Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinnin yuxarı sinif şagirdləri üçün kimya fənnindən olimpiada təşkil edilib.

Universitetdən verilən məlumata görə,  olimpiadanın keçirilməsində məqsəd məktəblilərin kimya fənninə marağını artırmaq, gələcəkdə ixtisas seçiminə onlara kömək göstərməkdir.

Olimpiadaya qatılan şagirdlər və onlaı müşayiət edən müəllim və  valideynlər öncə  universitetinin kimya fakültəsində yaradılan tədris mühiti, fənn kabinetləri və laboratoriyalarla  tanış olublar. Məktəblilərə son illərdə GDU-nun kimyaçı alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələr haqqında ətraflı məlumat verilib. Onlara gələcəkdə olimpiadada yüksək nəticə göstərən şagirdlərin  universitet alimlərinin rəhbərliyi ilə müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri deyilib.

Sonra şagirdlər kimya üzrə biliklərini yoxlamaq üçün olimpiadaya qoşulublar.

Universitetin kimya fakültəsində keçirilən olimpiadada Gəncə şəhərinin, Göygöl və Samux rayonlarının ümumi təhsil məktəblərindən 400-dən artıq şagird iştirak edib.

Məktəblilərin biliyinin test üsulu ilə müəyyənləşdirildiyi olimpiada üçün suallar GDU-nun kimya kafedrasının professor-müəllim heyəti tərəfindən hazırlanıb. Olimpiadanın testləri hər birində 25 sual olmaqla 4 variantda, 2 blokda tərtib edilib. 7-9-cu sinif şagirdləri üçün tərtib edilən 1-ci bloka qeyri-üzvi kimya, 10-11-ci sinif şagirdləri üçün hazırlanan ikinci bloka isə üzvi kimyaya  aid suallar daxil edilib.

Bildirilib ki, bu cür olimpiadaların gələcəkdə həm digər elm sahələri, həm də bütün ixtisas qrupları üzrə keçirilməsi nəzərdə tutulur.

 Qeyd edək ki, olimpiadanın nəticələri və qaliblər yaxın günlərdə elan ediləcək.

    Yusif Əliyev