Azərbaycanda yaşayan digər xalqların da təhsil almaq hüququ dəstəklənirdi


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının milli  dövlətçilik və özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisədir.  Onun mövcudluğu millətin bütün sosial qatlarında sevinclə duyulmuş, fəaliyyəti cəmiyyətin bütün təbəqə və qurumlarına, milli həyatın hər sahəsinə nüfuz etmişdi. Milli hökumət təhsilin inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü iş aparırdı.

 

Yeni dövlətin yaranması ərəfəsində təhsildə vəziyyət ürəkaçan deyildi: 1914-cü ildə ölkədə 976 məktəbdə 73 mindən artıq şagird təhsil alırdısa, 1918-ci ildə 660-dan artıq məktəbdə 48078 şagird oxuyurdu. Belə şəraitdə məktəb sisteminin dağılmasının qarşısını almaq milli hökumətin qarşısında mühüm vəzifə kimi dururdu.

 

Milli hökumət təhsildə ilk iş olaraq 1918-ci il mayın 28-də Xalq Maarif Nazirliyini yaratdı. Nazirlər Şurasının 1918-ci il 30 iyun tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olundu. İlk üç hökumət kabinetində maarif naziri Nəsib bəy Yusifbəyli, dördüncü hökumət kabinetində Rəşid bəy Qaplanov, beşinci hökumət kabinetində isə Həmid bəy Şahtaxtinski və Nurməhəmməd bəy Şahsuvarov olmuşdur.

 

Ardınca 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan dili dövlət dili elan olundu. Təhsili xalqın mənafeyinə uyğun qurmaq yolunda ən vacib addımlardan biri 1918-ci il 28 avqust tarixli qərarı ilə təhsilin milliləşdirilməsi oldu. Bütün ibtidai tədris müəssisələrində dərslərin Azərbaycan dilində aparılması məcburi sayılırdı. Azərbaycan dilini bilməyən şagirdlərə intensiv şəkildə Azərbaycan dili tədris olunmalı idi.

 

Milliləşdirmə zamanı Azərbaycanda yaşayan digər xalqların da mənafeyi nəzərdə tutulur, onların təhsil almaq hüququ dəstəklənirdi. Hökumətin 1918-ci il 7 sentyabr tarixli qərarı ilə sinifdə başqa millətdən olan şagirdlərin sayı 10 nəfərdən az olmadıqda onlara öz dillərində ana dili və ilahiyyat keçilməli idi. Yəhudi Milli Şurası nəzdində fəaliyyət göstərən məktəblərdə 700 nəfərin təhsili ilə 24 müəllim məşğul olurdu. Bu məktəblərə hər ay dövlət tərəfindən 10 min manat ayrılırdı. Keçmiş alman koloniyalarında fəaliyyət göstərən məktəblərdə işləyən müəllimlərin hər birinə hər ay 90 manat ödənilirdi.

 

Məktəblərin dəstəklənməsində özəl təşəbbüslər də rol oynayırdı. Hacı Zeynalabdin Tağıyevə məxsus fabrik qızlar məktəbinə aztəminatlı məktəblilər arasında bölüşdürülmək üçün 400 arşın parça təqdim etmişdi.

 

Milliləşdirmənin gedişində bəzi çətinliklər qarşıya çıxırdı. Azərbaycan dilini bilməyən şagirdlərin çoxu kənarda qalırdı. Hökumət təhsil haqqındakı əvvəlki qərarlara düzəlişlər etdi. Yuxarı siniflərdən başlayaraq paralel siniflərdə rus bölməsi açılırdı.

 

Həmin məktəblərin hamısında ana dili məcburi tədris olunmalı idi. Görülən tədbirlərin nəticəsində dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi.

 

Milliləşdirmə mütərəqqi addım olsa da ciddi çətinliklərlə qarşılaşırdı:

* pedaqoji kadr və müəllimlərin çatışmazlığı;

* lazımi dərsliklərin kifayət qədər olmaması;

* erməni və rus azlıqlarının Azərbaycan dövlətini tanımamağa meyillənmiş müqaviməti.

 

Məktəb şəbəkəsinin bərpa edilməsi üçün hökumət maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəblərin təmiri və bərpası üzrə tədbirlər gördü: Zaqatala, Göyçay, Şuşa və digər yerlərdə yeni məktəblər açıldı. Artıq 1919-1920-ci tədris ilində məktəblərin sayı 70-ə çatırdı.

