Sevgin Rzayeva: “SABAH qrupu bizə əsl aktyor həyatı yaşatdı”


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupu Aktyor sənəti ixtisası 4-cü kurs tələbələri ilə tanışlığa başlayırıq. İlk müsahibimiz Sevgin Rzayevadır. Adı kimi maraqlı, mehriban xarakterə malikdir Sevgin. Simasında əsl Şərq qadını duruşu var. Bir də dərin, işıqlı baxışı. 1995-ci ilin 4 noyabrında Bakıda doğulub. Gerisini özü danışacaq.

 

- Sual verməsəniz də olar, nə danışacağımı bilirəm.

- Sevgin, barı müxbirliyimi əlimdən almayın.

- (Gülür) Yaxşı, anladım. Yəqin ki, elə uşaqlığımdan başlamalıyam, hə?

- Sualı özünüz verdiniz artıq, danışın. 

- Evin sonbeşiyiyəm. El arasında qazandibi də deyirlər belə uşaqlara. Ailənin ən sevimlisi də mənəm. Ərköyün, şıltaq böyümüşəm. Evdə sözümün üstünə söz deyilməyib. Amma bu xasiyyətim incəsənətdə çox işimə mane olduğuna görə cilalamağı bacardım. Sevinirəm ki, bunu mənə məhz incəsənət öyrədib.

Məktəb illərindən danışım. İki məktəbdə oxumuşam. Bu illərdə heç vaxt  müəllimlərim məndən şikayət etməyiblər. Amma məktəbdən sonrakı arzularım sizə qəribə görünər bəlkə. Danışım?

- Əlbəttə, maraqlıdır.

- Həmişə hüquqşünas olmağı arzulayırdım. İnadkar, qətiyyətli xarakterim var. Hətta arzuladığım fakültəyə də qəbul olundum. Naxçıvan Dövlət Univeritetinə. Sadəcə bəzi səbəblərdən oxuya bilmədim. Növbəti il sənəd verəndə qərarımın dəyişməyindən ailəmin xəbəri olmadı. Onlar elə bilirdilər ki, müəllimlik peşəsini seçəcəm. Amma sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırladım. Əslində, ailəm buna hazır idi. Nədənsə elə uşaqlıqdan məni incəsənət adamı kimi görmək istəyirdilər. Bacım Tibb Universitetini bitirib. Yalnız o təkid edirdi ki, mən də bu sahəni seçim. Amma dünyagörüşümüz, zövqlərimiz tamam fərqlidir. Təbii ki, tibb sahəsinə getmək ağlımın ucundan belə keçməzdi.

Amma sizə deyim ki, uşaqlıqdan elə məktəbdə səsimə görə seçilirdim. Tədbirlərə qatılırdım. Hətta bir dəfə gitarada “Cənab leytenant” mahnısını da ifa etmişəm. Deməli, harda qalmışdım.

- Gizlin sənəd hazırlığında.

- Hə, universitetə qabiliyyət imtahanına gələndə evdə heç kəsə demədim. Dəqiq yadımdadır həmin gün. Girmişəm otağa, pis çıxmasın, oradakı uşaqları görüb özümü qurbanlıq qoyun kimi hiss etdim. Baxıram, hamı təlaşlı. Üzlərindən həyəcan yağır. Deyirəm, görəsən, kim keçib içəri, kimə nə sual veriblər. Özü də o zamanlar indikindən daha toppuş idim. Baxmayaraq ki, heç vaxt köklüyümə görə kompleks yaşamamışam, amma niyəsə həmin vaxt bir anlıq özgüvənim sarsıldı (gülür).

Növbəm çatdı. İçəri dəvət etdilər. Xalq Artisti Cənnət Səlimovanı görəndə dilim-dodağım qurudu. İndiki kurs rəhbərimiz Nofəl müəllim də orda idi. Nə hazırladığımı soruşdular. Şeir, mahnı, monoloq. Boxçada nə var göstər, dedilər. Amma ürəyimdən keçən mahnı oxumaq idi.

- Yəni, səsinizə bu qədər güvənirsiniz? Bir anlıq mənə elə gəldi, oxusanız, hind əsilli amerikan müğənni Nora Cons (Norah Jones) stilində bir mahnı ifa edərsiniz.

- Kaş elə olardı. (Gülür) Sizə maraqlı bir xatirəmi danışım. Deməli, uşaqlıqda ən çox sevdiyim müğənni İlhamə Quliyeva idi. “Dezodorant” qutusunu götürüb güzgünün qarışısında saatlarla onun kimi oxuyurdum. Evdə hamı səsimdən bezmişdi.

