Rüfanə Mürsəlova: “Şagirdlər üçün ilk müəllim unudulmaz olur”


Rüfanə Mürsəlova İmişli rayon Cavadxanlı kənd tam orta məktəbində ibtidai sinif müəllimidir. O, 2017-ci ildə ADPU-nin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 54 bal toplayıb. Seçimində yanılmadığını deyən Rüfanə, müəllim olmaq istəyən gənclərə ucqar məktəblərə işləməyə getməkdən çəkinməmələrini tövsiyə edir. Onunla məktəbdə həmsöhbət olub, müəllimlik peşəsi ilə bağlı fikirlərini öyrəndik.

 

- Nə üçün siz bu peşəni seçmisiniz?

 

- Bəlkə də müəllimlik ən çətin peşədir. Amma işinə sevərək yanaşanda çətinliklərə qalib gəlmək olar. Mən öyrətməyi və öyrədərkən öyrənməyi sevirəm. Bildiklərimi uşaqlara öyrətmək, onların öyrəndiklərinin möhkəm olmasına çalışıram. Hər gün işimi sevə-sevə yerinə yetirirəm.

 

- Sizi bu peşəyə nə cəlb edib?

 

- Uşaqlarla işləməyi çox sevirəm. Bu peşənin əsas prinsipi dövlət, cəmiyyət üçün vətəndaş, əsl insan yetişdirməkdir.

 

Valideynlə bərabər uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimin üzərinə düşən ən böyük məsuliyyətdir.

 

Mənə həmişə elə gəlirdi ki, uşaqlarla işləyən müəllimlər daxilən qocalmırlar. Necə deyərlər, onlar həmişə cavan olurlar. Şagirdlər, gənclər dövlətin daima hərəkətdə olan qüvvəsidir. Bütün bunlar uşaqları sevməyimə səbəb olub.

 

- İşinizin ən çətin tərəfləri hansılardır?

 

- Öncə dediyim kimi müəllimlik dövrümüzdə şərəfli olduğu qədər də çox çətin və məsuliyyətli peşədir.

 

Ümumiyyətlə, mən çox sakit və səbrli bir adamam. Bəzən elə olur ki, şagirdlərdən bəziləri tapşırıqları öyrənə bilmir və ya öyrənmək istəmir. Belə vəziyyətlərdə öncə dediyim sakit təbiətim köməyimə gəlir. Buna görə də mənim üçün ibtidai sinif şagirdləri ilə işləmək digər şagirdlərə nisbətən asandır. Onlara tək yazmağı, oxumağı, davranış qaydalarını mənimsətməklə kifayətlənmirəm. Onların qayğısına qalmaq, həyata hazırlamaq, yeri gəldikdə onlarla uşaq olmağı bacarmaq lazım gəlir. Məncə, bu işin elə ən çətin tərəfi budur.

 

- İndi  bu peşəni seçməyinizdən razısınızmı?

 

- Bəli, razıyam. Bu peşə çox maraqlı bir peşədir. Onu da qeyd edim ki, hər dəfə yeni şagirdlərin gəlişi və onlarla əvvəlki təcrübələrin yerinə yeni nələrsə etmək, onlarla yenidən “dil” tapmaq, hər şeyi yenidən başlamaq lazım gəlir.

 

Zaman keçdikcə isə necə gözəl bir peşəyə sahib olduğumun fərqinə varıram.

 

Bütün bunlar indi özümü başqa bir peşədə görməyə şans qoymur.

 

- İbtidai sinif müəllimi olmaq istəyənlər üçün hər hansı bir xüsusi keyfiyyətə malik olmağa ehtiyac varmı?

