Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirmə tədbirləri keçirilir.

 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Zərərli vərdişlərə yox deyək!”, “Narkotiklərə yox!”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.

 

Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Respublika Narkoloji Mərkəzinin təmsilçiləri, şagirdlər, müəllimlər, valideynlər iştirak edirlər.

 

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilər arasında narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

 

Tədbirdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilir.

 

Tədbirlərdə çıxış edənlər narkomaniyanın cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə çox böyük ziyan vurması və onun qarşısının alınması uğrunda hər kəsin mümkün olan bütün vasitələrdən istifadə edərək xilas olması barədə geniş məlumatlar verirlər.

 

Həmçinin, müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır, müzakirələr aparılır. 

 

Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.