Gələn il sualların təqdimolunma formatı dəyişdiriləcək


Bu il təqdim olunan yerlərin 99 faizə yaxını, dövlət sifarişli yerlərin isə hamısı dolub. Bu məlumatı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə verib. Əvvəllər ali məktəbə qəbul olunan abituriyentlərin, təxminən 12-13 faizinin qeydiyyatdan keçmədiyini vurğulayan M.Abbaszadə deyib: “Bu il isə bu göstərici çox az oldu. Sentyabrın 15-dən sonra qeydiyyatdan keçməyən abituriyentlər tərəfindən müraciətlər aldıq. Həmin müraciətlərə fərdi şəkildə baxdıq. Müəyyən olunmuş vaxtdan sonra qəbul olunan abituriyent qeydiyyatdan keçməyib və sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi olaraq baxmışıq. Elə hallar da olub ki, pulu köçürülüb, amma qeydiyyatdan keçməyiblər. Bunları nəzərə alıb tədrisin başlaması ərəfəsində belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik".

 

M.Abbaszadə gələn il ali məktəblərə keçiriləcək yeni qəbul qaydalarından da danışıb. Onun sözlərinə görə, maksimal bal yenə 700 bal olacaq. Abituriyent bu balın 300-nü buraxılış imtahanı zamanı, 400-nü isə qəbul imtahanlarında toplaya bilər: "Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur. Yeni model ictimaiyyətə bir qədər əvvəl təqdim olunub. Məlumdur ki, qəbul imtahanında hər bir ixtisas qrupu üzrə 5 imtahan fənni təqdim olunur. Gələn il üçün isə imtahan fənlərinin sayı azaldılaraq 3-ə endirilib. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu isə ölkədə tədbiq olunan kurikulum sistemindən irəli gəlir".

 

DİM sədri əlavə edib ki, sualların təqdimolunma formatı da dəyişdiriləcək, yəni, daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları ölçən suallar tərtib olunacaq: "Keçən ilin yazında bu modelə uyğun sınaq imtahanı keçirilib. Bu imtahan 11-ci sinfin proqramına əsaslanırdı. Həmin imtahanın nəticələrini Təhsil Nazirliyi ilə birgə müzakirə etdik. Yəqin ki, oktyabrın sonu-noyabrın əvvəlində 10-cu sinfin proqramı çərçivəsində belə sınaq imtahanı yenə keçirməyi planlaşdırırıq".