Təhsilin keyfiyyəti ümumtəhsil müəssisələrində təhsil mühitinin düzgün təşkilindən asılıdır


Ümumi təhsildə “Keyfiyyət ili” ilə bağlı Təhsil Nazirliyinin təsdiq etdiyi “Tədbirlər planı”na əsasən  hazırda ölkənin ümumtəhsil müəssisələrində geniş iş aparılır. Bizim məktəbdə də bu məqsədlə  tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur. Ötən müddət ərzində həmin plana əsasən bir sıra işlər görülmüş və ilboyu bu işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, biz “Keyfiyyət ili” çərçivəsində dərs ili ərzində həyata keçiriləcək tədbirləri aşağıdakı kimi qruplaşdırmışıq:

 

1. Təlimin keyfiyyətinin yüksəldilməsi.

 

Bu bölmə üzrə  fənlərin tədrisi keyfiyyətinin artırılması, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmalarının təmin olunması, şagirdlərin təlimə marağının artırılması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, təlim prosesində öyrədənlərin, öyrənənlərin və məktəb rəhbərliyinin məsuliyyətinin artırılması məqsədi ilə məktəbdə dərs ilboyu fənn və sinif aylıqlarının təşkil olunması. Tədris ilinin əvvəlindən başlayaraq hər ay bir fənn “aylığı” elan olunmuşdur. “Fənn aylığı” çərçivəsində fənn bülletenlərinin hazırlanması, fənn gecələrinin təşkili, müəyyən olunmuş fənn üzrə nümunəvi dərslərin təşkili və müzakirəsi, şagirdlərin bilik keyfiyyətinin aşkara çıxarılması üçün hər ay müəyyən olunmuş fənn üzrə monitorinqlərin keçirilməsi və s. kimi məsələləri əhatə edən tədbirlər həyata keçirilir. Hər ayın sonunda “aylığ”ın yekunu olaraq hesabatın hazırlanıb məktəb rəhbərliyinə təqdim olunması təşkil olunur.

 

2. Təlimdə geri qalan və xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə işin təşkili.

 

Belə şagirdlərlə iş iki istiqamətdə aparılır: 1. Müəllimin diqqət və qayğısı; 2. Sinif yoldaşlarının qayğı və yardımı. Təcrübə göstərir ki, əgər sinifdə mühit düzgün formalaşdırılarsa, fəal şagirdlərin əksəriyyəti təlimdə geri qalan yoldaşlarına məmnuniyyətlə kömək edə və onların təlim nəticələrinin yaxşılaşmasına təsir göstərə bilir. Həmçinin müəllimlərin və məktəb rəhbərliyinin də belə şagirdlərlə iş qurması  yaxşı nəticələr verir. Şagirdlərə qrup və cütlüklərlə işləmək üçün ev tapşırıqları vermək, xüsusi qayğıya ehtiyacı olan və təlimdə geri qalan şagirdləri məktəbin ictimai işlərinə cəlb etmək onların təlim nəticəsinə müsbət təsir göstərir.

 

3. Məktəb-valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi.

 

Təlim-tərbiyədə əsas rol məktəbin öhdəsinə düşsə də, valideyn-müəllim-məktəb əməkdaşlığı təlimin keyfiyyətinə müsbət təsir edən amillərdəndir. Bu baxımdan sinif rəhbərləri və məktəb rəhbərliyi kimi biz daha çox məsuliyyət daşıyırıq. Bundan ötrü valideyn-məktəb əlaqələrini düzgün qurmağa, valideynləri vaxtaşırı övladlarının təlim-tərbiyəsi barədə məlumatlandırmağa və yaranmış problemləri birlikdə aradan qaldırmağa çalışırıq. Sinif rəhbərləri ilə bərabər hər bir fənn müəllimi də bu işdə yaxından iştirak edir, zəif oxuyan, həmçinin dərsdən yayınan şagirdlərin valideynləri ilə sıx əlaqə saxlayırıq. Valideyn iclasları ilə bərabər məktəbimizdə “açıq qapı”, “qonaq-valideyn” günləri təşkil olunur. Bu tədbirlər valideynlərin məktəblə əlaqələrini daha da genişləndirir və şagirdlərin məsuliyyətinin artmasına səbəb olur. “Qonaq-valideyn” günlərində həm karyera, həm də digər cəhətlərdən uğur qazanmış valideynlərdən müəyyən şəxslər seçilib onların şagirdlərlə görüşü təşkil olunur. Bu görüşlərdə həmin valideynlərin öz uğur sirləri və məktəb həyatı barədə danışması və şagirdlərə tövsiyələr verməsi onların təlimə marağının artmasına müsbət təsir göstərir.

