Təhsil naziri Ceyhun Bayramov tədbirdə iştirak edib


“Bilik günü” Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində də qeyd edilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov iştirak edib.

 

5 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova məlumat verib ki, bu il məktəbi 24 nəfər bitirib. Onlardan 10 nəfər ali məktəbdə, 9 nəfər isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirəcək. Bu il isə məktəbin 12 nəfər birincisi var.

 

Sonra 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri  şeir, mahnı və musiqi nömrələri ilə çıxış ediblər.

 

2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 555 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olan Elmir İbrahimov məktəblərində yaradılan şəraiti yüksək qiymətləndirib.     O, məktəbliləri bu imkandan yararlanaraq daha yaxşı oxumağa çağırıb. Verdiyi təhsilə görə ölkədəki məktəblərdən fərqlənməyən 5 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimlərinə və onlara təhsilində dəstək olan valideynlərə minnətdarlığını bildirib.

 

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibəti ilə internat məktəbinin kollektivini təbrik edib. Bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə təhsilində uğurlar diləyib. O əminliklə bildirib ki, builki birincilər də məktəbdə əldə etdikləri bilik, bacarıq və kompetensiyalarla yüksək balla tələbə adı qazanan Elmirdən daha uğurlu nəticə göstərməyə nail olacaqlar. Gələcəkdə sadəcə məktəbin deyil, bütövlükdə xalqımızın qürur duyacağı mütəxəssis, incəsənət xadimi kimi yetişəcəklər.

 

Tədbirin sonunda birinci sinif şagirdi Ruslan ilk zəngi çalıb.

 

Daha sonra təhsil naziri Ceyhun Bayramov siniflərə baş çəkib, şagirdlərlə görüşüb, məktəbin şəraiti ilə tanış olub.

 

Məktəbin direktoru İradə Vəzirova “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların faizinə görə məktəbin göstəriciləri hər il ürəkaçan olur: “Bu il isə məktəbin tarixində ilk dəfə olaraq məzunlarımızdan biri 555 bal toplayıb. Digər məzunumuz isə 541 balla tələbə adını qazanıb. Ancaq biz bu göstəricilərimizlə kifayətlənmirik. Uşaqlarımızın yaradıcılıq uğurları da kifayət qədərdir. Artıq uşaqlarımızın peşə yönümü sahəsində də uğurları var. Bir ildir ki, təhsil sahəsindəki potensialına baxmayaraq, şagirdlərimizə müxtəlif peşələr də öyrədilir. Bunun nəticəsində yetirmələrimiz məktəbi bitirəndə onların peşə bacarıqları olur. Hazırda dulusçuluq sənətini, kukla düzəltməyi, taxta üzərində rəsmlər və naxışlar yonmağı, ipək və yun saplarla, muncuqlarlarla naxış salma işini öyrənirlər. Tam gözdən əlil qızlarımıza isə yun saplarla toxumağı öyrədirik. Bunun üçün müəssisədə hər bir şəraitimiz var. Emalatxana və əmək otağında qrafikə uyğun saatlarda dərnək qruplarında məsğul olurlar.

 

İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. İki sinifdə tədris rus dilində aparılır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbə şagird qəbulu Psixoloji-tibbi-pedaqoji komissiyanın müvafiq qərarı əsasında həyata keçirilir.

 

Müəssisənin ərazisində yerləşən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqi məktəbində internat məktəbinin 150 nəfər şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, fortepiano, skripka üzrə siniflərdə təhsil alır: “Dövlətin məktəbin şagirdlərinə göstərdiyi qayğının nəticəsidir ki, son 5 ildə internat məktəbinin məzunlarından 30 nəfəri ali, 23 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məktəbin 2017-2018-ci il məzunlarından 10 nəfəri ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunublar. Hazırda Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan məzunlarımız var”.            

 

İnternat məktəbinin 2006-cı ildə Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı, 2015-2016-cı ildə isə Təhsil Nazirliyi tərəfindən təmir olunduğunu deyən İ.Vəzirova hazırkı şəraitin qənaətbəxş olduğunu vurğulayıb: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində yaradılmış mətbəədə Brayl əlifbasında və iri şriftlərlə dərslik və metodiki vəsaitlər çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir. Bununla yanaşı, uşaqların təhsil aldıqları xüsusi məktəblərin ibtidai sinif şagirdləri üçün səsli nağıl diskləri hazırlanıb və şagirdlərə paylanılıb”.

 

Müəssisə rəhbəri məlumat verərək bildirib ki, 2014-cü ilin aprel ayında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinə şagirdlərin daşınması üçün “Hyundai County” markalı avtobus verilib. Bundan başqa, məktəbdə mobil stomatoloji kabinet də fəaliyyət göstərir: “İnternat məktəbində uşaqların sağlamlığına xüsusi diqqət yetirilir: Artıq dərslər başlayır. Stomatoloji kabinetdə həkimlərimiz uşaqların dişini müayinə və müalicə edəcəklər. Bundan başqa, hər il şagirdlərin məcburi dispanzerisasiyası həyata keçirilir. Uşaqların hər biri müayinə olunur, lazım gələrsə müalicəsi təmin edilir”.

 

Ruhiyyə Daşsalahlı