Dilini itirmiş şəxsin “etnik sütunu” qeyb olur


2013-cü ilin mayında Fransanın aparıcı “Liberation” qəzeti tam olaraq ingilis dilində çap olundu. Həmin sayın manşet yazısının başlığı belə idi: “Lets Do İt!”. Bu yazı o ərəfəyə təsadüf edirdi ki, parlamentə çıxarılmış qanun layihəsinə görə, Fransanın bəzi universitetlərində təhsil ingiliscə aparıla bilərdi. Qəzetin köşə yazarları ictimaiyyəti özünü “mühasirədə olan sonuncu qal kəndinin sakinləri” kimi aparmaqdan qurtulmağa çağırırdılar. Xatırlayırsınızsa, məşhur fransız komiks qəhrəmanı Asteriks romalılardan müdafiə üçün “sonuncu qal kəndinə” çəkilmiş və italyanları “Qalların ölkəsi”nə gəlmələrinə “peşman etmişdi”.

 

Sözügedən komiks ötən əsrin 50-ci illərinin məhsulu idi. O dövrdə Fransa iki antoqonist siyasi xəttin çəkişmə meydanına çevrilmişdi: bir tərəfdən milliyyətçi mövqedən çıxış edən, fransız dilinin qorunmasını istəyən Şarl de Qol, digər tərəfdən isə amerikapərəstlər. Məşhur “franingilis dili” deyimi də elə həmin illərdə qrammatikaçı Maks Rat tərəfindən dövriyyəyə buraxılmışdı. Fransada dilin qorunması məsələsi olduqca həssas mövzudur. 1635-ci ildə yaradılmış Fransa Akademiyasının əsas məqsədlərindən biri də elə fransız dilinin İtaliyadan, daha dəqiqi isə Vatikandan gələn təsirlərdən qorumaq idi. Hazırda bu məqsədlə parlament tərəfindən qəbul olunmuş bir sıra aktlar mövcuddur. Dil dövlət səviyyəsində qorunur və Britaniya Birliyinə qarşı yaradılmış Beynəlxalq Frankofoniya Təşkilatının “onurğa”sını da məhz fransız dili amili təşkil edir.

 

7 min dildən tən yarısı yoxa çıxacaq

 

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzaladı. Avqustun 1-dən qüvvəyə minəcək sənədə görə, yaxın aylar ərzində sərəncamın adından da göründüyü kimi, ana dilinin yad təsirlərdən qorunması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu artıq danılmaz bir reallıqdır ki, dilin digər dillərin təsirinə məruz qalması dövrümüzdə daha intensiv xarakterlidir, nəinki yarım əsr bundan əvvəl, Fransada mövcud olan dünyagörüşlərinin qarşıdurması zamanında. Sərhədlər açıq, get-gəl mütəmadi xarakter daşıyır, KİV-lərin və bədii ədəbiyyatın təsiri, insanların birdən artıq dili öyrənmələri və bilmələri, ən əsası isə internet. Qorunmaq getdikcə çətinləşir və bu baxımdan, proses savadlı kompleks yanaşma tələb edir. Əsasən də elektron məkanda.

 

Bəşəriyyət dillərin kütləvi şəkildə sıradan çıxması prosesi ilə üz-üzədir. Dilin yoxa çıxması bütöv bir biliklər sisteminin qeybə çəkilməsi deməkdir. Hər dilin “ölüm”ü ilə bərpa edilməyən mədəni irsi, ətraf dünyanın unikal perspektivini, elmi, tibbi, botanik bilikləri itirmiş oluruq. Ən əsası isə bütöv bir cəmiyyətin yumora, sevgiyə, həyata olan baxışlar toplusu yaddaşlarımızdan silinir. Biz xalqların çoxəsrlik yaddaşının yoxa çıxmasının şahidlərinə çevrilirik. Düzdür, dillərin də öz ömürləri var, dəyişirlər, yoxa çıxırlar. Dillərin qeyb olunması yenilik deyil. Ancaq dövrümüzdə bu prosesin hansı sürətlə cərəyan etməsi, həqiqətən də belə demək mümkündürsə, qorxuludur. Yaxın yüz il ərzində hazırda mövcud olan 7000 dildən tən yarısının yoxa çıxacağı ehtimal edilir. Orta hesabla hər iki həftəyə bir dil sıradan çıxır. Alimlərin fikrincə, bu proses Yer kürəsindəki biomüxtəlifliyin getdikcə kasadlaşmasından daha sürətlə gedir.

