ADPU-da bu adda keçirilmiş esse müsabiqəsinin qaliblərinə sertifikatlar verilib


Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqdə ilk demokratik respublika” adlı esse müsabiqəsinin qaliblərinə sertifikatların  və hədiyyələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Məlumat üçün bildirək ki, bu esse müsabiqəsi ADPU-nun Heydər Əliyev Mərkəzinin layihəsi əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU Bölməsinin və Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə keçirilib.

 

ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi, layihənin rəhbəri Sahilə Nəcəfova  bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, onları tariximizi dərindən öyrənməyə sövq etmək olub. Müsabiqəyə təqdim olunan esselerin qiymətləndirilməsi məqsədilə filologiya fakültəsinin professor-müəllimlərindən ibarət komissiya yaradılıb.

 

Esse komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva müsabiqənin keçirilmə qaydaları barədə məlumat verib. Qeyd edib ki, müsabiqədə tələbələrin yaradıcılığı əsas meyar kimi qəbul edilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov  bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimiz və ictimai-siyasi fikir tariximizdə mühüm yer tutur. AXC qısa müddət ərzində böyük işlər həyata keçirib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Rektor esse müsabiqəsinin keçirilməsini təqdirəlayiq sayıb. Qeyd edib ki, belə müsabiqələr tələbələrin yaradıcılıq istedadlarının aşkar edilməsinə və yazılı nitq mədəniyyətlərinin inkişaf etməsinə müsbət təsir göstərir.

 

Esse müsabiqəsində I yerə riyaziyyat və informatika fakültəsinin I tədris ilinin 101-ci qrup tələbəsi Aysel Soltanova, II yerə filologiya fakültəsinin III tədris ilinin 305-ci qrup tələbəsi Firuzə Həsənova, III yerə isə ibtidai təhsil fakültəsinin III tədris ilinin 304-cü qrup tələbəsi Aliyə Soltanova layiq görülüblər.

 

Sonda esse müsabiqəsinin qalibi olan tələbə-gənclərə sertifikatlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.