Faiq Qarayev: “Məşqçi kimi qalmaq istəyirəm... bu da müəllimlikdir axı...”


Az sayda adamlar var ki, Azərbaycanı dünyada həm də onlara görə tanıyırlar. Yaxşı ki, az da olsa varımızdır belə insanlar.

Azərbaycan voleybolu deyəndə ağla və göz önünə gələn ilk simadır həmsöhbətim. Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti, Əməkdar məşqçi, “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunan  Faiq Qarayev. Söhbətə özü haqda qısa avtobioqrafik məlumatdan başlasaq da, çox uzaqlarda baş verənləri də xatırladı, hələ desəniz kövrək məqamlar da oldu. Bəzən buz kimi soyuq görünən adamlar umur ki, kimsə onlara elə o kövrək anı yaşatsın, o da danışıb anlatsın ki, hər buz təki görünənə buz demək olmaz. Beləliklə, “Məktəb illəri”ndə Faiq Qarayevi eşidək...

- 1958-ci il oktyabrın 15-də Ağstafada anadan olmuşam. Deyim ki, Ağstafada çox az yaşamışıq. Atamın işləri Bakı ilə bağlı olduğuna görə bura köçməli olduq. Anam Maştağa kəndində doğulub, yəni bakılı qızıdır. Qaldı atama, əsl kommunist idi. Bakıya gələndən sonra mənim Təhsil Nazirliyi ilə həmişə xoş münasibətlərim, işbirliyim olub. Xüsusən də özümün məktəb illərimdən başlayıb bu xoş münasibət. Bakı şəhərindəki 189 nömrəli məktəbdə oxuyurdum. Sonra iş elə gətirdi ki, orada bəzi söküntü işləri aparıldı. Bizə də ailə vəziyyətimizlə bağlı ev verildi. Valideynlərim məni indiki Nizami rayonu ərazisindəki 70 nömrəli məktəbə yazdırdı. İdman fəaliyyətinə də elə 70 nömrəli orta məktəbin şagirdi kimi başlamışam. Məktəbin çox güclü voleybol bölməsi var idi. Daha doğrusu, bu, bizim illərdə qayda idi, hər məktəbin xüsusi idman sinfi olurdu.

 

Atam voleybolla məşğul olmağıma qarşı idi...

 

Voleybolla ciddi məşğul olmağa başlamışdım. Atam buna qarşı idi. Çox çalışdı qarşımı alsın. Nəsə başqa tərəfə yönəltmək istəyirdi məni. Heç bir söz demədən məşqlərimi davam edirdim. Axırda bir dəfə dedi ki, “oğul, sənə icazə verirəm məşqlərə iki-üç dəfə get, amma sadəcə məşqə get. Hər gün getməyin səni dərslərdən uzaqlaşdırır”. Onun niyə belə dediyini bilirdim. Mənə görə narahat idi. Məsələn, hər gün idmana getdiyim üçün artıq musiqi dərslərindən imtina etmişdim.

Əvvəlcə rayon çempionu oldu məktəbimizin komandası. Sonra Bakı birinciliyinə çıxdıq. Orda da qalib olduq. Mənim uşaq sevincim yerə-göyə sığmırdı. Təsəvvür edin, 7-8-ci sinif şagirdi olan uşaq üçün Bakı çempionu olmaq nədir?!.. Nizami rayonu üzrə bizi demək olar ki, hamı tanıyırdı, barmaqla göstərirdilər. Qələbəmizin qarşılığında tanınan uşaqlar olmuşduq.

Əvvəllər tez-tez valideyn iclasları olurdu. Bəzən də müəyyən məsələlər üçün müəllimlər valideynləri məktəbə çağırırdı. Bir dəfə atamı da çağırdılar. Düzü, bərk qorxdum. Gedib qayıdandan sonra gördüm əhvalı yoxdur, onda lap qorxdum. Nüfuzlu partiya işçisi idi. Mənə görə söz eşitməsini istəmirdim. Bir az gözlədi, sonra qayıtdı ki, oğul, səndən heç yaxşı danışmadılar. Bu nə məsələdir belə axı?!.. Düzü, nəsə deyə bilmədim. Hiss elədim ki, qorxmaqdan çox, utandım. Özüm də bilirdim ki, idman dərslərimi “axsadır”. Dedi belə olmaz, hər şeyi qoyursan kənara, dərslərlə məşğul olursan. Bir kəlmə də cavab verə bilmədim. Pərt olmuşdum.

