Tayvanın “Acer” şirkəti avqustun 31-dən sentyabrın 5-dək Almaniyanın paytaxtı Berlində keçirilmiş “IFA 2018” - Beynəlxalq istehlak elektronikası sərgisinin açılışı ərəfəsində “Swift 5” adlı yeni nəsil yığcam noutbukunu təqdim edib.

 

www.ferra.ru saytının məlumatına görə, “SF515-51T” nömrəli modelin ən yüngül 15 düymlük noutbuk olduğu açıqlanıb. Qurğunun çəkisi 990 qram təşkil edir.

 

Sözügedən noutbuk səkkizinci nəsil “Intel Core” prosessoru (Core i7-8565U və Core i5-8265U), “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 Gb-dək əməli yaddaş və 1 Tb sərtgövdəli daşıyıcı ilə təchiz edilib. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 mm təşkil edir.

 

“Wi-Fi” (802.11ac), “Bluetooth 5.0” dəstəklənir, 2 ədəd “USB Type-A”, 1 ədəd “USB Type-C” portları, “HDMI” və qulaqlıqlar üçün konnektor mövcuddur.