 

“Dillər nə vaxt ölür” adlı kitabın müəllifi Devid Harrisonun sözlərinə görə, hazırda dillərin 40 faizini linqvistik “Qırmızı kitab”a daxil etmək olar. Müqayisə üçün canlılar aləmində vəziyyət nisbətən ürəkaçandır: bitkilərin 8, heyvanat aləminin isə 18 faizi təhlükə altındadır. Alimlər hesab edir ki, bir dilin digərini “udması” tarix boyu olub. Ancaq indi bütün dünyanın vahid informasiya məkanına çevrilməsi “genosid”i sürətləndirib. Proses iki paralel xətlə gedir: bir tərəfdən nisbətən iri dillər xırda dilləri məhv edirlər, digər tərəfdən isə ingilis dili bütün dilləri.

 

Bir qrup elm adamı dillərin digərləri tərəfindən assimilyasiya edilməsində mənfi heç nə görmür. Onların fikrincə, bu imkan verəcək ki, qloballaşan dünyada kiçik xalqlar böyüklərin dillərində danışmaqla inteqrasiya proseslərini asanlıqla keçsinlər. Onların sözlərinə görə, onsuz da əvvəl-axır dünyada hamı vahid dildə danışacaq və bu barədə müqəddəs İncil kitabında da eyhamlar var. Təbii ki, ehtimallar öz yerində, ancaq fakt ondadır ki, bir dilin itməsi bir dünyanın yoxa çıxması anlamına gəlir. Məsələn, şimalda yaşayan eskimosların dilində qarın 40 etimologiyası var. Bu zənginliyi haradan tapacağıq, nə ilə kompensasiya edəcəyik? Braziliyadakı kayapo dilinin 4 min nəfər təmsilçisi yüzillər boyu arıları müşahidə edərək, elmə böyük bir töhfə veriblər: onlar hər bir arı növünün hansı çiçəklərlə qidalanması, hərəkət trayektoriyasını öyrənməklə müəyyən ediblər ki, bu uçan həşəratların 56 növü var! Özü də kayapo dilində hər növün öz adı olmaqla. Yaxud seltal hinduları bir-birindən fərqli olmayan kəpənəkləri müşahidə etməklə göstəriblər ki, onlar 10 növ ayrı-ayrı canlılardır. Təbii ki, seltal dilində hər birinin fərqli adı var. Məhz buna görə də dilin yoxa çıxması həm də biologiya elminə sarsıdıcı zərbə deməkdir. “Biz elə bir əsrdə yaşayırıq ki, informasiya və biliklər böyük varlıq hesab olunur, ancaq biz minillər boyu toplanmış məlumatların itirilməsi ilə üz-üzə qalmışıq. Bir çox bioloji növ yazısı olmayan dillərdə kodlaşdırılıb. Biz o dilləri bərpa etməklə bütöv ekosistemləri qorumuş olarıq” - deyə Devid Harrison yazır.

 

Dil itəndə nələr olur?

 

Hesab olunur ki, dillərin sıradan çıxması problemindən danışarkən dünyada mövcud olan 5 qaynar nöqtə nəzərdə tutulur. Bunlardan biri Rusiya ərazisindədir - Sibir və Uzaq Şərq. Dünyanın itən dillərinin atlasını tərtib edən UNESCO-ya görə, Rusiyada 120 dil təhlükə altındadır, 15 dil tamamilə sıradan çıxıb. Rusiyanın şimalında yaşayan kerek xalqı var, cəmi 4 nəfər qalıblar.

 

Heç biri də ana dilini bilmir, çukçalar tərəfindən assimilyasiya olublar. Ümumiyyətlə, Rusiyada yaşayan 14 xalqın yazısı tamamilə yoxdur, 40 xalq isə ana dilində təhsil almır.

 

Hesab edilir ki, dilin itməsi ilə etnosun böyük bir qisminin marginallaşması baş verir. İnsanlar hətta təbiətə də fərqli yanaşır, onu qorumurlar. Belə demək mümkündürsə, bir günlə yaşayırlar. Dilini itirmiş şəxs “etnik sütunu”nu qeyb etmiş olur. Rusiya üçün aktual olan səhnə bundan ibarətdir: kiçik xalqlardan olan ailələrdə milli mənsubiyyətin qorunması cəhdləri varsa, övladları təsirləri daha asan keçirirlər. O ailədə ki, dil və milli identlik itirilir, yeniyetmə və uşaqlarda belə, alkoqolizm və narkotiklərə meyil çoxalır.

