"Bizdə problem var və onu ciddi olaraq qəbul etmək lazımdır”


Nobel Fondu bu  nüfuzlu mükafatın laureatları arasında qadınların sayının artırılması haqqında təklifləri ciddi surətdə nəzərdən keçirir. Fond bu mövzuya  hətta Stokholmda ayrıca görüş həsr edib.  Bu haqda İsveçin "TT" agentliyi məlumat yayıb. "Biz qaliblər  arasında daha çox qadının olması üçün  Nobel mükafatlarının verilməsi  sistemini necə təkmilləşdirmək barədə bir neçə təklif müzakirə etdik",  - deyə Nobel Fondunun İdarə Heyətinin sədri Karl-Henrik Xeldi agentliyə bildirib.  Onun sözlərinə görə, mümkün variantlardan biri nominantlar kimi daha çox sayda qadınların namizədliyinin irəli sürülməsi ola bilər. 
Mükafatın verilməsinin bütün tarixi ərzində 892 nəfər onun fəxri sahibi olub. Qaliblər arasında isə cəmi 48 qadın olub və bu, ümumi sayın 5,4% -ni təşkil edir.  "Bizdə problem var və onu ciddi olaraq qəbul etmək lazımdır, biz qadınların sıxışdırılmış vəziyyətdə olmadığına təminat vermək üçün  mümkün olan bütün  təşəbbüsləri göstərməliyik".
Nobel fondunun başçısı qeyd edib ki, hələlik müzakirə olunan  təkliflərlə bağlı qərar qəbul olunmayıb.  Fonda daxil olmuş təşəbbüslərin sonrakı müzakirələri  laureatları seçən Nobel komitəsində davam etdiriləcək. 
Qeyd edək ki, hər il çox mühüm elmi tədqiqatlara, inqilabi ixtiralara, mədəniyyətə və ya cəmiyyətin inkişafına böyük töhfəyə görə təqdim olunan Nobel mükafatı  ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. O, 1901-ci ildən başlayaraq  beş sahə üzrə - ədəbiyyat, fizika, kimya, fiziologiyaya və ya tibb, həmçinin sülh üzrə görkəmli nailiyyətlərə verilir. 1969-cu ildən isə İsveç Milli Bankının təşəbbüsü ilə Alfred Nobelin adını daşıyan iqtisadiyyat üzrə mükafat  təsis olunub.
 
Oruc MUSTAFAYEV