F.Qurbanov: “Bu iş sizdən çox boyük bilik, bacarıq, yüksək mədəniyyət və insani keyfiyyətlər tələb edir”


İyunun 14-də Təhsil Nazirliyində “Məktəblinin dost”ları  arasında iş fəaliyyəti ilə fəqlənən  layihə əməkdaşlarının  təltifetmə mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev açaraq  layihənin məqsəd və vəzifələrindən danışıb. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesi, onlar üçün təhsil qanunvericiliyi, fövqəladə hallarda davranış qaydaları və təcili tibbi yardım xidmətinin hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması ilə bağlı keçirilən təlimlər barəsində məlumat verib. Bildirib ki, layihə şagird, valideyn, məktəbin pedaqoji və administrativ heyəti tərəfindən müsbət qarşılanır və etimad edilir. Belə ki, şagirdlər “Məktəblinin dost”larını çətinliklərini bölüşə biləcəkləri yaxın bir dost, müəllimlər sağlam təhsil mühitinin formalaşdırılmasına töhfə verən heyət, valideynlər isə güvəndikləri və övladlarını tam arxayın olaraq etibar etdikləri təhsil nümayəndələri olaraq görürlər.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Məktəblinin dostu” layihəsi valideyn-müəllim-şagird ünsiyyət üçbucağının daha effektiv qurulmasında vacib rola malikdir. Nazir müavini  layihənin fəaliyyət göstərdiyi təhsil müəssisələrində məktəblilər arasında tolerantlıq, effektiv kommunikasiyanın və dostluq münasibətlərinin qurulması baxımından görülən işlərin əhəmiyyətini qeyd edib, sağlam mühitin formalaşdırılmasına xüsusi töhfə verildiyini bildirib: “Dost təmənasız, xeyirxah və mehriban olmalıdır. Bu mənəda 124 məktəblinin dostu seçilib və  artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərirsiniz.  Bu adı daşımağın özü elə şərəflidir. Uşaqların dostu olmaq xüsusilə fərqli bir işdir. Valideyn, şagird, müəllim ünsiyyətini tənzimləmək, bunların arasında düzgün ünsiyyət formalaşdırmaq - bu çox da asan bir məsələ deyil. Bu iş  sizdən çox boyük bilik, bacarıq, yüksək mədəniyyət və yüksək insani keyfiyyətlər tələb edir. Hər adam məktəblinin dostu ola bilməz. Siz həm müəllim, həm psixoloq olmalısınız. Siz uşaqların psixologiyasını bilməlisiniz. Çünki uşaqlar müxtəlifdir, deyə bilərəm ki, onların hərəsinin bir dünyası və daxili aləmi var”.  

 

Tədbirdə layihə çərçivəsində əldə olunan nəticələr müzakirə edilib.

 

Sonda iş fəalliyyətində xüsusi təşəbbüskarlığına və fəallığına görə fərqlənən “Məktəblinin dostları” “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunublar.

 

Mərasimdə “Məktəblinin dostu” layihəsi çərçivəsində görülən işlərin əks olunduğu videoçarx nümayiş edilib.

 

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. 

 

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 

 

Rəşad ZİYADOV