Tarixən texniki-peşə təhsili bir sistem kimi ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən biri hesab olunub və bu gün də həmin missiya şərəflə yerinə yetirilir. İnkişaf tarixində mürəkkəb və keşməkeşli bir yol keçən peşə təhsili fəaliyyəti dövründə iqtisadiyyatın bütün sferaları üçün ixtisaslı fəhlə kadrlarının hazırlanması işini həyata keçirib və bu sistemin məzunları daima seçilib, gərəkli peşə bacarıqları ilə cəmiyyətin köməyinə çatıb. Təəssüflər olsun ki, müxtəlif dövrlərdə bu sistemin üstünə kölgə salmaq, onun məzunlarını cəmiyyət içərisində “aşağılamaq” kimi mənfi yanaşmalar mövcud olsa da, heç vaxt görülən işlər  kölgədə qalmayıb və bu sistemin ölkənin iqtisadi inkişafındakı rolu həmişə müsbət qiymətləndirilib. Bütün bunlar mətbuat vasitəsi ilə geniş kütləyə çatdırılıb və pedaqoji ictimaiyyət  belə vasitələrdən  bəhrələnərək maariflənib. Odur ki, bütün dövrlərdə bu sahədə pedaqoji mətbuata ehtiyac olub və  məsələ bu  gün də  öz aktuallığını itirmir.

 

49 illik tarixi bir yol keçərək bu missiyanı  çiyinlərində şərəflə daşıyan “Sənətkar” da belə jurnallardan biri olub. Cəmiyyət inkişaf etdikcə, onun intellektual səviyyəsi  qloballaşan dünyanın tələblərinə uyğun dəyişdikcə, sözsüz ki, neçə illər bundan əvvəl ərsəyə gələn və bu günün tələblərinə tam cavab verməyən bizi əhatə edənlərin, o cümlədən, “Sənətkar” jurnalının da forma və məzmunca dəyişikliyə uğraması normal haldır. Jurnalın hüquqi varisliyi saxlanılmaqla “Peşə təhsili və insan kapitalı”na çevrilməsi ideyası da, məhz bu cür yanaşmanın məhsuludur. İdeya müəllifi Peşə Təhsili üzrə Dövlət Agentliyi olan və Təhsil Nazirliyinin rəhbərliyinin dəstəyi ilə reallaşan bu xeyirxah layihə geniş müzakirələrdən sonra artıq öz həllini tapıb. Redaksiyamıza ünvanlanan təbriklərdən, bu sahənin mütəxəssisləri ilə aparılan söhbətlərdən belə aydın olur ki, təşəbbüs təqdirəlayiqdir və peşə təhsili sisteminin inkişafına öz töhfəsini verəcəkdir. Ancaq bunun hansı zərurətdən irəli gəlməsi məsələsi də sual doğurur və bu da pedaqoji ictimaiyyətin marağına səbəb olub. Bütün bunları nəzərə alaraq bəzi məsələlərə aydınlıq gətirmək istərdik.

 

Hər şeydən əvvəl, jurnalın belə geniş və aktual bir məzmunda adlandırılması  bütün istiqamətlərdə Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədə dünyanın qabaqcıl ölkələri ilə müxtəlif layihələrlə əməkdaşlıq etməyimiz və təhsil iqtisadiyyatına tələbatın sürətlə artması ilə şərtlənir. Lakin bu o demək deyildir ki, keçən dövr ərzində jurnalın  fəaliyyəti səmərəli olmayıb. Əsla. Bu gün fəxrlə demək olar ki, “Sənətkar” jurnalı  Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji və metodik orqanı kimi gərəkli bir  yol keçmiş və pedaqoji mətbuat tarixində öz layiqli yerini tutmuşdur. Bu yola nəzər salaq...

 

...Ötən əsrin ortalarında müharibədən çıxan ölkənin xalq təsərrüfatını, sənayesini inkişaf etdirmək üçün savadlı fəhlə kadrlarına ehtiyac hiss olunurdu. Odur ki, ölkənin ayrı-ayrı şəhərlərində, rayon mərkəzlərində, böyük yaşayış məntəqələrində onlarla peşə və fabrik-zavod məktəbləri açılmaqda idi. Eyni zamanda, bu peşə təhsili müəssisələrini bir  mərkəzdən idarə, onları lazımi metodiki materiallarla təmin etməklə, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən bir mətbu orqana da ehtiyac yaranıb. Bu məqsədlə həmin dövrdə ölkənin paytaxtı Moskva şəhərində “Professionalğno-texniçeskoe obrazovanie” jurnalı, eyni zamanda, müvafiq olaraq müttəfiq respublikalarda da müxtəlif adlarda qəzet və jurnallar nəşr olunurdu. Belə mətbu orqanlardan biri də Azərbaycanın texniki-peşə  təhsilinin inkişafında mühüm rol oynayan “Gənc fəhlə” məcmuəsi olub. Jurnal 1969-cu ildən 1988-ci ilin dekabr ayınadək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki-Peşə Təhsili Komitəsinin bülleteni kimi işıq üzü görmüş və fəaliyyətə başladığı ilk gündən qarşıya qoyulan tələblərin həllinə çalışıb. Lakin XX əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnal da öz fəaliyyətini dayandırmağa məcbur olub.

 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə  respublikamızın bütün sahələrində inkişaf olduğu kimi, peşə təhsili sahəsində də canlanma yarandı. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2000-ci il 31 yanvar tarixli, 96 nömrəli əmri ilə peşə təhsili sistemində informasiya təminatını  yaxşılaşdırmaq, bu sahədə qabaqcıl təcrübəni öyrənib yaymaq, pedaqoji və elmi-metodiki işlərin səviyyəsini yüksəltmək məqsədi ilə “Sənətkar” adlı elmi-pedaqoji, metodik jurnal təsis edildi. Beləliklə, “Gənc fəhlə” 2000-ci ildən “Sənətkar” jurnalı adı ilə öz fəaliyyətini davam etdirməyə başladı. O vaxtdan 18 il ötüb. Bu dövrdə yaradıcı kollektiv ilbəil yenilənib, jurnalda gedən yazılar öz məzmun və qayəsi ilə xeyli zənginləşib.

 

Son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə - əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir.

 

Hazırda sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və peşə təhsilinin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.

 

Cəmiyyətdə özünü realizə və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün insanın biliyinin, bacarığının, əlaqələrinin, peşəkarlığının cəmi kimi ifadə olunan insan kapitalı probleminin həlli qlobal səciyyə daşıyır. Bu, intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və keyfiyyətli həyat şəraiti olub,  ilk dəfə  termin kimi amerikalı Teodor Şults tərəfindən işlədilərək, sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir.

 

İnsan kapitalı - şəxsin gələcəkdə peşə fəaliyyəti zamanı gəlir gətirə biləcək istedad və qabiliyyətlərinə hazırda qoyulan sərmayələrdir. Kimin elmə həvəsi vardırsa, o şəxs təhsilini davam etdirməli, ona sərmayə yatırmalıdır. Hətta onun hər hansı bir kitaba sərf etdiyi maliyyə də insan kapitalına yönəldilən sərmayədir.

 

İlk dövrlər insan kapitalı dedikdə, insana sərf edilən investisiya başa düşülürdü. Sonradan anlayış genişləndirildi, bura insanın istehlak xərcləri - ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri, eyni zamanda, bu sahəyə dövlətin də xərcləri aid edildi. Bu gün hamının diqqətini çəkən məsələlərdən biri də insan kapitalının necə qazanılmasıdır. İnsan kapitalı üçün sərmayələr bir gün, bir ay, bir il deyil, illərlə qoyulur və qazanılır. Nəticə olaraq da həmin yığılan sərmayələr  gələcəkdə gəlir gətirmək fəaliyyətinə malik olmaqla, insanda peşə vərdişlərinin, texnika ilə davranmaq bacarıqlarının yaranmasına səbəb olur. Beləliklə də, bu gün o  peşə vərdiş və bacarıqları sayəsində toplanılan, qazanılan sərmayələr gələcəkdə insan kapitalının yaranmasına, formalaşmasına çevrilir. Onu da qeyd etmək lazımdır ki, insan kapitalının inkişafına dövlətin qayğısı çox vacibdir. Necə ki, respublikamızda neft sənayesindən gələn gəlirlərin insan kapitalına yönəldilməsi prosesi baş verməkdədir. Başqa sözlə  desək, bu gün qazanılan insan kapitalı dövlətimizin gənclərinin gələcək peşə fəaliyyətlərində istifadə olunacaqdır.  Ümumiyyətlə, insan kapitalının qazanılması vacib olan ən dəyərli nailiyyətdir. Çünki bu gün düzgün istiqamətləndirilmiş bu proses və ölkəmizdə həyata keçirilən sosial-iqtisadi proseslər hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəldilib.

