Ənənələr müxtəlif olsa da, hər yerdə ilk məktəb günü eynidir


Gül dənizi, təbəssüm və ümid seli, səliqə ilə geyinmiş uşaqlar, təmtəraqlı düzülüş, təbrik nitqi və şeirlər. Dünyanın harasında olursunuz-olun, yeni məktəb ilinin başlandığı ilk gündə təhsil ocaqlarının qarşısında belə səhnə ilə rastlaşacaqsınız. İlk məktəb günündə hər bir valideyn övladının gözəl görünməsini istəyir, çalışır elə etsin ki, kiçik məktəbli bu günü heç vaxt unutmasın.

 

Bilik günü hər bir ölkədə və ya ölkələr qrupunda fərqli tarixlərdə qeyd olunur. Avqustdan tutmuş aprelədək. Baxır yeni tədris ili harada nə vaxt başlayır. Məsələn, Fransada uşaqların özləri bu tarixi müəyyən edirlər. Bilik gününün vaxtı kimi, onun necə keçirilməsi də dünyanın müxtəlif yerlərində fərqli ənənələrə söykənir.

 

Şəkərli bağlama

 

Almaniyada yeni tədris ilinin ilk günü maraqlı ənənəylə bağlıdır. 19-cu əsrdən gələn adətə əsasən, ilk dəfə məktəbə gedən uşağa valideynlər tərəfindən “bağlama” hazırlanır. Əvvəllər bu bağlamada müxtəlif şirniyyat və un məmulatları olurdu. Elə bu səbəbdən ənənə “Şəkərli bağlama” adı alıb. Bu ənənə hər zaman olduğu kimi, iki əsr bundan əvvəl də valideynlərin ciblərindəki pulun miqdarından asılı idi. Məsələn, kasıb ailələr “bir güllə ilə iki dovşan” vurmaq məqsədilə bağlamaya uşağın çoxdan ehtiyac duyduğu yeni ayaqqabısını qoyurdular. Yeri gəlmişkən, tədris gününün əksər Avropa ölkələrində oktyabrın 1-dən gec olmayaraq başlaması da əsasən kənd təsərrüfatı sahəsində çalışan kasıb ailələrin ehtiyaclarından irəli gəlir. Məsələ burasındadır ki, belə ailələrin uşaqları valideynlərinə əkin-biçin işlərində kömək edirdilər. Bu səbəbdən dövlət və kilsə (dini məbədlər təhsil qurumları kimi çıxış edirdilər) biçin işlərinin başa çatmasını gözləyirdilər.

 

Hazırda bu ənənə yaşasa da, bağlamanın içindəkilər dəyişikliyə uğrayıb. Almaniyada uşaqlara çox şirin məhsullar, məsələn, şokoladın yedirdilməsi alqışlanmır. Bu səbəbdən bağlamaya məktəbdə lazım olan qələm-dəftər, karandaş, penal və s., bir sözlə, biz öz uşaqlarımıza nə alırıq, həmin əşyalar qoyulur. Əgər bağlamaların içindəkilər ata-anaların işidirsə, hazırlanması artıq uşağın öz vəzifəsidir. Bu səbəbdən onlar kağız və kartondan özlərinə bağlama düzəldir, üstündə müxtəlif rəsmlər çəkməklə fantaziyalarını nümayiş etdirirlər. Bu iş ya evdə olur, ya uşaq bağçasında. Kim tənbəldir, onlar üçün də çıxış yolu var: içi dolu “şəkərli bağlama”ları dükanlardan da əldə etmək olur.

 

Almanlar uşaqların məktəbə hazırlığına olduqca diqqətlə yanaşırlar. Söhbət tək bilik və psixoloji durumdan getmir. Uşaq bir saat bir yerdə oturmağı bacarmalıdır, hər hansı bir prosesə azı 20 dəqiqə diqqətini yönəldə bilməlidir. Almaniyada ilk dəfə məktəbə gələn uşağın nəyisə bilməsi vacib deyil, əsas odur rəngləri, həndəsi fiqurları fərqləndirə bilsin, 12-yə qədər saymağı bacarsın.

 

Məktəbin ilk günü çox rəngarəng keçir, müəllimlər uşaqları akt zalından çıxarıb, sıra ilə siniflərə aparırlar. İlk gün dərsi ekskursiyalar əvəzləyir: birincilər müəllimlərinin müşayiəti ilə 3-4-cü siniflərə “qonaq” gedib necə dərs keçəcəklərini görürlər.

