Bakıdakı 61 və 242 nömrəli məktəblərdə “Son zəng”


İyunun 14-də ölkənin bütün tam orta məktəblərində düzənlənən “Son zəng” tədbiri paytaxtın 61 və 242 nömrəli tam orta məktəbində də qeyd olunub.

 

61 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, valideynlər  və KİV əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Zemfira Şıxəliyeva açaraq rəhbərlik etdiyi təhsil müəssisəsinin uğurları barədə məlumat verib. Builki məzunların 50 nəfər olduğunu bildirən Z.Şıxəliyeva, həm də qəbul imtahanlarının I mərhəsində  yüksək bal toplayan şagirdlərin adlarını vurğulayıb.

 

Nizami Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Bəhman Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Səidə Əsədova məzunları və onların valideynlərini təbrik ediblər.

 

Valideynlərdən Aygün Bayramlı və Elyanə Qəmbərova uşaqlarının oxuduqları məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə olmasından razılıq ediblər.

 

Məzunlardan Nəzrin Bayramlı, Gülnaz Abbasova, Həşim Qaraşlı və Aydın Məmmədov öz müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Sonra məzunları təbrik etməyə gələn məktəblilər rəqs edib, mahnı oxuyublar.

 

Eyni zamanda I"a" sinif şagirdi Tunar Bağırzadə Bakı şəhərində idmanın gimnastika növü üzrə I yer tutduğuna görə fəxri fərmanla təltif edilib.

 

242 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirində də Nizami Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər. Öncə təhsil ocağının direktoru Akif Rəsulov məktəbi bitirən 33 məzunun hər biri haqqında məlumat verib. Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Şəbnəm Hüseynova, valideynlərdən Mətanət Bağırova, Vahid Bağırov məzunları təbrik ediblər.

 

Məzunlardan Əli Bağırov və Sona  Ramazanova  bundan sonra da oxuduqları məktəblə daimi əlaqə  saxlayacaqlarını və sevimli müəllimlərini  heç vaxt unutmayacaqlarını bildiriblər.

 

Məzunları təbrik etməyə  gələn birincilər tədbirdə şeir söyləyib, mahnı oxuyub, rəqs ediblər.

                                                                                              

Şakir CƏFƏROV