150 elmi layihə müsabiqədə iştirak etmək hüququ qazanıb


 

Fevralın 14-də  Azərbaycan  Texniki Universitetinin İdman Sarayında  "Sabahın alimləri”  VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri vəzifələrini müvəqqəti icra edən,  nazir müavini Ceyhun Bayramov qloballaşan dünyada elmi-tədqiqatların inkişaf etdirilməsinə mühüm əhəmiyyət verildiyini, gənclərin təşəbbüslərinin dəstəkləndiyini bildirib. C.Bayramov qeyd edib ki, təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün ölkədə geniş imkanlar yaradılıb. Təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Bu baxımdan, təhsilin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq gənclərin elmi potensialının inkişaf etdirilməsidir:  "Bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir". 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev,   Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli, Gənclər və İdman Nazirliyinin şöbə müdiri  İndira Hacıyeva,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  çıxış edərək müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Daha sonra qonaqlar stendlərə baxış keçirib. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Bu il 22 şəhər və rayon ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 259 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109-dur.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir. 

 

Oruc MUSTAFAYEV