 

Dilin itməsi ilə daha nələr itir? Mətbəx, adətlər, ənənələr, şifahi ədəbiyyat, qısası - qan yaddaşı! Rusiyanın şimalındakı əhalinin yediyi yeməklər getdikcə dünyanın  əksər yerlərində yeyilən vitaminsiz “fastfud”dan ibarət olur. Halbuki bu xalqlar minillər boyu dəniz məhsulları, vitaminlərlə bol heyvan əti ilə qidalanıblar. Bu, ilk növbədə azyaşlı nəslə təsirsiz ötüşmür.

 

Dil niyə yoxa çıxır? Yuxarıda ümumi səbəbləri yazdıq. Əlavə edək ki, daha bir güclü amil sosial səbəblərdir. Rəqabətə tab gətirmirlər. Gəlin ingilis, fransız, Çin, ispan, rus dillərini qoyaq kənara, Qafqazda xırda dillər var ki, heç bir təhlükə hiss etmirlər. Məsələn, beştin dilində bir neçə yüz nəfər danışır. Yüksək dağlıq ərazilərdə yaşadıqlarından iri dillərin təsirindən sığortalanıblar. Uzaq Şərqdə ulçi xalqı var, təqribən 1500-1700 nəfərdirlər. Onlar da eyni səbəbdən heç bir təhlükə hiss etmirlər. Yakutiyada 300 min nəfərlik yakutlar bütün digər xırda dilləri assimilyasiya ediblər. Çünki çox sıx yaşayırlar. Mordvalılar, təqribən, bir milyondurlar. 2013-cü ilin siyahıyaalmasının nəticələrinə görə, mordva dilində danışanların sayı 200 min nəfər azalıb. Onlardan az olan mariylər və komilərdə bu tendensiya elə də sürətlə getmir.

 

İtmiş dil bərpa oluna bilərmi?

 

Bunun bariz nümunəsi var - ivrit dili. Neçə əsrdir bu dil dini rituallar üçün istifadə edilib. İndi isə minlərlə insan ivrit dilində danışır. Reallıq göstərir ki, belə əks proseslərin baş verməsi üçün xalq yüksək etnik özünüdərkə malik olmalıdır. Elə hallar da olur ki, itmiş, yaxud itmək astanasında olan dil mənsub olduğu xalqın daha iri qonşusu tərəfindən xilas edilir. Məsələn, Yaponiyada ayn dili. Aynlar bir neçə min nəfərdirlər. Demək olar heç biri doğma dildə danışmır. Hazırda Yaponiya hökuməti dilin bərpası istiqamətində bir sıra addımlar atır. Dərnəklər yaradılır, KİV-də elanlar verilir. Hesab olunur ki, bu addımlar dili tam bərpa etməsə də, aynlarda milli özünüdərk hissini yüksəldəcək. Yeri gəlmişkən, tarixçilərə görə, yaponların bu addımı bir növ “günah yumaq”dır, çünki aynları vaxtilə özləri assimilyasiya ediblər.

 

Elə hallar da olur ki, dil faktiki olaraq itir, ancaq xalqlar qalır. Tipik nümunə şotlandlar və irlandlardır. Şotlandların çox az qismi öz dilində danışır, ancaq özünüidentifikasiyaları qalır. İrlandlardan, ümumiyyətlə, danışmağa dəyməz. Öz dillərində çox az danışırlar, ancaq heç biri deməz ki, mən ingilisəm. 

 

Avropanın iri dilləri də təhlükədədirlər. Bu təhlükə, məlum olduğu kimi, Dumanlı Albion və okeanın o tayından gəlir. Alman, fransız, italyan, rus, ispan dilləri ingilis dilindən ciddi təsirlər görürlər, gündəlik dövriyyəyə, əsasən də KİV dilinə saysız-hesabsız ingilis sözləri və ifadələri daxil olur. Bu dillər də itəcəkmi? Çünki proqnozlaşdırılır ki, bir müddət sonra dünyada vahid ünsiyyət dili olacaq və istisna deyil ki, söhbət ingiliscədən gedir. Rus dili mütəxəssisi Leonid Krısin qorxmamağı məsləhət görür və onun öz arqumentləri var: “İngilis dilindən gələn təsirlər qrammatikaya toxunmur. Qrammatika hər bir dilin fəqərə sütunudur. Yeni sözlər gəlir, qrammatika qalır, leksika isə “zibillənir”, dil özünü qoruyub saxlayır”.