Atam mənə sözünü deyib çəkiləndən sonra susdum. Anam pərtliyimi anlamışdı. Mən də, qardaşım da anamla daha çox dərdləşirdik. Daha doğrusu, biz üçümüz dost idik. Atamıza deyə bilmədiyimiz, çəkindiyimiz hər şeyi anamla rahatca bölüşə bilirdik. Ona dedim ki, mən bilirəm idmana görə geriləmişəm. Doluxsunmuşdum deyə, o, dinməzcə mənlə razılaşdı. Bir gün atamı yenə məktəbə çağırdılar. Bu dəfə ikiqat qorxdum. Yarışlara görə məktəbə getməmişdim. Ən əsası, bir dəfə atamdan xəbərdarlıq var idi, indi cəza ala bilərdim. Bir də istəmirdim atam mənə söz desin. Bizim illərin uşaqlarının belə bir adəti vardı. Ata-ana bizə söz deyəndə günlərlə özümüzə gələ bilmirdik. Bu dəfə evə gələndə gördüm bir tort da alıb. Sevinə-sevinə anama sarı getdi və dedi ki, bəs biz də uşağı danlayırıq, sən demə bu oğlan qəhrəman imiş, tez çay hazırla. O gün sevincimin hədd-hüdudu yox idi. Həm dərslərimi düzəldə bilmişdim, həm də atam artıq idman nailiyyətlərimi görüb məşqlərimə mane olmayacağını bildirmişdi.

 

16 yaşımdan milli yığmadayam

 

Yaşıma görə həyatda qazandıqlarım böyük şeylər idi. Ona görə istəmirdim kimsə, ələlxüsus valideynlərim mənə görə utansın. Artıq 16 yaşında idim. Azərbaycan milli yığmasında oynayırdım. Bax, sizinlə oturduğumuz bu otağın aşağısı məşq zalıdır. Mənə bura çox əzizdir, doğmadır. Çünki ilk məşqlərimi burada keçmişəm. Eldar Dadaşov, Oqtay Ağayev, Səlim Ağayevlə birlikdə. Onlar milli yığmanın oyunçuları idi. Mən sizə 1974-75-ci illərdən danışıram.

 

Anam...

 

Bayaq sizə dedim ki, biz anamla dost olmuşuq. İndi baxıram bəzi analar övladlarla münasibətlərinə baryer qoyur. Bəzən lazımsız ciddilik müşahidə edirəm. Əslində, bizə qarşı da ciddiyyət olub, sərhədlərimizi bilmişik. Amma yenə də paralel olaraq dost olmuşuq. Bəlkə bu bir az da alın yazısı olub. Çünki biz anamızı çox erkən itirmişik. Ondan sonra çox çətin həyat yaşadım. Anamın ayaqları xəstə idi. Sadəcə, bunu çox danışmaq istəmirəm, əziyyətləri yadıma düşür, pis oluram. Onun üçün hamımız əlimizdən gələni edirdik ki, rahat olsun. Anamı itirəndə 27-28 yaşım var idi. “Gənclik” metrosu yaxınlığında iki otaqlı ev almışdım, təmir edirdim, deməmişdim ona, istəyirdim sürpriz olsun. Çox ağır həyat yaşamışdı. Bilirdim ki, evimin olması onu çox xoşbəxt edəcək, amma deyə bilmədim, təəssüf... O yaşasaydı, həyatımda hər şey başqa olacaqdı... Anam o zaman getdi ki, bizim həyatımızda ağır olan hər şey geridə qalmışdı. Onun belə gedişi məni çox ağrıtdı, hələ də ağrıdır.

 

Sinif uşaqları ilə görüş...

 

...Həyat təkcə ağrılardan ibarət deyil. Sinif yoldaşlarımla tez-tez görüşürəm. Bizim sinfin uşaqlarının hamısı elə bil seçmə oğlanlar, qızlar idi. Uşaqların hamısı əla oxuyanlar idi. İndi də aralarında ciddi mövqe tutan insanlar var. Hətta biri sizin həmkarınızdır - Qərənfil Xəlilova. Amma hamısının arasından daha çox mən seçilirdim, baxmayaraq ki, aralarında daha yaxşı oxuyanlar var idi. Onlarla bir idman fərqimiz olduğu üçün üstələyirdim bəzən hamısını. Səkkizinci sinfə qədər yaxşı oxumuşam. Ondan sonra idman dərslərdən ləngitdi məni. Hələ də görüşəndə zarafatla deyirlər ki, “hə, bilirik də, sən onda da seçilirdin, indi də seçilirsən”... Hamımız gülürük. Onda da gülürdük...

