Məktəblilərə ixtisas seçimində və gələcək karyeralarını müəyyənləşdirməkdə dəstək


İyunun 12-də “Məktəblinin dostu” layihəsi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin əməkdaşlığı çərçivəsində keçirilən “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin növbəti mərhələsi olaraq məktəb şagirdləri üçün müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edilib.

 

Həm yerli, həm də xarici şirkətlərin iştirakı ilə həyata keçirilən tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Məktəblinin dostu” layihəsi əsas tərəfdaşlar olaraq çıxış edib. Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərməkdir. Burada  şagirdlər aktiv şəkildə müxtəlif özəl və dövlət qurumlarında çalışan əməkdaşlarla görüşüb, onları hər hansı peşə ilə bağlı maraqlandıran  suallara cavab tapa bilirlər.  Qeyd edək ki, tədbirdə şagirdlər öncədən seçdikləri məzmunlara uyğun iş adamları ilə görüş şansı əldə edirlər. Bu isə o deməkdir ki,  hansısa bir şagird maliyyə və turizm sahəsi ilə maraqlanırsa, artıq o həmin sahənin mütəxəssisi ilə “dəyirmi masa” ətrafında görüşür, arzuladığı iş və sahə ilə bağlı marağı olan suallara cavab tapır, gələcəkdə bu sahəyə yiyələnməyin mərhələlərini  öyrənir.

 

“Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin növbəti mərhələsi olaraq şagirdlərin peşəkarlarla görüşünü yüksək dəyərləndirən  “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev bildirib ki, nəzdimizdə  Psixoloji Mərkəz peşə seçimi və karyera planlaşdırması fəaliyyət göstərir. Bu əməkdaşlıq qeyd olunan istiqamətdə müəyyənləşdirdiyimiz hədəflərə çatmaq üçün olan gedişata öz xüsusi töhfəsini verir: “Artıq bu ilin fevral ayından bizim əməkdaşlıq üçün görüşümüz keçirildi və proqramın mərhələləri müəyyənləşdirildi. İlkin etap olaraq təlimçilərin təlimləndirilməsi baş tutdu, belə ki, “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbdən 32 nəfər əməkdaş 15-16 mart tarixlərində keçirilən təlim sessiyalarına cəlb olundu. Proqramın davamı olaraq 15 məktəbdə paralel zamanda “Məqsədli Karyera” təlim sessiyalarına start verildi. 7 sessiyadan ibarət olan təlim mərhələsində şagirdlər iş və karyera arasındakı fərqi, şəxsi bilik və bacarıqlarının, eləcə də onlara məxsus dəyərlərin müvafiq karyera sahələri ilə uyğunluğunu müəyyənləşdirmə imkanı əldə etdilər. Ümumilikdə, ixtisas, peşə seçimi yolunda hansı addımların vacibliyi barəsində məlumat əldə etmiş oldular.  Təlimlərə 400 nəfər  şagird cəlb edildi, bu gün isə professional mühitdə 130 nəfərə yaxın şagird iştirak edir ki, bu, artıq özü uğurdur”.

 

Ümumiyyətlə, şagirdlərin əmək bazarında mövcud olan karyera və yeni iş imkanlarını daha yaxşı dərk etmələri üçün bu cür peşəkarlarla biznesyönümlü görüşlərin təşkilini təqdirəlayiq hal kimi qiymətləndirən Rüstəm Ağayev  şagirdləri fəal olmağa və bu cür imkanı səmərəli şəkildə dəyərləndirməyə dəvət etdi.

 

Tədbirdə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin icraçı direktoru Sevinc Məmmədova, Şevron Xəzər şirkətinin direktoru Bəxtiyar Axundov və Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov layihənin önəmi barəsində təhlillərlə çıxış ediblər.

 

Daha sonra Silab İnnovasiya Laboratoriyası Bakı Mərkəzinin qurucusu Cəsur Həsənov və PMD qrupunun nümayəndəsi Nərmin Rəhimli iş fəaliyyəti barəsində təqdimatlar edib.

 

“World cafe” formatında təşkil olunmuş tədbirdə fərqli peşə sahələrindən olan peşəkarlarla görüş müasir əmək bazarının müxtəlif sahələr üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirməyə imkan yaradıb. Tədbirdə Şevron Xəzər, Paşa Bank, Paşa Sığorta, PMD Grup, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi, Azercell və Deloitte kimi şirkət əməkdaşları 15 ümumtəhsil müəssisəsindən seçilmiş 130 nəfər şagirdlə fikir mübadiləsi aparıb. Şagirdlər hər sahə üçün ayrılmış masalara yaxınlaşaraq mütəxəssislərə onları maraqlandıran sualları ünvanlayıb müzakirə etmək şansı  əldə  ediblər.  Tədbirdə rəsmi tərəfdaş qurumların nümayəndələri və məktəblərdə təlimləri icra edən “Məktəblinin dostları” iştirak edib.

 

Qeyd etmək lazımdır ki, layihənin ilkin mərhələsində “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 15 ümumtəhsil müəssisəsindən 400 şagird “Məqsədli Karyera” təlim proqramında iştirak edib, bacarıq və maraqlarının müxtəlif karyera sahələri ilə uyğunluğunu müəyyən etmə imkanından faydalanıblar.

 

Tədbir şagirdlərə sertifikatların təqdim olunması mərasimi ilə başa çatıb.

 

Rəşad ZİYADOV