- Bəs, münsiflərin qarışısında hansı mahnını oxudunuz?

- Əvvəlcə məndən  indiyədək teatra tamaşaçı kimi gedib getmədiyimi soruşdular. Yalan danışa bilməzdim. Bu vaxtadək yalnız Dövlət Kukla Teatrında olmuşdum. Cənnət xanım bir az istehza ilə “bəs, sən necə aktyor, rejissor olmaq istəyirsən”-dedi. Mən də əminliklə “bəli, aktyor olmaq istəyirəm, bəlkə elə həyatım dəyişəcək, indən belə həmişə teatra getməli olacağam” - cavabını verdim. Xoşlarına gəldi sözüm. Bir neçə mahnı oxudum. Sonra şeirə keçəndə Nofəl müəllim mizan verdi mənə. Təsəvvür edin, qapıda yaşlı kişi dayanıb. Bəlkə də babam yaşında olardı. Mənə dedi ki, sevgi şeirini ona baxıb söyləməlisən. Əlbəttə, tapşırığa əməl etməyə bilməzdim. Məqsədim vardı axı. Amma yenə də Cənnət xanımın razılığını ala bilmirdilər. Məndən aktrisa olmayacağını deyirdi. Nofəl müəllimin təkidi ilə nəhayət, imtahandan keçdim. Həyatın işinə baxın, indi mən Cənnət Səlimovanın quruluş verdiyi “Ezop” tamaşasında baş qadın obrazını oynayıram. Onun kimi sənətkarın oynumu bəyəndiyini deməsi, mənim üçün böyük fəxrdir.

- Əsas məsələyə gələk. Fikrim ailənin yanında qalıb. Qəbul xəbərini necə dediniz? Valideynlərinizin reaksiyasını təsəvvür edirəm.

- (Gülür) Bilirəm nə düşünürsünüz. Amma düşündüyümün tam əksi oldu. İmtahandan keçəndən sonra anama zəng etdim. Anam təəccüblənsə də, çox sevindi. Axır ki, niyyətinə çatmısan dedi.

- Nə oldu, universitetlə bağlı gözləntiləriniz özünü doğrultdumu?  İxtisas dəyişməyinizə peşman deyilsiniz?

- Ümumiyyətlə, nəinki mən, bütün qrup yoldaşlarım düşünürdü ki, elə ilk gündən tamaşa hazırlığı olacaq, televiziyaya çıxacağıq, müsahibələr verəcəyik. Bir sözlə, özümüzü artıq məşhur adam hesab edirdik. Təbii ki, tələbə kimi ən uğurlu şansımız həm də SABAH qrupuna seçilməyimiz oldu. Məhz bu qrupdakı fərqli tədris metodikası sayəsində biz əsl aktyor həyatı yaşadıq. Peşəkar teatr heyəti kimi biz də bölgələrimizə səfərlər etdik, tamaşalar oynadıq. Elə bu gün televiziyaların bizi verilişlərə dəvət etməsi, Təhsil TV-nin, “Azərbaycan müəllimi” qəzetinin bizdən müsahibə alması gördüyümüz işlərin nəticəsidir. Deməli, tələbə kimi bacarığımızı az da olsa göstərə bilmişik.

- Sizə verilən rollar ürəyinizcə olub?

- İndi deyəcəyim sözlər təkəbbür kimi görünməsin sizə. Bayaq da qeyd etdim, çox prinsipial insanam. Düzdür, düşünürəm ki, aktyor ona tapşırılan hər rolu oynamalıdır. Amma mən özümü həmişə əsas obrazlarda görürəm. Ona görə də rol bölgüsü olanda hətta mübahisə yaransa da, öz istədiyim obrazı oynamışam. Ola bilər, sənətdə bu inadkarlığım gələcəkdə mənə problem yaradar. Ancaq nə etmək olar, dəyişə bilmirəm (gülür).

- Gələcək. Çox maraqlı və ümidli dediniz bu sözü. O zamanda özünüzü harda görürsünüz?

- Hələlik Almaniyada magistr təhsili almaq niyyətindəyəm. Əlbəttə, işini tam professional yerinə yetirən aktrisa kimi Azərbaycanın, hətta Türkiyənin ən peşəkar teatr səhnələrində özümü görə bilirəm.

 

Gülnarə İLHAM