Şagirdlər yalnız ingilis və rus dillərinə maraq göstərmirlər


Orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir. Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də  xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər-ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq  zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər. Amma bu qruplar yaradılan zaman müəyyən məqamlar var ki, onlara xüsusi diqqət yetirmək lazımdır. Məsələn, qrupların sayına görə bərabər şagird sayı, yaxud qismən az say fərqi olmaqla siniflərin komplektləşdirilməsi, həmin xarici dillərin hər biri üzrə ən azı iki müəllimin olması əsas şərtlərdəndir. Bütün sadaladıqlarımız məsələnin rəsmi tərəfi, bəs, əslində, vəziyyət necədir?

 

Təhsil müəssisələrimizdə xarici dillərin tədrisi vəziyyəti, valideynlərin dil seçimi və digər məsələlərlə yaxından tanış olmaq məqsədilə rəsmilərlə söhbətləşdik, pedaqoqların fikirlərini öyrəndik.

           

İngilis və rus dillərinin üstünlüyü

 

Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov bildirir ki, birinci sinfə şagird qəbulu zamanı valideyn təqdim etdiyi ərizədə övladının hansı xarici dili öyrənməsi ilə bağlı seçim edir:

“Valideyn məktəbə ərizə ilə müraciət etdiyi zaman tədris planına dair qeydlərdə müəyyən olunmuş xarici dili seçə bilər. Lakin burada valideynin seçdiyi xarici dil üzrə müəllimin həmin məktəbdə olması da əsas şərtlərdəndir”. Xarici dilin tədrisi zamanı varislik prinsipinin əsas götürüldüyünü də diqqətə çatdıran nazirlik rəsmisi qeyd edir ki, şagird əgər məktəbi dəyişərsə, o, mütləq birinci sinifdə tədris aldığı xarici dili davam etdirməlidir. Ona görə valideyn məktəbi dəyişən zaman övladının birinci sinifdən keçdiyi xarici dil tədris olunan məktəbi seçməlidir.

 

Ümumi təhsilin sonuncu səviyyəsində siniflərin təmayülləşərək komplektləşdirilməsi zamanı xarici dillə bağlı bir sıra problemlər yarandığını da deyən Əhliyyət Adıgözəlov bildirdi ki, şagirdlər ixtisas qrupları üzrə istiqamətləri seçərkən digər sinifdə və ya məktəbdə xarici dilin varislik prinsipinə əməl olunması mütləqdir. 

 

Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var: “Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir”.

 

Məlumatsız valideynlər

 

Əhliyyət Adıgözəlov ikinci xarici dilin 7 il bundan öncə tədris planına daxil edildiyini və ikinci dili öyrənən şagirdlərin artıq bu il məzun olacaqlarını da diqqətə çatdırdı: “Builki onbirincilər artıq məktəbi bitirəndə iki xarici dili keçmiş olacaqlar. Bununla bağlı bizə çoxsaylı suallar, müraciətlər daxil olur. Bu sualların içərisində daha çox onbirincilərin hansı xarici dildə buraxılış və qəbul imtahanları verəcəkləri soruşulur. Suallara aydınlıq gətirərək bildirmək istəyirəm ki, əgər onbirincilər və məzun iki xarici dil öyrənibsə, bu, şagirdin seçiminə görə müəyyən edilir”. Belə ki, məktəbin təqdimatına əsasən, şagirdin seçdiyi xarici dil Dövlət İmtahan Mərkəzinə bildirilir. Bu seçim həm buraxılış, həm də qəbul imtahanlarına şamil olunur.

 

Təhsil Nazirliyinin rəsmisinin də dediyi kimi, məktəblərimizdə daha çox ingilis və rus dilləri tədris olunur. Ancaq burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu göstərici şagirdlərin və valideynlərin istəklərinə uyğun deyil, məktəbin qoyduğu tələblərlə formalaşır. Bəs, buna səbəb nədir? Valideyn və şagirdlərin məlumatsızlığı, yoxsa digər amillər? Bu məsələdə şagirdlərin istəkləri necə, nəzərə alınırmı?

 

Paytaxt məktəblərində valideynlərlə söhbətlərimizdən məlum oldu ki, onlar xarici dillə bağlı seçim hüququna malik olmalarından xəbərsizdirlər. Məktəb tərəfindən də onlara dil seçimi ilə bağlı heç bir məlumat verilməyib.

 

Şagirdlərin seçimi

 

Valideynlərlə söhbətimizdən sonra paytaxt məktəblərinin birində olduq. Şagirdlərin də xarici dillə bağlı maraq və istəklərini öyrənmək qərarına gəldik. Bu məqsədlə Azərbaycan bölməsində təhsil alan beşinci siniflərdə sorğu keçirdik. Sorğu 3 sinifdə 73 şagird arasında aparıldı. Hər bir şagirdə öyrənmək istədikləri iki xarici dili qeyd etməyi tapşırdıq. Apardığımız sorğunun nəticələrinə görə, şagirdlərdən 43-ü ingilis, 46-sı rus, 22-si fransız, 17-si ərəb, 16-sı alman, 2-si  fars dillində tədris almaq arzusunda olduqlarını bildirdilər.

 

Sorğunun da nətcələrindən məlum olur ki, çoxluq ingilis və rus dillərini öyrənməyə meyllidir. Lakin bütün bunlarla yanaşı, 22 nəfərin fransız, 17 nəfərin ərəb, 16 nəfərin isə alman dilini öyrənmək həvəsində olması da diqqət cəlb edir.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, paytaxt məktəblərinin bəzilərində təkcə rus və ingilis dil­inə deyil, fransız dilinə də yer ayrılıb. Paytaxtın Binəqədi rayonunda yerləşən 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Abbasov bizimlə söhbətində bildirdi ki, tədris ocağında ikinci xarici dil kimi fransız dili də tədris olunur. O, həmin xarici dilin valideynlərin və şagirdlərin istəklərinə uyğun olaraq keçildiyini sözlərinə əlavə etdi.

 

Bakının digər təhsil ocağında - 87 nömrəli tam orta məktəbdə də fransız dilinin tədrisinə önəm verilir. Məktəbin direktoru Elmira Ələkbərova vurğulayır ki, məktəbdə fransız dilinə meyl və maraq göstərənlər çoxdur. Bir neçə sinifdə hətta əsas xarici dil kimi fransız dili tədris olunur.

 

P.S. Qısa da olsa məktəblərimizdə xarici dillərin tədrisi vəziyyətinə nəzər saldıq.  Şagirdlərlə söhbətlərimizdən və apardığımız müşahidələrdən bu qənaətə gəldik ki, məktəblərimizdə təkcə ingilis və rus dilinə deyil, digər dillərin tədrisinə də tələbat var. Qalır bu tələbatı təmin etmək...

 

Niyazi RƏHİMOV

 

 

Bölmənin digər xəbərləri