Avqustun 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk dünyasının vətəndaş cəmiyyəti institutlarının inkişaf modelləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Türk dünyasının tanınmış və nüfuzlu ziyalıları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq Türk dünyasının ünlü simalarını rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Qonaqlara ADPU haqqında ətraflı məlumat verən rektor bildirib ki, universitet  ölkəmizin ictimai-siyasi və mədəni həyatında önəmli rol oynayır. Bizim üzərimizə böyük və məsuliyyətli vəzifələr düşür. Qarşıya qoyduğumuz məqsəd və hədəflərə çatmağımızda beynəlxalq əlaqələrimizi genişləndirməyimiz mühüm rol oynayır. ADPU Türkiyənin tanınmış və qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq edir. Belə görüşlər bizim əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsinə töhfə verir.

 

Şair-publisistAzərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarları Birliyinin (DGTYB) sədri Əkbər Qoşalı çıxış edərək səmimi və mehriban görüşə görə təşəkkür edib. Qeyd edib ki, görüşdə iştirak edən ziyalılar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əzmlə fəaliyyət göstərirlər.

 

Görüşdə iştirak edən Yakutiya Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm Adamları Birliyinin başqanı Sabit İncə, Qocaeli Şairlər-Yazarlar Dərnəyinin başqanı Alptəkin Cevhərli, Özbəkistanın Gənc Yaradıcılar Birliyinin eksperti, türkoloq Şahina İbrahim və digərləri inteqrasiya və qloballaşma şəraitində Türk xalqlarının sıx əlaqədə olmalarının vacibliyini vurğulayıblar.

 

Görüşdə Türk dünyasının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və birliyi ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, dəyərli mülahizələr səsləndirilib.

 

Sonra qonaqlar ADPU-da fəaliyyət göstərən TÜRKSOY kafedrası ilə tanış olublar. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov bildirib ki, TÜRKSOY kafedrası ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADPU-da yaradılıb.  Kafedranın yaradılmasında məqsəd Türk xalqları ilə əlaqələri daha da genişləndirməkdir.

 

Sonda xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.