Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.

Ali məktəbdən verilən məlumata görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayaz Səmədli özünün “Alqoritmik düşüncənin inkişafı” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib.

     Layihənin BANM-ın konfrans zalında baş tutan yekun mərhələsində Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri Abbas Əlili və Süleyman Süleymanzadə və tələbələr iştirak ediblər. 

      Tədbirdə layihə rəhbəri Ayaz Səmədli bildirib ki, on təlimdən ibarət olan layihə 11 dekabrdan reallaşdırılmağa başlanıb. Layihədə iştirak müsabiqə yolu ilə keçirilib və seçimdə qalib gələn ilk 28 nəfər bu hüququ qazanıb. Təlimlərdə ölkənin altı aparıcı universitetindən olan tələbələr və akademik Zərifə Əliyeva adına liseyin şagirdləri iştirak ediblər. Layihə iştirakçıları təlimlər müddətində alqoritmlər və data strukturlar haqda geniş məlumat əldə edib, öyrəndikləri nəzəri bilikləri praktik olaraq avtomatik kod qiymətləndirmə sistemi olan e-olymp.com saytı üzərindən tətbiq ediblər. Onlar alqoritmlərin vacibliyi və tətbiq sahələrini mənimsəyib və gələcəkdə öyrəndikləri bilikləri daha da möhkəmləndirmək üçün istiqamətləndiriliblər. Təlimin sonunda iştirakçıların öyrəndikləri bilikləri tətbiq etməsi və özlərini yoxlaması üçün xüsusi yarış keçirilib.

     Sonda BANM-ın müəllimləri tələbələrə uğurlar arzulayıb və məsləhətlər veriblər. İştirakçılar isə layihə haqqında fikirlərini bildirib və burada öyrəndiklərindən necə, hansı istiqamətdə istifadə edəcəkləri haqda danışıblar.          

       Təlimlərdə uğurla iştirak edən gənclərə sertifikatlar, yarışın qaliblərinə isə hədiyyələr təqdim olunub.

 

     Yusif Əliyev