“Azercell Telekom” proqramın seçim mərhələlərini uğurla keçən tələbələrə 200 AZN məbləğində aylıq təqaüd verəcək


“Azercell Telekom” MMC yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələr üçün növbəti təqaüd proqramına start verib. Bununla bağlı Naxçıvan Dövlət Universitetində təşkil olunan görüşdə şirkətin İnsan resursları departamentinin nümayəndələri proqramın mahiyyəti və ondan yararlanmağın yollarını izah ediblər.

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qonaqları salamlayaraq belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Təqaüd proqramı haqqında ətraflı məlumat verən  “Azercell”in əməkdaşları bildiriblər ki, təqaüd proqramını həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir. Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində İKT sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.

 

Şirkətin nümayəndələri həmçinin qeyd ediblər ki, 2008-ci ildən indiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 156-dan artıq tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı Bakı, Bölgə, SABAH olaraq 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidir. Ərizələr 18.09.2018 ci il tarixdən 18.10.2018-ci il tarixinədək yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələr sertifikat ilə təmin olunurlar.

 

Sonda tələbələrin sualları cavablandırılıb və aktiv tələbələrə “Azercell”in əməkdaşları tərəfindən hədiyyələr verilib. Eyni zamanda, tələbələrə təqaüd proqramına necə qoşulmaq lazım olduğu haqqda qısa film göstərilib.