaşı olmağa çalışıram.

 

“Mən çox sevinirəm ki, bu kənddə çalışıram”

 

Nərmin Həmzəyeva: - Ailəmiz Goranboy rayonunda yaşayır. Ancaq başqa bir rayonda tanımadığım insanların içərisində bütün gücümlə, şagirdlərimin yol göstərəni, onların əsas hərəkətverici quvvəsi olmağa çalışıram. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Texnologiya müəllimliyi ixtisasını bitirdikdən sonra elə həmin ildə müəllim olmaq üçün var gücümlə çalışdım. Çox sevinirəm ki, əziyyətimin qarşılığını aldım. 46 balla Göyçəkənd kənd tam orta məktəbinə qəbul oldum. Texnologiya qabiliyyətləri üzə çıxaran, praktik bir fəndir. Şagirdlərim bu fənni çox sevirlər, hər dərsdə yeni əşyalar hazırlayır, həyati bacarıqlarını inkişaf etdirirlər. Mən çox sevinirəm ki, bu kənddə çalışıram.

 

“Bəlkə də mən gələcəyin bəstəkarını yetişdirəcəyəm”

 

Cəlalə Təhmazi: - Gəncə şəhərində böyüyüb, Gəncə Dövlət Universitetində təhsil almışam. Təhsil almaqda yalnız bir istəyim var idi,  müəllim olmaq! Düzdür, ixtisasım musiqidir, ancaq bu o demək deyil ki, şagirdlərə yalnız musiqi öyrədirəm. Mən şagirdlərimə yaxşı vətəndaş,  xalqı üçün cəfakeş  bir şəxsiyyət olmağı aşılayıram. İnsanın formalaşması məktəbdən başlayır. Bəlkə də mən gələcəyin bəstəkarını yetişdirəcəyəm, Üzeyir Hacıbəylidən, Qara Qarayevdən ilham alıb onlar da bu yolu getmək istəyəcəklər. Niyə də olmasın, bu təbiətdə böyüyən, gözəllikləri görən bir insanın poetik düşüncəsi əlbəttə ki, inkişaf edəcək”.

“Şagirdlərim öyrənməyə və yeniliyə meyillidirlər”

 

Ağgül Orucova: - Mən Gəncə şəhərində doğulub boya-başa çatmışam. Hər zaman müəllim olmaq istəmişəm. Çox sevinirəm ki, buna nail oldum. Anam və xalam müəllim idi, onlara baxıb çox həvəslənirdim. Onlar kimi müəllim olub, şagirdlərimin sevimlisinə çevrilmək istəyirdim.  Axır ki, buna da nail oldum.       Hər zaman kənd həyatında uşaqların edə bilmədikləri məni çox düşündürüb. Şagirdlərim çox potensiallıdır, öyrənməyə və yeniliyə meyillidirlər. Dərs vaxtı, yaxud dərsdən sonra şagirdlərlə söhbət edirəm. Dərslərimiz maraqlı keçir, mövzularla bağlı müəyyən diskussiyalarımız olur.