Hüseyn Cabbarov: “İlk dəfə idi ki, beynəlxalq müsabiqənin qızılını qazandım”
Hüseyn Cabbarov haqqında yazı hazırlamaq Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən təklif olundu. Hələ kiçik yaşlarında olduğuna baxmayaraq, onun rəssamlıq sahəsində artıq kifayət qədər uğur qazandığı vurğulandı. Yeniyetmə rəssamla söhbətimiz də çox maraqlı keçdi. Heç bir sual-cavab etmədən ona özü haqda, rəsm sahəsində qazandığı uğurlar barədə ətraflı danışmağı təklif etdim. Gəlin, Hüseynin necə aydın təfəkkürlü, istedadlı bir yeniyetmə olduğunu biz elə onun öz dilindən də eşidək:
“Arsenal Bakı” futbol klubunun üzvüyəm
2008-ci ildə Bakı şəhərində anadan olmuşam. 145 nömrəli tam orta məktəbin IV sinfində təhsil alıram. Dərs əlaçısıyam. Şəklim məktəbin “Şərəf lövhəsi”ndə əlaçı şagirdlərin sırasındadır. Sinif rəhbərim Ladena Ağayevanın ən sevimli şagirdlərindənəm. Məktəbimizdə tez-tez keçirilən tədbirlərdə istedad və bacarığımı nümayiş etdirirəm. İdman sahəsində də yaşıdlarımdan geri qalmıram. “Arsenal Bakı” futbol klubunun üzvüyəm. Klublararası keçirilən idman yarışlarında fəal iştirak edirəm.
Uşaqlıqdan çoxlu rəngli karandaşlarım olub
Rəsm çəkməyə isə lap erkən yaşlarımdan başlamışam. Uşaqlıqdan çoxlu rəngli karandaşlarım olub. Azərbaycan nağıllarını oxuduqca xoşum gələn obrazları rəsmlərimdə öz ruhuma uyğun olaraq təsvir etməyə, canlandırmağa çalışıram. Valideynlərim bu həvəsimi görüb məni Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzinə gətirdilər və rəsm dərnəyinə yazdırdılar. Həmin vaxtdan da rəsmlə ciddi məşğul oluram. Müəllimim Nərmin Abdullayevadan rəsm çəkməyin incəliklərini, hansı rənglərdən mövzuya uyğun olaraq istifadə etməyi öyrənirəm.
“Mənim Azərbaycanım” rəsm müsabiqəsində
Artıq 50-yə yaxın rəsm əsərim var. “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsində rəsmlərim bəyənilərək fəxri fərmanla mükafatlandırılıb. Bu rəsmimdə al-əlvan rənglərdən daha çox istifadə etmişdim. Xətai Sənət Mərkəzində “Rəngli kvartet” adlı fərdi rəsm sərgim də keçirilib, “Dostluğun sehri” adlı II beynəlxalq uşaq rəsm müsabiqəsində “Ölkəmizin adət və ənənələri” rəsmlərimsə diplomlarla mükafatlandırılıb.
Beynəlxalq rəsm müsabiqəsində I yeri tutdum
Ötən il həyatımda ən unudulmaz izlər buraxdı, o vaxt yaşadığım sevincli anları heç vaxt unutmayacağam. Mərkəzimizin rəsm studiyasının yetirmələrindən 13 nəfərin əl işi Hindistan və 2 nəfərin isə Yaponiyada keçirilmiş beynəlxalq rəsm müsabiqəsinə təqdim olunmuşdu. Onların arasında mənim də əsərim var idi. “Cırtdan” rəsm əsərim Hindistanda keçirilən beynəlxalq gənclər və uşaqların rəsm sərgisində nümayiş olunmuşdu və mütəxəssislər, eləcə də tamaşaçılar tərəfindən yüksək dəyərləndirilərək qızıl medala layiq görülmüşdü. Çox sevinirdim, çünki ilk dəfə idi ki, beynəlxalq müsabiqənin qızılını qazandım. Bu nailiyyətimə görə hamıdan çox sevimli müəllimim Nərmin Abdullayevaya minnətdaram. Bu, məhz onun üzərimdə olan hədsiz, sözlə ifadə olunması mümkün olmayan əməyin bəhrəsi idi.
2017-ci il yanvarın 29-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin mükafatlandırma mərasimi keçirildi. Şübhəsiz mən də həmin tədbirə dəvətli idim. Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və ictimai əlaqələr üzrə rəhbəri Saki Uçidate həmin mərasimdə iştirak edirdilər. Çox həyəcanlı idim. Baxışlarımız anamla toqquşanda qəribə hisslər keçirirdim və tez də başımı aşağı salırdım. İndiyə qədər o anlar yaşadığım hissləri unuda bilmirəm. Nərmin müəllim bunu hiss edib mənə ürək-dirək verirdi, - sən ki, qalibsən, niyə həyəcan keçirirsən? - deyirdi. Öncə Mərkəzin direktoru Lalə Qəti yetirmələrinin beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən söz açdı. Söylədi ki, mərkəzin 13 yeniyetmə rəssamından 2 nəfəri - İsmət Mirzəli və Hüseyn Cabbarov I yeri tutaraq qızıl medala, 4-ü münsiflər heyətinin xüsusi diplomuna, 7-si isə diplomlara layiq görülüblər. Adımı direktorun dilindən eşitcək, duruxdum, özümü saxlaya bilməyib anama sarıldım. Rəsm müəllimim Nərmin xanımla baxışlarımız toqquşdu. İlahi, o, nə qədər sevinirdi?! Həmin anda onun yaşadığı sevinc hissləri deyərdim ki, anama bərabər idi, bəlkə də ondan da artıq idi, çünki məhz onun üzərimdəki əməyinə verilən yüksək qiymət idi bu I yer.
Müəllimlərim məni təbrik etdilər
Ertəsi gün sevincimi məktəbdə dostlarımla da bölüşdüm. Müəllimlərim məni bağırlarına basıb öpdülər və təbrik etdilər. Sinif rəhbərim Ladena Ağayeva məni istedadlı şagirdi kimi nümunə göstərərək daha əzmkarlıqla çalışmağı, bol-bol uğurlar qazanmağı tövsiyə etdi. Yeri gəlmişkən qeyd edim ki, mərkəzin rəsm studiyasının yetirmələri Yaponiyada keçirilən “Planetimizi qoruyaq” adlı 18-ci beynəlxalq rəsm müsabiqəsində də iştirak ediblər. 2 nəfər - Tural Ağakişiyev və Güldanə Pənahova da I yerə layiq görülüblər.
Həmin gün mükafatlandırma mərasimi olduqca maraqlı keçdi. Qaliblərə medal, diplom və hədiyyələri təqdim etdilər. Sonra mərkəzin “Azəri inciləri” rəqs qrupunun ifasında milli və dünya rəqslərindən ibarət musiqi nömrələri təqdim olundu, hamılıqla deyib-güldük, şənləndik.
Şahmat oynamağı da çox sevirəm
Mən həm də şahmat həvəskarıyam. Boş vaxtlarımda qardaşım Əli ilə şahmat oynayırıq. Hər dəfə onu udanda elə sanıram ki, hansısa bir yarışmanın şahmatda da qalibi olmuşam. Əvvəllər bir az hövsələsiz olsam da bu oyun məni təmkinli olmağa çox alışdırdı. Bəzən bir gedişin üzərində yarım saat fikirləşməli oluram ki, qardaşımı uda bilim. Bu sahədə də uğur qazana bilsəm, ola bilsin gələcəkdə yarışlara da qatılacağam.
Sifai SƏFƏROVA