 

Musiqi məktəbləri zövq formalaşdırır...

 

Hər şeydən yorulanda yaxşı musiqi dinləyirəm. Bu da uşaqlıqdan gələn keyfiyyətdir. Yaxşı musiqini seçə bilirəm. İndi valideynlər uşaqları musiqi məktəblərinə yollamağa həvəsli deyil. Kökündən yanlış yanaşmadır. Uşaqlıqdan idmanla məşğul olmuşam, paralel olaraq da piano sinfinə qoymuşdular. Bu mənim musiqi zövqümə ciddi təsir göstərib. Zaman varsa istər oğlan, istər qız övladları musiqi məktəblərinə getsə yaxşıdır. Şərt o deyil ki, musiqiçi olsunlar. Şərt odur ki, yaxşı musiqini duya bilsinlər. Tərbiyəli musiqi zövqü başqa şeydir...

 

Bütün müəllimlərə minnətdaram...

 

İnsan həyatının müxtəlif mərhələlərində müəllimlərdən öyrəndiyi nələrdənsə faydalanır. Bu mənada müəllimlərimin hər birinə minnətdaram. Həyatda olanı da var, dünyasını dəyişəni də. Mənim hər biri qarşısında mənəvi borcum var. Bu yaxınlarda sinif rəhbərim Elmira müəllimin doğum günü idi. Görüşüb qeyd etdik. Mənim uşaqlıq, gənclik illərindən tanıdığım hər kəslə münasibətlərim bu gün də davam edir.  Kimsəni unutmaram. Çox sıx-sıx görüşürəm insanlarla. Uşaqlarla yığışanda onlarda müşahidə etdiyim qəribə bir şey var. Onlar hələ də elə uşaqlıqda olduğu kimi saf adamlardılar. Elə bil illər onları dəyişməyib. Bu, mənə çox xoş gəlir. O görüş gününün təəssüratından uzun müddət çıxa bilmirəm. Müəllimlərə gələndə, onlar insanların bünövrəsini qoyanlardırlar. Bünövrə nə qədər yaxşı qoyulsa, insan o qədər kamil olacaq.

 

İlk müəllimim...

 

Müəllimlərdən söz düşmüşkən, mənim voleybolda ilk müəllimlərimdən biri Yuri Qladkov olub. Yeni il günü ona zəng elədim. İndi Moskvada yaşayır. Yaşlı insandır. O qədər sevindi ki, inanmazsınız. Dedi nə yaxşı unutmamısan. Dedim unutmaram axı. Təsəvvür edin, yanvarın 13-də də o mənə zəng vurmuşdu. Yarızarafat dedi ki, mən də səni unutmuram. Yəni belə insanlarla ancaq qürur duymaq olur. Yaxşı ki, çevrəmdə bu adamlar var. Ötən dəfə onu Bakıya da dəvət etmişdim. Öz evimdə qonaq saxladım, qulluğunda şəxsən durdum. Bunun mənim üçün ayrı ləzzəti var.

QEYD: Haqqında fərqli fikirlər eşitdiyim adamdır Faiq Qarayev. Həm də bəzən qınayanlarına rast gəlirəm. Elə hey yaşlı adamlar var çevrəsində. Əslində, mənə görə bu, çevrəsində yaşlı adamlar saxlamaq deyil. Bu, bilirsinizmi nədir? Ənənəsi olmaq. Görək özü nə düşünür bu haqda...

- Əslində, mən qapalı adamam. Hər şey haqda danışmağı sevmirəm. İndi bəzi şeylər soruşursunuz, ona cavab verəndə də düşünürəm ki, görəsən, nədən hara qədər danışmalıyam?!.. Ənənəyə qalanda məncə, bu, ailə tərbiyəsidir. Məsələn, mən bu ənənələrim haqda danışmağı heç sevmirəm. Amma soruşursunuzsa gərək deyim. Bəzən mənə nəsil söhbətləri ilə bağlı irad tuturlar. Amma bir məqamı anlamırlar. İnsanların müxtəlif illərdə göstərdikləri xidmətlər var. O xidmətlər ahıl, yaşlı zamanlarında onların xərcləməli olduğu kapitaldır. Bu kapital bizim onlara diqqətimiz, qayğımızdan ibarətdir. İndi siz deyin, biz o adamlardan imtina etsək, dolayısıyla onların haqqına girmiş olmarıqmı? İllərlə qazandıqlarını tutub əllərindən almış sayılmarıqmı? Bunu eləmək olarmı? Təbii, olmaz! Çünki eləyəcəyin hər şey mütləq bir gün özünə qayıdacaq.

