Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə


25 may 2018-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 

Dövlət himni səsləndirildikdən sonra tədbiri kollecin direktoru, dosent Ruslan Həmidov açaraq bildirib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin və tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Direktor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar kollec üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. Plana əsasən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və fənn birləşmə komissiyalarının bülletenlərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş xüsusi nömrələr buraxılıb, tələbə və müəllimlərin müxtəlif muzeylərə ekskursiyaları təşkil edilib, “açıq dərs” və seminarlar keçirilib. 25 may tarixində keçilən ilk dərslərin də Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunması nəzərdə tutulub. 

 

Kollecin “İqtisadiyyat və idarəetmə” FBK-nın sədri Qətilə Şükürova mövzu ilə bağlı məruzə edib. “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayeva müstəqilliyimizin 100 illik tarixindən,  “Azərbaycan dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əskərova AXC dövründə qəbul edilmiş dil haqqında qanundan və o dövrün ədəbiyyatından söz açıblar. AXC-nin incəsənət istiqamətində gördüyü işlər barədə musiqi və təsviri incəsənət şöbəsinin müəllimi Günay İsgəndərova məlumat verib.