Mayın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunan “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Təhsil Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən universitetin rektoru Ədalət MuradovSABAH qruplarının Azərbaycanın ali təhsil sistemində insan kapitalının formalaşdırılması baxımından uğurla həyata keçirən bir model olduğunu bildirib. Konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayan rektor həmin dövrün bütün sahələrinin məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə geniş tədqiq olunduğunu bildirib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən danışıb. Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinin dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olduğuna diqqət çəkən nazir müavini bu sahədə əldə olunan uğurlardan söz açıb, bir çox göstəricilər üzrə Azərbaycanda davamlı inkişafın təmin edildiyini bildirib. Firudin Qurbanov yeni təhsil modellərinin yaranmasının zəruriliyini vurğulayaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da qeyd olunan məqsədlərin SABAH qrupları layihəsinin fəaliyyətində əks olunduğunu bildirib.

 

SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə UNEC-in SABAH qruplarının tələbələrinin uğurlarından danışıb. Bu universitetin SABAH qruplarının ilk məzunlarının 56 faizinin yerli və xarici universitetlərdə magistraturaya qəbul olunduğunu qeyd edən Şahin Seyidzadə bunun yüksək göstərici olduğunu vurğulayıb.

 

Konfransda UNEC-in SABAH qruplarının gənc müəllimləri Aqil Əzizov və Qənirə İbrahimova “SDG in Azerbaijan”, IV kurs tələbəsi İlkin Rüstəmzadə isə “İmpact of institutions on economic behaviour” movzularında çıxış ediblər.

 

Konfrans işini plenar iclaslarda davam etdirib.