Tar ixtisası üzrə professor adı alan ikinci sənətkar


80 illik ömrünün 60 ilini elmi-pedaqoji fəaliyyətdə keçirən istedadlı sənətçimiz, professor Oqtay Quliyevi xalqımız mahir tarzən, pedaqoji və musiqi ictimaiyyətimiz səriştəli müəllim və musiqişünas, dostları və yaxınları, onunla ünsiyyətdə olanlar isə üstəlik həm də gözəl dost və səmimi insan kimi tanıyırlar. Musiqi beşiyi Qarabağda, Ağdamda dünyaya göz açan Oqtay müəllimdə anadangəlmə musiqi istedadı özünü tez büruzə vermiş və atası Süleyman kişinin təkidi ilə bu istedadın çiçəklənməsi üçün o, musiqi məktəbinin tar sinfinə qoyulmuşdur. İstedad tez çiçəkləndiyi kimi, tez də bəhrə verməyə başlamışdır. Onun ifaçılıq məharətini görən görkəmli bəstəkarımız, Azərbaycanın Xalq artisti, professor  Süleyman Ələsgərov Oqtayı o vaxt rəhbərlik etdiyi Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna gətirtmiş, gənc ifaçı burada böyük bəstəkar Səid Rüstəmovun sinfində təhsil almış, xalqımızın musiqi çeşməsi olan muğamlarımızın sirrini onların dərin bilicisi Əhməd Bakıxanovdan öyrənmişdir. 1957-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirən O.Quliyev Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş, tar ixtisası üzrə Səid Rüstəmovun, dirijorluq üzrə isə Süleyman Ələsgərovun sinfində təhsilini davam etdirmişdir. Konservatoriyanı bitirdikdən sonra o, bir müddət xalq çalğı alətləri orkestrində və musiqi məktəbində çalışmış, 1969-cu ildə təhsil aldığı konservatoriyaya xalq çalğı alətləri kafedrasına müəllim vəzifəsinə dəvət olunmuşdur. Burada müəllimlik fəaliyyəti ilə bərabər geniş elmi-tədqiqat işi də aparmağa başlamışdır. O, əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş xalq çalğı alətləri orkestrinin şərəfli yaradıcılıq yolu haqqında namizədlik dissertasiyası yazıb müdafiə edərək 1978-ci ildə sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Oqtay Quliyevin kamil ifaçı, tarzən kimi yetişməsində, şübhəsiz, çalışdığı xalq çalğı alətləri orkestrinin mühüm rolu olmuşdur. O, həmin orkestrin keçdiyi yol haqqında 1980-ci ildə monoqrafiya çap etdirmişdir.

 

Oqtay Quliyevin mahir ifası musiqi sənətimizə necə böyük töhfədirsə müəllimlik fəaliyyəti də təhsilimizə belə bir ərməğandır. O, tar ixtisası üzrə unudulmaz bəstəkarımız Səid Rüstəmovdan sonra professor adı alan ikinci sənətkarımızdır. Konservatoriyada çalışdığı  30 il ərzində onlarca, yüzlərlə tələbəyə tar sənətinin sirlərini öyrətmişdir. İndi onun yetirmələrinin səsi dünyanın bir sıra ölkələrinin ən mötəbər konsert salonlarından gəlir.

 

Oqtay Quliyevin musiqi metodikası sahəsindəki xidmətləri də əvəzsizdir. O, Süleyman Ələsgərovun tar ilə orkestr üçün konserti barədə kitabçanın, iki “Pyeslər məcmuəsi”nin müəllifidir. Azərbaycan bəstəkarlarının tar konsertləri barədə metodik vəsaitləri, habelə musiqi məktəblərinin tar və kamança sinifləri üçün proqramları çap olunmuşdur. Onun ifasında vala yazılmış “Şur”, “Segah”, “Çahargah”,” Şahnaz”, “Bayatı Qacar”, “Heyratı” muğamları təkrarsız ifaçılıq nümunələri olmaqla bərabər, həm də musiqi məktəbləri üçün qiymətli metodik vəsaitlərdir. Bu “Muğam məktəbi” vallar seriyasından indi də orta məktəb müəllimləri geniş istifadə edirlər. Onun respublika mətbuatında musiqi mədəniyyətimiz, ifaçılarımız, bəstəkarlarımız və onların əsərləri barədə onlarca resenziya və məqaləsi çap olunmuşdur.

