Təhsil sahəsinin yol xəritəsi olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsindən 10 il ötür. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Bu illər ərzində strategiyanın icrası prosesində qazanılan nailiyyətlər, yeniliklər və hədəflərə nəzər salaq.

 

Məktəbəhazırlıq qrupları

 

2016-cı ildən başlayaraq ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb, cari ildə 5 yaşlıların bu qruplarda təhsilə cəlb olunma göstəricisi 87 faizə çatıb. 2022-ci ildə elm və təhsil nazirinin müvafiq əmri ilə “Məktəbəqədər təhsilin kurikulumu” təsdiq edilib.

 

İnklüziv təhsil 

 

2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.

 

Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” əlilliyi olan uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar yaradıb. Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə 2021/2022-ci tədris ilindən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata keçirir. Sözügedən layihə çərçivəsində hazırda 13 region üzrə 38 ümumi təhsil müəssisəsində ümumilikdə 200-dən çox əlilliyi olan şagird təhsilə cəlb olunub.

 

“STEAM Azerbaijan” layihəsi

 

“STEAM Azerbaijan” layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. STEAM təhsil metodu Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatı (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

 

Layihə 6-cı siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur.

 

STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil edilir.

 

STEAM layihəsi hazırda respublika üzrə 400 məktəbdə tətbiq olunur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 25 STEAM Mərkəzi istifadəyə verilib.

 

“Məktəblinin dostu” layihəsi

 

2016-cı ildə yaradılan layihənin məqsədi məktəbdə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

 

Məktəblinin dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

 

Layihə hazırda Bakı, Abşeron, Sumqayıt şəhərləri olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində tətbiq olunur.

 

“Rəqəmsal bacarıqlar” layihəsi

 

2017-2018-ci tədris ilindən həyata keçirilən layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. “Rəqəmsal bacarıqlar” layihəsi  hazırda 410000 nəfərədək şagirdi və 4500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110000-ə yaxın məktəbli cəlb olunub. Layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir.

 

Həmçinin layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir.

 

Peşə təmayüllü siniflər

 

Sözügedən siniflər 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayıb. 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsidir.

 

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Şagirdlərin səriştəliliyinin artırılması məqsədilə əsas səriştələr fənni və STEAM dərsləri də tədris edilir.

 

2023-2024-cü tədris ilindən peşə təmayüllü siniflərin əhatə dairəsi genişləndirilib və 114 yeni məktəbdə peşə təmayüllü siniflər təşkil olunub. Bununla da, peşə təmayüllü siniflərin sayı 230-a çatıb.

 

Beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri”nə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları - “Beynəlxalq Bakalavriat Diplom Proqramı” (IB Diploma Programme), “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi” (Advanced Level of General Certificate of Education) və “Yüksək yerləşdirmə” (Advanced Placement) - üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul mexanizmi hazırlanmış və tətbiqinə başlanılıb.

 

Şagird qiymətləndirmələri üzrə proqramlar

 

Mütəmadi olaraq, müvafiq siniflərdə fənlər üzrə milli qiymətləndirmələr təşkil edilir. 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Monitorinqin nəticəsi nə şagirdlərin yekun balına, nə də onların sinifdən sinfə keçmələrinə təsir göstərir. Əsas məqsəd ibtidai təhsilin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.

 

Bununla yanaşı, strategiyanın müvafiq bəndinə uyğun olaraq ümumi təhsil müəssisələri üzrə şagirdlərin biliyinin qiymətləndirilməsi məqsədilə onların beynəlxalq proqramlarda iştirakı təmin edilib. Belə ki, son 10 ildə ölkəmiz PIRLS, TIMSS, ICILS, PISA kimi beynəlxalq şagird qiymətləndirmələri tədqiqatlarında iştirak edib. Cari ildə məktəbəqədər təhsil pilləsi üzrə təhsilalanların beynəlxalq qiymətləndirmə tədqiqatında (IELS) iştirakı nəzərdə tutulur.

 

Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi

 

Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün elektron dərsliklərdən, videoresurslardan istifadə imkanı təmin olunub. Belə ki, video.edu.az, trims.edu.az və e-derslik.edu.az kimi portallar fəaliyyətə başlayıb.Video.edu.az portalında 17000-dən çox  elektron resurs yerləşdirilib. Bütün dərsliklərin “pdf” variantı trims.edu.az portalında yüklənib. Müvafiq dərsliklərin rəqəmsal versiyaları isə, e-derslik.edu.az portalına yerləşdirilib. 

 

Gülnarə İLHAM