Ayla Kəlbiyeva, beynəlxalq müsabiqələr laureatı: “Mahnını ifa etdikdən sonra səhnədən barmaq üstə düşdüm”


Mən mütəmadi olaraq musiqinin müxtəlif janrlarında,  muğam ifaçılıq sənətində, rəssamlıq sahəsində hələ erkən yaşlarından böyük uğurlara imza atan, nəinki ölkə daxilində, eləcə də beynəlxalq  səviyyəli istedad yarışmalarında, müsabiqələrdə ən yüksək mükafatlar qazanan şagirdlərimizi  oxucularımıza təqdim edirəm. Belə istedad sahiblərinin biri də,  budur,  qarşımda oturub. Milli Konservatoriyanın  tərkibində Respublika İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Ayla Kəlbiyeva. Olduqca utancaq və mülayim xarakterli qızdır. Musiqi sahəsində qazandığı uğurlar barədə mənə söylədiklərini birbaşa onun öz dilindən eşitməyinizi daha məqsədəuyğun saydım.  13 yaşlı bu yeniyetmə fortepiano ifaçısı  təhsil  ocağının pedaqoji kollektivinə, musiqinin sirlərini ona həvəslə mənimsədən müəllimlərinə, musiqisevərlərə və ən nəhayət,  onu boya-başa çatdıran valideynlərinə  ötən bu illər ərzində  nə qədər sevinc hissi yaşadıb.

 

5 yaşımda “Bənövşə” Uşaq Xorunda çıxış etmişəm

 

2005 - ci ildə Bakı  şəhərində  anadan  olmuşam.  2011-ci   ildə Milli Konservatoriya  tərkibində Respublika  İncəsənət  Gimnaziyasının  I  sinfinə  daxil  olmuşam. Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Hələ 5 yaşında olarkən  Respublika Uşaq Filarmoniyasında Oqtay Zülfüqarovun rəhbərlik etdiyi “Bənövşə” Uşaq Xorunda  çıxış  etmişəm.  Onun  müəllimliyi ilə  çoxlu mahnılar öyrənmişəm.  Hər dəfə məşqlər  zamanı  onun fortepianoda  bənzərsiz  ifalarını  diqqətlə izləmişəm.  Məktəbə  gedənə qədər yazıb-oxumağı da bacarırdım. Buna bağçada  sevimli tərbiyəçilərimin sayəsində nail olmuşdum. Hazırda  Nigar  Nəcəfovadan  fortepiano ixtisası üzrə təhsil alıram, dərs əlaçısıyam. Tarix və riyaziyyat dərslərinə lap çox həvəs göstərirəm. Şəklim  “Şərəf lövhəsi”ni  bəzəyir.

 

Səhnədəkilər uşaqdır, mən də onlara lay-lay çalıram

 

Uğurlarıma heç də asanlıqla nail olmamışam.  Məhz çalışqanlığım, musiqiyə olan  hədsiz  məhəbbətim nəticəsində  çoxlu sayda  respublika və beynəlxalq müsabiqələrin laureatı adını qazanmışam. 2013- cü il mənim üçün uğurlu oldu. Eşidəndə ki, Maltada  keçirilən “Violin and frends” beynəlxalq  müsabiqəsində  iştirak edəcəyəm, çox fikirləşdim. Öz üzərimdə  çox çalışsam da  yer qazanacağıma  əmin deyildim.  Çox uşaq idim, 8 yaşım vardı onda. Amma bütün günü  fortepianoda çalırdım, məşqlər edirdim.  Anamsa  mənim ifalarıma qiymət verirdi. O, həmişə  mənə  təsəlli verirdi ki, qorxmayım. Deyirdi ki, əgər həyəcan keçirsən, qalib olmayacaqsan.  Nəhayət ki, münsiflərin qarşısında “Lay-lay” mahnısını ifa etdim. Təsəvvür edirdim ki,  səhnədəkilər uşaqdır, mən də ifamla onlara lay-lay  çalıram. Hətta mahnını ifa edib qurtarandan sonra səhnədən  barmaq üstə düşdüm ki, səs salmayım, oyanarlar. Beləcə  III yeri qazandım. 