 

Bir çox musiqisevərlər və musiqi mütəxəssisləri kimi mən də Oqtay müəllim sənətinin vurğunu, bu böyük istedadlı tarzənimizin pərəstişkarıyam. İndi artıq səmimi, sıx, qarşılıqlı münasibətə, ailəvi dostluğa çevrilmiş bu vurğunluq və rəğbət məndə hələ 1957-ci ildə Oqtay Quliyev Moskvada keçirilən Ümumittifaq və Beynəlxalq müsabiqələrdə böyük uğur qazanıb hər iki müsabiqənin laureatı adına layiq görüləndə yaranmışdı. Onda mən yenicə musiqi məktəbinin tar sinfinə gedirdim. Əslində məndə musiqiyə, tara həvəs və məhəbbəti də o yaratmışdı. Oqtay müəllimlə yaxından tanışlığımız isə 1966-cı ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunmağımdan sonra başlamışdır. O bizdən bir qədər yaşlı nəslin nümayəndəsi idi. Texnikumu çoxdan bitirmişdi. Ancaq bir ifaçı kimi həmişə bizimlə idi. O vaxt, yəni 1970-ci illərdə onun ifasinda məktəblilər üçün buraxılan vallardan geniş istifadə edirdik. Mən 1973-78-ci illərdə konservatoriyada oxuyanda isə o, artıq burada baş müəllim, dosent işləyirdi. Mənə dərs deməsə də onu özümə həmişə müəllim hesab etmişəm.

 

1981-1984-cü illərdə tale bizi yenidən görüşdürdü. Mən 3 il onunla çiyin-çiyinə konservatoriyada xalq çalğı alətləri kafedrasında çalışdım. Elə həmin illərdə onun bir insan, bir sənətkar kimi  böyüklüyünü  daha yaxından duyub, ona daha sıx bağlandım. Bundan sonra bizim münasibətlərimiz  ailəvi dostluğa çevrildi. 1984-cü ildə mən Əli Bayramlı (indiki Şirvan) musiqi məktəbinə direktor təyin olunandan sonra da əlaqələrimiz kəsilmədi, dəfələrlə məktəbimizə dəvət edərək şagirdlərlə görüşlərini  keçirdim. Sonralar həyat yolumuz yenidən yaxınlaşdı. 1992-ci ildən 1994-cü ilədək  konservatoriyada bir yerdə işlədik. O, kafedra müdiri idi, mənsə onun kafedrasında baş müəllim. 1994-2004-cü illərdə qardaş Türkiyənin zəngin ənənəli elm və təhsil ocaqlarından biri olan Qara Dəniz Texniki Universitetinin dəvəti ilə orada işləmiş, musiqi müəllimləri hazırlayan fakültənin professoru olmuşdur. O, universitetdə dərs deməklə yanaşı, öz mahir ifası ilə tarı, onun ecazkar səsini türk qardaşlarımıza sevdirmişdir.

 

Qardaş Türkiyədən qayıtdıqdan sonra Oqtay Quliyev 2004-2010-cu illərdə  Azərbaycan Milli Konservatoriyasında tədris işləri üzrə prorektor, 2010-cu ildən isə xalq çalğı alətləri kafedrasının professoru vəzifəsində işləmişdir.

 

Oqtay müəllimin musiqi sahəsində əməyi, nailiyyəti yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2 oktyabr 2007-ci il tarixli sərəncamı ilə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.

 

Mən, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin kollektivi adından görkəmli sənətkarımızı, dostumuz və müəllimimiz Oqtay Quliyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı arzulayıram.

 

Nazim KAZIMOV,

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor

 

Bölmənin digər xəbərləri