 

80-ci illərin əvvəlində voleybolu bitirdim...

 

Bu, mənim üçün çox ağır idi. O vaxt komandamız Ordu İdman Klubunda fəaliyyət göstərirdi. Mənə təklif etdilər ki, müqavilə imzalayım, həmişəlik ordu sıralarında qalmaq və bu komanda da oynamaq üçün. Evdən icazə vermədilər. Dedilər istəmirik hərbçi olasan. Mən də müqaviləni imzalamadım, voleyboldan ayrıldım. Özüm oynamasam da, bilirdim ki, həyatım voleybola bağlı olacaq. Gəldim o zamankı “Radiozavod”da bir komanda yaratdım. O vaxt İdman Komitəsində Fazil Quliyev vardı, məni çağırdı ki, gəl, bizim qadın komandasını Spartakiadaya hazırlaşdır. Çaşıb qaldım. Gəldim yenə ilk məşq zalıma. Onda Feliks Məmmədov əsas məşqçi idi. Ona köməkçi oldum. Sonra Azərbaycan voleybolunun bünövrəsini qoyanlardan Şamil Şamxalovla işlədim. Yəni məşqçiliyə belə başladım. Artıq 1985-ci ildən yığmada məşqçi kimi davam edirdim.

 

Qayıtmaq üçün getmək...

 

Axırıncı SSRİ kuboku Bakıda keçirildi. Gözəl nailiyyətlərimiz var idi. Hadisələrin qızğın dövrü idi. Siyasi durum getdikcə qarışırdı. Bizim yarışları ölkə rəhbərləri səviyyəsində razılaşdırıb keçirmək lazım idi. Amma alınmırdı. Mən belə olan halda kiməsə deyə bilmirdim ki, sən işini-gücünü at, idman problemləri ilə məşğul ol. Bəlkə də inanmayacaqsınız. Amma bizim elə yarışlar oldu ki, hakimlərimizi tankla gətirirdilər. Yəni alınmırdı, insanların həyatı təhlükə atına düşürdü. Təbii ki, nəsə fikirləşib yol tapmaq lazım idi. Bunları indiyə qədər danışmamışam. Amma baxıram ki, bəzi şeylərin tarixin arxivində qalması üçün indidən deyilməsi məsləhətdir.

 

Hadisələrin tam ortasında idim...

 

20 yanvar hadisələri haqda çox danışırlar, mən o gecə yaşadığımı da deyim sizə. Hadisələrin düz içində idim. Məşqlərimiz Əl Oyunları İdman Sarayında keçirilirdi, bu üzdən komandamız köhnə “İnturist” deyilən oteldə qalırdı. Detallarına varmayaq, anamın ölümündən sonra həmin ərəfədə sinir problemi yaşamışdım və müalicə alırdım. Baxdım ki, məşq bitib, komanda otele getdi, mən də növbəti seans üçün həkimə gəldim. Salyan kazarmasının yaxınlığına. Sürücü həmişə məni gözləyirdi. Seansdan çıxdım, gördüm nəinki sürücü, heç kim yoxdur. Düzü, məsuliyyətsizliyinə əsəbiləşdim sürücünün. Piyada yola düzəldim. Bir az getmişdim ki, bir maşın saxladı. Sürücünün elə vahiməli sifəti var idi ki, onda diksindim.  Təbii ki, məni o geyimdə və qaranlıqda tanımadı. Bir onu dedi, “Ay Allah evini tiksin, sən burda bu vaxt nə gəzirsən, qoşunlar şəhərə girir, qarşılarına çıxsan, səni öldürəcəklər”. Məndən tez maşına oturmamı istədi. Ağlıma ilk gələn bu oldu ki, qızlar oteldə təkdir. Sürücüyə özümü təqdim edəndən sonra izah etdim ki, otele getmək lazımdır. Milli Məclisin arxası ilə gələndə artıq Dövlət Televiziyasını götürüb yolu bağlamışdılar. Məni də, sürücünü də maşından düşürüb, həbs edildiyimizi bildirdilər. Qəzəblə üstümə gələndə, etiraz etdim. Özümü təqdim etdim, dayandı. SSRİ yığmasından məni o zaman tanıyırdılar. Sənədlərimizə baxıb buraxdılar bizi. Qarşıya da maşının nömrəsini verib, icazəli olduğumuzu söylədilər. Beləcə otelə çatdım. Qızlar elə durumda idilər ki, izah edə bilmirəm. Onları sakitləşdirib, otelin qabağına çıxanda gördüm ki, üzü yuxarı insanlar gedir. Qoşuldum onlara. Xeyli piyada şüarlar səsləndirə-səsləndirə getdik. Və birdən kimsə bərkdən “TANKLAAARRRR!” qışqırdı. O qədər vahiməli çığırtı idi ki, bu dəfə hamı geri qaçmağa başladı. Arxadan güllələr atılırdı bizə. İnana bilmirdin ki, belə qırğının düz ortasındasan. İnsanlar müdafiə olunmaq üçün yolboyu müxtəlif döngələrə dönürdülər. Piyada olan hərbçilər onların ardınca qaçıb atəş açırdılar. Məqsədim o idi ki, qaça-qaça otelə çatmalıyam. Dəhşətlisi o ola bilərdi ki, rus hərbçilər mənə qədər ora girərdilər. Ağlımda bircə bu var idi. Nə olur-olsun otelə çatmalıyam... Çatdım. Mənzərə çox dəhşətli idi. Pəncərəyə ilk güllə dəyəndə bircə o yadımda oldu ki, “yerə yatın” deyib komanda verdim. Həmin gecəni səhərə qədər qızlar “İnturist”in döşəməsində uzanıqlı, ağlaya-ağlaya qaldılar. Səhər qalxanda gördüyümüz mənzərə isə daha dəhşətli idi... 

