Aynurə Aslanova:“Uşaqlar oy naya-oynaya öyrənirlər”


Abşeron rayon ümumtəhsil məktəblərində 117 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Bu qrupların əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını təmin etməkdir. Abşeron rayonunda məktəbəhazırlıq qruplarının necə təşkil olunduğunu, uşaqların bu qruplarda nələri öyrəndiklərini bilmək məqsədilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Aslanova ilə həmsöhbət olduq.

 

İlk məşğələmiz oktyabrın 2-də başlayıb. Həmin gün hamı həyəcanlı idi, mən də, valideynlər də, uşaqlar da. Heç kim uşaqların özlərini sinifdə necə aparacağını təxmin edə bilmirdi. Uşaqlardan bəziləri sinfə öyrəşə bilmirdilər, elə düşünürdülər ki, valideynləri onları burada qoyub gedəcək, bəziləri isə sözə baxmır, nadinclik edirdi. Ona görə, ilk həftələr bir az çətin oldu. Ancaq zaman keçdikcə uşaqlar buradakı mühitə, mənə, qrup yoldaşlarına, dərslərə, qaydalara alışdılar. İndi uşaqlar öz aralarında çox gözəl dostluq münasibətləri qurublar, fasilələrdə bir araya toplaşıb söhbət edirlər, bir-birlərinin qayğısına qalırlar.

 

Həftədə 4 gün olmaqla, hər gün 3 məşğələ keçirik, məşğələlər arasında 10 dəqiqəlik fasilə olur. Ancaq zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən sonra idman edirik. Uşaqlar musiqi sədaları altında həvəslə idman edirlər.

 

Məktəbəqədər dövrdə uşaqların hərəkətliliyi artır, onlarda məntiqi-mücərrəd təfəkkürün əsası qoyulur. Ona görə də şagirdlərin mənəviyyatının formalaşması, sosiallaşması üçün oyunlardan geniş istifadə edirik. Şagirdlər oyunlar vasitəsilə qaydalara əməl etməyi öyrənir, onların görmə itiliyi yaxşılaşır, göz yaddaşı inkişaf edir, daha çox söz yadda saxlayırlar. Oyun sırası onlar həm əylənir, həm də öyrənirlər. Həmçinin məşğələlərdə uşaqların motorikasının inkişafına da çox önəm verilir. Məsələn, uşaqlar təbiət hadisələrini, küləyin vıyıltısını təsvir edərkən əllərini yuxarı qaldırıb sağa, sola hərəkət etdirirlər, ildırım çaxır deyəndə əl çalırlar, yağış yağır deyəndə çırtma çalıb yağış damlalarının səsini çıxardırlar. Bunlar kiçik motorik hərəkətlərdir. Başqa oyunlarda heyvanların hərəkətlərini təqlid edirlər ki, bu zaman böyük motorika inkişaf edir.

 

Uşaqlarda dinləmə, başadüşmə, sadə riyazi təsəvvür inkişaf edir

 

Birinci sinfə gələrkən məktəbəqədər təhsilə cəlb olunmuş uşaqlar cəlb olunmayanlardan bir pillə öndə olurlar. Çünki onlar bu müddət ərzində məktəbə adaptasiya olur, qaydalara riayət etməyi öyrənir, hərfləri və rəqəmləri tanıyır, uşaqlarla daha asan ünsiyyət qura bilirlər. Məşğələlərdə uşaqlar ətraf mühitlə tanış olur, heyvanları, quşları, meyvə-tərəvəzləri, ayırır, obyektlər haqqında məlumat verir, gündəlik havada və ilin fəsillərində olan dəyişikliklərdə fərqli və oxşar cəhətləri müəyyən edir, qrup və kollektivlə işləməyi öyrənir, mədəni davranış və ünsiyyət qaydalarını mənimsəyirlər. Uşaqlar hər bir hadisəni “yaxşı-pis” nöqteyi-nəzərindən izah etməyi bacarırlar.   Uşaqlar rəsm çəkməyi və kağızdan fiqurlar düzəltməyi çox sevirlər. İlk günlər bir çox uşaqlar karandaşı əllərində normal tuta bilmirdilər, indi isə nəinki rəsmləri səliqəli şəkildə boyayır, hətta qayçı ilə kontur boyu düzgün fiqurlar kəsirlər.

 

Diqqət etdiyimiz məqamlardan biri də uşağın nitqidir

 

Məşğələlərin başladığı gündən bu günə kimi uşaqların danışığında hissolunacaq dərəcədə irəliləyiş var. Biz məşğələ sırasında müxtəlif nağılları səhnələşdiririk, uşaqlar nağıl qəhrəmanlarını canlandırmaqla onların xarakterik əlamətlərini nümayiş etdirilər. Bu zaman onların nitqi açılır, artıq utanmır, fikirlərini rahat ifadə edə bilirlər. Ümumiyyətlə, hər hansısa yeni mövzu keçəndə uşaqlar mövzu ətrafında sərbəst fikir irəli sürürlər. Bu, onlarda nitqin inkişafını tezləşdirir, onlar ətraf aləmdə baş verən hadisələrə müstəqil şəkildə münasibət bildirə bilirlər.

 

Uşağın istedadı məşğələ zamanı üzə çıxır

 

Uşaqların xasiyyəti bir-birindən fərqlənir, bəziləri aktiv, bəziləri şıltaq, bəziləri sözə baxandır. Məsələn, qrupumuzdakı qızlardan biri sorğu-sual zamanı adətən sakit olur, cavab verməyə çəkinir, ancaq uşaqlar arasında ən qəşəng rəsmləri o çəkir, rəngləri düzgün təyin edir və  bir-biri ilə düzgün uyğunlaşdırır. Başqa bir uşaq digər qrup yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik çəkir, ancaq nağılları səhnələşdirdiyimiz zaman hiss edirəm ki, onun artistik qabiliyyəti digərlərinə nisbətən daha yüksəkdir.

 

Valideynlər çox razıdırlar

 

Məktəbəhazırlıq qrupunun tədris proqramı, məşğələlərin gedişatı uşaqların yaş dövrünə tam uyğun, onları yormayacaq, əyləncəli şəkildə tərtib olunub. Bu yaş dövründə uşağın əlinə qələm verib yazı yazdırmaq onların barmaqlarını incidə bilər, ona görə də biz rəqəmləri də, hərfləri də uşaqlara şifahi şəkildə, oyunlar vasitəsilə öyrədirik. Bəzi valideynlər uşaqların artıq mağaza vitrinlərində yazılan sözləri və qiymətləri oxuya bildiklərini söyləyib çox sevinirlər.

 

Valideynlər övladlarında gördükləri dəyişik və inkişafdan çox razıdırlar, hələ növbəti tədris ili üçün qeydiyyat başlamayıb, artıq valideynlər məktəbə müraciət edir və uşaqlarını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyirlər.

 

Mən əminliklə deyə bilərəm ki, məktəbəhazırlıq qrupları uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir.

 

Aysel TAHİROVA,

Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi