Uzun illər peşə təhsili üzrə mətbu orqan kimi fəaliyyət göstərmiş “Sənətkar” jurnalının xələfi olaraq nəşrə başlayan yeni “Peşə təhsili və insan kapitalı” jurnalının ilk səhifələrində Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, vergilər naziri Mikayıl Cabbarov, Milli Məclisin Komitə sədrləri, akademiklər İsa Həbibbəyli və Ziyad Səmədzadənin redaksiya kollektivinə və peşə təhsili işçilərinə təbrikləri, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə ölkə Prezidentinin fərmanı yer alıb.

 

Jurnal ilk nömrəsinin materiallarını “Rəsmi sənədlər”,  “Mütəxəssis sözü”, “Pedaqogika”, “İqtisadiyyat”, “Texnika”, “Metodika və innovasiyalar”, “Kadr hazırlığı və müəllim peşəkarlığı”, “Sahibkarlarla əməkdaşlıq” rubrikaları altında təqdim edib. Oxucular jurnalın əsas bölmələri olan həmin rubrikalar altında Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, professor Famil Mustafayevin “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə iqtisadi islahatların sürətləndirilməsini təmin edən vasitə kimi”, “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” texniki-yardım layihəsinin rəhbəri Herman Sonneveldin “Peşə təlimində iş zamanı öyrənmə və istehsalat təcrübəsi”, Avropa Təlim Fondunun Ukrayna və Azərbaycan üzrə Ölkə Nümayəndəliyinin rəhbəri Marqareta Nikolovskanın “Yüksək keyfiyyətli peşə təhsili və təliminin təmin olunması istiqamətində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin dəstəklənməsi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin 2 ili”, ADPU-nun kafedra müdiri, professor Müseyib İlyasovun “İnsan kapitalı, əməyə dəyər kimi yanaşma və peşəyönümü problemi”, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri, professor Novruz Quliyevin “Peşə təhsilində kadr hazırlığının elmi-nəzəri aspektləri” mövzusunda yazıları və digər materiallarla tanış ola bilərlər.