 

Türkiyəyə yolçuluq...

 

Türkiyədə mənə həmişə yaxşı münasibət olub. Həmin ərəfədə situasiyanın belə ağır olduğunu görəndən sonra onları Bakıya dəvət etmişdim. Artıq anladım ki, qızların idman karyerasını xilas etmək lazımdır. Bu üzdən Türkiyədəki həmkarlarla danışdım. Dedilər hələlik böyük pullar vəd etmirik, amma gəlib yerləşib məşğul olsunlar. Qızları yerləşdirdim, xeyli arxayınladım. Mən də bir il işlədim, sonra döndüm Bakıya. Görüşlərim oldu, anladım ki, hələ heç nə alınmır. Yenidən Türkiyəyə döndüm. Komandanı orada hazırlayıb Bolqarıstanda keçirilən yarışlara qatıldıq. 1993-cü ildə həmin komanda ilə dünya çempionatına düşdüm. Artıq 1993-cü ildə Heydər Əliyev də Azərbaycana dönmüşdü. Onunla uzun illərdən sonra ilk görüşüm Ankarada oldu. Əslində, komanda ilə görüşməli idi. Sadəcə, qızlar gəlib çıxa bilmədilər. Mən bir küncdə gizlənmişdim. O qədər adam arasından məni gördü. Bərkdən çağırdı. Yaxınlaşdım. Hamıdan ayrılıb xüsusi görüşdü. Dedi ki, bilirəm əziyyət çəkmisən, mən də əziyyət çəkmişəm. İndi onu da bilirəm ki, uğurların var xeyli. Amma bu uğurları gəlib Azərbaycanda qazanmaq lazımdır. Siz ona görə getmisiniz ki, bir gün geri qayıtmaq üçün hazır olasınız. Heç nə demədim. Çünki o, lazım olanı demişdi. İllər sonra mənə bir zəng gəldi, onda İlham Əliyev Dövlət Neft Şirkətində vitse-prezident idi. Dedilər bəs o, səninlə görüşmək istəyir. Nə vaxt Bakıya gələ bilərsən? Düzü, onda yarışlarımız var idi. Üzrxahlıq edib dedim ki, üç ay sonra. Onlar zamanı və saatı mənə söylədilər. Düzü, gəldim, amma düşünmədim görüş baş tutacaq. Fikirləşirdim ola bilsin unudulub. Şirkətin qarşısında son dərəcə hörmətlə qarşıladılar. Görüş baş tutdu. Xeyli danışdıq. Sonda məndən soruşdu ki, indi sən qayıdırsanmı. Dedim mən artıq qayıtmışam. Beləcə, o gündən Bakıdayam. 

QEYD: Gözəl nəticələr, uğurlar oldu, amma yenə durğunluq var. Görəsən niyə?

