Pedaqoji kadrların hazırlanmasına birinci dərəcəli əhəmiyyət verilirdi


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının milli dövlətçilik və özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisə idi. Onun mövcudluğu millətin bütün sosial qatlarında sevinclə duyulmuş, fəaliyyəti cəmiyyətin bütün təbəqə və qurumlarına, milli həyatın hər sahəsinə nüfuz etmişdi. Azərbaycan Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin: təhsilin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirmişdi.

 

Azərbaycan hökumətinin siyasətində mədəni-maarif islahatından danışarkən, ilk növbədə, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Bakı Dövlət Universitetinin təşkili, milli kadrlar yetişdirməyə yönəldilmiş tədbirlər, ana dilində məktəblərin açılması, azərbaycanlı tələbələrin ali təhsil almaq üçün Avropa ölkələrinə göndərilməsi və sair tədbirlər qeyd edilməlidir. Mühüm vəzifələrdən biri maarif sisteminin işini xalqın milli mənafelərinə xidmət etməyə yönəltmək, onu dövlətçiliyin tələblərinə uyğun şəkildə yenidən qurmaq olduğu üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həyata keçirdiyi ilk tədbirlərdən biri təhsil müəssisələrinin milliləşdirilməsi oldu. 

 

Nazirlər Şurasının 1918-ci il 28 avqust tarixli qərarı ilə bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılır, eyni zamanda dövlət dili icbari qaydada tədris olunurdu . Bütün  ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dilində aparılır, tədrisi bu dildə olmayan bütün hazırlıq sinifləri ləğv olunurdu. Şagirdlər orta məktəblərin beşinci sinfindən başlayaraq tədris müəssisəsini bitirənə qədər rus dilində oxuyur, Azərbaycan türk dilini isə məcburi fənn kimi öyrənirdilər. Müəyyən edildi ki, yaşayış məkanlarında cəmi bir təhsil müəssisəsi varsa, yuxarı hazırlıq siniflərindən başlayaraq tədrisin rusca aparıldığı paralel siniflər açılmalı, müəyyən yerdə eynitipli bir neçə tədris müəssisəsi olarsa, onların bir hissəsi milliləşdirilməli,  qalanlarında isə dövlət dili məcburi fənn kimi keçilməklə tədris rusca aparılmalıdır.

 

Milliləşdirmə siyasəti ciddi çətinliklərlə qarşılaşırdı. Pedaqoji kadr və müəllim çatışmazlığı, lazımi dərsliklərin kifayət qədər olmaması, tələskənlik, səhvlər və əhalinin tərkibindəki rus və erməni azlıqlarının Azərbaycan dövlətçiliyini tanımamağa, qəbul etməməyə meyillənmiş müqaviməti təhsilin milliləşdirilməsini əngəlləyirdi. Lakin hökumət bu məsələdə qəti mövqe tutdu və müstəqil milli təhsil siyasətini davam etdirdi. 1919- cu ilin sonuna olan məlumatlara görə, Bakı politexnik və kommersiya məktəbləri, iki kişi və üç qız gimnaziyası istisna olunmaqla, bütün orta məktəblər milliləşdirilmişdi .

 

Hökumət çarizmin müstəmləkə siyasətinin ağır nəticələrini tezliklə aradan qaldırmaq məqsədilə azərbaycanlı şagirdlərin təhsilinə xüsusi diqqət yetirirdi. Xalq Maarif Nazirliyi orta məktəb rəislərinə göndərdiyi 1919-cu il 7 sentyabr tarixli xüsusi sərəncamında azərbaycanlı uşaqların ancaq milliləşdirilmiş əlifba və hazırlıq siniflərinə, həmçinin birinci siniflərə qəbul olunması göstərişini vermişdi. Görülmüş tədbirlər nəticəsində şagirdlərin ümumi sayı içərisində azərbaycanlıların xüsusi çəkisi artdı.  

 

Məktəb şəbəkəsinin bərpa edilməsi məqsədilə hökumət onun maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb binalarının təmiri, bərpası və yeni məktəblərin tikintisi üçün vəsait ayrılması üzrə tədbirlər görürdü. Nazirliyin göstərişi ilə müxtəlif qəzalarda məktəblərin bərpa edilməsinin smetaları hazırlanıb təqdim olunurdu. Zaqatalada, Göyçay və Şuşa qəzalarında, başqa yerlərdə yeni məktəblər açılırdı. Nəticədə köhnə məktəblərin xeyli hissəsinin bərpasına, bir sıra yeni məktəblər açılmasına və nəzərdə tutulmuş layihələrin qismən yerinə yetirilməsinə nail olundu. Bu məqsədlə orta məktəblərin yeni proqramlarının hazırlanması üçün komissiyalar yaradılırdı. Komissiyalar ümumi tarix və coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ilahiyyat üzrə proqramlar hazırlayırdılar. Tədris müəssisələrinin proqramına türk xalqları tarixinin də daxil edilməsi cəmiyyətdə baş verən milliləşdirmə prosesi ilə bağlı idi. 1919-cu ildə türk xalqları tarixinə aid kurs üzrə proqramlar və izahat qeydləri hazırlandı.

 

Qadınların təhsilinə xüsusi diqqət yetirilirdi. Orta təhsil müəssisələrində azərbaycanlı qızların sayı artırdı.

 

Azərbaycan hökumətinin həll etməli olduğu məsələlərdən biri də maarif işçilərinin maddi təminatı, onların güzəranının yaxşılaşdırılması idi. 1919-cu ilin sentyabrında parlament Azərbaycan Cümhuriyyəti qulluqçularının məvacibinin artırılması və maaşların müvafiq şəkildə sistemləşdirilməsi haqqında qanun qəbul etdi. Bu qanuna görə, müəllimlərə xeyli imtiyazlar verilməli, əlavə işlər üçün onlara əməkhaqqı xüsusi cədvəl üzrə ödənilməli idi .