 

Göylərə şar uçurmaq günü

 

İsraildə hər bir gələcək məktəbli mütləq halda uşaq bağçasında olmalıdır. Çünki onun məktəbə gedib-getməməsini müəyyən edən... bağça müəlliməsidir. Körpənin hərf və rəqəm tanıyıb-tanımaması şərt deyil, əsas odur məktəbə qədəm qoymaq üçün psixoloji cəhətdən hazır olsun. Əgər bağça müəlliməsi desə ki, uşaq hazır deyil, məktəb onu qəbul etməyəcək. Elə hal ola bilər ki, valideynlər bağçanın rəyini qulaqardına vurarlar. Bu halda məktəb uşağı qəbul edəcək, ancaq yoxlayıb görəndə ki, körpə məktəb həyatına hazır deyil, geri göndərəcək.

 

İsraildə hər bir uşaq məktəbə öz rayonunda getməlidir. Yalnız ilkin məktəbi bitirdikdən sonra o, istədiyi digər təhsil ocağını seçə bilər. Təhsil müddəti 12 ildir, ilkin siniflər 6 il təşkil edir. Uşaqlar Bilik günü dərsə 8:15-də gəlirlər. Birinci dərsdə öz gələcək sinif yoldaşları ilə tanış olurlar. İkinci dərsdə isə təmtəraqlı düzülüş olur və göylərə rəngli şarlar uçurulur.

 

Bu ölkədə yeni həftə bazar günündən başladığından məktəb də təqvimə riayət edir. İlkin siniflərdə günə 4-5 dərs düşür. İkinci sinifdən etibarən uşaqlar ingilis dili keçirlər, 7-ci sinifdə isə ərəb dili. İsrail məktəblərində birinci və ikinci sinifdə qiymət yoxdur. Sadəcə, müəllimin özünəməxsus cədvəli var ki, buraya uşağın davamiyyəti, dərslərə münasibətinə dair qeydlər edilir. Məktəblərdə yeməkxana və paltardəyişmə otaqları olmur. Hansı gün idman dərsi varsa, uşaqlar bütün dərsləri idman formasında keçirlər.

 

Hindistan: heç bir bayram olmayacaq!

 

Hindistanda milyonlarla uşaq məktəbə gedə bilmir. Yüz milyonlarla insan təhsilsizdir. Mövcud məktəblərin səviyyəsi olduqca aşağıdır. İmkanı olan valideynlər özəl məktəblərə üz tuturlar, burada isə amansız rəqabət və hətta bir çox hallarda qəbul üçün rüşvət praktikası mövcuddur. Hindistan yüksək texnologiyalar sahəsində dünya liderlərindən birinə iddiaçı olsa da, ümumi təhsil mənzərəsi belədir.

 

Yeni məktəb ili adətən apreldə başlayır. Günü məktəblər özləri müəyyən edirlər. Mayda musson yağışları başlayır, iyun ayı isə çox isti olduğundan iki ay fasilə verilir, iyulun əvvəlindən məktəb bərpa olunur. Daha bir tətil dekabrda olur, sonra martın axırınadək məktəb.

 

Uşaqlar birinci sinfə 4 yaşında gedirlər. Bundan əvvəl onlar “playschool” deyilən kurslarda olurlar, burada rəqəmlər və hərflər barədə ümumi məlumatlar alırlar.

 

Bilik günü digər dərs günlərindən heç nə ilə fərqlənmir. Burada ilk məktəb gününü bayram etmirlər. Bununla belə, valideynlər imkanları nəyə çatır uşaqlarına etməyə çalışırlar. Kimisi təzə paltar alır, kimisə şirniyyat. Bu da sizə Hindistanın Bilik günü!

 

Oğlanlar sola, qızlar sağa

 

Fələstində Bilik günü sentyabrın 1-nə təsadüf edir. Qonşu Səudiyyə Ərəbistanında isə gərək Ramazan ayı başa çata. Hər iki ölkədə yeni tədris günü xüsusi qeyd olunmur. İlk gündən uşaqları ayırırlar: oğlanlar bir tərəfə, qızlar digər. Bu səbəbdən səhərlər atalar oğlanlarını, analar qızlarını məktəbə aparırlar. Qızlarla oğlanlar yalnız ali məktəbdə bir yerdə oxuyurlar. O da xüsusi qaydaya riayət etməklə: oğlanlar qabaq partalarda otururlar, qızlar arxa.

