Martın 5-də Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart - Benəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirə rektor Elmar Qasımov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova da qatılıb.

 

Tədbirdə çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov Hicran Hüseynovanın simasında BANM-da çalışan bütün xanım əməkdaşları və tələbələri 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qadın hərəkatına böyük diqqət göstərdiyini və hər zaman xanımların fəaliyyətinə önəm verdiyini bildirib. Elmar Qasımov cəmiyyətimizin inkişafında qadınların əvəzsiz rolundan danışıb və bu gün BANM-ın kollektivinin 60%-nin xanımlardan ibarət olduğunu söyləyib. Dövlətimizdə gender bərabərliyinin qorunaraq xanım rəhbərlərin çoxalmasına sevindiyini deyən rektor E.Qasımov cəmiyyətdə qadınlar və onların problemlərinin həllinə yönəlmiş səmərəli fəaliyyətinə görə Hicran Hüseynovaya da xüsusi təşəkkür edib.

 

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BANM-ın xanım kollektivini Beynəlxal Qadınlar Günü münasibətilə təbrik edib və uzun illər yüksək əmək göstəriciləri və peşəkar  fəaliyyətinə görə BANM-ın 6 əməkdaşını  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri fərmanı ilə təltif edib.

 

Rektor Elmar Qasımov da BANM-ın fəaliyyətində uzun illər öz töhfəsini verən 7 xanım əməkdaşa mükafat verib. Eyni zamanda Ali Məktəbin bütün xanım işçilərinə və tələbələrinə hədiyyələr təqdim olunub.

 

Tədbir  konsert proqramı ilə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Teymur Əmrah, Gülüstan Əliyeva və BANM-ın Musiqi Klubunun üzvləri öz ifaları ilə bayram əhval-ruhiyyəsi  yaradıblar.