Ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanlarının birgə nəticəsi götürüləcək


 

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə buraxılış imtahanlarına salınacaq fənlərlə bağlı qərarını verib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qurumun bu gün keçiriləcək iclasında imtahanların yeni modelinə baxılacaq, verilən qərar daha sonra ictimaiyyətə də açıqlanacaq.

Nəzərdə tutulub ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsün. Belə ki, buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə edilsin. 

Qeyd edək ki, buraxılış imtahanlarında şagirdlər 2 il sonra da Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) imtahan verəcəklər. Qəbul imtahanlarına gəlincə, iki mərhələdən ibarət bu imtahanlarda təkcə açıq tipli suallar yox, yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığı, təhsil sistemində bunun mümkünlüyü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğu nəzərə alınacaq: “Son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı testdən istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq tipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test suallarından istifadə edilib. Yeni imtahanlarda belə sualların sayı daha çox olacaq”.

M.Abbaszadə onu da qeyd edib ki, yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurrikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Odur ki, imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq.

M.Abbaszadənin sözlərinə görə, qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olaraq qalacaq.

İndiyədək olduğu kimi, 2019-cu ildə keçiriləcək imtahanların da vaxtı 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək.

M.Abbaszadə jurnalistlərin suallarına cavab olaraq IX siniflərin buraxılış imtahanlarında yazı işlərinin yoxlanması zamanı  subyektivlik amilinin rolundan da danışıb. O, səsləndirilən fikirlərə əsasən, yazı işlərinin yoxlanılması zamanı 2 subyektivlik amilini istisna etməyib: "Birincisi, yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasının ola bilməsi ilə bağlıdır". Onun sözlərinə görə, tətbiq edilən sistem subyektivlik amilini aradan qaldırır: "Fikirlərə görə, markerlər pedaqoji və psixoloji xüsusiyyətindən asılı olaraq, nəticələrə sərt və ya yumşaq yanaşa bilər. Nəticədə düzgün qiymətləndirmə aparmaya bilər. Lakin mərkəz tərəfindən imtahanlarda tətbiq edilən “e-markinq” sistemi vasitəsilə subyektivlik aradan qaldırılıb. Bu il buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında bu sistemdən istifadə edilib".

M.Abbaszadənin sözlərinə görə, IX siniflərin buraxılış imtahanları zamanı 200 min yazı işi (90 min Azərbaycan dili, 12-15 min Rus dili, 100 min Riyaziyyat) yeni sistem vasitəsilə yoxlanılıb: "Yekun nəticələr onu göstərib ki, bu sistem tam düzgündür və heç bir subyektivlik qeydə alınmayıb”.