Tədbirdən öncə “Azərbaycan müstəqillik və inkişaf yollarında” adlı guşə açılıb


Bakı Mühəndislik Universitetində 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə universitetin müəllim–tələbə heyəti ilə yanaşı millət vəkili, akademik Ziyad Səmədzadə və YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev iştirak ediblər. Tədbirdən öncə universitetin foyesində  ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətlərinə həsr olunmuş    “Azərbaycan müstəqillik və inkişaf yollarında” adlı guşənin açılışı olub.

 

Tədbirdə müstəqilliyimizin ilk vaxtlarında baş verən hadisələrdən, ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə 15 iyunda hakimiyyətə gəlməsindən sonra ölkəmizdə cərəyan edən dəyişikliklərdən bəhs edən sənədli film nümayiş olunub.

 

Universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da 1993-cü ilin ilk vaxtları  müstəqilliyimizin ən ağır dövrü olub. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi daxil oldu.

 

Bu gün də  Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

 

Rektor bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

 

Millət vəkili, akademik Ziyad Səmədzadə həmin dövrdə baş verən hadisələrin canlı şahidi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik 15 iyun - Milli Qurtuluş Günündən sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iştirak etdiyi beynəlxalq layihələr  və qloballaşma prosesinə Azərbaycanın öz standartları ilə qoşulmasından danışıb.

 

BMU YAP Gənclər birliyinin sədri Talifə İsgəndərli ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən söz açıb. Qeyd edib ki, bu gün də bu siyasət uğurla davam edir.

 

Tədbirin sonunda YAP sıralarına daxil olan müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilib.