Qərbi Kaspi Universiteti yeni imtahan modelləri tətbiq edir


Qərbi Kaspi Universitetində yay imtahan sessiyası başlayıb. Universitetdən verilən məlumata görə, son imtahan sessiyalarında olduğu kimi bu dəfə də fərqli imtahan modelləri sınaqdan çıxarılır.

 

Belə ki, mövcud imtahan formaları ilə (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar) yanaşı, yeni imtahan modelləri tətbiq edilir. Bu modellər “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi imtahan üsullarıdır.

 

Yeniliklərdən biri də budur ki, tələbələr imtahan formasını özləri seçmək hüququna malikdirlər.

 

Bu imtahan modelləri tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

 

“Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər. Bununla belə suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.

 

“Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.

 

Əlavə edək ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar, konsultasiya saatları və iki təkrar imtahan təşkil olunur.