 

Ürəyimə danmışdı ki, qalib olacağam

 

2014-cü ildə Fransada N.Rubinşteyn  adına XII beynəlxalq müsabiqəyə qatıldım. F.Şopenin əsərlərini ifa etdim, münsiflər heyəti ifalarımı bəyəndi, II yerin qalibi oldum. Qala konsertində də iştirak etdim.  Bu dəfə artıq həyəcan keçirmirdim. Özü də ürəyimə danmışdı ki,  qalib  olacağam. Elə də oldu. Sevincimin hədd-hüdudu yox idi.  Həyəcanlı anlarımı  dostlarımla bölüşməyə tələsirdim. Malta şəhərindən fərqli olaraq  Fransada gəzməli yerlər çoxdur. Ən məşhur, qədim Luvr muzeyində olduq. 2015-ci ildə  İtaliyada  “Citta di Pisaro XII   beynəlxalq  müsabiqəsində  iştirak  etdim.  II  yerin  qalibi oldum. 

2016-cı ilin  yanvarı  da mənim  üçün uğurlu oldu. Eşidəndə ki, ABŞ-da   “Amerikan Proteğe”  beynəlxalq  müsabiqəsində  iştirak edəcəyəm, sevincimdən göyə  uçurdum.  Məktəbdən  tez  evə gəldim.  Eşitdiklərimi anama  nəql etdim. Ertəsi gün mahnılarımın diskini  hazırladım və Amerikaya internet vasitəsilə göndərdim. 2-3 həftədən sonra cavab  gəldi ki, mahnılarım bəyənilib.  Səhv etmirəmsə, 3 aydan sonra  ABŞ-ın  Nyu-York  şəhərinə yola düşdük.  Amerikada “İnternational Piano  and  Strings  Competition  2016”  beynəlxalq müsabiqəsində  ölkəmizi  təmsil edirdim. Elə fərəhlənirdim ki! Axı uşaqlıq arzum idi  Amerikada olmaq.   Bu müsabiqədə də    II yerə  layiq  görüldüm. Paytaxtımıza  dönərkən  sevincimdən bilmirdim ki,  nə  edim. Özümü  çox  xoşbəxt sayırdım.   İlk öncə gimnaziyanın direktoru Aytən Əhmədova  məni  təbrik  etdi  və  bağrına  basdı. Sevinirdi ki, məktəbin adını, şərəfini uca etmişəm, müəllimlərimin zəhməti  hədər getməyib.

 

Arzum təhsilimi ABŞ-da davam etdirməkdir

 

2017-ci ilin oktyabrında İspaniyanın Tenerife şəhərində keçirilən “Stars at Tenerife” beynəlxalq musiqi müsabiqəsinə qatıldım və II yerin sahibi oldum. Orada olarkən  bir çox  beynəlxalq müsabiqələrdə münsif olan professor Tamara Poddubnayadan  ustad dərsləri aldım. Dünya bəstəkarlarından  ifa etdiyim  əsərlər onun çox xoşuna gəlmişdi. Dəfələrlə mənim  ifalarımı dinlədi. Hətta 2018-ci ilin martında Almaniyada  keçiriləcək “Musical fireworks at Baden-Württemberq” beynəlxalq müsabiqədə  iştirak etmək  üçün məni də dəvət  etdi. Çox güclü müsabiqədir. Çalışacağam  bu müsabiqədə də qalib olum.  Əzmkarlıq göstərərək hər gün 5-6 saat məşğul oluram.   Boş vaxtlarımda bədii ədəbiyyatlar  oxuyuram.  Arzum isə təhsilimi ABŞ-da davam etdirməkdir.

 

Hə, dostlar, Aylanın özü haqda söylədiklərini biz sizinlə birlikdə dinlədik. Mənim üçün də, elə sizin üçün də maraqlı olacaq  bir etirafı da etdi  bu istedadlı qız  söhbətinin sonunda.  Dedi ki, qazandığı  nailiyyətlərlə  kifayətlənmir, daha möhtəşəm auditoriyaların alqışlarını  qazanmaq istəyir və bu arzularını gerçəkləşdirmək üçün səylə  çalışacaq.

 

Sifai SƏFƏROVA