 

4. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili.

 

 

Şagirdlərdə təlimə maraq oyatmaq üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərin böyük əhəmiyyəti var. “Keyfiyyət ili” çərçivəsində təşkil olunmuş tədbirlər arasında şagirdlərimizin Salyan Tarix-Diyarşünaslıq Muzeyinə və Bayraq Muzeyinə aparılması onların vətənpərvərlik hisslərinin, soykökümüzə, tariximizə bağlılığın inkişafına, eləcə də cəmiyyətin tərkib hissəsi olan vətəndaş kimi yetişməsinə şərait yaradan amillərdəndir.

 

5. Təhsilverənlərin peşəkarlığının yüksəldilməsi məqsədi ilə nəzərdə tutulmuş tədbirlər.

 

Məlum olduğu kimi, bu məsələ “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas istiqamətlərindən biridir. Çünki müstəqil və yaradıcı düşünən, cəmiyyət və dövlətin tələblərinə cavab verən vətəndaş və şəxsiyyət yetişdirmək üçün təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən təhsilverən formalaşdırılmalıdır. Strategiyada ölkəmizdə ömürboyu təhsili təmin edən infrastruktur yaradılması nəzərdə tutulmuş və bu sahədə bir çox işlər görülmüşdür. Bu məqsədlə təhsilverənlərin informal təhsil formasından istifadə edərək peşəkarlıq kompetensiyalarını artıra bilməsi üçün kifayət qədər imkanlar yaradılmışdır. “Keyfiyyət ili” çərçivəsində  məktəbimizdə bu məqsədlə xüsusi tədbirlər təşkil olunmuşdur. Qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği, vaxtaşırı müəllimlərin nümunəvi dərslərinin təşkili və müzakirəsi, “qonaq müəllim” olaraq qabaqcıl innovativ müəllimlərin dərslərinin rayonun digər qonşu məktəblərində təşkil olunması, dərs ili ərzində fərqlənən müəllimlərin həvəsləndirilməsi üçün nəzərdə tutulan tədbirlər və s. bu baxımdan xüsusilə məqsədəuyğundur.

 

6. İdarəetmədə şəffaflıq və keyfiyyətin yüksəldilməsi.

 

Qeyd olunanlar şəffaf, demokratik və keyfiyyətli idarəetmə sistemi ilə vəhdətdə daha yüksək nəticələr əldə olunmasına şərait yaradılır. Bütün bu tədbirlərin ardıcıl və sistemli şəkildə təşkil olunub həyata keçirilməsi, həmçinin nəticələrin müzakirə olunub ümumiləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması üçün məqsədyönlü işlərin görülməsi keyfiyyətin yüksəldilməsinə öz töhfəsini verir. Məktəb rəhbərliyi bu məsələdə obyektiv, ardıcıl, sistemli və inkişafyönümlü tədbirlər həyata keçirilməsinə rəhbərlik edir və həm təhsilalanlar, həm təhsilverənlər, həm də valideynlərin  bu prosesdə iştirakına şərait yaradılır.

 

Təhsil cəmiyyətin gələcəyi üçün bünövrədir. Bu bünövrə nə qədər möhkəm olarsa, gələcəyimiz də bir o qədər parlaq, aydın olar. Təhsilin keyfiyyəti ümumtəhsil müəssisələrində təhsil mühitinin düzgün təşkilindən asılıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Bu baxımdan biz - pedaqoqlar və məktəb rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. İnanırıq ki, təhsil prosesinin hər bir iştirakçısı bu sahədəki məsuliyyətini dərk edərək daha yaxşı nəticə əldə etmək yolunda səyini əsirgəməyəcək.

 

Gülər QULİYEVA,

Salyan rayon Şəkərli kənd ümumi orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini 

 

Bölmənin digər xəbərləri