- Həmişə uğurlu olmur işlər. Müəyyən mərhələdə problemlər yaşana bilər. Amma insanların xidmətlərini danmaq olmaz. Bu gün Azərbaycan voleybolunda xidməti olan insanlar var. Mən Ziya müəllimin, Cavid müəllimin də federasiyada prezidentlikləri dövründə xidmətlərini dana bilmərəm. Bizim yaxşı idmançılarımız da yetişir. Yenə ola bilər ki, o durğunluq dediyiniz bir keçid dövrüdür Azərbaycan voleybolu üçün. İndi işlər Cavid Qurbanovun və mənim boynumdadır. Amma biz də gedəcəyik, sadəcə, gələcək nəsil, adamlar üçün baza, ənənə qoyub gedəcəyik. Məsələn, davamçı məşqçilərimiz yetişir. Bayaq Şamil Şamxalovdan danışdım. Onun yanında mən formalaşmışdım, amma onun kimi yox. Ondan hələ də yoxdur. İndi məşqçi yetişməsi üçün mən özüm örnək olmalıyam. Məşqlərə zamanında getməliyəm, məsuliyyətli olmalıyam, heç nəyi peşəmdən əvvələ buraxmamalıyam. Bunu necə edirəm, hamı görür. Öyrənmək istəyən mütləq öyrənəcək. Məşqçilik həm də istedaddır. İstedadın və bacarığın, bir də məsuliyyətin varsa, mütləq alınacaq. Bu gün böyük ümidlərim olan məşqçilər var. İnanıram ki, Ziya, Vüqar, Famil, Fərid, Eldarda alınmalıdır. Bu, həm də sadaladığım adamların özündən asılıdır. Bu elə bir peşədir ki, gərək adamın ruhunda olsun. Mən xaricdən bura bahalı məşqçi gətirilməsinin həmişə əleyhinə olmuşam. Mənə həyatımda qazandığım ən böyük uğurları məşqçiliyim gətirib. Fəxri adı da, medalı da, populyarlığı da. Səmimiyyətimə inanın, vitse-prezidentliklə nəsə qazanmamışam. Mən səmimi deyim sizə, heç birinci vitse-prezident olmaq istəmirəm. İndi də ən böyük arzum elə məşqçi kimi qalıb, davam etməkdir. İdarəçilik mənim işim deyil. Bunu hər kəsə açıq deyirəm, çəkinmədən.  Kabinetdə həyat keçirmək istəmirəm. Mən məşqçi qalmaq istəyirəm. Bu da müəllimlikdir axı...

QEYD: Onu bir dəfə möhkəm kövrələn gördüm. Kimsə buna inanmazdı bəlkə də.

- İnsan itkisi mənə görə ən böyük itkidir. Saşa Çervyakov dünyasını dəyişəndə görmüsünüz məni, əminəm. O, təkcə məşqçi deyildi. Bizim lap uşaq yaşlarından həyatımız yanaşı keçib. İndi təsəvvür edin ki, 12 yaşından yanında olan bir adamı qəfildən ölüm səndən qoparır, ağır məsələdir. Mən onsuz tək nahar da etməmişəm bəlkə. Özümü saxlaya bilməli idim o ölən gün, amma bilmədim. Onu məşqçi kimi işə də mən götürmüşdüm. Bir-birimizin həyatında vacib yerlər tuturduq. Təəssüf, itirdik. Həm yaxşı bir insanı, həm də peşəkar məşqçini. Onun haqqında son sözü də mən dedim. İndi çətin özündən sonra elə adamın olsun ki, sənin haqqında söz deyə bilsin...

SON: Hamı gəlir də, gedir də. Bəlkə bütün problemlər aradan qaldırılır. Amma o iş heç zaman alınmır ki, orada mənəvi lider yoxdur. Həmsöhbətim sahəsində həmin o mənəvi liderdir. Bu üzdən özünün seçdiyi və israrla fəaliyyət göstərmək istədiyi sahədə bəzən problemlər yaşayır. Yəni peşəsi məşqçi olsa da, ara-sıra idarəçiyə çevrilir. Amma istənilən situasiyadan çıxırsa, demək ki, elə olduğu yerdə də lazımdır. Bu səbəbdən hamının hələlik yox, həmişə sizdən umduqları olacaq, Faiq müəllim. Bizə düşən sizə bu yolda bolluca səbr diləməkdir...  

 

Jalə MÜTƏLLİMOVA