Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Kubanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

 

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-nun tarixi, əcnəbi tələbələri, tədris prosesi, eləcə də Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. ADNSU-da bu vaxta qədər 200-dən çox kubalı mütəxəssisin yetişdiyini bildirən rektor universitetə yenidən kubalı tələbələrin cəlb olunmasının əhəmiyyətini qeyd edib. M.Babanlı, həmçinin, ADNSU-nun tələbə mübadiləsi, Startap və transfer texnologiyaları və digər sahələrdə qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

 

Səfir Alfredo Nieves Portuondo ölkəsində neftin, qazın tədqiqi və işlənməsindən danışıb. ADNSU-nun bir çox kubalı məzunları olduğunu diqqətə çatdıran səfir həmin mütəxəssislərin Kubada xüsusilə seçildiyini və işlədikləri sahədə peşəkar kadr olduqlarını qeyd edib. Səfir A.N.Portuondo Kubada da neft üzrə kadr hazırlayan ali təhsil müəssisələri olmasına baxmayaraq, ADNSU-nun bu sahədəki təcrübəsindən faydalanmağın ölkəsi üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb. O, ADNSU-da magistartura pilləsinə kubalı tələbələrin cəlb olunmasının xüsusi əhəmiyyətini qeyd edib.

 

Sonra qonaqlar ADNSU-nun Tarix muzeyində olublar.