Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin fevral ayında anadan olmuş şəhid məzunlarının anım günü keçirilib.

Tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov, şəhidlərin valideyinləri, qohumları, müəllimlər və tələbələr  iştirak ediblər.

Şəhid məzunların xatirəsini əbədiləşdirmək üçün universitetdə yaradılan abidə kompleksinin önünə gül dəstələri düzülüb, Vətən uğrunda canını qurban verən igidlərin ruhları qarşısında ehtiram bildirilib.

AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam edən anım tədbirində prorektor İsa Xəlilov çıxış edərək bildirib ki, birinci Qarabağ döyüşlərində, həmçinin, ondan sonrakı dövrlərdə sabitliyin bərpa olunması və Azərbaycanın müstəqilliyinə qarşı müxtəlif qəsdlərin qarşısının alınması uğrunda  və xüsusən də 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə AzTU-nun yüzlərlə məzunu şəhid olub. Prorektor qeyd edib ki, şəhidlərin yad edilməsini, təbliğ olunmasını özünə müqəddəs borc bilən AzTU-nun rəhbərliyi bir ənənə olaraq universitetdə onların ad günlərini təşkil edir. Bu ay universitetimizin tələbəsi olmuş 3 şəhidin - Əliyev Elşad Hacıbaba oğlu, Mirzəyev Elvin Azadxan oğlu və Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlunun ad günü olduğunu bildirən İsa Xəlilov deyib ki, Vətənin müdafiəsi üçün canından keçən bu igidlər Azərbaycan xalqının, o cümlədən AzTU-nun müəllimlərinin, tələbələrinin yaddaşlarında daim yaşayacaqlar.

Daha sonra şəhid Əliyev Elşad Hacıbaba oğlunun anası Flora Əliyeva, şəhid Axundov Əbdülməcid Nadirşah oğlunun anası Ceyran Axundova çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüblər.

AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyinin təsisçisi Zöhrə Məmmədova tədbirdə iştirak edən şəhid analarına təşəkkürünü bildirib.

 

Yusif ƏLİYEV