N.Əliyeva beynəlxalq mükafata Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərinə görə layiq görülüb


Mayın 31-də Bakı Slavyan Universitetində Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mahmud Kaşqari medalının təqdimat mərasimi olub. Qeyd edək ki, M.Kaşqari medalı ümumtürk mədəniyyətinə, ədəbiyyatına  xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu prezidenti Süleman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medal Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib.

 

Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, şair  Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək rəhbəri olduğu qurumun mahiyyəti, funksiyası  və vəzifələri barədə məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Uiversitetinin rektoru, professor Nurlana Əliyevanın  fəaliyyətinin çoxtərəfli olmasına diqqəti çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib.

 

BSU-nun rektoru, professor N.Əliyeva Mahmud Kaşqari adına Beynəlxalq Fondunun rəhbərliyinə minnətdarliq bildirməklə yanaşi, bu mükafatin onun üzərinə böyük məsuliyyət qoyduğunu nəzərə çatdırıb. Deyib ki, bundan sonra ikiqat əzmlə çalışmalı olacaq.

 

Qeyd edək ki, bu il mükafata layiq görülənlər sırasında AMEA-nın Humanitar Elmlər Bölməsinin rəhbəri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik T.Kərimli və Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov da var.