Yazıçının anasının da personajlarından biri olan əsəri necə yaranıb?


Böyük rus ədibi İvan Sergeyeviç Turgenevin təvəllüdündən 200 il keçir.. Ədibin məşhur “Mumu” povesti nəinki bu əsərin tədris olunduğu orta məktəbin hər bir şagirdinə, həm də rus ədəbiyyatına az-çox bələd olan hər kəsə məlumdur. 200 illik yubileyi ərəfəsində ədibin bu povestinin necə yaranması haqqında bilgilərimi həmkarlarımla paylaşmağa ehtiyac hiss etdim.

 

Rus realist yazıçısı, şairi, publisisti, dramaturqu, tərcüməçisi, rus dilşünaslığı, üslubiyyəti və ədəbiyyatşünaslığı üzrə İmperator Elmlər Akademiyasının müxbir üzvü (1860), Oksford Universitetinin fəxri doktoru (1879), Moskva Universitetinin fəxri üzvü (1880) İvan Sergeyeviç Turgenev 22 oktyabr 1818-ci ildə Rusiyanın Oryol şəhərində anadan olub, 3 sentyabr 1883-cü ildə Fransanın Bujeval şəhərində vəfat edib.

 

İ.S.Turgenev tərəfindən yaradılmış ədəbi sistem nəinki rus poetikasına, o cümlədən XIX əsrin ikinci yarısı Qərbi Avropa romanistikasına da təsirsiz ötüşməyib.

 

İ.S.Turgenev rus ədəbiyyatında ilk dəfə “yeni insanın” - “altmışıncıların” şəxsiyyətini - onun əxlaqi keyfiyyətlərini və psixoloji xüsusiyyətlərini öyrənib, məhz onun sayəsində rus dilində “nigilist” termininin geniş istifadə edilməsinə başlanılıb.

 

İ.S.Turgenevin “Mumu” povestində qələmə aldığı əhvalat -uydurma, yazıçı təxəyyülü məhsulu olmayıb, real həyatdan götürülüb. Belə ki, personajlar yazıçıya çox yaxın olan insanlar olub, hətta öz anası Varvara Petrovna da onların sırasındadır.

 

Hadisələr bu gün də Moskva şəhərində mövcud olan Ostojenka küçəsi 37 nömrəli evdə cərəyan edib.

 

Varvara Petrovna Turgenevanın malikanəsində Andrey adlı dalandarı var idi.

 

Varvara Jitova (Varvara Petrovnanın ailə həkimi Bersdən olan nikahdankənar qızı) öz xatirələrində Andreyi xüsusi simpatiya ilə təsvir edirdi.

 

Olduqca nəhəng, lakin tamamilə mütənasib, uca boylu Andreyin çöhrəsindən daim mehriban təbəssüm əskik olmazdı. Qeyri-adi fiziki gücə malik olan Andreyin əlləri o qədər iri idi ki, hərdən məni əlləri üzərinə götürəndə özümü ekipaja (faytona) minmiş kimi hiss edirdim.

 

Anadangəlmə lal və kar olan Andrey, malikanənin ərazisində tikilmiş taxta evdə (fligeldə) yaşayırdı və o dövrün Moskvasında məşhur idi.

 

Varvara Petrovna şıq geyimli öz nəhəng dalandarı ilə gəzintiyə çıxardı. Andrey adətən çox qəşəng geyinər, qırmızı qumaş köynəklərdən başqa libas geyməz və sevməzdi...

 

Moskvada Aleksandr adına bağın yaxınlığındakı fontanın ətrafında parlaq yaşıl çəllək və gözəl boz kəhərlə suya gedən Andrey çox populyar idi. Orada hamı Turgenevlərin lal dalandarına hörmətlə yanaşar və işarələrlə anlaşardılar.

 

Andreyin, üzərində qəhvəyi xalları olan ağ rəngli sevimli küçüyü var idi. Bu itdən nə səbəbdənsə sahibənin xoşu gəlməyib və onun çayda boğulmasını əmr edib.

 

Andrey də Moskva çayının Lujniki rayonunda zavallı itciyəzi çayda qərq edib.

 

Yeri gəlmişkən İvan Sergeyeviç “Mumu” povestini Moskva şəhərində deyil, Peterburqun İkinci Admiralteystvo hissəsində yerləşən polis evində həbsdə olarkən yazıb. Ona, senzuranın etirazına baxmayaraq, Qoqol haqqında yazdığı və “Moskovskiye vedomosti” qəzetində çap etdirdiyi məqaləyə görə bir aylıq həbs cəzası verilib.