 

Milli hökumətin təhsil siyasəti məsələnin yalnız texniki tərəfi ilə məhdudlaşmırdı. Təhsilin milliləşdirilməsi ilə əlaqədar bütövlükdə təhsil islahatı məsələsi ortaya çıxdı. İslahatın mahiyyəti təhsili yeni şəraitə uyğunlaşdırmaq, onu milli dövlətçilik mənafeyinə yaxınlaşdırmaq, milli dəyərləri mənimsəmiş yeni nəsil yaratmaqdan ibarət idi. Bu məqsədlə yeni tədris proqramlarının hazırlanması üçün komissiyalar yaradıldı. Komissiyaların işində Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli kimi dövrünün mütərəqqi ziyalıları yaxından iştirak edirdilər. Çox keçmədən yeni dərsliklər - “Türk əlifbası”, “Yeni hesab”, “Ədəbiyyat dərsləri”, “Türk qrammatikası”, “Təbiətşünaslıq tarixi” və s. hazırlandı. Dövrün ab-havası ilə səsləşən yeniliklərdən biri tədris proqramına türk xalqları tarixinin daxil edilməsi oldu.

 

Cümhuriyyət rəhbərləri qızların təhsili məsələsinə də biganə deyildilər. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Bakı, Gəncə və Nuxa qız gimnaziyalarının adı dəyişdirildi: Bakıdakı gimnaziya birinci Azərbaycan gimnaziyası, Gəncə və Nuxadakılar qız gimnaziyaları adlandırıldı. Orta təhsil müəssisələrində qızların sayı artdı: 1918-1919-cu tədris ilində Gəncə gimnaziyasında 4 nəfər qız oxuyurdusa, 1919-1920-ci tədris ilində onların sayı 296 nəfər idi.

 

Milli hökumətin milliləşdirmə siyasəti məktəb təhsili ilə məhdudlaşmırdı. Yaşlı əhali arasında savadsızlıqla mübarizə də milliləşdirmənin tərkib hissəsi idi. Hökumətin təşəbbüsü ilə 1919-cu ilin sentyabrında Azərbaycan (türk) dilinin öyrədilməsi üzrə kurslar təşkil olundu, işin icrası üçün büdcədən 951000 manat vəsait ayrıldı.

 

Milli hökumət yaxşı başa düşürdü ki, savadsızlığı yalnız birtərəfli tədbirlər hesabına aradan qaldırmaq mümkün deyil. Bu istiqamətdə ən mühüm tədbirlərdən biri olan əlifba islahatı da milli hökumətin maarifçilik fəaliyyəti və təhsil üzrə dövlət proqramının reallaşdırılmasına xidmət edirdi. Əlifba islahatında ilk addım 1919-cu ilin martında X.Məlikaslanovun sədrliyi altında dövlət komissiyasının yaradılması oldu. Təqdim olunmuş layihələrdən müəllim Abdulla bəy Əfəndiyevin layihəsi parlament tərəfindən bəyənildi və yeni əlifba üçün əsas qəbul olundu.

 

Milli hökumət yaxşı başa düşürdü ki, təhsil sistemini kökündən dəyişdirmək üçün pedaqoji kadrların hazırlanması birinci dərəcəli məsələdir. Bu məqsədlə Xalq Maarif Nazirliyi aşağıdakı tədbirləri görmüşdü:

 

* Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü və müstəqil seminariyaya çevrildi;

* kişi və qadın gimnaziyaları açıldı;

* parlamentin 1919-cu il iyul tarixli qanununa görə iki aylıq pedaqoji kurslar açıldı və onlara 2 milyon 390 min manat vəsait ayrıldı;

* 1918-ci ilin 23 iyulunda Osmanlıdan dərslik tədarükü və müəllimlərin dəvət olunması üçün qanun qəbul olundu. Bunun üçün Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayev qardaş ölkəyə ezam olundu;

* təhsilin texniki təşkili üçün tədbirlər görüldü. Gəncədə dəmiryol və teleqraf xidmətçiləri hazırlanan kurslar açılmış, Salyanda açılması nəzərdə tutulan təhsil müəssisəsinin layihəsi hazırlanmışdı.

