2017-2018-ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar son 3 ildə Masallı təhsilində xeyli inkişaf müşahidə olunur.

 

Belə ki, əgər 2016-2017-ci tədris ilində Respublika fənn olimpiadasında şagirdimiz bir medal qazanmışdısa, 2017-2018-ci il tədris ilində isə 2 şagirdimiz - Qəriblər kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Məmmədəli Məmmədov fizika, Qızılağac kənd 1 nömrəli  tam orta məktəbin 9-cu sinif şagirdi  Toğrul Səfərli coğrafiya fənləri üzrə 3-cü yerə çıxmışlar.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş   “Ən yaxşı təqdimat” respublika müsabiqəsində B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi İqrar Feyzullayev  II yerə layiq görülmüşdür.   

 

“Təhsilin inkişafı və innovasiyalar” üzrə  II qrant layihədə iştirakımız qənaətbəxşdir. Belə ki, Təzəkənd  kənd tam orta məktəbinin riyaziyyat müəllimi Peyman Nemətov “XI siniflərin abituriyentlərinin peşəyönümlü yay məktəbi”, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva “Qızlarımız təhsildə”,  Türkoba kənd tam orta məktəbinin fizika müəllimi Şəhriyar Məmmədov “Harda internet varsa, orada  elektron dərslik də var” mövzuları üzrə qrant layihənin qalibləri olmuşlar.

 

Orta məktəblərin 7-ci sinif şagirdləri arasında keçirilən “Coca-Cola Məktəbli Kuboku”nun Respublika final yarışında Ərkivan qəsəbə 4 nömrəli məktəbin komandası 3-cü yerə layiq görülüb.

 

“Keyfiyyət ili” ilə bağlı rayon müəllimləri Təhsil Nazirliynin təşkil etdiyi pedaqoji mühazirələrdə uğurla çıxış etmişlər. Miyənkü kənd tam orta məktəbinin direktoru  Xudaqulu Tahirov “Təhsilin keyfiyyətli idarə olunması istiqamətində məktəbdaxili nəzarət”, Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbuba Şahbazova “Azərbaycan dili fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi” və Hişkədərə kənd tam orta məktəbinin riyaziyyat müəllimi  Afət İmanova “Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi” mövzularında yazdıqları pedaqoji mühazirələr yüksək səviyyədə qəbul edilmiş və respublika final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

 

Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məmmədbağır Əmənov Rusiyanın Azərbaycandakı səfirliyi və Təhsil Nazirliyinin birğə keçirdiyi X Respublika Rus dili və ədəbiyyatı Olimpiadasınin final mərhələsində I yerə layiq görülmüşdür.

 

Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Arzu Əliyeva “Ədəbiyyat  biliciləri” Respublika müsabiqəsinin final mərhələsində uğurla iştirak etmiş və fəxri pilləyə yüksəlmişdir.

 

Ümumilikdə ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərdən 101 nəfəri 500-700 arası bal toplamışdır.

 

Bəybala XƏLİLOV,

Masallı Rayon Təhsil Şöbəsinin metodkabinet  müdiri