 

Krısinin fikrincə, qlobal dəyişikliklər dərhal baş vermir, bəzən minillər tələb edir. Dilin dəyişməsi miqrasiya, etnik proseslərin nəticəsidir. Məsələn, Rusiyada daha təhlükəlisi digər etnoslardan olan böyük miqrant ordusunun cəmiyyətdə özünə yer etməsidir. Rus dilinə təhlükə buradan gələ bilər. O ki qaldı ingilis dilinə, paradoksal mənzərə müşahidə olunur: dünyanın yarısı ingiliscə danışır, amma onlar bu dili özlərinə doğma hesab etmirlər. Çin, ərəb və ispan dilləri ilk “üçlüy”ü müəyyən edirlər. Ona görə də demək olmaz ki, hamı ingiliscə danışacaq. Sadəcə olaraq, əksəriyyətin iki dili olacaq. Belə bir ehtimal var ki, dünyada ingilis dilini də əvəzləyəcək ortaq bir dil peyda olacaq, ancaq hətta bu halda belə iri dillər özlərini qoruyub saxlaya biləcəklər. Bizdən sonrakı nəsillər qlobal ikidillilik mühitində yaşayacaqlar.

 

Dilimizi qoruyaq!

 

Ölkələrdən asılı olaraq dillərin də statusları müxtəlifdir: dövlət, rəsmi, hərdən milli. O ölkədə ki, əhali birdən artıq dildən istifadə edir, burada rəsmi statuslu dillərin sayı da birdən çox olur. İsveçrədə 3 rəsmi dil var: alman, fransız, italyan. Dövlət dili isə 4-dür. Adları çəkilənlərlə yanaşı, bir də retroroman dili. 1982-ci ildə Kanadada qəbul edilmiş 12 saylı Konstitusiya aktına əsasən iki rəsmi dil var: ingilis və fransız. Halbuki fransızca danışanlar cəmi iki əyalətdə məskunlaşıblar. İrlandiyada yerli və ingilis, Finlandiyada fin və isveç dilləri rəsmi statusa malikdirlər. Elə yerlər var, orada etnoslar arasındakı ünsiyyət üçün ən azsaylının dili qəbul edilib. Məsələn, Tanzaniyada suaxili, İndoneziyada malay dili.

 

Elə ölkələr və regionlar da var, ünsiyyət üçün kənardan əxz olunmuş dil istifadə edilib. Misal üçün, orta əsrlərdə Avropada latın dili ünsiyyət üçün istifadə edilirdi. VI-X əsrlərdə İran və Orta Asiyada ərəb dili bu statusa malik olub. Klassik çincə - venyan Yaponiya, Vyetnam, Koreyada işlənilib. Bəzi keçmiş müstəmləkələrdə bir vaxt işğalçı sayılan dil rəsmi dil kimi qəbul edilib. Qana, Qambiya, Keniya, Nigeriyada ingilis rəsmi dildir. Qabon, Zair, Konqo, Mali, Niger, Toqoda fransız dili. Anqola, Mozambikdə portuqalca. Keniyada ingilis dili ilə yanaşı, fransızca da rəsmi statusludur. Mavritaniyada milli dil ərəbcədir, rəsmi dil fransızca.

 

Fransız filosof və ədəbiyyatşünas Rolan Batr deyir ki, hər bir dil bizi nəyəsə məcbur edir. O dildə danışmağa, yaxud düşünməyə. Necə ki, biz dil vasitəsilə danışırıq, eləcə də dil bizim vasitəmizlə danışır. Belə bir deyim var: fransızlar dillərini ingilislər valyutalarını qoruduqları kimi mühafizə edirlər. Gəlin biz də dilimizi qoruyaq, elə öz valyutamızla birlikdə!

 

Rüstəm QARAXANLI

 

Bölmənin digər xəbərləri