 

Azərbaycan hökumətinin ən mühüm təşəbbüslərindən biri - əlifba islahatı da onun maarifçilik fəaliyyətinin və xalq təhsili üzrə proqramlarının reallaşdırılmasına xidmət edirdi.

 

1919-cu ilin martında X.Məlikaslanovun sədrliyi altında əlifba islahatı üzrə xüsusi komissiya yaradıldı. Təqdim olunmuş layihələrdən ancaq müəllim Abdulla bəy Əfəndiyevin variantı parlament tərəfindən bəyənildi və yeni əlifba üçün əsas kimi qəbul edildi.

 

Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən iqtisadiyyat, idarəçilik və mədəniyyətin bütün sahələri üzrə kadrlar hazırlanmasına dair proqramlar işlənib hazırlanmışdı və onların həyata keçirilməsindən ötrü hər cür imkan və mümkün formalardan istifadə olunur, kompleks tədbirlər görülür və xeyli vəsait xərclənirdi. Azərbaycan hökuməti təhsil sistemini kökündən yeniləşdirmək üçün pedaqoji kadrların hazırlanmasına birinci dərəcəli əhəmiyyət verirdi. Pedaqoji kadrlara olan ehtiyacın ödənilməsi üçün Maarif Nazirliyi tərəfindən hər il respublikanın müxtəlif məntəqələrində dörd seminariya açılması nəzərdə tutulurdu. Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi. 1919-cu ilin sentyabrında Bakıda kişi seminariyası açıldı.

 

Peşə təhsili almaq üçün azərbaycanlılara müəyyən güzəştlər verilirdi. Maarif nazirinin Bakı Politexnik Məktəbinin direktoruna ünvanlanmış 1919-cu il 30 avqust tarixli sərəncamında təklif olunurdu ki, qəbulun digər tələblərinə uyğun gələn bütün azərbaycanlı şagirdlər məktəbə imtahansız qəbul olunsunlar .

 

Kənd Təsərrüfatı üzrə orta təhsilin təşkili də mühüm məsələ idi. 1919-cu ilin noyabrında Əkinçilik Nazirliyinin kənd təsərrüfatı şöbəsində kənd təsərrüfatının müxtəlif sahələri və balıqçılıq üzrə təlimatçılar hazırlayacaq ikiillik kursların təşkili haqqında qanun layihəsi işlənib hazırlandı. Gəncədə orta, Nuxa və Zaqatalada isə ibtidai kənd təsərrüfatı məktəblərinin açılması qərara alındı.

 

Qadınların peşə hazırlığının təşkili üzrə də bəzi tədbirlər görülürdü. Respublikada ali təhsilin təşkili məsələsi qızğın surətdə müzakirə olunur, Azərbaycan hökumətinin qarşısında duran təxirəsalınmaz vəzifə hesab edilirdi.

 

Hələ 1918-ci ilin avqustunda Azərbaycan hökuməti Tiflis Politexnik İnstitutunun maliyyələşdirilməsində iştirak etmək haqqında məsələni nəzərdən keçirmişdi. Maarif naziri N.Yusifbəyli təklif etmişdi ki, hökumət institutun maliyyələşdirilməsini onun Azərbaycan ərazisinə köçürülməsi şərti ilə öz üzərinə götürsün.

 

Bakıda Pedaqoji İnstitutun açılması barəsində Maarif Nazirliyi tərəfindən qanun layihəsi işlənib hazırlanmışdı. Bakı Musiqi Məktəbinin bazasında konservatoriya açılması məsələsi də gündəlikdə idi. Azərbaycan hökuməti Bakı şəhərində universitetin açılmasına böyük əhəmiyyət verirdi. Məsələnin həllinə tezliklə nail olmaq məqsədilə professor V.İ.Razumovski başda olmaqla universitet komissiyası təşkil edilmişdi. Komissiya qısa müddətdə universitetin təsis edilməsi haqqında qanun layihəsini, nizamnaməsini, həmçinin 1919-1920-ci tədris ili üçün müvəqqəti ştat və smeta cədvəllərini hazırlayıb təqdim etmişdi.

 

1919-cu il avqustun 21-də Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsi göstərdi ki, parlamentin əksəriyyəti Azərbaycanın elm və maarif ocağının açılmasına razıdır. 1919-cu il sentyabrın 1-də parlament Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Qanunda universitetin dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilmiş, 1919-cu il sentyabrın 1-dən başlayaraq birillik müvəqqəti ştat və smeta cədvəli, universitet komissiyasına üç il müddətinə ilk rektor və dekanları, kollegiyaya isə professorları dəvət, elmi şuraya idarə heyəti təşkil etmək hüququ verildiyi öz əksini tapmışdı.

 

1919-cu il sentyabrın 1-dən etibarən fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin ilk rektoru professor V.İ.Razumovski, tibb fakültəsinin dekanı professor A.M.Levin, tarix-filologiya fakültəsinin dekanı isə N.A.Dubrovski təyin olundular. Universitetdə dərs demək üçün Moskva, Rostov, Yekaterinoslav, Xarkov və Rusiyanın digər şəhərlərindən görkəmli alim və professorlar dəvət edildilər. İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, universitetə 217 azad dinləyici qəbul edilmişdi.

 

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətində ən müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün bütün imkanlardan istifadə edilirdi.

 

Elnurə ALXASOVA,

Xaçmaz şəhəri 9 nömrəli tam orta məktəbin  coğrafiya müəllimi

Bölmənin digər xəbərləri