Naxçıvan üzrə 10 komandanın qatıldığı layihədə “Nuhland” komandası qalib olub


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə reallaşdırdığı “İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Naxçıvan Dövlət Universitetində keçirilib.

 

Tədbirdə universitetin İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov bildirib ki, belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını praktikada tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşdürürlər.

 

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin I müşaviri Tahir Məmmədov   tələbələrə “İdeyadan biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə  məlumat verib. Bildirilib ki, layihənin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir.

         

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşı Nazim Cəfərli layihənin yeni ideyaların gerçəkləşdirilməsi üçün tələbələrə verilən geniş imkan kimi dəyərləndirib.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əməkdaşı Əkbər Abbasovun təmsil etdiyi qurum barədə təqdimatı olub. Qeyd edilib ki, fond Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli sərəncamı ilə yaradılıb. Layihənin uğuru üçün 3 əsas məqsədin (sosial, mənəvi, pul)  olduğunu bildirən fond əməkdaşı vurğulayıb ki, indiyə kimi layihəyə 6 qrant müsabiqə çərçivəsində 900-dən artıq startap layihəsi  qatılıb.

 

Tədbirin interaktiv hissəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, layihənin investorlara satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib. Təlimdən sonra peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət  komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Daha sonra mentorlar tərəfindən seçilmiş layihələr birincilik uğrunda mübarizə aparıblar. Layihə müəlliflərinin hər çıxışından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub.

 

İkinci hissənin sonunda münsiflər Naxçıvan üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirib. Qeyd edək ki, 10 komandanın qatıldığı layihədə “Nuhland” komandası qalib olub. II yerə “Nads”, III yerə isə “Bookhouse” komandaları layiq görülüblər.

 

Məlumat üçün bildirək ki, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən, uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər. Qalib  layihələr həmçinin Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.