Bu il BSU-dan 869 gənc məzun olur


İyunun 21-də  Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə millət vəkili Novruz Aslan, professor  Şahlar Əsgərov, “İki  sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Trend”  İnformasiya Agentliyinin departament rəhbəri Arzu Nağıyev,  bir sıra ölkələrin Azərbaycandakı səfirliklərini nümayəndələri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin BSU-nun foyesindəki büstü önünə əklil qoyulub. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva 2018-ci ili uğurlu il adlandırıb. O, bu ilin aprel ayında Azərbaycanda Prezident seçkilərinin böyük ruh yüksəkliyi ilə keçirildiyini qeyd edib. Rektor ümummilli lider Heydər Əliyevuin anadan olmasının 95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun  yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirib. O, bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırıb.

 

Sonra N.Əliyeva valideynləri, universitetin professor-müəllim heyətini, magistrant və tələbələri məzun günü münasibətilə təbrik edib.  Rektor təhsillərini başa vuran gəncləri gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz töhfələrini verməyə çağırıb. Nurlana Əliyeva dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib.

 

Məzun adı alan tələbələr  universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya minnətdarlıqlarını bildiriblər. Gənclər universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç  zaman unudulmayacağını qeyd ediblər.  

 

Tədbir geniş konsert proqramı ilə davam edib.

 

Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 701, qiyabi təhsil alan 71 tələbə və magistratura səviyyəsi üzrə 97 magistr məzun olub.