 

Yeni yaranmış respublikada ali təhsilin təşkili məsələsi də diqqət mərkəzində idi. Xalq Maarif Nazirliyi üç ali məktəbi - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyası açmağı planlaşdırmışdı. Amma bunlardan yalnız birini- Bakı Dövlət Universitetini açmaq mümkün oldu. Bakıda universitetin açılması ilə əlaqədar 1919-cu ilin may-sentyabrında 35 iclas keçirildi. İlkin müzakirələr göstərdi ki, əsas prinsipial məsələlər üzrə fikir birliyi var. Ancaq layihənin opponentləri də vardı. Fikir ayrılığı açılması nəzərdə tutulan universitetdə tədrisin rus dilində aparılması ilə bağlı oldu. Opponentlər rus dilində tədrisə qarşı çıxmaqla yanaşı, yaxın gələcəkdə universitetin təşkili üçün lazımi vəsaitin tapılmayacağını da iddia edirdilər. M.Ə.Rəsulzadə vəziyyəti şərh edərək deyirdi: “Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk (Azərbaycan) dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin bu başqa dildə də olsa universitetin fəaliyyətinə mane olmamalıdır”. M.Şahtaxtlı  “Azərbaycan” qəzetində yazırdı ki, bundan qorxmaq lazım deyil, milli kadrlar yetişdikcə tədris dili Azərbaycan dilinə keçiləcəkdir. 1919-cu il noyabrın 15-də universitetin açılışı münasibətilə onun ilk rektoru V.İ.Razumovski yazırdı ki, türk (Azərbaycan) xalqının tarixinə yeni parlaq səhifə yazıldı, Asiya ilə Avropa qovşağında yeni məşəl yandı.

 

Noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünun” adlı məqalədə Avropa xalqlarının inkişafında universitetlərin rolundan bəhs olunurdu: “ Tarixdə Afina darülfünunun yeni bir Yunanıstan yaratdığını kim inkar edə bilər? Bir əsr əvvəl Fransiyayı aləmşümul təqəllüb və təkamülə atan Sorbon darülfünu deyilmi? Almanları 1806-cı il fəlakətindən sonra yenidən şöhrət və siyasətə hazırlayan Berlin darülfünu deyilmi? Azərbaycan darülfünunun həyata başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının ibtidası olacaqdır”.

 

Milli hökumət ali təhsilli kadrlara olan ehtiyacını tələbələri əcnəbi universitetlərə göndərməklə ödəməyə çalışırdı. Tələbələri seçmək üçün M.Ə.Rəsulzadənin rəhbərliyi ilə münsiflər heyəti yaradıldı. Münsiflərin seçdiyi tələbələr qonşu Rusiya və Türkiyə də daxil Avropanın ali təhsil ocaqlarına göndərilməli idilər. Onlar 1920-ci ilin martın 14-də Tiflisdən dövlət rəsmilərinin iştirakı ilə təntənəli şəkildə yola salındılar. Parisdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov onları qəbul etdi və böyük nitq söylədi.

Tələbələrə dövlət ayda 400 frank təqaüd ayırmışdı.

Dövlət hesabına gedən tələbələr qayıtdıqdan sonra dövlətin təyin etdiyi işdə işləməli idilər. Ancaq 28 aprel istilası vəziyyəti kökündən dəyişdi: tələbələrə pul göndərilmədi. Belə olan halda onlar Nəriman Nərimanova müraciət etdilər. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 avqust iclasında onlara yardım edilməsi haqda qərar qəbul olundu. N.Nərimanov bu işi davam etdirsə də onun Moskvaya təyinatından sonra bu iş yarımçıq qaldı. Və onlar taleyin ümidinə buraxılaraq tərk edildilər.

 

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi - Azərbaycan Respublikası təhsil sahəsində sələfinin yarımçıq qalmış işlərini böyük uğurla davam etdirir: məktəblərin maddi-texniki bazası gücləndirilir, müəllimlərin rifah halı yaxşılaşdırılır, dövlət proqramları vasitəsilə tələbələrin xarici ölkə universitetlərində təhsili dəstəklənir.

 

Azərbaycan Xalq Cümhuriyyəti təkcə tarix deyil. O, həm də örnək və gələcək təcrübədir.

 

 

Aqşin KƏRİMLİ,

Ağdaş rayonu Nofəl Babayev adına Qəribli kənd tam orta məktəbinin tarix müəllimi

 

 

Bölmənin digər xəbərləri