 

Prezident İlham Əliyevin respublika müşavirələrinin birində  proqram sənədi kimi  səsləndirdiyi “Azərbaycanda peşə məktəblərinin yaradılması prosesi daha da sürətlə getməlidir” fikri yenidən diqqəti peşə təhsili sahəsindəki proseslərə yönəldib. Ölkə başçısının peşə təhsilinə qayğı və diqqətinin bariz nümunəsi kimi onun 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi  yaradılıb və  bu, peşə təhsilinin  ölkə iqtisadiyyatının inkişafı üçün nə qədər önəmli olduğundan xəbər verir. Fəaliyyətində ilk peşə-ixtisas təhsilinə ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri kimi yanaşan  Agentlik hesab edir ki, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Agentlik  fəaliyyətini bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi istiqamətində qurur. O cümlədən, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təşkili, idarəedilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunması istiqamətində işlər görülür.

 

Bu məqsədlə ölkəmizdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə  hüquqi-normativ, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub. Eyni zamanda, “Peşə təhsili haqqında” Qanun  hazırlanmış, Milli Məclisdə geniş müzakirələrdən sonra qəbul edilərək, ölkə Prezidentinin Fərmanı ilə tətbiqinə icazə verilmişdir. Bu, peşə təhsili sistemində bu günədək  problemlərin həlli yolunda atılan ən böyük addımdır.

 

Görülən işlərin məntiqi davamı kimi  ötən tədris ilində  ilk dəfə olaraq Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilib və bu il də uğurla davam etdirilib. “ASAN Peşə” layihəsinin tətbiqində əsas məqsəd şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi, subyektiv amillərin aradan qaldırılması,  peşə təhsilinin əlçatanlığının artırılması və vətəndaşların rahatlığının təmin olunması olub. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyətini araşdıraraq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialını qiymətləndirmək və əldə olunan nəticələrə istinad etməklə aparılır. Optimallaşdırma prosesi, ilk növbədə, böyük sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin birləşdirilməsi ilə başlayıb.

 

Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Tədris Mərkəzi yaradılıb. Ümumilikdə isə cəmi 34 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında 14 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Yaxın gələcəkdə regionlarda bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

 

Əmək bazarının tələbatının daha dolğun təmin edilməsi ilə əlaqədar 2016-2017-ci tədris ilində mövcud ilk peşə-ixtisas təhsili müəssisələrində ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə və işəgötürənlərin sifarişlərinə əsasən, 15 yeni ixtisas üzrə kadr hazırlığı işi  aparılıb. Eyni zamanda, 2016-2017-ci tədris ilindən regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə uzun illər tədris olunmayan “pambıqçı”, “baramaçı”, “tütün ustası” kimi ixtisasların tədrisinə də başlanılıb. Bütün görülən bu işlər düzgün istiqamətləndirilmiş peşə təhsili sisteminin səmərəli fəaliyyəti nəticəsində insan kapitalının formalaşması və gələcəyin qurucularından olan ixtisaslı gənc kadrların hazırlanması yolunda atılan mühüm addımlardandır. Bundan sonra da  görülən işlərin təbliğində və geniş auditoriyaya çatdırılmasında respublikanın görkəmli elm adamları və sahə mütəxəssislərindən formalaşmış təcrübəli redaksiya heyəti olan  “Peşə təhsili və insan kapitalı” jurnalının böyük xidmətləri olacağına və peşə təhsili müəssisələri əməkdaşlarının stolüstü vəsaitinə çevrilərək, onların  metodiki ehtiyaclarını ödəyən yeganə dərgi  kimi uğur qazanacağına  əminəm.

 

Ümid edirəm ki, respublikamızda bu sahədə aparılan işlər bundan sonra da düzgün istiqamətləndiriləcək və əhalinin peşə təhsili potensialı insan kapitalına çevrilərək, onların xoş gələcəklərinin təminatçısı olacaqdır. Bu prosesdə pedaqoji mətbuat olaraq görəcəyimiz işlərin ən ümdəsi isə peşə təhsili sisteminin informasiya təminatını yaxşılaşdırmaqla, SƏNƏTKARLARIMIZI İNSAN KAPİTALINA aparan yolu operativ və düzgün işıqlandırmaqdır.

 

Bu məsuliyyətli və şərəfli yolda həmkarlarıma uğurlar diləyirəm.

 

Şahbaz BALAKİŞİYEV,

“Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru