Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Liseyin tərbiyə işləri üzrə direktor müavini A.Məmmədova Xocalıda günahsız insanlara qarşı törədilən qırğınlar, vəhşilik və vandalizm haqqında məlumat verib, bu vəhşiliklərə heç bir müharibədə rast gəlinmədiyini deyib. A.Məmmədova Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımının gənclərin yaddaşına həkk edilərək hər zaman anılmasının vacibliyini vurğulayıb.

 

Tədbirdə liseyin psixoloqu N.Allahverdiyeva “Bəşəriyyətin ağır faciəsi - Xocalı soyqırımı” mövzusunda çıxış edib.

 

Sonra liseyin I kurs tələbəsi R.Nəbiyeva, II kurs tələbələri  R.Baxışlı və V.Osmanov hazırladıqları Xocalıya həsr olunmuş kompozisiyasını nümayiş etdiriblər. Tədbirin yekununda liseyin tələbələri tərəfindən hazırlanmış “Xocalı qan yaddaşımız” adlı rəsm sərgisinə baxış keçirilib.

 

Röya BAYRAMLI