 

Ədib bu polis evində, Ostojenkoda vaqe olan əhvalatları xatırlayaraq öz sevimli anası, şanlı dalandar Andrey və onun zavallı köpəyi haqqında kiçikhəcmli povest yazır.

 

Doğrudur, bu əsərdə Gerasim prototipi Andreylə müqayisədə daha barışmaz və məğrur təsvir olunub.

 

“Mumu”nun qəhrəmanı baş vermiş hadisədən sonra öz kəndinə qayıdıb və bununla təhkimçilik hüququnun tüğyan etdiyi dövrdə bir insanın digərləri üzərində hakimiyyətinə qarşı öz sinfi və insani etirazını kəskin şəkildə bildirib.

 

Gerasim sahibəsinə itaət etməyə bilməzdi. O, öz təhkimli, tabe insan rolunu icra edirdi.

 

Sahibə xanım isə öz sinfinin tipik nümayəndəsi kimi rəftar etməli idi.

 

İş sahiblərin zalımlığı və amansızlığında deyildi, onların hər biri mənsub olduqları sinfin təmsilçisi olaraq onun rolunu ifa edirdilər.

 

Əsl dalandar isə Mumunu çayda qərq etdikdən sonra, sahibə xanımı bağışlayır, qırmızı qumaş köynəyini geyinərək gəzintiyə çıxır və Aleksandr bağından su daşımağa davam edərək köhnə quldarlıq hüququ ənənələrilə mayalanmış sadiq təhkimli olaraq qalır.

 

Sahibə xanım ona hədiyyə olaraq parlaq qırmızı lent verərdisə, o, sahibəsinin əllərini öpər, sonra onu göstərərək yumruqla sinəsinə vuraraq öz məhəbbətini belə büruzə verərdi.

 

Gənc Turgenev - qətiyyən dünyaca məşhur İ.S.Turgenevə bənzəmir.

 

Lakin onun qeyri-adi taleyinin bütün mərhələlərində bu insanın zəngin ruh aləmi yüksək, gərgin və maraqlı olmuşdur.

 

Anası ilə dostluğu onun bütün həyatından qırmızı xətlə keçir.

 

Bu cür incə qəlbə və ruh aləminə sahib insan, bizlərə adətən, uğursuz, nəhs və qəddar təqdim edilən Spassk malikanəsinin sahibəsini, Varvara Petrovnanı sevə bilməzdi.

 

Bu qeyri-adi hörmət və şəfqətə layiq faciəvi taleyə malik qadının nəsibi bədbəxt uşaqlıq və tənha ölüm olmuşdur.

 

Ədibin atası Sergey Nikolayeviçlə görüş onun sönük həyatı ilə kəsişən parlaq işıq zolağını xatırladır.

 

Payız axşamlarının birində bir qonşu kimi Spassk malikanəsinə təşrif gətirən Sergey Nikolayeviç Varvara Petrovna ilə “kart” oyunu masası arxasına keçir və adəti üzrə çoxlu pul uduzur. Varvara Petrovna işvəkarlıq etmirdi. O, təmkinlə, istehza və nəvazişlə “Sizin uduzduğunuz pulların özünüzə qaytarmağın yeganə yolu onlara mənə məxsus geniş mülklərin, söz yox ki, mənimlə birgə birləşdirilməsi ilə mümkün ola bilər!!!”.

 

Sonralar yazıçının yeniyetməlik və gənclik illərində dərin izlər buraxmış, yaradıcılığında aydın sezilən çoxhissəli dram əsərini xatırladan uşaqlıq illəri gəlir.

 

Ədəbiyyat klassikləri adlandırdığımız şəxsiyyətlər dünyanın qeyri-təkmil və qeyri-mükəmməl olduğunu gördükdə özlərinə məxsus yanlışlıqlara yol verən, tərəddüd edən, əzabkeş, qorxulu anlar yaşayan adi, dünya onların gözlərinə gözəl, şux və harmonik göründükdə isə, inanılmaz valehedici bəxtiyarlığa və həzzverici xoşbəxtliyə qovuşan qeyri-adi insanlar olmuşlar.

 

İvan Sergeyeviç Turgenev belə klassiklərdəndir.

 

“Mumu” povestinin qəhrəmanı Gerasim kəndinə qayıdır.

 

Onun kimiləri Rusiyanın gələcəyi olacaqdı...

 

Səbinə Əliyeva,

“Ankara-məktəbi” məktəb-liseyin rus dili və ədəbiyyat müəllimi