 

İlk günlərdə valideynlər də məktəb qarşısında qalıb həm uşaqlarını gözləyirlər, həm də imkan düşmüşkən, müxtəlif problemlər, əsasən də İsrail-Fələstin münaqişəsinə dair yeniliklərlə bölüşürlər. Əsl məktəb ikinci həftədən başlayır: günə 11-12 saat dərs. İlk məktəb günü ümumi tanışlığa həsr olunur. İkinci gündən etibarən səhər saat 7-də uşaqların arxasınca məktəb avtobusu gəlir - yarım saat sonra hər kəs məktəb stadionunda olmalıdır. Əvvəl himn səslənir, sonra əvvəlcədən müəyyən edilmiş uşaqlardan biri Quran oxuyur, digəri poeziya.

 

“Məktəbli” analar

 

Yaponiyada məktəb aprelin əvvəlində başlayır. İlk məktəb gününə ancaq birinci sinfin uşaqları gəlir. Onlar müəllimlərlə və məktəblə tanış olurlar. Gün belə keçir. Sonra müəllimlər valideynlərə uşaq üçün nə almaq lazım olduğunu izah edirlər və uşaqları evə buraxırlar. Düz bir həftədən sonra hamı bir nəfər kimi məktəbə gəlir.

 

Yaponiyada məktəbli geyimi yalnız özəl məktəblər üçün aktualdır, görünür, üzərindəki emblem vasitəsilə reklam üçün. Dövlət məktəblərində kim nə istəyir geyinir. Son illərdə yapon məktəblərində ingilis dilinin tədrisinin məhdudlaşdırılması təşəbbüsləri səslənir. Başlıca səbəb budur ki, uşağın beyni yüklənir. Sən demə, birinci sinifdə hər uşaq təqribən 1000-dək heroqlif öyrənməlidir. Bu, olduqca çətindir.

 

Yapon analar uşaqlarının təhsili üzərində çox “əsirlər”. Elə analar var ki, onlara “fanatik analar” deyirlər. Onlar tez-tez məktəbdə olur, uşaqlarının dərsləri ilə maraqlanır, müəllimlərlə fikir mübadiləsi aparırlar. Hətta uşaq xəstələnərsə, analar dərsə gedib digər uşaqlarla birlikdə yeni mövzuları dinləyirlər. Belə fanatik analar üçün yapon dilində ayrıca termin mövcuddur - “köiku-mama”.

 

Yaponiya məktəblərində mövcud olan ən ciddi problem uşaqların bir-birləri ilə yola getməmələridir. Bu problem birinci sinifdən başlayır. Uşaqlar fiziki və mənəvi təzyiqlərə məruz qalır, hətta təhqir olunurlar. Nəticədə məktəbə getmək istəmirlər. Belə məktəblilər üçün ayrıca təhsil ocaqları fəaliyyət göstərir. Əgər hər hansı məktəbli digərləri ilə dil tapa bilmirsə, şəhərdən kənarda, adətən təbiətin qoynunda təşkil olunmuş fərqli məktəblərə köçürülürlər.

 

Milli geyimlərdə məktəblərə doğru

 

Macarıstanda Bilik gününü məktəblər özləri müəyyən edir. Adətən bu gün avqustun sonu, sentyabrın əvvəllərinə təsadüf edir. Əsas odur məktəb dərs günlərini tam əhatə edə bilsin. Bilik gününə “lokator” deyilir və olduqca rəngarəng keçirilir. Direktor nitq söyləyir, məktəb xoru mahnılar ifa edir. Proses təqribən 1-1,5 saat çəkir, sonra uşaqlar siniflərə gedir və bir-birləri ilə tanış olurlar.

 

Macarıstandan fərqli olaraq qonşu Çexiyada 1 sentyabrı digər günlərdən fərqləndirən amil valideynlərin uşaqları ilə xatirə şəkilləri çəkdirmələridir. Burada birinci siniflər üçün ən maraqlısı qiymətləndirmə sistemidir. Qiymət rəqəmlə deyil, heyvan şəkilləri ilə ifadə olunur. Uşaq balaca dovşan aldısa, deməli, dərsi zəif bilib. Yekə dovşan isə təbii ki, yaxşı qiymətdir.

 

Avstriyada belə bir ənənə var: ilk tədris günü uşaqlar və valideynləri milli libaslar geyinib məktəblərə gəlirlər. Bundan əvvəl onlar yaşadıqları rayonun kilsəsində dua edirlər. Avstriyada da Almaniyada olduğu kimi “şəkərli bağlama”lar var, ancaq burada fərq odur ki, hər məktəbdə fərqli rəngdədirlər.

 

Rüstəm QARAXANLI