 

- Əlbəttə, var. İlk olaraq vicdan. Bir peşənin ağırlığını və dəyərini bilərək onu seçmək lazımdır. İlk öncə vicdan dedim, çünki vicdan içimizdəki ən böyük duyğudur. Mənə görə, müəllim hər dərsin sonunda özündən soruşmalıdır: “Bu gün uşaqlara nə öyrətdim? Öyrətdiyim qaneedicidirmi?”. Mən şəxsən belə edirəm. Bu suala yaxşı cavab verə bilməsəm, demək ki, mən yetərincə öyrətməmişəm. Müəllim sinfə daxil olanda ilk andan sona qədər öyrətməlidir. Vicdanın rahat olması və bu peşəyə verdiyim dəyərdən ötrü bu sualın cavablarının müsbət olmasına çalışıram. Şagirdlər üçün ilk müəllim çox dəyərli və unudulmaz olur. Çalışıram belə bir müəllim olum.

 

Müəllim sevgi dolu, qayğıkeş, nikbin, humanist, özünə inamlı olmalıdır və öz qayğılarını sinfə gətirməməlidir.

 

- Boş vaxtlarınızda nə edirsiniz?

 

- Vaxtımı kitab oxumaqla və yeni-yeni məlumatlar toplamaqla keçirirəm. Ümumiyyətlə, bədii əsərləri oxumağı sevirəm. Hazırda oxuduğum Aqata Kristinin “Böyük Dördlük” kitabıdır. Kitab  düşünməyə, qarşıdan gələnləri təxmin etməyə köməkçi olur. Bilirsinizmi, kitablar insanı başqa bir dünyaya aparır və kitablardakı dünyanın cazibəsi məni valeh edir.

 

- Bu peşədən imtina edib tamamilə fərqli bir fəaliyyət sahəsində özünü sübut etmək istəyiniz olubmu?

 

- İlk vaxtlar belə bir istək olub. Xüsusən də dərsdən sonra yorğun olduğum vaxtlar bunu hiss etmişəm. Bəzən tez-tez özümə belə sual verirdim. İndi isə bu peşədən imtina etməyi heç düşünmürəm, əksinə daha çox çalışıb, əsl müəllim adına layiq olmaq istəyirəm.

 

- Sevimli şagirdləriniz varmı?

 

- Bütün müəllimlər üçün yaxşı oxuyan şagirdlər sevimlidir. Mən şagirdlərimi sevimli və ya sevimli olmayanlara bölmürəm. Ona görə də şagirdlərlə də ayrı-seçkilik etmirəm, hər birinə eyni qayğı və diqqət göstərirəm.

 

- Məktəbinizdə hansı yeniliyi görmək istərdiniz?

 

- Təhsilin inkişafına dövlətimiz böyük bir qayğı göstərir. Göründüyü kimi çalışdığım Cavadxanlı kənd tam orta məktəbinin binası 2-3 il olar əsaslı təmir olunub. Təhsil üçün demək olar ki, bütün lazımi şərait yaradılıb.

 

Bütün bunlar yaxşı təhsil üçün stimul rolunu oynayır.  Mən şagirdlər üçün daha yeni müasir texniki avadanlıqların olmasını istərdim. Hesab edirəm ki, bu, təhsilin inkişafında daha çox təkanverici amillərdən biridir.

 

- İbtidai sinif müəllimi özünə inam və hörmət qazanmaq üçün uşaqlarla ünsiyyəti necə qurmalıdır?

 

- İlk növbədə müəllim şagirdlərini sevməli, özünə qarşı inamlı və cəsarətli, yeniliklərə açıq olmalıdır.

 

- Kənd uşaqlarının şəhər uşaqlarından fərqli olduğunu söyləmək mümkündürmü?

 

- Əslində oxumaq istəyən, öyrənməyi bilən üçün məkanın, zamanın bir önəmi yoxdur. İstər şəhərdə, istərsə də kənddə böyüsün, təhsil hər kəs üçün eyni dərəcədə olur. Ola bilsin ki, kənd uşaqlarının dünyagörüşü, həyata baxış tərzi fərqli olsun, amma bu onların biliyinə, savadına təsir göstərmir. Oxumaq istəyən, həyatını özü qazanmaq istəyən üçün bunların önəmi olmamalıdır.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi